MİRPAŞANIN KÜRLÜYÜ

 

Elçin Məmmədovun ruhuna

 

Bu qoca dünyada yaşayan hər bir kəsin öz vücudunda, içində bir aktyorluq stixiyası gəzdirməsi barədə fikirlər təzə deyil. Vaxtilə dahi Şekspir bu həqiqəti "Dünya bir teatr meydanı, biz insanlar isə aktyorlarıq" cümləsi ilə möhürləyib dövriyyəyə buraxanda yəqin, bunu nəzərdə tutmuşdu ki, dünyaya gələn hər bir Allah bəndəsinin həyatı doğulduğu andan ta son nəfəsinədək İlahinin onun üçün yazdığı rolu oynamasıdır, pis-yaxşı öz obrazını yaradıb başqalarının yaddaşına köçürməsidir və bu obrazın nə dərəcədə dolğun, kamil alınması da onun yaddaşlarda qalıb-qalmamasından xeyli dərəcədə asılıdır.

Əlbəttə, bu stixiyanın çölə püskürüb reallaşma əmsalı heç də hamıda eyni ölçüdə olmur. Bəzilərində bu stixiya fitri aktyorluq istedadı kimi aşıb-daşır, aktyorluq onların taleyinə çevrilir; bəziləri bunun fərqinə varmır, elə öz rollarını oynaya-oynaya ömrü yola verirlər; bir para adamlarda isə bu vergi fitri istedad kimi yox, bacarıq, qabiliyyət kimi təzahür edir - onlar lazım gələndə hansısa (daha çox öz xarakterlərinə uyğun) rolları oynamaqda peşəkarlardan heçgeri qalmırlar, aktyorluq onların taleyinə çevrilməsə də, talelərində müəyyən iz salır, hətta çox vaxt onlara ümumxalq məhəbbəti qazandırır.

Azərbaycan kino tamaşaçılarının yaddaşında Mirpaşa kimi yaşayan rəssam Elçin Məmmədov da məhz belə tale sahiblərindən idi.

Onun öz içində gəzdirdiyi aktyorluq potensialının kökündə heç şübhəsiz ki, genetik yaddaş dayanırdı. Atası görkəmli teatr nəzəriyyəçisi, rejissor, aktyor Mehdi Məmmədov, anası tanınmış aktrisa Barat Şəkinskaya milli mədəniyyətimizdə iz qoymuş sənətkarlar idilər. Amma sifət, üz cizgilərindən atasına çox bənzəyən Elçin aktyor yox, rəssam kimi fəaliyyət göstərirdi. Onun təkcə özünün yox, başqalarının da rolunu oynaya bilmək bacarığını, o qədər də fotogenik olmayan tosqun, kök vücudunda gəzdirdiyi aktyorluq potensialını isə ilk dəfə "Yeddi oğul istərəm" filminin rejissoru Tofiq Tağızadə gördubu uğurlu işbirliyi milli kinomuza ən mükəmməl antiqəhrəmanlardan birini - dəlisov, kür, şıltaq Mirpaşa obrazını bəxş etdi.

Məni uzaq illərdə qalan zövqümüzə görə "bizimkilər"lə pis adamların mübarizəsindən bəhs edən bu "davalı" filmdə "bizimkilər"in ən vuruşqanı, ən diribaşı, düşmənə qarşı sonsuz dərəcədə amansızlıq göstərən bu sevimli qəhrəmanı barədə indi - aradan təxminən 45 il keçəndən sonra tamam başqa estetik meyarlarla danışmağa sövq (və vadar) edən amillər sırasında, heç şübhəsiz ki, ehkamlardan azad olmuş cəmiyyətdə dəyərləri düzgün qiymətləndirməyə yol açmış obyektivsubyektiv faktorların müəyyən rolu var. Amma, məncə, ən əsas səbəb elə bu filmin özüdür. Məsələ burasındadır ki, hər bir normal film təkcə bizi həyat hadisələrinin içinə aparan, onların iştirakçısına çevirən illüziya deyil, həm də müxtəlif tipli (linqvistikqeyri-linqvistik) işarələrdən qurulmuş, auditoriyaya müəyyən bir fikir ötürən, mətləb qandıran tekstdir ("mətn" də yazmaq olardı, amma, məncə, "tekst" daha düzgün variantdır). Bu tekstdə kodlaşdırılan mənalar, ifadə olunan mətləblər isə heç də həmişə üzdə olmur, çox vaxt "podtekst" deyilən görünməz, fəqət duyulan, qavranılan alt qatda gizlədilir. Film təkcə deyilənlərin deyil, həm də deyilməyənlərin, yalnız görünənlərin yox, həm də görünməyənlərin "dil açıb" danışdığı çoxmənalı işarələr, eyhamlar sistemidir, sirli-sehrli bir audiovizual ismarışdır. Bu mənada üst qatda vestern, savaş filmlərinin janr qəliblərinə daha çox uyarlı görünən "Yeddi oğul istərəm" filmi Azərbaycan kinosunda ən mükəmməl  ekran tekstlərindən biridirbu teksti indi tamam başqa bir məna kontekstində oxuya biliriksə, bunun üçün filmin yaradıcılarına - onun ssenarisinin müəllifinə, rejissoruna və təbii ki, aktyorlarına minnətdar olmalıyıq.

O cümlədən peşəkar aktyor olmayan Elçin Məmmədova. Çünki filmdə təsvirini tapan ölüm-dirim savaşının əsl mahiyyətini açmaqda, məzlum kütləyə nicat yolunu göstərmək üçün Peykanlıya təşrif buyuran dəstənin, əslində, hansı yuvanın quşu olduğunu, hansı qorxunc missiyanı yerinə yetirdiyini anlamaqda onun yaratdığı Mirpaşanın rolu əvəzsizdir.

Filmdə bu obrazın keçmişi barədə ən vacib məlumatı Gizir verir: "Haralı olduğunu bilmirəm, amma deyilənə görə, Tiflisdən Gəncəyədək qazamatlarda ad qoyub". Cavan Mirpaşanı tez-tez qazamatlar sakininə çevirən səbəblər barədə filmin heç bir epizodunda konkret söhbət getmir, amma təsvir olunan hadisələr, dialoqlar, xüsusən də Mirpaşanın öz canfəşanlığı haqqında danışılmayanları sərt bir həqiqət kimi ortaya qoyur. Filmin əvvəlini yada salaq. Kələntər Bəxtiyarın "Kimsən, a kişi" sualına qeyri-müəyyən cavab verəndə Mirpaşa dərhal tüfəngini ayağa çəkir: "Bu saat kim olduğunu yadına salarıq" və səsinin tonu, artıq vərdiş kimi görünən hərəkətləri ilə inandırır ki, Bəxtiyar mane olmasaydı, Cəlal işə qarışmasaydı kimliyini bilmədiyi Kələntəri öldürmək Mirpaşa üçün bekarçılıqdan tum çırtlamaq kimi məşğuliyyətdir. İçindəki bu patoloji "öldürmək" istəyinin necə müdhiş bir yanğı olduğunu biz sonrakı səhnələrin birində - Mirpaşanın öz qurbanının bədəninə 8 güllə boşaltdığı epizodda seyr edirikbu dəfə də Cəlal mane olmasaydı Allah bilir güllələrin sayı nə qədər olacaqdı.

Mirpaşanın axund Şirəli ilə hər sözü, cümləsi tüfəngə əl atmağa bəhanə təsiri bağışlayan dialoqu, məscidə it bağlayıb həyasızcasına uğunması (özü bunu komsomolun dinə qarşı mübarizəsi kimi qələmə verir) - onun içindən çıxdığı millətin mənəvi dünyasına, adət-ənənələrin münasibətdə hansı mövqedə dayandığının əyani göstəricisidir. "Axund da, molla da inqilabın (əslində, bolşevik rejiminin - Ə.H.) düşmənləridir. Məndən olsa hamısını bircə-bircə güllələyərdim" - öz hərəkətlərinə bu sözlərlə bəraət qazandırmaq istəyən Mirpaşa, əslində, Bəxtiyarın "Hanı bu kəndin igidi? Hanı Peykanlının kişisi?" hayqırtısına züy tutur, "Qorxaqlığın daşını atan Peykanlı camaatına eşq olsun" şüarı ilə öz doğma məkanından küncə sıxışdırılmış Gəray bəyin deyil, məhz bolşeviklərin at çapıb tüfəng oynatdıqları məkanın igid, qəhrəman yetişdirə biləcəyi barədə əcaib bir fikirlə bir az da irəli gedir.

Filmin üst qatında haqq, ədalət uğrunda mübarizə aparan qəhrəmanın, əslində, millətin keçmişinə, milli adət-ənənələrinə münasibətdə tam oppozisiyada dayanan, özünə qədərki hər şeyi vəhşi bir ehtirasla inkar edən antiqəhrəman olduğunu sübut etmək üçün daha nə lazımdır ki?

Mirpaşa işğalçıların süngüsünün ucunda Azərbaycana gətirilən "milli ruhu sarsıtmalı, milli yaddaşı məhv etməli, qorxaqlardan qəhrəman düzəltməli" çağırışının daha ucadanmilli dildə səsləndirilməsi üçün yerli materialdan düzəldilmiş rupora bənzəmirmi?

Hərdən adama elə gəlir ki, böyür-başında digər komsomolçular olmasaydı Mirpaşa Peykanlının bütün camaatını divara dirəyib bircə-bircə güllələyərdi.

O öz canfəşanlığının, "igidliyinin" əvəzini artıqlaması ilə alır - itin onun sinəsinə yox, kürəyinə saplanan xəncərin dəstəyinə bağlanmasında da birbaşa ifadə olunmayan gizli bir məna var.

Filmin uğurunda Elçinin xidməti bunda idi ki, o, Mirpaşanın kürlüyünün, dəliqanlılığının altında gizlədilmiş əsl xislətini təbii oyun tərzi ilə kodlaşdırmışdı, şifrələri fəhm ilə, intellektual cəhdlə açılan informasiya kimi konservləşdirmişdi.

T.Tağızadə 5 il sonra Elçini "Dədə Qorqud" filmində Qaraca Çoban roluna dəvət etdi. O vaxt çoxları kimi mən də bu filmin ekranlara çıxacağı günü səbirsizliklə gözləyirdim. İnanırdım ki, Elçinin ifasında Qaraca Çoban qeyri-adi cazibəyə malik obraz olacaq. Lakin filmə baxanda məyus oldum. Qazan xanla, Alp Aruzla, Beyrəklə, Bayandır xanla müqayisədə Qaraca Çoban obrazı alınmamışdı. Səbəb isə çox sadə idi: rejissor bu dəfə obrazın ekran interpretasiyasının estetik sərhədlərini düzgün müəyyən edə bilməmiş, dastan poetikasından irəli gələn motivləri realist-məişət stixiyası fonunda realizə etməyə çalışmışdı və bu rolu Elçin yox, ən qüdrətli aktyorlardan biri oynasaydı belə, nəticə eyni olacaqdı. Çünki tamaşaçı nə Qaraca Çoban dartıb çıxara bilsin deyə, torpağa üzdən basdırılması dərhal hiss olunan dekorun həqiqiliyinə, nə Qaraca Çobanın güc verib onu yerdən qoparmasına, nə də əllərində nizə, kaman, ox olan 2-3 addımlıqdakı döyüşçülərin onu hədəfə ala bilməməsinə inanırdı. İnandırma olmayan yerdə isə uğurdan söhbət gedə bilməz.

Sonralar Elçin Məmmədov bir neçə filmdə xırda, epizodik rollara çəkildi və onun aktyorluq karyerası enən xətlə sona yaxınlaşdı.

Elçin Məmmədovun həyatdakı aktyorluq fəaliyyətinin ömrü də kinodakı karyerasındakı kimi az oldu. Bu şən, zarafatcıl insan 55 yaşında gözlərini əbədi yumdu.

Ruhun şad olsun, Elçin Məm... yox, Elçin Mirpaşa.

 

Əlisəfdər HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.26.