Maarifçiliyin klassiki

 

Henri Fildinq haqqında bir neçə söz

 

Mən Fildinqin "Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu" fars-komediyasını tərcümə etmək istəyəndə, maraqlandım və məlum oldu ki, onun, yəni Henri Fildinqin heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməyib, halbuki bu yazıçı nəinki XVIII əsr ingilis ədəbiyyatının, ümumiyyətlə, XVIII əsr Avropa ədəbiyyatının (maarifçiliyinin) böyük nümayəndələrindən biridir.

Məlumdur ki, XVII əsrin sonlarından etibarən feodalizm Avropanın inkişafında bir mərhələ kimi öz missiyasını bitirməyə başladı və maarifçilik sürətlə inkişaf etdi, yayıldı. Fransada Didro, Volter, Russo, Bomarşe, Monteskye, Lesaj, Abbat Prevo, İngiltərədə Svift, Defo, Smollett, Stern, Almaniyada Lessinq, Şiller, gənc Höte, İtaliyada Qaldoni, Qotsi kimi yazıçılar Avropa ədəbiyyatına daha artıq bir mövzu zənginliyi və janr müxtəlifliyi gətirərək, maarifçi ədəbiyyatın bədii-estetik və ictimai-fəlsəfi baxımdan güclü özülünü yaratdılar. Bu dövrdə "Robinzon Kruzo", "Qulliver", "Fars məktubları", "Manon Lesko"  və digər bəşəri səviyyəli və əhəmiyyətli əsərlər yarandı və bu əsərlərdən biriFildinqin mənəvi-fəlsəfi dərinliyi ilə seçilən, maarifçilik ənənələrini təcəssüm və inkişaf etdirən "Tom Cons" (tam adı: "Çağa ikən atılmış Tom Consun tarixçəsi") romanı idi.

"Tom Cons" Avropa realist roman janrının təməlini qoymuş əsərlərdən biri  idi və yadıma gəlir, 1960-cı illərin ikinci yarısında, aspirant olduğum vaxtlar  Şuşanın açıq yay kinoteatrında İlyas Əfəndiyevlə birlikdə ingilislərin çəkdiyi "Tom Cons" filminə baxmışdıq. Film İlyas Əfəndiyevin xoşuna gəlməmişdi, çünki Tomun səmimiyyəti, rəhmdilliyi, onun daxili aləmini səciyyələndirən mərhəmət hissi filmdə üzdən, birbaşa (müstəqim) verilmişdi, rejissor - adı yadımdan çıxıb - romandakı bədii-psixoloji dərinliyə vara bilməmişdi, halbuki elə həmin dərinliyə görə  bu əsər "Robinzon Kruzo" kimi başqa əsərlərlə birlikdə, yuxarıda dediyim kimi, realist roman janrının əsasını qoymuşdu.

Olduqca məhsuldar bir qələm sahibi olan - yalnız elə 1728 və 1743-cü illər arasında - 15 ildə - 26 pyes (!) yazmış Henri  Fildinqin yaradıcılığı çoxcəhətli və çoxsahəlidir: romanlar, komediyalar, traktatlar, pamfletlər, parodiyalar, jurnalistikabura onu da əlavə etsək ki, o, nüfuzlu bir hüquqşünas, vəkil, hakim və nəhayət, Londonun Baş hakimi idi, məhkəmə sistemində "böyük humanist" kimi məşhurlaşmışdı, İngiltərədə polis sisteminin yaradılması onun adı ilə bağlıdır, general rütbəsi almışdı - o zaman cəmi 47 il (1707-1754)  yaşamış bu yazıçının yaradıcılığının və həyatının nə dərəcədə zəngin olduğu barədə, güman edirəm ki, təsəvvür yaranır.

Düzdür, Fildinqin komediyalarını Şekspirin, Molyerin, de Veqanın komediyaları ilə müqayisə etmək hissə qapılmaq olar, o, bir dramaturq kimi, bəlkə, öz müasirləri Bomarşe, Şiller, Qaldoni, Qotsi sırasında da deyil, ancaq Fildinq satirası, gülüşü, yaradıcılığında sosial ifşa motivləri, cəmiyyətin naqisliklərinə qarşı mübarizədə Fildinq cəsarəti bu günün özündə də ciddi bədii-emossional təsir gücünə malikdir və təsəvvür edin ki, hələ otuz yaşına çatmamış Fildinqin farslarında puritan maskası taxmış kübar burjua cəmiyyətindəki riyakarlığı, ikiüzlülüyü, dövlətin idarəçiliyindəki qüsurları konkret ünvanlı satirası ilə açıb-göstərdiyinə görə, bu farslar bir müddət qadağan edilmiş, sonra isə hökuməti "Teatr senzurası haqqında qanun" qəbul etməyə məcbur etmişdi.

Fildinq dramaturgiyasının qəhrəmanları gənc qadınlardan tutmuş qoca kişilərəcən, zadəganlardan tutmuş nökərlərəcən, kübar xanımlardan tutmuş fahişələrəcən, yüksək rütbəli hakimlərdən tutmuş əsgərlərəcən müxtəlif sosial sinif nümayəndələri idibu ona imkan verirdi ki, bir-birindən seçilən xarakterlər qalereyası yaratsın.

Bütün bunlara görə də əsrlər bir-birini əvəz edir, Fildinq dramaturgiyası isə aktuallığını itirmir, ancaq bu yazıçının romanlarından, ilk növbədə isə, əlbəttə,  "Tom Cons"dan fərqli olaraq, dramaturgiyası unudulmaqdadır və bu unutqanlığı (o cümlədən komediyalarının, ümumiyyətlə, heç bir əsərinin Azərbaycan dilinə çevrilməməsini) mən, əgər belə demək olarsa, "ədəbi bəxtin" gətirməməsi kimi qəbul edirəm.

Dünya ədəbiyyatı tarixində (ümumiyyətlə, sənət tarixində) bu tipli hadisələr ("ədəbi bəxtsizlik"!) az olmayıb, ancaq orası da var ki, bəzən bu unudulanlar zaman keçdikcə, yenidən kəşf olunur və onların yaradıcılığı ikinci (və şərəfli!) sənət ömrü yaşayır.

Mən tərcümə üçün "Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu" komediyasını ona görə seçdim ki, bu əsəri Fildinq dramaturgiyasının səciyyəvi nümunələrindən biri hesab edirəm və buradakı satira ümumilikdə konkret ünvanlı Fildinq satirası haqqında, yəqin ki, ümumiləşdirilmiş bir bilgi verə bilir.

Baxın, kübar burjua cəmiyyətində əxlaq pozğunluğu baş alıb getdiyi bir vaxtda - 1726-cı ildə Londonda "İnsanın əxlaqi borcu" adlı anonim traktat nəşr olunur və elə əxlaqsız cəmiyyətin özü bu kitabı üzdə yüksək qiymətləndirir. Fildinqin bu komediyadakı qəhrəmanı və əxlaq baxımından gözü kölgəli olan Reykl qəflətən əri evə qayıdan aşnasının yataq otağında gizlənərək, darıxmasın deyə, "İnsanın əxlaqi borcu"nu oxuyur - bu, məncə, həmin pozğun cəmiyyətin riyakar ikiüzlülüyünü bədii-estetik baxımdan yaxşı ifadə edən kiçik bir epizoddur.

Cəmiyyət o dərəcədə pozulub, sevgi ilə xəyanət o qədər bir-birinə qarışıb ki, aşna öz sevgilisindən digər məhəbbət macəralarını nəinki gizlətmir, əksinə, ərli qadın olan sevgilisi ilə gizli görüşə gələrkən o macəralarla qürurlanır. Elə həmin Reykin missis Uizdomla bu dialoquna fikir verin: aşnasının qorxmadan bu gizli görüşə gəldiyi üçün qadının: "Belə görürəm ki, siz qorxaq adam deyilsiz, təhlükələr sizi qorxutmur" - sözlərinə aşnanın cavabı: "- Bu cür təhlükələrə elə öyrəşmişəm ki, heç fikir də vermirəm. Yeniyetməliyimdən sonra mən bu dünyadakı bütün ərlərə müharibə elan etmişəm.

MİSSİS UİZDOM: Daha doğrusu, onların xanımlarına.

REYKL: Nə danışırsız xanım? Mənim təsəvvürümdə qadın bir qaladır, əri isə - bu qalanı zəbt etmiş qəsbkar! Mən çalışıram onu o qaladan çıxarım, ancaq ona görə yox ki, orada qan tökmək, qırğın törətmək, ya da içəri qırmızı xoruz buraxıb, hamını qorxutmaq istəyirəm. O qəsbkarı qaladan çıxarıb, sülhlə, əmin-amanlıqla həmin qalaya daxil oluram. Beləliklə  də, xanım, əgər etiraz etmirsizsə, yataq otağına keçək.

MİSSİS UİZDOM (bərkdən gülərək): Nə üçün? "İnsanın əxlaqi borcu"nu oxumaq üçün? Ha-ha-ha!..".

Bu isə, Fildinqin birbaşa vurduğu siyasi-ictimai şapalaqdır: pyesin başqa bir qəhrəmanı Kommons London fahişələri ilə ünsiyyət yaradanda: "Lordlar belə tanışlıqdan iyrənmir." - deyirbu, o zaman idi ki, ən varlı, adlı-sanlı zümrə nümayəndələri olan lordlar, əslində, ölkəni idarə edirdilər.

Yaxud da, nökər Con həmkarına tövsiyə edir: "Centlmen kimi oğurluq etmək istəyirsənsə, dostları satmağı öyrən!" və hakimiyyətin nümayəndəsi olan məhkəmə məmuru da: "- Satqınlığa görə mükafat da alarsan!" - deyə onu şirnikləndirir.

Hakim nökər Riski məhkəmədə ağasının üzünə durmağayalandan and içməyə təhrik edirRisk də razı olaraq hakimə deyir: "Cənabınız məni bağışlasın, ancaq indi birdən-birə vicdan əzabı çəkməyə başladım. Eşitmişəm ki, siz cürbəcür dələduzları, avaraları tapıb, adamların üzünə durquzursuz, ancaq sonra onların pulunu ödəməyi o qədər də xoşlamırsız. Ona görə də istərdim ki, mənim hesabımı bəri başdan verəsınız, çünki bu də həmin işlərdən biridir".

Və pyesdə yazıçı və cəmiyyət münasibətləri baxımından bu tipli atmacalarla, ikibaşlı sözlərlə, rişxəndlə, parodiyalarla tez-tez rastlaşırsan.

Bir cəhəti də qeyd etmək istəyirəm ki, Fildinqin qəhrəmanları o dövrün etiketinə görə pafosla, təmtəraqla danışırlar və əlbəttə, tərcümə zamanı bu nitqi sadələşdirsən, yəni həmin pafosu, təmtəraqı götürsən, dövrün koloritini xeyli dərəcədə azaltmış olacaqsan.

Ümumiyyətlə, deməliyəm ki, xarici ədəbiyyatı rus dilindən tərcümə etdikdə diqqətli olmaq lazımdır, çünki bu - tərcümənin tərcüməsidir və birinci tərcüməçi (orijinaldan rus dilinə çevirən) harda səhv edibsə, onu hiss etmək, orijinaldakı məqamı öyrənmək lazım olur ki, o səhvi təkrar etməyəsən.

Bu kiçik yazının sonunda oxucuları Henri Fildinqin bəzi məşhur fikirləri (kəlamları) ilə də tanış etmək istəyirəm:

"Böhtan - şapalaqdan daha dəhşətli bir silahdır".

"Qəlbimizi məhv edən öldürücü zəhər - paxıllıqdır, qibtədir, həsəddir".

"Əgər "mənimki", "səninki" anlayışları olmasaydı, indi dünyada ümumbəşəri sülh hökmranlıq edirdi".

"Bütün bədbəxtliklər zamanı ən böyük təsəlli odur ki, heç bir düşmən sənin vicdanını əlindən almaq iqtidarında deyil".

"Dövlət qanunları ilə bərabər, vicdan qanunları da varbu vicdan qanunları dövlət qanunlarındakı çatışmazlıqları əvəz edir".

"Xoşbəxt o insandır ki, özünü xoşbəxt hesab edir".

"Riyakar dost - ən qorxulu düşməndir".

"Hər bir həkimin - sevimli xəstəliyi var".

"Məhəbbət mərəkə - ən dadlı çay dəstgahıdır".

"O təriflər həmişə xoşumuza gəlir ki, bizdə olmayan cəhətlər təriflənsin".

"Sizin məramınızın, hətta əməllərinizin öz-özlüyündə nəcib olması hələ kifayət deyil - gərək onların məhz nəcib olduğunu göstərmək üçün də çalışasınız".

"Gizlincə atılmış məktublar yaxud arvadı evdə saxlamağın yeni üsulu" komediyasından bir şəkli oxuculara təqdim edirəm və orasını da deyim ki, bu şəkildə özünü lord kimi qələmə verən əyyaş Kommons, əslində, ilkin dini xidmətinin son mərhələsində - artıq keşiş olmaq ərəfəsindədir.

 

21 avqust 2018 - Bodrum

 

ELÇİN

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.8.