Ən yaxşı şeirlər dizimin
üstündə
yazdıqlarımdır...
Nuranə Nurun növbəti
müsahibi şair Qəşəm Nəcəfzadədir
- Qəşəm müəllim,
şeirlərinizin birində demişdiniz ki, bir gözəl
misradan şəhər salınar. Necə oldu, o
şəhər salındımı?
-
Dünyada nə qədər gözəl şəhərlər,
o şəhərlərdə imarətlər, məscidlər,
minarələr var, hamısı bədii sözün qüdrətindən
salınıb. Çünki hər şey
sözdən başlayır. Necə ki, xalqımızda
güc toplamaq və ağır bir yükü qaldırmaq
üçün belə bir ifadə var: bir, iki, üç...
Bax, şəhərlər də belə
salındı. Qurandan sonra Şərq belə
çiçəkləndi. Füzulinin
ilahi eşqindən, qəzəlindən Bakıda alov qüllələri
tikildi. Dərindən fikirləşsən,
Avropa sözdən qurulub, içindəki demokratiyadan qurulub.
- Bəs müharibələr...
-
Müharibə o zaman başladı ki, söz dolaşıq
düşdü, sözü düyün saldılar. Bu dolaşıq, düyün açılan kimi
müharibə də bitəcək, xarabalıqda - yerində
gözəl şəhərlər salınacaq.
- Siz mövzunu necə seçirsiniz,
mövzu sizi tapır, yoxsa siz mövzunu?
- İkisi də olur, əsasən mövzu gəlib məni
tapır. Amma şair bilməlidir ki, mövzunun hansı tərəfini
yazmalıdır. Məsələn, bir dəfə
İçərişəhər metrosunun qarşısında
dayanmışdım. Birdən sağ tərəfimdə
bir kişi qəflətən
yıxıldı öldü. Tappıltıya
hamı yıxılan adamın ətrafına
yığıldı. Adi bir adamın
yıxılmağında nə qədər mövzu vardı.
Fikir verin, o ölüb, amma sol əlindəki qəzeti
külək hələ vərəqləyirdi, sanki külək
həkim kimi onun ölüm səbəbini
araşdırırdı. Bu bir mövzu.
Bir şair bunu yaza bilərdi. Sağ əlində
siqaret hələ də tüstülənirdi, sahibi
ölmüşdü, amma siqaret hələ də
"yaşayırdı". Bu da ikinci
mövzu. Kişi yıxılan kimi
ayağından ayaqqabıları çıxmışdı.
Corablarının dabanı deşilmişdi.
Kişini corablarındakı deşik
öldürmüşdü. Çünki
bu deşik o kişinin maaşı idi, ehtiyacı idi, evinin
açıq qapısı, sınmış pəncərəsi
idi, ordan əsən külək kişini yerə "sərmişdi".
Bu da bir şeir. Sonra bir nəfər əyilib
onun cibindən əl dəsmalını çıxartdı,
təzəcə ütülənmişdi,
sağlığına qismət, sərdi kişinin ağ üzünə. Elə bil o kişi kimdənsə
qaçıb əl boyda dəsmalın altında gizlənmişdi.
Bu da başqa bir şeir. Yıxılan
kimi cibindən telefonu çıxıb kənara diyirlənmişdi,
kimsə zəng eləyirdi, bu da biri. Əlinin
üstündə mürəkkəb ləkəsi hələ
yaşayırdı. Bu da bir başqası.
Gör bir insanın
"yıxılmasında" nə qədər mövzu var.
İndi bunun hansını yazmaq və özü də necə
yazmaq - artıq o, şairin işidir, bu onun istedadından, təcrübəsindən,
peşəkarlığından və zəhmətindən
asılıdır.
- Slavyan Universitetində dərs deyəndə
bunu bizə danışmışdınız...
- Hə,
bunu demək o anda yadıma düşürdü. Yəni dərs zamanı. Dediyim və
bəzən inana bilmədiyim şeylərə tələbə
baxışları və təəccübü məni
inandırırdı. Mən sizdən
öyrənirdim. Müəllim bəzən
şagirdindən öyrənir. Çox qəribə
psixoloji prosesdir: mən çox vaxt özümdən
yaşlıdan yox, kiçiklərdən, xüsusən
şagirdlərimdən, gənc şairlərdən, onlarda
yaratdığım problem situasiyalardan öyrənirəm.
- Bir dəfə qrupumuzda bir tələbə
sizə irad tutdu sərbəst şeirləriniz barədə.
Şeirlərinizdə qafiyə yoxdur, - dedi. Xatırlayırsınız?
- Hə,
tələbə icazə alıb dedi ki, sizin şeirlərinizdə
heç bir qafiyə yoxdur. Əlimdə qəzet vardı, qəzetin
üstünə eynəyimi qoydum, dedim ki, bax, qızım, bu
qəzetə bu eynək qafiyədi. Daha hansı
qafiyəni tapa bilərsiniz? Başqa bir tələbə
dedi ki, bir stəkan çay olsa, o da qafiyədi. Digəri dedi
ki, çay da bir az yarımçıq
olsa, qafiyədi. Yəni mənim şeirlərimdə
məna qafiyədi. Əşya əşya
ilə qafiyədi. Mən şeirimin
quruluşu üzərində çox
çalışıram. Ona dizayn verirəm.
Və axırda hiss edirəm ki, şeirlərim, əslində,
minillik heca şeirinin içidi. Heca şeirləri
sökülüb-dağılıb, dağıntıları
mənim sərbəst şeirlərimdi. Heca
vəzni buzdu, əriyib olub su - sərbəst vəzn.
Sonra gözüm pəncərə şüşəsinə
sataşdı, daha irəli gedib dedim ki, uşaqlar, baxın o pəncərə
şüşəsi heca şeiridir, o sınıb çiliklənsə,
sərbəst şeir olacaq. Gördünüz,
material hecadır, sınanda sərbəst. Yenə sual
verən tələbə inadla dilləndi: - Müəllim,
axı şüşə qırıntıları heç nəyə
lazım deyil. Mən o saat susdum. Haqlı sual idi. Ancaq belə
qalmamalıydım, nəsə uydurub deməliydim, nəsə
bir şey tapmalıydım. Aha, tapdım. Dedim ki, o
şüşələr elə üç və
dördbucaqlara, piramidalara parçalanır ki, insan əli onu
o cür xırdalaya bilməz. Bu təbii hadisədir.
Tələbə susdu. İnanın,
bu cavabları elə o auditoriyada tapırdım, başqa yerdə
tapa bilməzdim. Bu mübahisələr mənim
yazmağıma təkan verirdi.
- Şeirlərinizi necə
yazırsınız? Yəni
şairin şeir mətbəxi. Əgər iş
otağının qapısı qəflətən
açılsa, sizi nə vəziyyətdə görmək
olar? Alın düyünlənmiş, saçlar
dağınıq və s. Belə mənzərələr,
yoxsa?..
- Şairin fikirli, qayğılı görkəmi,
alnını ovuşdurması, qaşlarını
çatması, durub ortada gəzişməsi - bütün
bunlar sovet realizminin yaratdığı mənasız şeylərdi. Mən ən
yaxşı şeirlərimi uşaqlarımın səs-küyünün
içində yazmışam. Xüsusi
yaradıcılıq otağım yoxdur. Dizlərimin
üstündə kağız parçalarına
yazdığım ən gözəl (məncə) şeirlərimdir.
Mən həm də şeirlərimin rejissoruyam.
Duyğu dolu misraları irəli, qabağa
çəkirəm. Şeiri səhnədə
necə deyəcəm, hara baxacam, bu misranı deyəndə əllərimi
yuxarı qaldıracağıma qədər
düşünüb götür-qoy edirəm. Elə bilirəm səhnədə yuxarı
qaldırdım, sağ əlim "ə" hərfinə
oxşayacaq və şeirimin çatmayan qafiyəsinin birinin
yerini tutacaq. Evdə yeni yazdığım
şeiri ucadan oxuyuram. Hansı söz tələffüzə
yatmır, dəyişirəm. Mən
şeirlərimi Filarmoniyanın, Muğam və Balet
teatrlarının, Azdramanın səhnəsində
oxuyurmuş kimi yazıram.
- Qəşəm müəllim,
sizi hansı ədəbi nəsilə aid edirlər, 80-ci, yoxsa
90-ıncılar?
- Ədəbi nəsillər
sözü şərtidir, yəni insanın doğum tarixi
kimi bir şeydi. Onilliklər texniki məsələ kimi deyək ki, tənqidçinin,
tədqiqatçının apardığı bir
araşdırma ola bilər. Mənim
üçün bu tamamilə başqa bir anlamdır. Məsələn, 90-cı illər ədəbiyyatı
ötən əsrin 30-cu illərinə qədər olan ədəbi
prosesin və intibahın davamıdır. Bu
davamlılıq və ardıcıllıq tarixlə deyil, mənəvi
silsilə ilə ötürülür. Məsələn,
mən (şərti) 80-ci illər nəslinin bir nümayəndəsi
olaraq heç vaxt öz zamanımı ifadə etməmişəm,
bu illərin nəsli ilə də yaxın deyiləm, nə də
onlar məni təqdir etməyiblər, ehtiyacım da yoxdur.
Yaradıcılığımda bütün
tarixləri keçə bilən, deyər ki, ötən əsrin
birinci yarısında Mikayıl Rəfilinin və ya 2050-ci ildə
bir cavan şairin könlünə düşən bir
işıq var. Ola bilsin ki, mən XIX əsrdə daha çox
mövcudam, nəinki, ötən əsrin 80-ci illərində.
Mən yayılmış, səpələnmiş
haldayam, bir tarixin içində deyiləm. Pedaqoji, tədris nöqteyi-nəzərdən kiminsə
dediyini təsdiq etmişəm, amma ədəbiyyat
baxımından təsdiq etməmişəm. Bu, hələ
sonradı... Ədəbiyyatda dünən dediyimin ola bilsin ki, bu gün əksini demişəm,
amma isbat eləmişəm ki, hər ikisi düzdür. Ola bilər
ki, düz on il keçsin bu, düz
olmasın, amma yüz ildən sonra hər ikisi dübbədüzdür.
İçimdə şeirlərimi bu gün
yan-yana düzsəm çoxu bir-birinə daban-dabana ziddir.
Amma yüz ildən sonra hər şey yerindədi,
eynidi, işığın zaman qarşısında hərdən
qırmızı, sarı, narıncı və yaşıl
kimi görünməsidir, amma yenə həmin
işıqdır.
- Heç özünüzə sual
vermisiniz ki, Qəşəm Nəcəfzadə kimdir?
Özünüzlə nə vaxt tanış
olmusunuz?
- Mənə
elə gəlir ki, biz özümüzü fiziki mənada
tanıyırıq. Hə, bu mənəm.
Amma mənəvi mənada, ədəbi-bədii
və məqam mənasında mən özümü
tanıya bilmirəm, böyük Füzuli demişkən,
"Heyran olduğundandır ki, heyran olduğun bilməz"
və mən deyərdim ki, şeir yazmaq elə
özümü tanımaq cəhdlərimdi. Məsələn, dəniz bilirmi ki, o dənizdir?
Amma biz dənizi yaxşı
tanıyırıq, onun kimyəvi və bioloji tərkibini
yaxşı bilirik, haqqında məqalələr, kitablar
yazırıq. Elə insan da belədir.
Nəsimini öyrənirik, təhlil edirik.
Məncə, Nəsimi özünü bu qədər
tanıya bilməzdi. Yəni o mənadakı
Nəsimi hansı gücün
daşıyıcısıdır, bunu bilirdi, amma onu hərəkətə
gətirən enerjinin mənbəyini bilmirdi. Bir şeirimdə dediyim kimi, "Yarpaq bilmir ki, onu
açan vaxt özü yıxdı". Ürək
bilirmi ki, onu döyündürən nədir? Əsla bilmir. Amma tibb elmi bunun səbəbini
bilir. Buna rəğmən, sən məni
daha yaxşı tanıyırsan, nəinki mən
özümü. Qəhrəman bilmir qəhrəmanlıq
elədiyini, sanki adi bir iş görür, ancaq biz bunun qəhrəmanlıq
olduğunu bilirik.
Füzuli "Leyli və Məcnun" poemasının
dibaçəsində deyir ki, Allah əşyalarda çox
sirləri əyan eləyib, amma onların yerini bilməyi bizə
nihan eləyib, kələfin ucunu gizlədibdi. Yəni bizə
bura qədər bilməyə icazə verilib, daha artıq bilməyə
ixtiyarımız yoxdur. Həyatın,
yaşamağın, ölümün fəlsəfəsi də
elə budur.
- Qəşəm müəllim, siz
Yazıçılar Birliyində Uşaq ədəbiyyatı
şöbəsinə rəhbərlik edirsiniz. Bu günün
uşaq ədəbiyyatında uşaq özünü necə
hiss edir?
-
Bilirsiniz, babanın öz nəvəsinə yazdığı
şeir uşaq şeiri deyil. Çox adamlar elə
bilir ki, uşaqlara yazılanlar elə uşaq şeirləridir.
Guya ki, aysellərin, günayların adına
şeir yazmaqla uşaq ədəbiyyatı yaranır. Əslində belə deyil. Bunlar
uşaqlar haqqında şeirlərdir. Uşaq
şeirinin içi olmalıdır. Orada
uşağın xarakteri olmalıdır. Çox
vaxt biz uşaqları görə bilmirik. Fiziki mənada
görürük; üç yaşı tamam oldu, yaxud yeddi
yaşı var, məktəbə gedir və s. Bu,
uşağın fiziki göstəricisidir. Uşağın
aləmi tamam başqadır. Uşağı görmək
üçün gərək uşağın özü ola. Yəni əyani material.
Amma biz bəzən uşağı uşaq
olmağa qoymuruq. Vaxtından əvvəl
"böyüdürük". Uşağı
böyüklər kimi danışdırmağa
çalışırıq. Uşaq
çaşmalıdır, ayağı ilişməlidir,
"2" almalıdır. Yeməyini
dağıtmalıdır. Süd içəndə
ağzının böyür-başı
bulaşmalıdır. Uşaqdır axı... Belədə biz uşaq ədəbiyyatı yarada bilərik.
Fikir versəniz görərsiniz ki, Azərbaycanda
bütün uşaq obrazları hamısı bir-birinə
oxşayır. Mən əsasən ümumi
nöqsanları dedim. Amma bu gün bizim çox
gözəl uşaq ədəbiyyatımız yaranır, sadəcə,
onun yayımında, təbliğ olunmasında müəyyən
problemlər var.
- İllərdir kəndin xatirələrini
şəhərə daşıyırsınız, amma bitib
tükənmir...
- Hə,
İmişli rayonunun Əliqulular kəndində doğulub
boya-başa çatmışam. İçimdə
bütöv bir kənd var - Azərbaycan kəndi. İydə çiçəyi, at kişnərtisi,
it hürüşməsi, haylı-küylü bir kənd.
Əliqulular da tipik bir Azərbaycan kəndidir,
iti hürür, atı kişnəyir. Uşaqlıqda
çox nadinc olmuşam. Məktəbin
şüşəsini sındırardım ki, görüm
şüşə sınanda necə səs gəlir. Onun çilik-çilik ovularaq hay-küylə yerə
tökülməsi mənə zövq verərdi. Kəndin poçt qutusunu kağız-kuğuzla
doldurardım, elə bilirdim bunlar doğrudan da hansısa
ünvana çatacaq. Oturub cavab gözləyərdim.
Bir dəfə kəndimizə bir fotoqraf gəlmişdi.
Hamı şəkil çəkdirirdi. Mən də yaxınlaşıb şəklimi
çəkməsini xahiş etdim. O, aparatı
üzümə tutdu və ağzı ilə
"çık" elədi. Həmin an
şəklimi istədim. O da cibindən bir dovşan şəkli
çıxarıb verdi. Görünür,
uşaq qəlbimi sındırmaq istəməmişdi. Elə bilirdim ki, bu, doğrudan da mənim şəklimdir,
uzun müddət həmin dovşan şəklini hamıya
göstərib deyirdim ki, baxın, bu mənim şəklimdir.
Elə bilirdim biz adam olanda belə oluruq,
amma şəkilimiz çıxanda dovşan kimi
çıxır. Hər gecə kəndimizi
yuxularımda görürəm.
- Həmişə yorğun
görünürsünüz, elə bil indicə hardansa gəlmisiniz
və harasa gedəcəksiniz.
- Bu
gün həyatın ritmi belədir. "Dünya
duracaq yer deyil, ey can səfər eylə" misrasında
deyildiyi kimi. Mənim şeirimin həmişə bir
mövzusu olub: həyat, ölüm, sevgi, dünya. Biz hardansa qopub gəlmişik Yer kürəsinə.
Füzuli də ona görə deyir ki, Qeys - Məcnun
anadan olanda ağladı. Yəni biz qopub gəldiyimiz
yerdən ötrü ağlayırıq. Hətta
belə söz var, deyirlər, dünyasını dəyişən
adamdan soruşsan ki, istəyirsənmi səni geri qaytaraq, o
qayıtmaq istəməz. Çünki
insan qopub gəldiyi yerə qayıdır. Mən
həmişə həyatı dərk etməyə
çalışmışam. Fikirləşmişəm
ki, biz pişiyə pişik deyirik, görəsən pişik
bizə nə deyir? Yəni pişik bizə
nə ad qoyub? Yaxud quşlar bizə
hansı adı verib. Yaxud deyək ki,
istifadə etdiyimiz əşyalar, məsələn, saat.
Bizim üçün saat 1-di, bəs pişik
üçün saat neçədi? Həyatdan
kənarda ədəbiyyat yoxdu. Mən qələmimi
həyata batırıb şeir yazmışam. Şairin mürəkkəbi həyat olmalıdı.
Mən, ümumiyyətlə, əşyalara
toxunmaq istəyirəm. Üst-başıma fikir verən
adam deyiləm. Məsələn,
özümü divara vurub onu hiss etmək istəyirəm.
Məsələn, mənə elə gəlir
ki, havada kiminsə əli var. Mənə elə gəlir ki,
skamya başını havaya söykəyib. Ona görə özümü havaya, daşa, qayaya
çırpmaq, çırpılmaq istəmişəm.
Bir çiçəkdə, daşda
yatmış mənanı oyatmaq istəmişəm. Bizim kənddə bir qovaq ağacı vardı, anam o
vaxt xəstələndi ki, o qovaq ağacını biz kəsdik.
Çünki ətrafımızdakı əşyalar,
ağaclar, deyək ki, böyük bir dağ orqanizmdəki
maddələr mübadiləsini tənzimləyir. O
qayanın mənə təsiri var, o çinarın mənə
təsiri var. Məsələn, Xəzər dənizi olmasa
orqanizmimizdə çox böyük dəyişikliklər
baş verər. Xəzər dənizi bizə
çox böyük təsir göstərir. Təkcə havasına görə yox. Sadəcə, öz varlığıyla.
Söhbətləşdi:
Nuranə Nur
Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.25.