Mən çox ağlamışam
göy üzü buludlu olan zaman...
Niyyətim odur ki,
evdən çıxanda
çətirsiz olam.
...Mən çox yaşamışam,
məqsədim odur ki,
bu pəncərədən
bir daha çəkinmədən
dünyanı gilas ağacının
çiçəklərinə qarışmış görəm.
***
Əllərin başdan-başa gündüzdür...
Üzündəki siman istidir,
nə sükutu dəvət edir,
nə gec vaxt.
Daha gərək təşrifin
ola...
Gündüzdə,
xəbərdə,
damarda
və ölümdə...
Eşqdən dilə gəldiksə,
bir fəsil özümüzə səsləyək
gərək.
Mahnıları oxuyaq ki,
daha yaralarımız
bahar ətrinə bulaşsın.
Qal!
Evimin yarpağını yuxuya verdin,
baharımın fındığını
küləyə
və gözlərimin
rəngini suya...
O silah ki, daha
silah deyil,
o güllə ki, nağıllarda köhnəldi,
Göyərçinlərin qarşısında
quşlara susuzladı.
Tələsmə ki, bulud evinə yağsın
və eşq bir tikə çörəkdə
itsin.
Heç
vaxt adamı evə gətirmək olmaz...
Adamlar kəlmələrin çöküşündə,
çökürlər
və yerdən qalxarkən.
Dəyməmiş sözləri keçənlərə
vermək istəyirlər.
Adam eşqin bacarığında
deyil,
eşq qırılır
və ölür...
***
Güllələnmiş bir insanın şəklindən
eşitdim ki,
o qədər də vaxt qalmayıb
gülün könlünü
alasan...
Bir saniyə içində günəşə paltar
tikdim,
bir saniyə içində
mavi göyü yatağa yatırtdım.
Ta vaxt qalmamışdı
dərimin yaralı körfəzində
məzhəbi güllər
əkim.
Yalnız
bir saniyə qalmışdı
O xoşbəxt anı qorumağa ki,
günəşlə günəbaxan
arasında
Öz nəfəsiylə
qərar verirdi.
Yalnız
bir saniyə qalmışdı ki,
çəmənlərin barmağına
qonmuş göy üzünü
genişləndirim!
***
Oğurladılar bizi...
Çoxu
oyaq idi,
Çoxu yuxuda.
Cümə günləri buludumuz
var idi,
amma cümə günlərin oyanmağın,
yuxlamağın adını
həyat qoya bilmirdik.
Dandıq
ona görə də yuxunu,
dandıq ona görə də oyanmağı.
Evdən
çölə çıxdıq
cümələri ki,
buludu bəlkə görməyək...
Nə fayda?
Ömür sona varmaqdaydı
və çay cümə axşamlarında
masa üstdə soyuyurdu.
Kibriti yandırdım...
Bu az işığa
ağladın sən,
təpədən dırnağa
küləkdə durdum.
Mən,
sadəcə, bir nəfərəm,
amma indi yüzlərlə quşu
küləkdə unudulmağa
aparırlar.
Ay işığından ki,
evə dönürəm
dəmirlər paslanıb
itiriblər küləyin
ünvanını şairlər,
unudublar balı arılar.
İşıqsız üfüq sənin incə əllərində can verər...
Mən qızılgül idim ki,
başdan-başa Ay işığını
qırdım...
***
Divar
satin şüşəsində
pozduq bənövşə
güllərini...
Pəncərədə balıqların
yuxusu idik,
qulaqları üstündə
ovcuların şəklini
çəkdik.
Tapılmayan şəhərin qız
oğlanlarıyla
çiçəklərin fanusunu yandırdıq,
boş ağacların qollarına
meşə meyvələrini
asdıq,
işıqlı şüşəli
bağların sərhədindən
keçdik,
keçilməz solğun
divarların üstündən
keçdik,
qəmdən toxunmuş
inci boyunbağıları
qırdıq
və parlaq dənələri balıqçıların
şəkli üstünə
tökdük ki,
həsrəti tora çəkmişdilər.
Rənglərlə şəhərə gəldik,
naxışsız şəhərdən
getdik...
Sabah buz güllərinin yanına gəldi,
buz güllərinin
yanından kənara çəkildi günəş.
Onların bütün şəkli
buz güllərinin üstünə calanmışdı...
Bizdən
diri olan uşaqların şəkli
idi
və uşaqların röyasında olan kədər bağı
buz güllərini əritmişdi...
***
Bulud mahnının möcüzəsini
dodaqlarımıza əkdi,
unutduq dilimizi...
Köhnə ayaqqabılarımız
köhnə paltarlarımız
qaldı.
Biz öpüşlə ağacları
bahar etdik...
Biz anlaşılmamazlıq idik bədbəxtlikdə.
Birgə
eşq nəfəslərimizdən
dolu olan şarlar
tikanlara batıb partladı...
Dayandı ürəyimiz
və yer üzünün yatmış
saatları
işə başladı...
Danışırdın mənlə buğ vurmuş
şüşələr arxasından,
görmürdüm üzünü...
Baxdım
buğlanmış şüşələrə,
şüşələrdə buxar suya dönmüşdü,
cilalıydı,
amma sən yoxuydun.
Eşidirdim səsini uzaqlardan,
yağışda gedirdin...
Sən bir tənha,
çətir altında
küçənin sonuna
getdin...
Yağışda bir pəncərədən
Violonçel səsi gəlirdi.
Soyuq idi,
evə döndüm.
Pəncərə arxasında yağış
yağdı səhərədək...
Kədərin arxasındaydın, qadın!
Hiss et məni,
evə apar!
Bir gülü unutmuşam ki,
üzüm gülmürdü.
Ağız açdı yaralarım,
kədərdən qaynayırdı
günlərim.
Məni
damcı-damcı hiss et,
qadın!
Bu ev söz
yeri deyil.
Dilimi bağladım,
keçdi ömür.
Apar bağa
məni bu evdən.
Taleyim puçluğa, ürəyim
qan olmağa,
dilsizliyə məhkum.
Göz yaşlarım
üzümə düyünlənmişdir.
Kimsə
evdə görmədi
ürək yürüşünü,
qadın!
Evə gəldim,
sevginin çöküşünü
gördüm
və qəlb zirvələrdə azad olur
tökülür bağçanın
üzərinə...
Hiss et məni, qadın!
Biz gecədə çıraq
deyildik,
biz gecədə uduzduq!
***
Bəzi
ağacları yuxudan çölə çıxarıram,
bəzi ağacları gözgörəsi gündüzdə
gözlərində itirirəm.
Sən ki, bu yoxsulluqla
çörəksiz süfrəyə
rəğmən
oturdun yanımda.
Təbəssüm var dodağında,
hər şeyi gördüm.
Ağır təcrübələrimiz mükafatlandırır bizi
ki,
astaca ağlayaq.
İnsanlardan qaçaraq
itirdik ev ünvanımızı.
Bənövşənin gözəlliyinə bilərəkdən
baxmırıq.
Biz bilmirik!
Bəlkə, bənövşənin yanında
bir gizli bıçaq var torpaqda.
Ağlamaq gərək,
səssiz və sönmüş həftənin
sonuna baxmaq
gərək!
Bəlkə də, yağış
ola
Biz...
Sən və mən,
bir dükanda süni güllərə baxmağa gedəndə
yağışlı gündə
çətirimizi itirdik.
***
Hər bardaqdan su içəndə
sənin dodaqlarının
dadını
və sənin qaldığın payız
fəslini xatırladım.
Unutqanlıq, unutqanlıq arxasınca...
Amma niyə sənin dodaqlarının dadı
və o qaldığın
payız evdə qalmışdı?
Biz sonunda bacardıq ki,
payızı təqvimdən
ayıraq.
Amma sənin dodaqlarının
dadı
bütün bardaqlara,
boşqablara həkk oldu.
Bardaqları, boşqabları evən
çıxarıb
sünbüllərin yanına
basdırdım.
Sən astanada dayanmışdın
sən bardaqların,
boşqabların mühasirəsindəydin.
Saçların bəyaz,
amma dodaqların gənc idi.
***
Bir vaxt axtarın
saçlarınızı günəşdə
bir çayın kənarında daramağa,
bir vaxt axtarın
qanınızı çəhrayı
edəcək qədər
ən gizli adınızı o böyük
çaydan soruşmağa...
Sizin zamanız var
o atın adına,
o çölün adına,
sünbülləri dərənə
qədər aşiq olmağa..
Sadəcə, uşaqlığınızı deməyin bir-birinizə!
Sünbüllər saraldı,
sünbüllər dərildi
və isti çörək hazırdı,
amma siz sarı kolların
qırağında qarğıdalı
olun!
Kuzəyə tökün suyu,
Tək qalmış
qızılgül yanına
qoyun.
Biz sevirik sizi yalnız
o qızılgülün xatirinə...
Əhmədrza Əhmədi
Tərcümə etdi:
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2018.-
1 dekabr.- S.20.