"Xudaya, bu cənabların
ağzından
nə qədər
nalayiq sözlər çıxıb!"...
Daha "bir nəzər". Səhv nəzərləri sərf-nəzər etmə vaxtı
Əvvəli ötən saylarımızda
Ziya Paşaya, Namiq Kamal, Əli Süavi, İbrahim Şinasi və digər tənzimatçılara tək bir ədib kimi yox, Osmanlı imperiyasının müasirləşməsi uğrunda gedən ölüm-dirim mübarizəsinin öncülləri, təkanvericiləri, "Zəfərnamə"yə isə bu mübarizənin bədii proqramı kimi baxanda cəmiyyət həyatında həcvə ayrılan missiyanı obyektiv qiymətləndirmək, onun fikir plüralizminin bəlkə də yeganə qaynağı olması fikri ilə razılaşmaq xeyli asanlaşır.
Həcv, həmişə çıxılmazlığın, məcburiyyətin şeiridir. Amma hər bir halda şeirdir! Seyid
Əzim Şirvaninin aşağıdakı misralarına diqqət
yetirək:
Qəribə
sirrdir, artıbdı Bakidə şair,
Edillə
şerə həvəs, feli tərk edən fail.
Nəinki
bir Bakı, ondan Şamaxı bədtərdir
Olubdu şairi-ustad hər yetən kahil.
Bu qoşabeyt ustad sənətkarın tanınmış
şair Məhəmməd Ağa Cürmiyə yazılan bir həcvə
cavabındandır. Seyid Əzim Mirzə Əbdülxalıq
Yusifin həmin həcvinə bir yox, iki cavab yazıb və
bunun özü də kiçik göstərici deyil.
Yusif Bakı şairlərinin gənc nəslinə mənsub
olsa da, Cürmi, Cənnəti, Müsəvvir və Rza kimi
ağsaqqal müasirlərini həcv etməklə ad
çıxarmışdı (N.Qarayev), Seyid Əzim isə
"şəramədi-dövran" kimi bununla
razılaşmırdı. Amma nə qədər hiddətlənsə
də, gətirilən misaldan gördüyümüz kimi, qəzəbini
cilovlaması, özünü ələ alıb Yusif səviyyəsinə
endirməməsi, nəsihət yolu tutması Seyidin
böyüklüyündən xəbər verir:
Bu
şeirdən qərəzim Yusifə deyildir həcv
Rəva deyil ki, yazam mən kəlami-latayil.
Vəli mənim
qərəzim, moizə, nəsihətdir
Qəbul edər bu nəsihətləri olan kamil.
"Şamaxının
təzə bəylərini həcv" şeirində bir-iki yerdə
"gül vurmaqdan" özünü saxlaya bilmir:
...Birisi
ol Hacı Əhməddi ki, var sahibi-riş
Yaxşı
eşşəkdi, vəli yoxdu onun palani (...)
Bir yetim
tifl idi, ... açıq, başı
keçəl
Küçələrdə dolanırdı, yox idi
tumani.
"Quba
təziyədarları və xeyməni qarət edənlərə"
həcvini isə birbaşa "köpək oğlu" rədifi
ilə yazır:
Hər
növ ilə ki, bidətə siz mürtəkib olduz
Yazdıq onu naçar şəriət, köpək
oğlu.
(Qeyd edək
ki, Zakirin də eyni rədifli həcvi var, amma müqayisə
etsək görərik ki, Seyid Əzimin şeirini, ən
azı, bəhr və qafiyə fərqinə görə Zakirə
nəzirə saymaq olmaz:
Var
özgə vilayətdə də tək-tək köpək
oğlu,
Hədsizdi bu viranədə bişəkk köpək
oğlu.
Məşhur məsəldir ki. bitər ot
kökü üstə
Səgdən törəyən axır olar səg köpək
oğlu.)
Bir sözlə, həcvin cazibə gücü - gözəlliyi
də, çirkinliyi də bəzən incə təbəssüm,
bəzən də qəhqəhə doğuran kəskin ifadə
tərzindədir, - desək, həqiqətə müğayir
olmaz. Bu
baxımdan Baki, Xəyali, Suni, Nabi kimi nisbətən əvvəlki
əsrlərdə yaşamış sənətkarlarla
Şair Əşrəfin, Rza Tevfiqin, Neyzən Tevfiqin həcvləri
arasında fərq yalnız bədii qüdrətin (tərki-ədəbliyin
özünün belə "məzmun" deyilən daxili
cövhəri, incə, lakin tutarlı ifadəsi) dərəcəsi,
inkişaf səviyyəsi ilə ölçülə bilər.
Bakinin Əmiriyə həcvlərində belə misralarla tez-tez
rastlaşırıq: "Kəndisi silər b...
saçı-sakkalıyla", "Sən anunçün g...
yırtar isən, ol olmaz" və s. Bu bir bəsit və
vulqar ifadə tərzidir, estetik təsir gücü yox dərəcəsindədir.
Şair Əşrəf (1847-1912) isə onu İzmirdən
uzaqlaşdırmaq üçün Sivrihisara qaymakam göndərmək
istəyən Kamil Paşaya xitabən deyir:
Beni
Sivrihisara merhamet eyle, oturtturma
Kerem
kıl Akhisarı,
dersen
İzmirden irak olsun.
Mücerred
bir hisara
gönderilmekse
eger maksad,
Efendim,
başı sivri olmasın da, bari ak olsun.
Burada, ağır,
təhqiramiz ifadə yoxdur, amma çoxmənalılığa
("oturtmaq" sözünün "vəzifəyə təyin
etmək" anlamına) əsaslanan incə bir kəskinlik
görürük ki, həcvin canı, "məzmun"u da
elə bunda üzə çıxır. Şair Əşrəf
həcv üçün "məzmun"un
(mövzunu təşkil edən hadisə və ya predmeti bədii
gülüş hədəfinə çevirməyə imkan
verən başlıca məcazi ifadənin) mütləq şərt
olduğunu qətiyyətlə bildirir:
Eylemem
ölsəm də kizbi ihtiyar
Doğruyu
söyler gezer bir şairim.
Bir
güzel mazmun bulunca Eşrefa,
Kendimi
hicv eylemezsem, kafirim!
Əslində, tək həcvin deyil, bütün
şeirlərin cazibə qüvvəsini elə "məzmun"
(fikrin bədii-estetik əsaslandırılması
üçün tapılan qeyri-adi vasitə və ifadələr)
təşkil edir. İsmayıl bəy
Qasprinski Seyid Əzim Şirvaninin həcvlərindən bəhs
edərkən bunu "şirin bir zəhər"
adlandırır: "...şeir və qəzəlləri nə
mərtəbədə nazik və lətafətli isə həcv
və gülgüləri dəxi şu nisbətdə ağu
və ötkündür, ya ki, tatlı bir zəhərdir".
Bu obrazı inkişaf etdirsək, deyə bilərik ki,
Qasım bəy Zakirin ("Divanbəyiləri həcv",
"Hüseyn bəyi həcv" və s.), Mirzə Mehdi
Şükuhinin ("Dər həcv ağa
Əbdüşşükr Marağayi vəkili-marafiə",
"Əttar"), İskəndər ağa Şairin ("Ay
molla"), Mirzə İsrafil Mahirin ("Molla Səhbanın
oğlu Taibin həcvi"), habelə XIX əsr Osmanlı
(Namiq Kamal, Ziya Paşa, Müəllim Naci, Əbdülhəq
Hamid, Süleyman Nazif...) və özbək şairlərindən
Zakircan Firqətin (1858-1909), Məhəmməd Şərif
Gülxaninin (1770-1820), Məxmurun (vəf. 1844) müxtəlif
mövzulu həcv və taziyanələrində "şəkər"in
müqabilində "zəhər" yüzdəbir nisbətindədir
və əgər söhbət sənətdən gedirsə,
belə də olmalıdır. Misal üçün, Seyid
Əzimin "Qazi Hacı Molla Məhəmməd Məlikkəndliyə"
həcvinə diqqət yetirək:
...Görmüşəm
xitteyi-İslamdə bihəd qazi,
Var hər
mülkdə yüz mollavü həm səd qazi,
Rəsmi-qanundu
əzəldən ki, olur bəd qazi,
Leyk mən
görməmişəm bir belə mürtəd qazi,
Hansı
qazi?- desələr, Molla Məhəmməd
qazi.
Vəh nə
qazi ki, ləin, ibn ləin, ibn ləin...
Seyid
Əzimin bütün yaradıcılığında
xüsusi amansızlığı ilə seçilən bu
şeirdə belə, ifadə tərzinin bədii
şirinliyi oxucunu elə cəlb
edir ki, "mürtəd" və
"ibn ləin" kimi ağır təqdimatlar (hətta
sonuncunun üç dəfə təkrarlanması) da arqo, təhqir
kimi yox, obyektiv qiymətləndirmə üsulu kimi qəbul
olunur. Bu xüsusu nəzərdən qaçırmasaq,
başda Həsən bəy Zərdabi olmaqla
"Əkinçi" qəzetinin görkəmli yazarları
Əsgər ağa Gorani və Nəcəf bəy Vəzirovun
həcvə münasibətini daha düzgün anlaya bilərik.
Bəzi araşdırmaçılardan fərqli olaraq, bizə
belə gəlir ki, onlar həcvi "anadangəlmə" əlamətinə-
abırsızlıq ünsürünə görə yox,
bunun "dozasının" artıqlığına görə
qəbul etməmişlər. 1876-cı ildə Mirzə
Əli Əskər adlı bir nəfər (onun Qarabağ
şairlərindən Mirzə Ələskər Növrəs
olduğunu ehtimal edənlər də var - N.M.) gəncəli
Mirzə Mehdiyə (bəlkə də Mirzə Mehdi Nacidir? -
N.M.) həcv yazmış, Mirzə Mehdinin cavabını
öz qəzəlləri ilə birlikdə o zaman Moskvada ali təhsil alan Gorani və Vəzirova göndərmişdi.
Onlar isə, görünür, Azərbaycanda həcv
aludəçilərinin çoxluğunu nəzərə
alaraq, Mirzə Əli Əskərə cavablarını qəzet
vasitəsilə yayımlamış, ictimailəşdirmişdilər.
Gorani yazır: "...bu həcvlər barəsində artıq
danışmağı özümüzə eyb hesab edib, ərz
edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir"
(R.Hüseynov). Vəzirov isə qəzetin 22 dekabr tarixli
sayında Mirzə Əli Əskərin və Mirzə Mehdinin
həcvlərindən heyrətini belə izhar edir: "Xudaya,
bu cənabların ağzından nə qədər nalayiq
sözlər çıxıb!"...
1877-ci
ilin mayında çap etdirdiyi başqa bir məqaləsində
isə N.B.Vəzirov yenidən həcv məsələsinə
qayıdaraq yazır: "Məsələn, 30 il bundan əqdəm
cənab Zakir mərhum Qasım bəy Qarabaği yazan həcvlərə
baxan görər ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş
sözlər, məsələn, bir başmaq itmək üstə
danışıb, amma yenə onları oxumaq olur. Lakin
indi yazılan həcvlər məst olan çəkməçi
danışığına oxşadığına nə ki
onları çap etmək olmur, hətta adam
olan kəs onu oxuyanda əti ürpəşir". Müəllifi
narazı salan, aydın görünür ki, ümumən həcv yox, həcvlərdə
"ət ürpəşdirən" sözlərin
çox işlədilməsidir.
Digər
tərəfdən, Zakir haqqında deyilənlər onu göstərir
ki, mütərəqqi fikirlərə yiyələnmiş
bütün XIX əsr ziyalıları kimi, bizim maarifçilər də həcviyyatın
ictimai mündəricə ilə yüklənməsini
arzulayır, ürəklərindən
onun öz yerini Avropa tipli satiraya tərk etməsi keçirdi.
Səbəb budur ki, ədəbi fikirdə cəmiyyət
hadisələrinə diqqət artıb; bədii müdaxilə
yolu ilə ictimai problemlərin aradan
qaldırılacağına inam yaranıb. Hələ XVII əsr Osmanlı şeirində
ictimai motivli həcv-qitələrin müşahidəçidə
"satirik şeir" təəssüratı
doğurduğunu yuxarıda qeyd etmişdik. Həcvin satiradan fərqi nədədir? Qərb tipli satirik şeirə verilən ümdə
tələblərdən biri onun ictimai mündəricə
daşımasıdır. Bu, müstəsna
dərəcədə önəmli tələbdir, amma yeganə
tələb deyil. Həcvlə müqayisə
yeni satirik şeirin (türk-İslam poeziyasında bu şeirin
ilk kamil ustadı Mirzə Ələkbər Sabirdir) digər
xüsusiyyətlərinin də aşkara
çıxarılması üçün əlverişli
şərait yaradır. Həcvin
"ünvanlı" şeir olduğunu söyləmişik.
Bu o anlama gəlir ki, həcv konkret bir fərdi hədəfə
götürür və onu rüsvay etmək məqsədi
güdür. Bu hədəf Nabinin Hələb ruhanisi
Əbdül Həlimzadəyə, Əhməd Paşaya
söylədiyi həcvlərdə olduğu kimi adı, əsli-nəsəbi
ilə, yeri-yurdu ilə dəqiq nişan
verilir. Bəzi hallarda isə hədəf belə
yerli-yataqlı göstərilmir, amma verilən işarələr
o qədər aydın olur ki, adın çəkilməsinə
ehtiyac qalmır. Bu zaman türk şairi Sami Arpaəminzadənin
bir dövlət məmuruna ünvanlanmış həcvində
olduğu kimi bir-iki əlamət sadalanır (həmin şeirdə:
həcv edilən şəxsin vəzifə təyinatının
ölkədə vəba epidemiyası ilə eyni vaxta təsadüf
etməsi, Urfadan olması və s.) və həmin əlamətlər
əsasında da hədəfin kimliyi oxucuya aydın olur. Başqa sözlə, həcvin hədəfinin, eləcə
də səbəbinin məlum olması bu şeirlərin
imperativ xüsusiyyətidir. Və deməli,
həcv həm də situativdir, konkret bir hadisə ilə əlaqədardır,
hətta o dərəcədə əlaqədardır ki, həmin
hadisəni bilmədən həcvi doğru-dürüst anlamaq
belə mümkün olmur. Bu cəhətdən
həcv lətifələri xatırladır və əksər
hallarda lətifə kimi nəql edilir.
Davamı
gələn sayımızda
Nizaməddin MUSTAFA
Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.28.