Bizi dünyaya özümüz
tanıtmalıyıq
Azərbaycanın müstəqil dövlət, azərbaycanlıların
müstəqil dövlətin vətəndaşları
olmasının üzərimizə qoyduğu mühüm vəzifələrdən
biri özümüzə dünyanın gözü ilə
baxa bilmək, öz dəyərlərimizi dünyanın dəyərləri
içində görə, göstərə və qiymətləndirə
bilmək məsuliyyətidir. Bu məsuliyyəti doğrultmaq üçün
bizim özümüz qabağa düşməsək, təşəbbüskar
olmasaq, heç kimdən yüksək, yüksək olmasa da obyektiv
qiymət ummağa mənəvi haqqımız çatmaz.
Biz özümüzü tanıda bilməsək,
dünya bizi öz istədiyi kimi tanımağa və
tanıtmağa davam edəcək.
Bəs dünya bizi necə tanıyır? Bu sual nə qədər
mücərrəd səslənsə belə, ona sadə və
konkret cavab tapmaq da mümkündür: məsələn,
yoxlaya bilərik ki, dünyanın ən populyar
ensiklopediyalarında bizim dəyərlərimiz necə təqdim
olunur. Mən, adətən, "Britannika"
ensiklopediyasını seçirəm. Dünyada ictimai rəyi
formalaşdıran, yönəldən və idarə edən ən
nüfuzlu mənbələrdən biri bu ensiklopediyadır. Hazırda mərkəzi ofisi Amerikada yerləşən
"Britannika" ensiklopediyasının ilk
buraxılışı 1768-ci ildə Şotlandiyanın
Edenburq şəhərində nəşr edilib, XX əsrin əvvəllərindən
isə ensiklopediya ABŞ-da nəşr olunur. 2010-cu ildən
sonra "Britannika"nın çap nəşri
dayandırılıb və onun məqalələri ilə
yalnız elektron formatda tanış olmaq mümkündür.
İndi,
belə demək mümkündürsə, hər kəsin əlinin
altında olan "Britannika" ensiklopediyasında Azərbaycan
haqqında da kifayət qədər məlumatlara rast gəlmək
mümkündür və təbii məsələdir ki,
ölkəmizlə bağlı ilkin məlumat almaq istəyən
hər hansı əcnəbi, ilk növbədə, bu mənbəyə
(və ya bunun kimi mənbələrə) müraciət edir.
Bizim üçün məsələnin maraq doğuran
tərəfi isə bu ensiklopediyada Azərbaycanın tarixi, mədəniyyəti
və ədəbiyyatı haqqında yazılanların
obyektivliyi, həqiqəti nə dərəcədə əks
etdirməsidir.
Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvini
(eləcə də digər böyük şəxsiyyətlərimizi)
"Britannika"nın necə təqdim etməsinə
laqeyd, yaxud bundan bixəbər qalmağa mənəvi
haqqımız çatmır.
Lüğətdən
oxuyuruq: "Nezami, in full Elyas Yusof Nezami Ganjavi, Nezami also spelled
Nizami, (born c. 1141, Ganja, Seljuq empire [now Ganca, Azerbaijan] - died
1209, Ganja), greatest romantic epic poet in Persian literature, who brought a
colloquial and realistic style to the Persian epic".
"Nezami,
tam adı Elyas Yusif Nezami Gəncəvi, Nezami, həmçinin
Nizami kimi də yazılır, (1141-ci ildə Gəncədə,
Səlcuq imperiyasında [hazırda Gəncə, Azərbaycan]
anadan olub - 1209-cu ildə Gəncədə vəfat edib), fars ədəbiyyatında
ən böyük romantik epik şairdir, fars epik ədəbiyyatına
danışıq dili və realist üslub gətirmişdir".
Bu, sadəcə bir faktdır və söhbətə
buradan başlamağımız təsadüfi deyil. Bir həqiqəti mütləq
nəzərə almalıyıq ki, bu tendensiya - Azərbaycan mədəniyyətinin
digər xalqların mədəniyyəti ilə
"qarışıq", yaxud "dəyişik"
salınması mövzunu dərindən bilib-bilməməyin,
elmli və ya elmsiz olmağın təzahürü deyil. Əslində, "Britannika"
ensiklopediyasının materiallarını hər sahə
üzrə ixtisaslaşmış və öz işini
yaxşı bilən mütəxəssislər
hazırlayırlar. "Öz işini yaxşı bilən"
müəlliflər isə kimin kim, nəyin
nə, haranın hara olduğunu çox yaxşı bilirlər...
İndi
real vəziyyət belədir ki, biz nə qədər həssaslıqla
yanaşsaq, etiraz eləsək də, dünyanın etibar
etdiyi nüfuzlu elmi və ensiklopedik nəşrlərin, demək
olar ki, hamısında Nizami Gəncəvi İran və ya fars şairi kimi təqdim edilir. Vaxtilə
bizimlə eyni mövqedən çıxış edən
sovet məkanında da indi vəziyyət xeyli dəyişib.
Bunun arxasında Azərbaycana münasibətlə
yanaşı, həm də uzun zamanlar ərzində
formalaşmış elmi yanaşma stereotipi dayanır. Məsələn,
bütün səviyyələrdə (etnik, siyasi, iqtisadi, mədəni
və s.) bizə çox yaxın və doğma olan Türkiyə
filologiyasında nəinki Nizamini, eləcə də türk
dövlətlərinin - Səlcuqlar və Osmanlı
imperiyalarının ərazilərində
yaşayıb-yaratmış, həmin dövlətlərin
yaratdığı mədəniyyətə mənsub olan
farsdilli mütəfəkkirləri "fars şairi", yaxud
qeyri-müəyyən ad altında "İslam klassiki"
kimi təqdim etmək ənənəsi davam etməkdədir.
Bu məsələləri vurğulamaqda başlıca məqsəd
hər hansı elmi və ya publisistik nəşri tənqid etmək,
etibardan salmaq deyil. Ona da tam əminəm ki, bu məqalədən
sonra populyar ensiklopediyaların, nüfuzlu tədqiqatçıların,
filoloji dairələrin, eləcə də bizə doğma
olan türk filoloqlarının və tarixçilərinin
mövqeyində heç bir dəyişiklik baş verməyəcək.
Ancaq bu bizə haqq vermir ki, əlimizi əlimizin
üstünə qoyub "taleyin hökmünü"
gözləyək, barəmizdə nə qərar verilsə,
onu da qəbul edək.
Zaman bizdən öz mövqeyimizi qəbul etdirmək
üçün inadla və yorulmadan işləməyi,
dünya ilə əməkdaşlıq etməyi, dünya ilə
yanaşı durmağı bacarmağı tələb edir...
Bu
baxımdan,
akademik Nərgiz Paşayevanın Böyük
Britaniyanın Oksford Universiteti ilə qurduğu əməkdaşlıq,
beynəlxalq səviyyədə gördüyü işlər
müstəsna əhəmiyyətə malikdir. Oktyabr
ayında Nərgiz xanımın Oksford Universitetinin Kansleri Lord
Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin
daimi üzvlüyünə təntənəli surətdə
qəbul edilməsi də böyük perspektiv vəd edən
hadisə kimi qiymətləndirilməlidir. Bu da əlamətdardır
ki, Oksford Universiteti rəhbərliyinin və Elmi
Şurasının qərarı ilə Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin
Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi
dünya şöhrətli alimlər, ictimai xadimlər və
nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid
Klarendon binasının Arkasında Xatirə Lövhəsinə
həkk olunub. Belə bir nüfuzlu qurumun təşkili Azərbaycan
tarixinin və mədəniyyətinin dünyanın ən
qabaqcıl alimləri
tərəfindən araşdırılması və
aparılan araşdırmaların dünya elmi ictimaiyyəti tərəfindən
qəbul edilməsi baxımından misilsiz dəyər
daşıyır.
Britaniya Fondu Azərbaycan və ümumilikdə Qafqaz
regionu ilə bağlı mövcud təhsil və mədəniyyət
layihələrini bir araya gətirmək məqsədilə
Böyük Britaniyada yaradılmış ilk qurumdur. Fondun təqdimatında
qeyd edilmişdir ki, Azərbaycan 1990-cı ildə müstəqillik
əldə edəndən sonra Böyük Britaniya ilə Azərbaycan
arasındakı əsas əməkdaşlıq enerji və
ticarət sektorunda olmuşdur. Əməkdaşlığın
miqyasları, iqtisadi və işgüzar əhəmiyyəti
Azərbaycanın rəngarəng və zəngin mədəniyyətinin,
qədim tarixinin Böyük Britaniya ictimaiyyətinə
tanıdılması zərurətini də gündəliyə
gətirmişdir.
Bu zərurətdən
irəli gələrək, ilk mərhələdə akademik Nərgiz
Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində
Nizami Gəncəvi proqramının fəaliyyətə
başlaması, Qafqaz və Şərq tarixini dərindən
bilən mütəxəssislərin həmin təşəbbüsə
qoşulması ölkəmizin mədəni dəyərlərinə
maraq oyatmaq baxımından etibarlı və uğurlu təməl
oldu. Bu təməl üzərində əvvəlcə
Oksford Universitetində daimi fəaliyyət göstərən
Nizami Mərkəzi yaradıldı. Mərkəzə
Böyük Britaniyanın (və dünyanın) ciddi alimləri
cəlb edildi. Həmin siyahıya Oksford Universitetinin
şərqşünaslıq fakültəsinin professoru, Nizami
Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri
Edmund Hersiq; qədim islam tarixi üzrə tanınmış
mütəxəssis, Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun Qəyyumlar
Şurasının üzvü,
professor Robert Hoyland; Oksford Universiteti Bodleyn
Kitabxanasının direktoru
Riçard Ovenden; Şərqşünaslıq İnstitutunun
rəhbəri, professor Mark Smit; Azərbaycan və Qafqazı
Öyrənən Britaniya
Fondunun Qəyyumlar Şurasının üzvü, Lord
Malcolm Bryus; Vadham Kollecinin idarə heyətinin sədri, Lord Ken
Makdonald; Oksford Universitetinin
İnkişaf departamentinin direktoru, professor Entoni Qrin;
şərqşünas alim, professor Culiya Bray; Bodleyn
Kitabxanasının Şərq bölməsinin rəhbəri,
doktor Gilliyan Evison; Humanitar Elmlər
departamentinin rəhbəri Karen Obreyn kimi adlar daxildir.
Qəyyumlar
Şurasına akademik Nərgiz Paşayevanın rəhbərlik
etdiyi Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondunun dəstəyi ilə Oksford Universitetində
açılmış Nizami Mərkəzi Azərbaycanın,
Qafqazın və Orta Asiyanın tarixi, dilləri və mədəniyyətlərinin
öyrənilməsi məqsədi daşıyır. Oksford
Universitetində təşkil edilmiş xüsusi mərasimdə
qeyd edildiyi kimi, Britaniya Fondu Orta Şərq və İslam
Kolleksiyaları üzrə kitabxanaçı vəzifəsi və
Oksford Universitetinin Türk dilləri bölməsində Azərbaycan
dili ilə tanış olmaq və dili öyrənmək istəyən
tələbələr üçün təlimatçı
vəzifəsinin yaradılmasına dəstək verib. Minnətdarlıqla bildirilib ki, Britaniya Fondunun dəstəyi
Bodleyn Kitabxanasında tələbə və tədqiqatçılar
üçün qiraət otağının
açılmasına şərait yaradacaq, kitabxananın
fondlarını regionun nadir və əhəmiyyətli
materialları ilə artırmağa imkan verəcək.
Burada bir
məsələni xüsusi vurğulamağa dəyər: Azərbaycan
dilinin Oksford Universitetində tədrisi istiqamətində
atılmış addım, dilimizi öyrənmək istəyənlər
üçün müəllim vəzifəsinin
açılması, sözün geniş mənasında,
milli varlığımızın beynəlxalq miqyasda öyrənilməsinin, tədqiq edilməsinin
gələcəyi üçün faydalı təməl təşkil
edir. Heç şübhəsiz ki, bu, gələcəkdə
azərbaycanşünaslıq sahəsində beynəlxalq səviyyəli
mütəxəssislərin yetişməsi üçün
başlanğıc olacaq və Oksford Universiteti ilə əməkdaşlığa
da başlanğıc perspektivindən yanaşanda
qarşıdakı üfüqlər daha geniş və dərin
görünür.
Oksford Universitetində Nizami Mərkəzinin
yaradılımasının milli və dövlət
maraqlarımız səviyyəsində necə böyük
aktuallıq kəsb etdiyini bir fakt daha əyani sübut edir. Bu universitetin
şərqşünaslıq fakültəsində erməni
tarixinin, mədəniyyətinin və dilinin tədrisi məqsədilə
yaradılmış mərkəz 1965-ci ildən bu günə
kimi fəaliyyətini davam etdirir. Həmin mərkəzin
təsiri ilə
Oksford Universiteti kimi dünyanın aparıcı təhsil
müəssisəsində Qafqaz Albaniyasının tarixi uzun
müddət məhz erməni tarixi kontekstində tədqiq və
tədris edilirdi. Nizami Mərkəzinin yaradılması nəticəsində
yaranan faydalı əməkdaşlıq sayəsində bu məsələyə
münasibət dəyişib...
Təbii ki, yeni əlaqələrin yaranması, əməkdaşlığın üfüqlərinin genişlənməsi Azərbaycan elminin də qarşısında böyük vəzifələr qoyur. Bu vəzifələrin ən mühümü və perspektivlisi Azərbaycan elmini bəzən məhəlli və əyalətçilik səciyyəsi daşıyan stereotiplərdən azad edib, ölkəmizə və tariximizə yeni, obyektiv münasibət formalaşdırmaqdır. Biz öz stereotiplərimizdən əl çəkmədikcə, dünyanın da bizə bəslədiyi münasibətin asanlıqla dəyişəcəyinə ümid bəsləmək əsassızdır.
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 1
dekabr.- S.3.