Kədərin və ayrılıq hissinin rəngi

 

Müsahibimiz yazıçı-publisist Zöhrə Əsgərovadır

 

- Zöhrə xanım, bu günlərdə işıq üzü görən "Axmaqlar gəmisi"nin səyahəti" adlı kitabınızı maraqla oxudum. Dünya ədəbi-mədəni, fəlsəfi fikrinin ən dəyərli örnəklərinə istinadən araya-ərsəyə gətirdiyiniz kitabın hər səhifəsində sizin həssas qəlbinizin, zəngin düşüncənizin səmimi əsintisini duydum. Sanki bu kitab boyunca aləmlərin "söhbətini, sözünü bir ağızdan", bir qələmdən çıxarmağa cəhd etmisiniz...

- Buna nə dərəcədə nail olduğumun cavabını daha çox oxucularımdan gözləyirəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu kitabı həqiqətən canımın, ruhumun bir ayrılmaz parçası hesab edirəm. Deyim ki, bütün imkanlarımı səfərbər etmişəm. Çalışmışam ki, "susmaqdan qiymətli bir şey" deyim. Bu yazılanların arxasında uzun illərin sənət axtarışları, mənbələrdən əxz olunan qənaətlər, təcrübə, dərk etmək cəhdinin real təcəssümü, məntiqi dayanır. Deyim ki, "Cahan" jurnalının 2008-ci il fevral sayında Rza Bərahəninin "Mövlana, sürrealizm, Rembo və Freyd" adlı yazısı çıxmışdı və o məqalə mənim mənəvi dünyamı əməlli-başlı silkələmişdi. Bu, elə bir vaxta təsadüf etmişdi ki, mən o zaman qaravəllilərlə sürrealizm arasında mövzu və forma cəhətdən qohum əlaqələr haqqında düşünürdüm. Bərahənin məqaləsində bəhs olunan mətləblərlə mənim o zamankı düşüncələrim arasında qəribə bir bağlılıq var idi. O, sürrealizmin banilərindən olan Artur Rembo ilə görkəmli sufi şair Mövlana arasındakı oxşar məqamları çox orijinal və maraqlı səmtdən araşdırırdı, dönə-dönə Rembonun məktublarına istinad edirdi.

Eyni zamanda, Mövlana yaradıcılığına. Və bu qaynaqlardan çıxış edən Bərahəni Qərb sürrealizmi ilə Şərq sufizmi arasındakı oxşar məqamlara ayna tuturdu ki, bu tərəflərin hər ikisi, bir növ, mütləq subyektivizmə can atır. Hər ikisi qeyri-fiziki kamilliyə, əllə toxunulması mümkün olmayan mənəvi və ruhani ucalığa can atır. Ən başlıca oxşarlıq isə zaman və məkan anlayışlarını aradan qaldırmaq cəhdidir.

Maraqlıdır ki, bu deyilənlər, ilk növbədə, zaman və məkan barəsində mənim özümün düşüncələrimlə həmahəng idi. Həmin o 2008-ci ildən yönü bəri hansı səmtə yön çevirirdimsə, Mövlananın "istəyirəm, özüm kimi dünyanı da bu dünyadan çıxarım" fikrinin labiritində çabalayıb qalırdım. Yenə də Remboya, Freydə qayıdası olurdum. Baxıb görürdüm çağdaş fikir, düşüncə axını, ilk növbədə, Nitsşedən, Rembodan, Kafkadan, Freyddən, Borxesdən, Salvador Dalidən, Bosxdan və başqalarından keçir. Surovanın "Artur Rembo: Sözün əlkimyası" məqaləsində yazılanların üzərinə dönə-dönə qayıdırdım: "Estetik fenomen forma, texnika, özünəməxsus ifadə tərzi olan yerdə yaranır. Onlar novator, bənzərsiz ola bilərlər, lakin məhz onlar bədii, poetik dünyanı yaradırlar..." Mövlananın da təfəkkür süzgəcindən eyni fikirlər keçir: "Hər kəsin baxmadığı istiqamətdən bax dünyaya...". Əslində, "Axmaqlar gəmisi"nin səyahəti" kitabımda bir araya gələn düşüncələr mənim özümün də dünyaya tamamilə fərqli bir səmtdən baxmaq cəhdimdi. Mən bu cəhd daxilində, bir növ, özüm-özümü ifadə etməyə çalışmışam. Çalışdıqca da Rembo bürcündən olan müəlliflərin əsərləri məni sürrealizmin qəm dastanları kimi təsirləndirib. Görmüşəm ki, bu sənətkarlar mənəvi böhrandan qurtuluş üçün heç vəchlə ümid qapılarını açmağa can atmırlar, sanki könüllü olaraq real həyatdakı arzularının "məğlubiyyətini" ürək ağrısı ilə mədh edirlər. Bu qəbildən olan yazarları mütaliə etdikcə bir daha anlamışam ki, cənnət olan yerdə cəhənnəmin təbliği mənəvi əzabların daha da dərinləşməsinə yol açır.

- Kitabda nəinki sürrealizm, eləcə də incəsənətin ayrı-ayrı "izm" və sahələri, məsələn, musiqi və rənglərin sintezi ilə bağlı çox maraqlı araşdırmalar yer alıb.

- Bir çox məşhur deyimlərdə musiqini, rənglər aləmini dünyanın mənası adlandırıblar. "Mədəniyyət musiqili ritmdir" deyimi var. Şamil Hacıyev üç yüz xalq mahnısının not yazılarını araşdırıb və belə bir nəticəyə gəlib ki, xalq mahnılarımız əsasən dörd rəngə malikdir. Bu baxımdan "Sarı gəlin", "Sarı bülbül", "Neylərsən", "Qaragilə" və sair mahnılarının rəngli təsvirləri verilib. O cümlədən "Vağzalı"nın. Muğamlarımızda kədərin, ayrılıq hissinin rəngi xüsusilə nəzərəçarpandı... Bilirsiniz, mənim incəsənətə olan böyük marağımın təməli başdan-binədən gəlir. İlk olaraq onu deyim ki, İncəsənət Universitetini bitirmişəm. Bu sahədə çalışan, yazıb-yaradan insanlara xüsusi rəğbətim, heyranlığım var. Yaradıcı insanların qələmindən, fırçasından çıxan, könül rübabından süzülüb gələn elə əsərlər var ki, onlar sanki tale töhfələridi, qismətin əli, nəfəsi ilə araya-ərsəyə gəlirlər. Bəzən belə əsərlərdə müəllif özü öz aqibətinin hökmünü vermiş olur. Yaradıcılıq işi özündən-özünə yol getmək məqamıdı, "mən"də "mən" kəşf etməkdi. Bu, surət aləmindən məna aləminə, zahirdən batinə olan əbədi yolçuluqdur. Sənətin bütün sahələri bu yolçuluğun işıqlı, xeyirli səmtini nişan verməyə hesablanır. İndiki halda mən öz yaradıcılığımla oxucu diqqətini həmin işığa, xeyirli əməllərə yönəltmək istəmişəm. Hesab edirəm ki, bu, mənim ən başlıca mənəvi borcum, ziyalı mövqeyimdi. Hər yaşın öz maraq dünyası, öz tələbatı var. İnsan müəyyən yaş həddinə yetdikcə öz həqiqətlərini axtarmağa daha çox meyil edir. Daha çox dərk etmək, anlamaq, anlatmaq istəyir. Bu, bitib-tükənməz, sonsuz bir prosesdi. Əziyyətlidi. Əzablıdı. Ancaq cəlbedicidi.

- Hesab edirəm bu cəlbedicilik, ilk növbədə, görkəmli sənətkarların qeyri-adi, bənzərsiz, möhtəşəm aldanışa düçar olmuş talelərinə olan maraqdan irəli gəlir...

- Şübhəsiz... Dahi, bənzərsiz şəxsiyyətlərin qeyri-adi həyatı həmişə mənim sonsuz maraq dünyamın sakinləri olublar... Maraqlıdı ki, görkəmli rəssam Sergey Kalmıkov dahiliyi bioloji faciə adlandırırdı. Və bu "faciə"ni yaşadığı zamandan çox uzaqda olan zirvədə - yaradıcılıq üfüqlərində hiss edirdi. A.Yakovleva "Peşəkar dahi" adlı yazısında bu dahi rəssam haqqında qeyd edirdi ki, dünya ilə "dostluq" onun üçün konkret adamlarla dostluğu əvəz edirdi. Maraqlı faktdır ki, neyrocərrahlardan biri onun əsərlərində neyrocərrahiyyənin əsaslarını görür. Kalmıkov insan yuxuda ikən onun sinir hüceyrələrinin aşağı hissəsinin necə döyündüyünü öz tablosunda təsvir etmişdi. O, yatmış vəziyyətdə olan beynin fəaliyyətini kətan üzərində verə bilmişdir. Təsadüfi deyil ki, Sergey Kalmıkovun "bioloji faciə"yə çevrilən dahiliyi daha sonralar sənətsevərlərin qəlbini fəth etdi...

- Dahi rəssamın ömrünün son günlərini Alma-atının psixiatriya xəstəxanasında keçirməsi faktı da var...

- Onun ora düşməsinin səbəbini deyim: Nikita Xruşşovun portretini çəkməyi Kalmıkova sifariş edirlər. Portret hazır olanda Xruşşovun pencəyinin döş hissəsində orden yerinə milçək rəsminin çəkildiyini görürlər.

Dövlət başçısının sinəsində orden əvəzinə milçəyin çəkilməsi də təsadüfi deyildi. Əslində, milçək qara, arzuolunmaz qüvvəni, münasibəti təmsil edirdi. Rəssamın bu cəsarətinə görə həbs olunmaq təhlükəsi yarandığı üçün o, təcili Alma-atıdakı psixiatriya xəstəxanasına daxil olur və beləliklə həbsdən qurtulur. Bununla belə, milçəyi filə döndərənlərin, ağa qara deyənlərin mükafatını simvolik milçək rəsmilə verə bilir.

- Zöhrə xanım, yaxın günlərdə Yazıçılar Birliyinin Natəvan klubunda kitabınızın təqdimat mərasimində tanınmış ziyalılar yeni nəşrlə bağlı təəssüratlarını bölüşdülər. Ümumi bir fikir ifadə olundu ki, "Axmaqlar gəmisi"nin səyahəti" kitabınızda siz dünya ədəbi-nəzəri fikrinin ən dəyərli örnəklərinə istinadən sənətin müxtəlif sahələri barədə olan fikirlərinizi ustalıqla ümumiləşdirə bilmisiniz. Və bu kitabda dünya ədəbiyyatı, mədəniyyəti, eləcə də Azərbaycan elmi, söz xəzinəsi, musiqi tarixi barədə çox bitkin fikirləriniz yer alıb.

- İlk olaraq belə bir təqdimatın keçirilməsinə şərait yaratdığına görə Yazıçılar Birliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, orada mənim kitabımla bağlı dəyərli fikirlərini bölüşən alimlərə, şair və yazıçılara, Gənclər və İdman Nazirliyində mənimlə bir yerdə çalışan insanlara dərin minnətdarlığımı bildirirəm; Lətifə xanıma, Nərgizə, Reyhana, İntiqam Mehdizadəyə, Gülayəyə, Firuzəyə, Sürəyyaya, Heydər Əliyev Sarayının direktoru Fərhad müəllimə və başqalarına.

Kitabımla bağlı səsləndirilən hər bir fikir mənim üçün əzizdir. Mən bu kitabı unudulmaz bəstəkar Kərim Kərimovun xatirəsi önündə bir borc kimi araya-ərsəyə gətirmişəm. O böyük insanın həyatı, tərcümeyi-halı, yaradıcılıq imkanları mənə ən fərqli sənət adamları, şəxsiyyətlər barəsində fikirlərimi ifadə etməyə lazım fon verdi. Vaxtilə "Xanəndənin taleyi"nə işıq salan bu böyük sənətkarın həyat yolu mənim belə bir kitab üzərində işləməyimə stimul oldu...

- Eristin "33 qız kəpənək tutur" rəsmindən bəhs edərkən həmin ərazini qayğısız uşaqlığın ünvanı kimi təsvir edirsiniz...

- Elədir. Rəssamın həmin tablosunda mavi, , sarı rənglərin vəhdəti həyat, ümid rəmzi kimi təqdim edilir. Sanki təbiət qoynunda otuz üç qızın kəpənək tutduğu yer qayğısız uşaqlığın ünvanıdır. O saf, körpələrin gözəgörünməz qanadları hər baxışdan özlərini büruzə verir. Baxdıqca elə hey arzulayırsan ki, bu yavru qızcığazların sevincləri, xoşbəxt anları uşaqlığın ömrü qədər qısa olmasın.

Həyat belədir... İnsanların həyatında zaman adlı gözəgörünməz ömür çərçivəsi var. O çərçivədən kənarda insan həyatı yoxdur. İnsan istedadı, zəkası ilə yaradılan əsərlərin ömrü isə sonsuz və əbədidir. Qızılı çərçivəyə alınmaz əsərlər, tarixə şahidlik edən şəkillər zamanla hesablaşmır. Bəşəriyyətə, ömrə-günə, yaşama yeni rəng, məna, yeni çalar qatan böyük sənət əsərləri çərçivəsindən asılı olmayaraq əbədiyyət üçün yaradılır. Bu kitabda sevərək bəhs etdiyim Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Kərim Kərimov yaradıcılığı, Nizami, Füzuli, Əli bəy Hüseynzadə, Səməd Vurğun, Rəsul Rza irsi məhz əbədiyyətə hesablanan sənət inciləridi. Eləcə də "Dədə Qorqud dastanları", muğamlarımız, aşıq sənətimiz. Biz o kökdən, o ruhdan gəlirik. Eyni zamanda, bu dəyərləri Avropa, Qərb mədəniyyətinin fikir, düşüncə axını ilə zənginləşdirməliyik. Necə ki, vaxtilə Qərb Şərqi əxz edib, yaxşı nə var götürüb, bax elə... Böyük insanlığın ünvanı bu vəhdətdədi!

 

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.29.