Dəli gülüş...
hekayə
Şənbə günü idi...
O, yatağında uzanıb
gözünü qapayaraq
fikrə getmişdi. Hər gün beləydi, oyanandan sonra bir müddət yerinin içindəcə
yarıyuxulu halda uzanaraq səssiz-səmirsiz
fikrə dalardı.
Qəribəydi, səhərin açılmasını
heç sevməzdi.
Hər açılan səhər
ona ağrı-acıdan
savayı bir şey gətirməzdi.
Hə yaxşı ki, bu dünyada
anası, bir də onu bu
həyata bağlayan bircə qızı vardı, yoxsa onlarsız günü necə olacaqdı? Təkcə bunlarmı? Axı, deyəsən, onun həyatında çəkdiyi
bütün ağrı-acılara
bais olan bir şey də
vardı, o da divardan asılan sədəfli sazıydı...
- deyə Qəmər
düşündü. Həyatının acılı-şirinli xatirələrinin
səbəbkarıydı o saz. Bəlkə də, o saz olmasaydı Qəmər başqaları kimi xoşbəxt bir həyat sürərdi... Bəlkə də...
Ömrüboyu beynində dolaşan bu bəlkələrin cavabı
qarşısında aciz
qalan Qəmər bir onu bilirdi
ki, o, dünyanın ən bədbəxt adamıdır. Ağlı, gözəlliyi, fərasəti ola-ola bu həyat onunçün
cəhənnəm əzabından
da betər olmuşdu.
Qəmər yatağının içindəcə
gözlərini dolandırıb
divardan asılmış
saza baxdı. Saz, sanki
divarda çarmıxa
çəkilmişdi. Qəməri
də bu həyat elə saz kimi çarmıxda
saxlayırdı. Elə bil,
saz onun özünə oxşayırdı,
sir-sifətindən məzlumluq
tökülürdü.
Ömründə ilk dəfəydi ki, onun saza yazığı
gəldi. Yatağından qalxıb
divardan sazı aldı və doğma balası kimi sinəsinə basıb əvvəlcə
qoxuladı.
Neçə müddətdi ki,
o, saza toxunmurdu. Keçmiş xoşbəxt günlərinin
ətri gəlirdi sazdan. Mizrabı alıb simlərin
üstə gəzişdi,
saz "gülümsədi".
Qəmərin də dodaqları
qaçdı. Ürəyindən bir "Ruhani" çalmaq keçdi.
Havanın soyuq olmasına baxmayaraq, Qəmər otağının
pəncərəsini taybatay
açdı və gözlərini yumaraq sazı
"Ruhani" havası üstə köklədi.
Çiskin, soyuq payız yağışıyla Qəmərin
gözlərindən süzülən
göz yaşları keçmiş xatirələri
yuyub suya çəkirdi, sanki.
Qəmər elə dolmuşdu
ki, ürəyi həyəcandan qəfəsə
salınmış quş
kimi çırpınaraq,
perikib qəfəsdən
azad olmaq və göyün ənginliklərinə kimi
qalxmaq istəyirdi...
O, keçmiş ağlı-qaralı
günlərini, sevgiylə
dolu gənclik çağlarını, nakam
arzularını göz
önünə gətirdikcə,
sazın iniltisylə,
ürəyinin fəryadı
otağının pəncərəsindən
süzülüb göylərə
bülənd olurdu...
Qəmər birdən-birə "Ruhani"dən
"Aran gözəlləməsi"nə
keçdi. Bu onun
ən çox sevdiyi saz havası
idi. Elə bu vaxt hardansa beyninin hansı küncündəsə
ilişib qalmış
el şairi Elman Tovuzun
"Dünya" şeiri
yadına düşdü.
Sən məni bağışla,
Ya Qibləgahım!
Bəlkə də, göylərə yetişmir ahım.
Nə suçum bəllidir, nə də günahım,
Nədən, "ömürlükdü" bu cəzam, dünya?!.
Qəmər oxuduqca küçədən
keçənlər ayaq
saxlayıb onun sazının, sözünün
sehrinə qulaq kəsilmişdilər. Hamı çiyinlərini
çəkərək sabah-sabah,
payızın pərişan
vaxtı, bu dəli-dolu aşıq qızın ürəklərə
çalın-çarpaz dağ
çəkən səsini
dinləyirdilər.
Qəmər isə öz aləmindəydi. Onda ayılıb
gördü ki, yaşadığı binanın
ətrafı adamlarla doludur. Hamı da əli qoynunda dayanıb ona tamaşa edir.
Geri boylananda anasıyla kiçik qızının qapı ağzında dayanıb, matı-mutu qurumuş halda ona baxdıqlarını gördü. Əvvəlcə, yuxusundan hövlnak ayılan adam kimi diksindi, sonra isə sazı çarpayının üstünə atıb dəli adamlar kimi qəhqəhə çəkib gülməyə başladı... Onun bu dəli gülüşü, sanki həyatın üzünə vurulan tərs bir silləyə bənzəyirdi...
Meyxoş ABDULLAH
Ədəbiyyat qəzeti.- 2018.- 1
dekabr.- S.15.