Yaşamaq xəstəliyi
Sənə demişdim,
Bilirdin axı
Yaşamaq sevgisi - müalicə olmayan tək xəstəlikdi.
Yapışıbsa
yaxandan daha buraxmaz,
Əllərin sözünə baxmaz
Gah hansısa itin başına tumar çəkər
Gah hansısa uşağın
uçan şarının ardıyca qanad
açar
Gözlərin ümidlə dikilər sabaha.
Üzündə
gülüş gəzdirirsən,
Azdırarsan darıxmağı küçük
kimi
Böyük-böyük ümidlər sarar içini.
Uşaqlara qoşulub futbol
oynayarsan
Bir sabah qar
yağsa əgər
İçindəki yaşamaq sevgisi daha da səni isidər
Qoşularsan uşaqlığına
Bu dəfə çəkmələrin
su keçirməz,
Əllərində isti-isti əlcəklərinlə
Əlcim-əlcim qar oynadarsan.
Sənə
demişdim,
Bilirdin axı
Yaşamaq istəsən
Soba dibində yatan pişik kimi
Gözəl hissləri oyadarsan.
Əlsizlərə
əl olmaq,
Ayaqsızlara ayaq olmaq istəyərsən
Təpəgöz kimi
Təkotaqlı,
Təkadamlı evini
Bölüşərsən evsizlərlə.
Demişdim
axı,
Sən bilirdin
Yaşamaq sevgisi ən çox mavi rəngdə olar.
Sonsuz olar, yəni
Ona görədir dəniz qədər sevib,
Göy üzü
qədər yaşamaq
arzun.
Səfər çantası
Getdiyiniz
yerlərə
Bir az həsrət
aparın ürəyinizdə,
Sinənizdə Xəzər qoxulu
bir nəğmə
çırpınsın
Ruhunuzu əmanət edin İçərişəhərə
Canınızı götürüb gedin...
Getdiyiniz
yerlərə
Bu şəhərdən heç
olmasa bircə küçə aparın
Yuxularınızda gəzib dolaşasız
deyə
Qara
gözləriylə ürəklərə yanğın salan
qızın
Xəyalını da qoyun səfər çantanıza
Qürbətdə gecələr ağır olur deyirlər.
Bir vaxtlar
Saçlarından başlayırdı uzun-uzun
nağıllar,
Gözlərindən doğurdu ipisti günəş.
Bir zamanlar
Hər şey heç nə olmağa can atırdı.
Qara-qara
düşünürdüm
Səni
yazdıqca ağ
vərəqlərə
İndi sənin və ayrılığın ayağına
yazılır çəkdiyim ağrılar.
İndi
Külək necə dağıdırsa
payız vurmuş yarpaqları ora-bura
Mən də ruhumdan əsən küləklərə xatir
Dağıdıram ürəyimdən sevgini...
Umudun nəğməsi
Gecə
növbəsindən çıxıb evinə gələn adam
Oturub bir küncdə dizlərini
ovuşdurur.
Qurumuş barmaqlarıyla silərək
yaşlı gözlərini
Dizlərinin üstündə
Uyutmaq istəyir
canındakı ağrıları.
Dodaqlarında çeynəyir
Toza-torpağa bulaşmış mahnını
"Yollara göz yaşlarımı səpmişəm
Gözəl günlər gələndə
toz olmasın".
Bəlkə
Bəlkə,
artıq şəhəriniz olar yaşamağa,
Küçələrində rəqs edib,
Ləpədöyənində yalnızlığı
döyəcəyimiz bir
şəhər...
Bəlkə,
artıq küçəniz olar
Divarlarına güllər çəkilmiş,
Binaları arzularımız kimi
Üstümüzə uçmayacaq bir küçə...
Bəlkə,
artıq ümidiniz olar
Dərsi
bilməyən uşağın
Qorxu sarmış ürəyinin
küncündəki
Kiçik bir ümid boyda
Xırda
lap xırda...
Bəlkə
artıq səhəriniz olar
Qayğısız,
Uşaqların səsində itib-batan
Dodağı təbəssümə bulaşmış bir səhər...
Bəlkə, artıq azadlığınız
olar yaşamağa.
Deyirdi, Abbas kişi
Həyatı
əzab içində keçən insanın
ölümü gözəl
olmalıdı.
İki dünyadan heç olmasa birində
Ədalət olduğuna inanırdı
Abbas kişi.
Deyirdi,
öldüyün zaman
Ən çox
qarışqalar və
uşaqlar yeməlidir
ehsanını.
Deyirdi, qurban olduğum Allah bilir hər işi.
Ölümündən bir gün qabaq
Dəli
olmuşdu Abbas kişi.
Rus gitarası
Külək
budaqlara sığınan zaman
Qərib-qərib gəzən sərsəri
şaxta
Bir yetim canında qızınan zaman
Sən evdə əllərin başının altda,
İsti
yatağında yuxulayırsan...
Çox-çox
uzaqlarda, bir uşaq öldü,
O körpə öləndən
kimsəsiz qalıb
Oyuncaq meymunla şəkilli fincan...
Şəhərin
qaranlıq bir küçəsində
Tələbə soyuldu,
Cibindən çıxan
Üç manat on qəpik
bir də metrokart...
Yatmışdın,
xəbərin olmadı sənin
Bu soyuq gecəni səhərə kimi
Ovutmaq istədi
rus gitarası.
Malik ATİLAY
Ədəbiyyat qəzeti.- 2018.-
1 dekabr.- S.15.