Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Mirzə Cəlilin
"Ölülər" pyesi və "Pirverdinin xoruzu"
hekayəsi əsasında çəkilmiş filmləri təqdim
edirik.
"Ölülər"
pyesinin süjeti: Kiçik bir şəhərdə, bir
müddət əvvəl Məşhədə ziyarətə
gedən və orada rəhmətə gedən Kərbəlayı
Fətullanın dirilməsi xəbəri yayılır. Şəhər əhli onu dirildən Şeyx Nəsrullahı
təmtəraqla qarşılayır. Şeyx
Nəsrullah ölənlərin hamısını dirildəcəyinə
söz verir. Amma adamlar qohumlarından kimi
dirildib, kimi diriltməmək mövzusunda seçim edəndə,
qarışıqlıq düşür.
Şeyx Nəsrullah onların cahilliyindən öz məqsədləri
üçün istifadə edir. Ona inanmayan yeganə adam,
Avropada təhsil almış İsgəndərdir...
Ədəbiyyatşünaslıqda "Ölülər"
tragikomediya kimi təqdim olunsa da, janr etibarilə qara komediyaya
daha yaxındır. Çünki qara komediya (və ya qara yumor) cəmiyyətdə,
ictimai fikirdə qəbul olunmuş əxlaq normalarını hədəfə
alır, tabu mövzulara - ölümə, xəstəliyə
və ya müqəddəs, toxunulmaz hesab olunan dini dəyərlərə,
inanclara skeptik, sinikcə yanaşır.
1909-cu ildə yazılmış "Ölülər"
pyesi də dövrün əxlaqi qaydalarına, dini inanc və
dəyərlərinə qara komediyanın şərtləri
çərçivəsində cəsarətli
yanaşmadır.
Milli kinematoqrafiyada "Uzaq
sahillərdə",
"Arşın mal alan", "Yeddi oğul istərəm",
"Dədə-Qorqud" kimi
kult filmlər yaradan Tofiq Tağızadənin pyes əsasında
1991-ci ildə lentə aldığı "O dünyadan
salam" film də qara komediyanın qaydalarına uyğundur.
Filmdə bir passajı diqqətə
çatdırım. Nazlı ilə evlənmək istəyən Mir
Bağır ağaya İsgəndərin: "Nə xoşbəxt
insansan. Mənə yan-yörəsini göstərir.
Mərmər kimi sinəsini sənə" replikasında,
bacısının vücuduna seksual eyhamı günümüzdə də
etik çərçivələrdən çıxaraq
abırsızlıq kimi səslənir.
Ancaq təbii ki, rejissorun yozumunda belə bir sərt
seksual kontekst təkcə həmin dönəmin əxlaqına
yox, çağdaş dövrdə də ehkamçı
düşüncəyə qarşı istehzaydı. Çünki müəllif əsəri
daha çox günümüzə
uyğunlaşdırmağa çalışmışdı.
Yeri düşmüşkən, əxlaq
anlayışı ilə mənəvi dəyərlərin fərqli
olması ilə bağlı qısa qeyd edim. Çünki
ictimai düşüncədə, bədii publisistik mətnlərdə,
əksər hallarda əxlaq, yanlış olaraq mənəvi
kateqoriya kimi qəbul olunur. Əslində
isə əxlaq çoxluğun vərdiş etdiyi davranış
modellərinin, prinisplərinin toplusudur. Yəni
toplumun nəyəsə alışması (örnəyi, əvvəllər
13 yaşlı qızların ərə verilməsi toplumun vərdiş
etdiyi adət idi. Qızın təhsil
alması isə əxlaqa zidd sayılırdı) əxlaqın
mahiyyətini təyin edir. Mənəviyyat
isə fərdi kateqoriya olduğundan, çox hallarda əksəriyyətin
düşüncəsinə qarşı çıxmaq cəsarətini
tələb edir. Bu mənada "Ölülər"
pyesində də, "O dünyadan salam"
filmində də müəlliflər əksərin əxlaqına
qarşı, qəhrəmanın simasında mənəvi dəyərlərini
qoyurlar.
Filmin ilk
epziodları əhvalatın psixoloji-sosial mühitini simvolizə edən xaotik məişət
təsvirləri ilə başlayır. Və Xəyyam
Mirzəzadənin apokaliptik musiqisi əhvalatın xaotik
qatını gücləndirir.
Ümumilikdə isə rejissor filmin müəyyən bir
hissəsini pyesdən olduğu kimi köçürüb. İlk epizodların
çoxu sadəcə bədii mətnin imitasiyasıdır və
rejissor İsgəndərin
monoloqlarını öyüd-nəsihət ritorikasında
işləyərək ədəbiyyatdan xilas etməyib, nəticədə
həmin hissələr kinodili ilə uyğunlaşmayıb.
Amma əvəzində qəbirstanlıq epizodlarının
təsvir həlli maraqlı alınıb. Şeyx Nəsrullahı
qəbirstanlıqda gözləyən adamların məzar
daşları arasında rəqsi və rəqsin folklor musiqisi
çalarları ilə müşayiəti bayram
tamaşalarını xatırladır.
Yaxud
Şeyx Nəsrullah kişiləri soyunduraraq, kəfənə
bənzər ağ libasda qalmağa vadar edəndə,
onlar ölülərlə eyniləşir.
Məlik
Daddaşov, Şeyx Nəsrulların kütlə
psxiologiyasının incəliklərini, zəifliklərini dəqiq
bilən, onlardan öz mənafeyi üçün ustaca yararlanan,
artistik, avantürist obrazını yaradır. Aşağıdan
yuxarıya doğru çəkilmiş planlar onun əzəmətli
manipulyator obrazını dəqiq canlandırır.
İsgəndər intellektual, bilgili, haqlı olmasına
rəğmən iradəcə zəifdir, o, bilgilərini kobud
gerçəklikdə funksionallaşdıra bilmir. Və bu səbəbdən
də təsəllini içkidə tapır. Və rolun
ifaçısı Yılmaz Duru İsgəndər
obrazının dərinliyini, konfliktini, yaşadığı
dövrlə identifikasiya problemlərini dərk edə bilməyib.
Əsərdə əsas konfliktlərdən biri İsgəndərlə
Şeyx Nəsrullahın arasındadır. Amma bu konflikt,
duel yalnız obrazların fərqli düşüncələri
arasında yox, həm də iki aktyor oyunu arasında baş
verir. Yılmaz Durunun pafoslu oyunu,
pauzaları, faciədən ironiyaya (və ya əksinə) məhz
formal, texniki keçidləri Məlik Dadaşovun təmkinli
oyununa, obrazı, vəziyyəti dərindən duyumuna uduzur. Həm də ona görə ki, Məlik
Dadaşov Şeyx Nəsrullahın klassik ifaçısı
sayılırdı,
dəfələrlə Milli Dram Tetarın səhnəsində
bu rolu ifa etmişdi. Filmdə də onun ifaçılıq məharəti,
aktyor dominantlığı önə çıxır.
Filmin ikinci yarsından, artıq rejissorun traktovkası
başlayır. Məzarlığa gələn İsgəndər
Şeyx Nəsrullahdan Mirzə Cəlili diriltməyi xahiş
edəndə, hamı onun xalqa pisliyini əsas gətirərək
dirilməsinə etiraz edir.
Sonrakı hadisələr İsgəndərin yuxusunda
baş verir.
O, ölülərlə dialoqa girir və hadisələrin
gedişatında horror elementlərindən istifadə olunur:
göy guruldayır, qəbirlər dağılır və
ölülər qəbirlərdən çıxır. Evlərinə
buraxılmayan dirilmiş ölülər mitinq edərək öz haqlarını
tələb edir. Dirilən Mirzə
Cəlil onları
əsl insan kimi yaşamaq uğrunda mübarizəyə
səsləyir. Mirzə Cəlilin
çıxışından sonra kütlə "Dirilərə
ölüm", "Azadlıq" şüarları ilə
mənzili bəlli olmayan yola axışır.
Yolayrıcına çatanda "Cırtdanın
nağılı"ndakı klassik sual "sağ tərəfə,
ya sol tərəfə gedək" kimi səslənir və
hansı tərəfə gedəcəyini bilməyən
kütlə ortaq dil tapa bilmir.
Rejissor filmin ikinci hissəsini müasirləşdirir, bu
epizodu, 1990-cı illərin reallığına prokesiya edərək,
hadisələri tamamən ictimai-siyasi məzmunda işləyir. Ölülərin yenidən
dirçəlişi və mübarizəsi, uzun müddət
qapalı sovet
rejimində yaşamış xalqın öz
kimliyini dərk etmək cəhdinin vizual ifadəsidir. Hərçənd, epizod plakat-şüar tərzində
alınıb.
Ölülərin
və Mirzə Cəlilin dirilmə səhnəsini İsgəndərin
yuxusunda verilməsi
isə klişe fənddir. Halbuki,
yuxuyla reallığın sərhədlərinin itirilməsi,
qara komediyada istifadə olunan absurd teatr elementlərinə xitab
edirdi.
Finalda İsgəndər allaha dua edir,
çıxış yolunu ondan imdad diləməkdə
görür.
Sonda isə kadrın dərin
qaranlığında gözdən itir və film pessimist,
ümdisiz notlarda bitir. İsgəndərin dinə
qayıdışı, ümidsiz final, filmin çəkildiyi
dövrün ruhundan doğur: dinə olan qadağalar
götürülürdü, ölkənin gələcəyi
ilə bağlı suallar çoxuydu.
Film 1993-cü ildə Aşqabadda Beynəlxalq
"Gümüş Aypara" kinofestivalında mükafata
layiq görülüb.
"Pirverdinin
xoruzu" hekayəsini isə 1987-ci ildə Ramiz Əzizbəyli
ekranlaşdırıb.
Hekayənin
süjeti: Əhvalat ucqar kəndlərdən birində baş
verir. Həlimə əri Qasımı qonşu
kəndə bacısı Zibeydənin arxasınca yollayır
ki, çörək bişirməkdə ona yardım eləsin. Oğlu Pirverdi
atasından xalasının onun üçün xoruz gətirməsini
xahiş eləyir. Qasım yolda Molla Cəfərlə
rastlaşır. Molla Cəfər onu evinə
çağırır, yemək süfrəsi açır və
Qasımı arvadına itaət elədiyinə görə
danlayır. O, Qasıma məsləhət görür
ki, ikinci arvad alsın. Və tez-tələsik
siğə oxuyaraq qohumu Pərinisəni ona arvad edir.
Qasım təzə arvadla kəndə qayıdır. Pərinisə
ər evində soyuq qarşılanır. Və iki arvad
arasında mərəkə qopur...
Filmdə isə əhvalat xeyli dəyişdirilib. Qasım
(İdris Rüstəmov) dulusçudur. O, cürbəcür,
zərif, estetik qablar düzəldir. Qasım
peşəsinə o qədər vurğundur ki, real
dünyanı çox vaxt hiss edə bilmir, öz kiçik
emalatxanasında sənəti ilə bağlı xəyallar aləmində
yaşayır. Arvadı Həlimə (Fatma Mahmudova)
xaraktercə zirəkdir, ev
qayğıları ilə məşğuldur. O ərinin sənətinə
ciddi yanaşmır, onu tənbəllikdə, kəndin
başqa kişiləri kimi iş-güc sahibi olmamaqda
günahlandırır. Hətta qəzəbini
emalatxanadakı qabları sındırmaqla çıxarır.
Və iki
arvad dalaşanda, dava əsnasında Qasımın
emalatxanasındakı bütün qablar sınır...
Hekayənin fərqli interpretasiyasında ssenarist Eldəniz
Quliyevin rolu danılmazdır. O, sadə məişət hekayəsinin
səhədlərini genişləndirir, ər-arvad konfliktini sənət-cəmiyyət
konfiktinə salır. Beləcə, hekayəni
aktuallaşdırır, modernləşdirir və dünyəviləşdirir.
Qasımın simasında sənətkarın,
adi gün güzəran qayğılarının prioritet
olduğu toplumda yaşamasının çətinliyi məsələsini
qaldırır. Və problemi komik
situasiyalardan keçirərək dramatikləşdirir.
Filmin giriş səhnəsi milli kinomuzda ən
yaxşı epizodlardan sayıla bilər. Əhvalat
kardarxası mətnlə başlayır və bütün
film boyu o davam eləyir. Əsərin məziyyətlərdən
biri odur ki, kadrarxası səs sadəcə statik mövqedə,
kənar göz kimi qalmır. Əksinə
koloritli səs əhvalatın strukturuna da, intonasiyasına da
uyumludur. O, kinoməkana müdaxilə edərək
personajları, onların düşdüyü vəziyyəti
şərh eləyir. Fəal iştirakıyla,
şərhləriylə tamaşaçıyla kinoəhavalat
arasındakı sərhədləri götürür,
dördüncü divarı yarır. Brextin
epik nəzəriyyəsində olduğu kimi əhvalatın
dramatik yerində personaj kadrda donur, səs personajın hərəkətinə
şərh verir, üstəlik, səs müəllifin -
rejissorundur.
Maraqlı epizodlarından biri Pərinisəylə Həlimənin
üz-üzə gəlməsidir. Onların mizanı,
baxışı, duruşu döyüşöncəsi cəngavərlərin
vəziyyəti kimi təsvir olunur. Birdən
döyüş qroteskləşir, cəngavərsayağı
qarşıdurma iki arvadın saçyoldusu formasını
alır.
Film sənət aləmində yaşayan Qasımın məişət
dedi-qoduları olan ortamda gücsüzlüyünün, əlacısızılğının
faciəsini göstərir. Amma yenə də onun
xəyalları, sənətə sevgisi, inamı reallıqdan
daha güclüdür.
Rejissor da ssenaridəki ideyanı kinodilinə çevirə
bilir. "Pirverdinin xoruzu" Ramiz Əzizbəylinin
rejissor kimi ilk işidir.
Kinolentinin
iki zəif cəhəti var: uğursuz səsləndirmə və
musiqi həlli. Musiqi əhvalatın təbiətinə,
səs fakturaları da xarakterlərlə uyuşmur.
Filmdə uğurlu aktyor seçimi var. Qasım rolunun
ifaçısı, İdris Rüstəmovun
oynadığı "Sonuncu" filmi 2014-cü ildə Kann
festivalında nümayiş olunub. Bu roluna görə 2016-cı ildə Livan Beynəlxalq
Qısametrajlı Filmlər Festivalının "Ən
yaxşı aktyor" mükafatına layiq görülüb.
"Debüt"
studiyasında istehsal olunan film 1988-ci ildə Kiyevdə "Gənclik-88"
Ümumittifaq kinofestivalında diploma layiq görülüb.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 1
dekabr.- S.22-23.