Ən qocaman dostum

 

Zeynal Vəfanın 80 illiyinə

 

Çoxumuz onun ana haqqındakı məşhur şeirini dəfələrlə eşitmişik. Hətta tam olmasa da bir neçə bəndini əzbər bilirik. "Everest zirvəsi qoy inciməsin, Dünyada ən böyük zirvə anadır" misralarının kimə məxsus olmasından isə böyük əksəriyyətimizin xəbəri yoxdur. Düzü etiraf edim ki, onunla şəxsən tanış olana qədər bu misraların müəllifini heç mən özüm də tanımırdım.

Azərbaycan Nəşriyyatının 4-cü mərtəbəsində "Azərbaycan" qəzetinin redaksiyasındakı baş redaktorun müavini otağında öz dünyasına çəkilib ölkənin ictimai-siyasi həyatı ilə bağlı yazılar yazan, gündəlik qəzetin bir çox qayğılarını uzun illərdir çəkən Zeynal Vəfayla tanışlığım elə həmin qəzetin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri kimi işləməyə başladığım 2012-ci ilin 22 iyun tarixində oldu. Digər əməkdaşlarım muxtar respublikanı təmsil edəcəyim qəzetdə daha bir həmyerlimin olduğunu demələrindən sonra tanışlıq istəyi güc gəlməyə başladı. Və məlum oldu ki, həmin adam baş redaktorun müavinidir. Belə olan halda isə yeni kollektivdəki ümumi ortama hələ bələd olmadığımdan həmyerlim olan bu adamla tanış olmağı sonraya saxlamaq istədim. Lakin redaksiyamızın o zamankı xalqla əlaqələr şöbəsinin gənc və səmimi əməkdaşı Elnur Mədətoğlu onun haqqında o qədər xoş sözlər dedi ki, bir də baxdım ki, elə birlikdə həmin qapının astanasındayıq. Açıq qapını döyəndə balaca xudmani otağın o başında kompyuterinin arxasındakı elə mənim kimi balacaboy olan bir ağsaqqal ayağa durub gülərüzlə bizə tərəf gəldi. Səmimi və sadə xarakterli bu adamla ilk tanışlıqdan sonra hiss elədim ki, onun baş redaktorun müavini vəzifəsi üçün darısqal olan otağına böyük bir mənəvi dünya sığıb. Elə o qədər də hündür olmayan görünüşünün arxasında böyük xarakteri kimi. Zeynal Vəfa ilə tanışlığım belə başladı.

Hər ay redaksiyaya yollananda onunla Naxçıvandan, ədəbiyyatdan, köhnə dostl-tanışlarından, şeirdən, ədəbi mühitdən və digər mövzulardan danışırdıq. Uzunillik mətbuat təcrübəsinə, sözə bələdliyinə dayanan bir çox məsləhətlərini verməyi, nəyi necə etməyin yollarını göstərməyi aramızdakı yaş fərqinə baxmayaraq bizi doğmalaşdırmışdı.

İlk görüşümüzdə imzamı mətbuatdan tanıdığını, xüsusilə hər nömrəsini aldığı "Ədəbiyyat qəzet"ində yazılarımı oxuduğunu bildirəndə isə daxilən xeyli qürur hissi keçirdiyimi də etiraf etməliyəm. Həmin gün bir şeir kitabını imzalayaraq mənə təqdim edəndə elə söhbət edə-edə şeirlərə göz gəzdirməyə başlamışdım. Ana haqqındakı məşhur şeirdən sonra isə bu adam birdən-birə gözümdə böyümüşdü. Şeirin əzbər bildiyin adamla bir redaksiyada işləmək bir tərəfə qalsın, onunla eyni bölgədən olmağın sevinci də başqa bir hiss imiş. Doğrudur, analar haqqında çox şeirlər yazılıb, bəlkə də bədii cəhətdən daha güclü şeirlər də oxumuşuq. Amma, gəlin etiraf edək ki, Zeynal Vəfanın bu şeirini hər bir azərbaycanlı ömründə bir neçə dəfə eşidib.

Kimdir Zeynal Vəfa: 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M.T.Sidqi adına Naxçıvan şəhərindəki 4 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində (1957-1962) təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb (1980-1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982-1987), Yəmən Ərəb Respublikasında tərcüməçi (1987-1989), "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini (1990-1992), "Meydan" qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb. Zeynal Vəfa 1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində baş redaktorun müavini vəzifəsindədir. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib, 22 iyul 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ilə əlaqədar "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Zeynal Vəfa poeziya sahəsində fəaliyyətə 12 yaşından başlasa da "Tunc atlı" adlı ilk şeiri 1955-ci ildə "Şərq qapısı" qəzetində işıq üzü görüb. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şer və poemaları rus, ukrayna, özbək, tacik, eston, latış, ərəb və digər dillərdə dərc olunub. Avropa və Asiya şairlərindən xeyli poyetik tərcümələri var.

Bu günlərdə, daha dəqiqi dekabr ayının 2-də Zeynal müəllimin 80 yaşı tamam olacaq. Səksən yaş. Sək-səəəən yaaaş. Sözləri hecalara ayırıb uzadaraq tələffüz edərkən bir anlıq düşündüm ki, görəsən indiki şair və yazıçılar 80 yaşa neçə kitab "bağlayardılar"? Bəs, Zeynal Vəfanın 80 yaşını qeyd edəcəyi bu günlərdə görəsən neçə kitabı işıq üçü görüb? Cəmi-cümlətanı 8 kitab. Belə ki, 1967-ci ildə əl içi boyda 26 səhifəlik "Çinarım mənim" kitabından 4 il sonra "Qəlbimin səsi", daha sonralar "Ömrün beşinci fəsli", "Əgər sevirəm desən", "Körpələrin xətrinə", "Beşiklərdən gələn səslər", ulu öndər Heydər Əliyevə həsr oulnmuş "Millətin xilaskarı" poeması və 2007-ci ildə "O dünyaya xəbər verin, gələn var" kitabları ilə oxucularının qarşısına çıxıb. Üst-üstə toplasan bu kitablarda heç 300 şeir yoxdur. Lakin buna baxmayaraq onun şeirlərinin hər birində  sözə məsuliyyət hissi, yeni fikirlər daim diqqəti cəlb edir. Sözlərinə 70-dən arıtq mahnı bəstələndiyini qeyd etmək məncə kifayətdir.

Elələri var ki, Zeynal Vəfanın yarı yaşındadılar, amma özləri haqqında kitablar yazdırtdırır, məqalələr aylarla silsilə şəklində mətbuat səhifələrində yelkən açır. Z.Vəfa haqqında isə axtarış aparsanız heç 5 yazı qarşınıza çıxmayacaq. Səbəbini isə bu şair haqqında yazdığı yazıda Allahverdi Eminov çox gözəl açıqlayır: "Etiraf etməliyik ki, bəzi şairlərimiz şəxsiyyətcə təvazökardır. Bədii kürsülərdə "yuyulmuş qaşıq" kimi özlərini gözə soxmaq vərdişindən, əsərləri haqqında dost sifarişli məqalələrə həvəs göstərməkdən uzaqdır. Mən istedadlı şair Zeynal Vəfanı böyük məmnuniyyətlə belə şairlər sırasına daxil edərdim".

Ustad Məmməd Arazın "Azərbaycan - dünyam mənim" şeiri ilə eyni adı daşıyan şeirində Zeynal Vəfa tamam fərqli düüşncələrlə öz fikirlərini ifadə edir. "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misralarına cavab olaraq hətta vətənin bir qum dənəsi olmağı da özü üçün yetərli sayır:

 

Sinən üstə quş nəğməsi eşitsən,

Bil ki, mənim vətən deyən səsimdir.

Bürkü vaxtı hiss etdiyin sərin meh,

Nəfəsimdən axıb gələn nəsimdir.

Demirəm ki, Şah dağına çevrilim,

Zərrə boyda qumun olsam bəsimdir.

 

1941-1945-ci il müharibəsi yüzminlərlə Azərbaycanlının taleyindən qara kağızlar kimi ağrıyla gəlib keçibdir. Bu ağrının yaşayanlardan biri də Zeynal Vəfa olmuşdur. Onun "Ata" şeirini oxuduqca şairin həmin dövrdə yaşadığı acı taleyini göz önündə canlandırmaq heç də çətin olmur. "Bürkülü bir yay səhərində" "Poçtalyon ağappaq zərfə bükülü" "qara bir yetimlik uzatdığı" şair uşaqlığını çətinliklər içərisində yaşayır və atasının ölümü ilə barışmır. Bu barışmazlığı həmin şeirin son iki misrasında görə bilirik:

 

Əgər ölmüsənsə bəs indiyədək,

Niyə dəfn eləyə bilmirəm səni?

 

Bu sualın cavabını şairin "Naməlum əsgər" şeirində tapmaq olur:

 

Mənim də qəlbimin həsrəti çoxdur,

Fikrə əsir düşmək deyildir asan.

Yerini-yurdunu bilən ki, yoxdur,

Bəlkə də sən elə mənim atamsan.

 

"Ata "şeirinin bəndlərinin birindəki reallıq isə bu gün belə Qarabağ müharibəsi fonunda öz aktuallığını qoruyan məqamlardandır:

 

Bir döyüş dostunu gördüm dünən, tək,

Dünya bürokratla dedi dolubdur.

Lovğa bir rəisin yanına girmək

Berlinə girməkdən çətin olubdur.

 

İkinci Cahan savaşına yollanan və geri qayıtmayan atasına həsr etdiyi bu şeirdə biz müharibə övladlarının ümumi mənzərəsini müşahidə edə bilirik. Buna görə də müharibə o dövrün analarını, hətta bütün dövrün analarını, gözü yollarda qoyur. Atasız qalan şairi isə anası böyüdür, ona həm ata olur, həm ana olur. Və bu qayğının qarşılığında Zeynəl Vəfa anası üçün bir heykəl ucaldır:

 

Anasız olmasın ömrü heç kəsin,

Cahan bir yanadır, o bir yanadır.

Everest zirvəsi qoy inciməsin,

Dünyada ən böyük zirvə anadır.

 

Atalar evlərdə tək qoyub bizi,

Cəbhəyə gedəndə qəmlə dolmuşuq.

Analar çəkiblər hər dərdimizi

Qadın zəhmətiylə kişi olmuşuq.

 

Onların ümmanca dərdi-səri var,

Ana zəhmətindən ellər halıdır.

Övlada verilən bütün medallar,

Ana sinəsindən asılmalıdır.

 

Dünyada beş yaşıl qitəmiz ki, var,

Bilin, beş barmaqlı ana əlidir.

Bütün ölkələrin bayraqlarında

Ana şəkilləri çəkilməlidir.

 

Analar Günəşdən, Aydan qəlbidir,

Silərlər cahandan kədəri, yası.

Dünyanın paytaxtı - ana qəlbidir,

Dünyanın ilk himni - ana laylası.

 

Daim anaları düşünün, anın,

Qəlbiniz onların eşqiylə dolsun.

Hər övlad ürəyi qoy bir ananın

Məğrur heykəlinə pyedestal olsun.

 

Zeynal Vəfanın xarakterində bir qətiyyətlilik var. Özünə qarşı tələbkar olduğu kimi sözünə qarşı da tələbkardır. Onun sözlərində dəmirçinin çəkicinin cingildəyən səsini eşitmək olar. Buna görə də onun sözlərindən qlobal problemlərə üsyankar münasibət göstərən şair boylanır. Z.Vəfanın şeirlərini oxuduqca haqq uğrunda savaşan bir insan - dünya vətəndaşını görə bilərik.

Z.Vəfanın şeirlərinin mövzu fərqliliyi kimi onun söz ehtiyatı da tamam fərqli biçimdədir. Biz bu şeirlərdə zəngin dil faktları ilə qarşılaşırıq ki, fikrin müxtəlif şəkillərdə ifadəsi zamanı həmin sözlər köməyimizə çatır.

Şairin şeirlərində bir Azərbaycan sevdası diqqəti cəlb edirsə, digər tərəfdən qayğıyla yanaşılan dünya gözlər qarşısında canlanır. O, dünyanın bütün dərdlərinə öz dərdi kimi yanaşır və şeirlərində də bu hisslər poetik ifadələrə çevrilərək şeirləşir. Şeir Zeynal Vəfa yaradıcılığında romantik ağırlıqlı deyil. O, realist şair kimi problemləri dilə gətirir. Çıxış yolu axtarır və "tək əldən səs çıxmaz" çarəsizliyindən üsyankar tonda oxucusuna, əslində isə həmin problemləri ortaya çıxaran insanlara qarşı qələmlə, sözlə silahlanıb dirənməyə çalışır.

 

Elxan YURDOĞLU

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.24.