Xəzər təzkirəsi
"Təzkirə" zikr sözündən yaranıb, yada salmaq deməkdir. Şərq ədəbiyyatında
təzkirəçilik ayrıca
bir janr kimi səciyyələnir və bir növ,
ensiklopedik xarakter daşıyır. Ədəbiyyat tariximizi, elmi-fəlsəfi,
ədəbi-estetik, dini-mənəvi
inkişaf yolumuzu izləmək üçün
biz əsasən ötən
əsrlərin təzkirələrinə
üz tuturuq, ən etibarlı mənbə kimi həmin təzkirələrə
söykənirik. Dövrün, zamanın, tarixi şəxsiyyətlərin, hökmdarların
bioqrafiyasını yazan
təzkirəçilərin özləri də həmin o tarixi şəxsiyyətlərlə, hökmdarlarla birlikdə adlarını tarixə yazmış oldular. Bir sözlə, təzkirə
Şərq ədəbiyyatı
şəbəkəsinin ən
vacib bir çeşnisidir.
Qədim dövrlərin təzkirələrilə
az-çox, tanışıq. Amma ötən
əsrn 80-ci illərində
çoxdan unudulmuş
(sovet ideolojisinin sıradan çıxartdığı)
bu ənənə görkəmli tədqiqatçımız
Cəfər Rəmzi tərəfindən xatırlandı.
Əlbəttə, bu sahədə
böyük salnamənəvis
Qulam Məmmədlinin
ölçüyəgəlməz xidmətlərini xatırlamasaq,
günaha batmış
olarıq. Qulam müəllim
əsasən, teatr salnaməçisi idi.
Amma ədəbiyyatımızın əruz qolunu yaşadanlar tədricən
unudulurdu. "Deyilən söz yadigardır" ikicildliyi
ədəbiyyatın bu
"ögey" balalarına
da sözün vətəndaşlığı haqqını qaytardı.
Qəzəli ədəbi düşüncə
sistemimizdən çıxdaş
etmək istəyənlər
unudurdular ki, əruz düşüncənin
ornamental əksidir, ruhun
ritm halında sözə yansımasıdır.
Biz Şərq insanıyıq və düşüncəmizin alt yapısında
dəvə karvanının
ahəngi var. Bizim arxetiplərimiz irfani düşüncənin məhsulu
idilər və buna əsasən də həmin irfan nəzəriyyəsi təbii olaraq Şərq şairlərinin
ilhamını qidalandırıb.
Qətran Təbrizidən,
Nizamidən üzü
bəri Seyid Əzimə, Sabirə qədər əruz poeziyamızda dominantlıq
edib. XX əsrdə
də bu klassik ənənəni davam etdirənlər oldu. Hələ XIX əsrin 30-cu illərindən
başlayaraq Azərbaycanın
müxtəlif bölgələrində
ədəbi məclislər
yaranırdı. Bu məclislərdə yetişən
şairlər (Qasım
bəy Zakir, Seyid Əzim Şirvani və b.) lirikayla yanaşı, dövrün ictimai bəlalarını da nəzmə çəkirdilər.
XX əsrdə niqabi-qeybdən
rüxsarını göstərən
söz Əliağa Vahidin qələmiylə əruzun oynaq bəhrlərində cilvələnməyə
başladı. Vahidi qəzəl dünyasının
sonbeşiyi adlandırırdılar.
Amma zaman göstərdi ki, qəzəl də bayatılarımız
kimi ölməzdir, yaşarıdır, muğamatın
danışan dilidir.
Sözlə (qəzəllə) muğamın vəhdəti
həm də zamanlar arasında rabitəni qırılmağa
qoymur. Bu mənada qəzəl həmişə yaşayacaq.
Yeni əsrimizdə qəzəlin
yeni libasda, modern üslubda görünməsində
İlqar Fəhminin əməyi çox oldu. O, sanki qəzəlin damarlarına
yeni qan verdi, onu
ərəb-fars izafətlərindən
təmizlədi, qəzəldə
əruzun kanonlarını
pozmadan formaca yeniliklər, eksperimentlər
etdi. Sözün əruzdakı plastikasında
orijinal təşbih və metaforalar yarandı.
Azərbaycan şeirinin əruz
qanadının yaşamasında
Hacı Mail, Həkim Qəni, Ələmdar Mahir, Rüstəm Samit uzun illər
əmək sərf ediblər, onların yaratdığı ədəbi
məclislər həm
də bir məktəbə çevrildi.
Bu və ya
digər dərəcədə
istedadı olan, müəyyən səbəblərdən
təhsil ala bilməyən
gənclər bu məclislərdə klassik
şeirimizin, əruzun
incəliklərinə bələd
oldular, irfan nəzəriyyəsi haqda bilgilər əldə etdilər. Onlar dilin tarixi təcrübəsini əxz
edərək, indiyə
qədər yazılmışları
kənara qoymadan, həmin zəngin irsə söykənib yeni söz yaratdılar.
Bu gün o ənənələri
səylə yaşadan,
təbliğ edən söz ustası, AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı "Xəzər təzkirəsi"ni tərtib edərək oxucuların ixtiyarına verib. Arif əruzun energetikasını öz canından, ruhundan keçirərək sözə
çevirməyi bacaran
qələm sahibidir.
O, uzun illər idi ki, Məcməüş-şüəra"
ədəbi məclisinə
rəhbərlik edirdi,
o məclisdə yetişən,
püxtələşən gənclər bu gün Xəzər bölməsinin ən fəal üzvləridir. "Xəzər təzkirəsi"
onların yaradıcılığından
ibarət bir topludur. Kitaba toplanmış qəzəlləri
oxuduqca hiss edirsən ki, yeni nəsil
qəzəlxanları Seyid
Əzimdən, Vahiddən
bəhrələnsələr də qətiyyən onları təkrar etmirlər. Onlar ağlın və
hissin yeni hüdudlarına yetmək,
dünyanı dərkin
üfüqlərini genişləndirmək
üçün təmiz
ana dilimizə üz tuturlar, gücü doğma dilimizdən alırlar.
Qəzəllərin kompozisiyası, struktur
elementləri yenidir və bu nümunələrdə
məzmun baxımından
da XXI əsr insanının təfəkkürü
öz əksini tapıb.
Gözünün yaşını tökmə. Bu soyuq ahı yığışdır,
Bu bulud süni buluddur. Bu yağış saxta yağışdır.
Dünənin qəhqəhəsiylə - Bu günün naləsi eyni,
Gülüşün ağlamağınla - Arası
bircə qarışdır.
Məni
yorma, sənə qurban,
Bu yağış saxta yağışdır...
İlqar
Fəhmi
Yaxud:
Sənsiziliyə tab eyləyə bilsəydi
bu könlüm,
Məcnun
kimi gündüz- gecə çöllərdə
gəzərdim,
Məcnun kimi çöllərdə
gəzərdim və dözərdim.
Qəlbimdə əgər bilsəydim
vəslə güman var,
Köksümdəki hər bir ucalan dağı
çapardım,
Köksümdəki hər dağı çapardım və tapardım.
Arif Buzovnalı
Daha bir nümunə:
Qəlb
ismin əzizlər, necə ki, mavi
dənizlər
Sahildəki boz qumları oxşar və əzizlər.
Hicran uzun olduqca, əzizim,
bizim evdə
Üst-üstə şeirlər yığılır,
sizdə cehizlər.
Gəzsən çəməni valeh
olar hüsnünə
güllər,
Əlvan kəpənəklər səni
kölgən kimi izlər.
Kamal Hüseynzadə
"Xəzər təzkirəsi"
artıq qəzəlin
də zamanla ayaqlaşaraq modernləşdiyinin
göstəricidir. Əlbəttə, kitaba daxil edilən
qəzəllərin hamısı
haqqında bu sözləri demək olmaz. Amma kitabda müstəsna
istedadı ilə seçilən gənclər
çoxdur. Kamal
Hüseynzadə (onun haqqında İlqar Fəhmi "Ədəbiyyat
qəzeti"ndə qısa
bir tanıtım yazısı yazmışdı),
Tərlan Sadiq, Vəlixan Abdullayev və digər diqqətçəkən imzalar
məmnunluq doğurur.
Yeri gəlmişkən, onu da qeyd edək
ki, bu kitaba
müxtəlif yaş
kateqoriyasına aid olan
şairlərin şeirləri
daxil edilib. "Xəzər təzkirəsi"ni
həm də mərhum tədqiqatçımız
Cəfər Rəmzinin
"Deyilən söz
yadigardır" ikicildliyinin
davamı kimi də dəyərləndirə
bilərik. Qəzələ qadağa qoyulduğu o çətin illərdə
Cəfər müəllimin
fədakarlığı olmasaydı,
o qiymətli xəzinədən
məhrum olacaqdıq.
Ümumiyyətlə, kitab tərtibatı
hər zaman fədakarlıq, işinə
sonsuz sevgi, diqqət tələb edən bir işdir.
"Xəzər təzkirəsi"nin araya-ərsəyə
gəlməsi Arif Buzovnalının fədakarlığının
bəhrəsidir.
Təzkirələr zamanın sözünü
sabahlara daşıyan
ən etibarlı mənbələrdir. Bu söz
əsrləri aşıb
üzü gələcəyə
doğru gedir və onu yaradanları
da yaşadır.
Heç
şübhə yoxdur
ki, "Xəzər təzkirəsi" də
bu gündən daha çox sabaha ünvanlanıb; ona görə ki, varislik ənənəsi
davam etsin, Nizami, Nəsimi, Füzuli əmanəti olan sözümüz əbədi yaşasın.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.-
1 dekabr.- S.32.