Moldovada "Azərbaycan Ədəbiyyatı
Günləri"
Xalq
yazıçısı Anar “Dmitri Kantemir” medalı ilə təltif
edildi
Noyabr ayının 1-i-5-i tarixləri
arasında Moldova Respublikası Təhsil, Mədəniyyət
və Tədqiqatlar Nazirliyi, Moldova Azərbaycanlıları Konqresi,
Moldova Yazıçılar Birliyinin təşkilatçılığı
və dəstəyi ilə, eyni zamanda Azərbaycanın
Moldovadakı səfirliyinin yaxından iştirakı ilə
Moldovada "Azərbaycan Ədəbiyyatı Günləri"
keçirilib. Kişinyov və Komrad şəhərlərində
düzənlənən tədbirlərdə Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin aparat rəhbəri Fikrət Babayev,
yazıçı Əjdər Ol, AYB sədrinin
müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin sədri Səlim
Babullaoğlu iştirak ediblər. "Ədəbiyyat günləri"
çərçivəsində Moldova Elmlər Akademiyası,
Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar
Nazirliyi, Kişinyov Milli Kitabxanası, Moldova Milli İncəsənət
Muzeyində bir sıra tədbirlər keçirilmiş,
Anarın "Ağ qoç, qara qoç", Əjdər
Olun "Hərbi-səhra komandirinin meymunu" kitabları, həmçinin
"Azərbaycan hekayəsi antologiyası"nın təqdimatı
baş tutmuşdur. "Ədəbiyyat qəzeti" bu
sayımızdan etibarən Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin sədri Səlim
Babullaoğlunun "Moldovada Azərbaycan Ədəbiyyatı
Günləri" barədə "səfər qeydləri"ni
təqdim edir.
İlk gün
Nümayəndə
heyətimizi hava limanında, elə təyyarədən
düşən kimi doktor Vüqar Novruzov qarşılayır,
Moldova Azərbaycanlıları Konqresinin sədri. Hava
limanının təhlükəsizlik nöqteyi-nəzərindən
quşun belə səkə bilmədiyi bu ərazisində
Vüqar müəllimin görünməsi, bizi
qarşılaması "ədəbiyyat günləri"
üçün ən yaxşı başlanğıc və əlamətdir.
Az sonra biz ölkəmizin Moldovadakı Fövqəladə və
Səlahiyyətli səfiri Qüdsi Osmanovla görüşəcəyik.
Və bu iki adam sıx iş qrafiklərinə rəğmən
"ədəbiyyat günləri"nin son saatlarına qədər
bizi tək buraxmayacaqlar, diaspora və səfirliyin əl-ələ
işləməsinin ən xoş, ən arzuolunan əyani və
nümunəvi örnəyi olacaqlar ki, bunu həmin günlər ərzində
hamımız, xüsusən nümayəndə heyətimizin
rəhbəri, xalq yazıçısı Anar dəfələrlə
və dərin məmnunluq hissi ilə vurğulayacaqdı.
Bizi
qarşılayanlar arasında Moldova Yazıçılar
Birliyinin sədri Arkadi Suçevyanu, Birliyin katibi Nikolae Spetaru,
tanınmış qaqauz ədibi və Moldova Yazıçılar
Birliyi İdarə heyətinin üzvü Todur Zanet və Moldova Azərbaycanlıları
Konqresi sədrinin müavini, həmyerlimiz, sonradan
hamımızın eyni qədər
dostlaşacağımız Müharib Allahverdiyev də var...
Nazirlə görüş
Səhərdi.
Artıq iki gündür ki, sakini olduğumuz "Joli
Allan" otelinin qarşısındakı gözəl
parkı piyada keçib Moldova Təhsil,
Mədəniyyət və Tədqiqatlar naziri ilə görüşə gedəcəyik.
Yaxın zamanlarda aparılan hökumət islahatlardan sonra əmələ
gəlib bu meqa-nazirlik. 3 nazirlik birləşib və rəhbəri
də olub zərif, ağıllı bir xanım - Monika Babuk.
Biz onu təxminən yarım saat sonra görəcəyik. Hələliksə,
nümayəndə heyətimizi bir an olsa belə, diqqətsiz
qoymayan səfir Qüdsi Osmanov, Vüqar Novruzov, Müharib
Allahverdiyev, Arkadi Suçevyanu, Nikolae Spetaru və Todur Zanet ilə
söhbətləşirik. Hava təmizdi. Ciyərlərimiz üçün əsl
cənnətdi. Xəzan
sarısı fanilik duyğusunu sakitləşdirici həb kimi
gözlərimizdən ruhumuza içirir.
Havada
ayaz var deyə, qərara alınır ki, Anar müəllimlə
cənab Suçevyanu nazirliyə nə qədər yaxın
olsa da maşınla getsinlər...
Xanım
nazir bizi mehribanlıqla qarşıladı.
Mehribanlığın qarışdığı amiranə səsilə,
aydın ruscada dedi ki, "Azərbaycanda Moldova Ədəbiyyatı
Günləri", "Moldovada Azərbaycan Ədəbiyyatı
Günləri" hər iki
ölkənin mədəni həyatında dolğun və gələcək
üçün vacib izlər qoyacaq tədbirlərdir,
xalqlarımız arasında mədəni dialoqun dərinləşməsinə
xidmət edəcək: "Mədəniyyət, xüsusən
ədəbiyyat həmişə olduğu kimi, xalqlar
arasındakı ən vacib mənəvi bağdır, bu həmişə
belə olub, bundan sonra da, gələcək nəsillər
üçün də belə olacaq. Çox sevindirici
haldır ki, bu gün Azərbaycan ədəbiyyatının təmsilçiləri başda bizim hamımızın
yaxşı tanıdığımız, böyük Azərbaycan
yazıçısı Anarın rəhbərliyi ilə Kişinyovdadırlar. Bilirəm
ki, Bakıda son vaxtlar Moldova ədəbiyyatı nümunələri
çap olunub. Həmçinin burda cənab Anarın, Əjdər
Olun kitabları çap olunub təzəlikcə. Daha əvvəl
Azərbaycan yazıçılarının əsərlərindən
ibarət antologiya çap edilib. Bilirəm ki, bu işləri
davam etdirmək üçün yeni niyyətlər və
planlar var. Çox yaxşı ki, bu işdə Moldova Azərbaycanlıları
Konqresi, Azərbaycanın Moldovadakı səfirliyi, eyni zamanda,
bizim Bakıdakı səfirliyimiz, Moldova və Azərbaycan
Yazıçılar Birlikləri ən yaxın şəkildə iştirak edirlər... Əlbəttə,
Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi də
bu xoşniyyətli gözəl işlərdə kolleqam Əbülfəs
Qarayevlə bərabər həmişə
və indiki tək sizin yanınızda olacaq... Xoş gəlmisiniz...".
Rəsmi
xəbər yazmaq çətin məsələdi. Heç
vaxt bunu bacarmamışam. İndi gözümün
qabağında baş verənlərin hansı
ardıcıllıqla baş verdiyini təkrar
canlandırmağa çalışıram.
Nümayəndə
heyətimiz adından ilk əvvəl Anar müəllim
danışdı. Xanım nazirə qəbul və
"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin
təşkilinə verdiyi dəstəyə görə minnətdarlıq
etdi. Ədəbiyyatın xalqların həyatındakı
rolundan və inkişaf etmiş dövlətlərin bu amili
daim diqqətdə saxlamasından söz açdı.
Sonra
cənab Suçevyanu danışdı. Əvvəl nümayəndə
heyəti üzvlərini təqdim etdi. Sonra isə mart
ayında Bakıda keçirilən "Azərbaycanda Moldova Ədəbiyyatı
Günləri"ni və Azərbaycan Mədəniyyət
naziri ilə olan görüşü məmnunluqla
xatırladı.
Səfir
Qüdsi Osmanov danışdı sonra. Moldova-Azərbaycan əlaqələrindən,
onun gələcəyi naminə görülməsi vacib
işlərdən, hər iki dövlətin və xalqın bir-birinə verdiyi dəstək
və töhfədən. Ədəbi əlaqələrin mədəni
mübadilənin vacib halqası kimi böyük önəmindən.
Bir az da Qaqauzlardan, onlarla bizim etnik
yaxınlığımızdan, Moldova dövlətinin
qaqauzlara olan xoş münasibətindən də, əlbəttə.
Yalnız
sabahı gün hamılıqla birlikdə Qaqauz ellərinə
gedəndə başa düşəcəkdim ki, əslində,
qaqauzlarla moldovanların bu xoş və salamat birgəliyindən
narahat olan qüvvələr var və onlar bəzən əsası
olmasa da soyuqluq yarada bilirlər. Hətta bəzən ədəbiyyatçılar
arasında. Demək ki, səfirimizin toxunduğu məsələ
elə belə deyilmiş. Və əslində, "Moldovada Azərbaycan
Ədəbiyyatı Günləri"nin qrafikinə Komrada səfərin salınması (bu Anar müəllimin
təklifi ilə olmuşdu) moldovan ədibləri ilə qaqauz
ədiblərinin də səbəbsiz soyuqluğa yer verməməsindən
ötəri çox vacibmiş.
Sonra
Fikrət Babayev danışdı, Azərbaycan Mədəniyyət
Nazirliyinin aparat rəhbəri. Xanım nazirə cənab
nazirin salamlarını çatdırdı. Görülən
işlərin davamlı olması üçün nazirliyin
bundan sonra da əməkdaşlığa hazır olduğunu
dilə gətirdi.
Arada qısa
replikalarla fikir mübadiləsi oldu. Müxtəlif məsələlərlə bağlı,
o cümlədən rumın
dilində təhsilin Moldovada yaşayan digər millətlərin inteqrasiyası üçün
vacibliyi barədə də. Todur Zanetdə bir neçə kəlmə dedi bu barədə.
Və nəhayət, Moldova Azərbaycanlıları
Konqresinin sədri Vüqar
Novruzov danışdı.
Özünəməxsus təmkinlə, səmimiyyətlə.
Eyni zamanda, daxili səbat və arxayınlıqla ki, bunu da indiyədək
görülən işlər
şərtləndirmişdi. İndiyə qədər toxunulan bütün məsələlərdən haqqında
danışdı Vüqar
Novruzov və həm də xanım nazirlə hələ tələbəlik
illərindən bu yana tanışlıqlarından
da. Məhz belə məqamlar
istənilən görüşün,
qurulmuş və qurulmaqda olan əlaqələrin cövhəri
olur. Və mən hiss elədim ki, Vüqar müəllim - həyatını
uzun illərdir ki, Moldova ilə bağlamış, bu dəyərli azərbaycanlı belə şeyləri heç vaxt gözdən qoymur. Şəxsi əlaqələri milli mənafe ilə və tərsinə daim uzlaşdırır. Nəticə isə gözlənilmədiyi
qədər uğurlu
olur.
Bu görüşün olduqca xoş bir sonluğu da vardı. "Ədəbiyyata
verdiyi töhfələrə,
eyni zamanda, Moldova-Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin
inkişafındakı xidmətlərinə
görə" yazıçı
Anar Moldova Təhsil, Mədəniyyət və
Tədqiqatlar Nazirliyinin
Fəxri Diplomu və Ödülü ilə mükafatlandırıldı,
xanım nazir diplomu və xüsusi hədiyyəni üzündən yağan
hədsiz məmnuniyyət
hissi ilə təqdim elədi.
Əlbəttə, bizim nümayəndə heyətimiz də - həm Mədəniyyət
Nazirliyi, həm də Yazıçılar
Birliyi adından xanım nazirə xatirə hədiyyələri
təqdim eləməyi
unutmadı.
"Moldovada Azərbaycan
Ədəbiyyatı Günləri"
çərçivəsində vacib görüşlərdən
biri də noyabr ayının 2-də
Moldova Elmlər Akademiyasında
keçirildi. Görüşdə
Moldovanın Azərbaycandakı
Fövqəladə və
Səlahiyyətli səfiri
Qüdsi Osmanov, Moldova
Azərbaycanlıları Konqresinin
sədri Vüqar Novruzov, Azərbaycan Yazıçılar Birliyinin
sədri Anarın rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti - yazıçı
Əjdər Ol, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
aparat rəhbəri Fikrət Babayev, Azərbaycan Yazıçılar
Birlyi sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlu,
eləcə də
Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu, Moldova Yazıçılar Birlyinin
katibi Nikolae Spetaru, Moldova Elmlər Akademiyasının
rəhbərliyi, akademiklər,
görkəmli alimlər,
elm və mədəniyyət
xadimləri, tanınmış
ədiblər iştirak
ediblər.
Görüşü giriş sözü ilə açan Moldova Elmlər Akademiyasının prezidenti,
akademik Georqe Duka qonaqları salamladıqdan və Azərbaycan nümayəndə
heyətinin Elmlər Akademiyasında olmasından
dolayı məmnunluğunu
ifadə etdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin
sədri, Azərbaycanın
xalq yazıçısı
Anarın Moldova Elmlər
Akademiyasının ali
"Dmitri Kantemir" medalı
ilə təltif edildiyini bildirib və bunun akademiya
üçün qürurverici
bir hadisə olduğunu söyləyib.
Daha sonra akademik Duka mərasimə
toplaşanları Anarın
tərcümeyi-halı ilə
tanış edib, onun görkəmli
yazıçı, kinossenarist,
rejissor, tərcüməçi,
eyni zamanda, ictimai xadim kimi
çoxşaxəli yaradıcılığından
və fəaliyyətindən
söz açıb. Akademik qeyd edib ki,
Anar, ilk növbədə,
ədib kimi, həm Azərbaycan ədəbiyyatını, həm
də dünya ədəbiyyatını zənginləşdirən
isimlərdəndir. O, eyni zamanda, Azərbaycan
Yazıçılar Birlyinin
sədri kimi böyük bir arealdakı ədəbi prosesə uzun müddət öz töhfəsini verib. O cümlədən Azərbaycan-Moldova
ədəbi əlaqələrinin
yaxınlaşmasında onun
iştirakı və zəhməti böyük
və danılmazdır.
O deyib ki, məhz bütün sadalananlar Anarın Moldova Elmlər Akademiyasının
ali "Dmitri Kantemir" medalı ilə təltif edilməsini şərtləndirib.
Moldova Yazıçılar Birliyinin sədri cənab Arkadi Suçevyanu da Anarın nüfuzlu və miqyaslı yaradıcılığından söz açıb, onun postsovet məkanının ən vacib ədiblərindən
biri olduğunu, bu günlərdə Kişinyovda çap olunan "Ağ qoç, qara qoç" əsərinin
də bunu sübut etdiyini dilə gətirib.
"Dmitri
Kantemir" medalının
təqdimatından sonra
Anar minnətdarlıq
nitqi ilə çıxış edib, həm ona təqdim edilən, yüksək dəyərləndirdiyi bu
ali mükafata görə, eyni zamanda Moldova Elmlər Akademiyasındakı bu isti görüşə və qəbula görə akademik Georqe Dukaya təşəkkür
edib. O bildirib ki, xalqlarımızın tarixindəki eyniyyət ədəbiyyat və elm sferasında da xalqlarımızın gələcək
birgə addımlarını
diktə edir. Bu, həmçinin beynəlxalq müstəvilərdə
də ədəbiyyatlarımızın
tanınması üçün
gözəl şərait
deməkdir.
Daha sonra
Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanuya Azərbaycan
Yazıçılar Birliyinin
fəxri üzvlük
vəsiqəsi və xatirə medalı təqdim edilib.
Tədbirin sonunda Moldova Elmlər Akademiyası ilə Azərbaycan Yazıçılar
Birliyi arasında əməkdaşlıq sənədi
imzalanıb. Sənədi MEA prezidenti Georqe
Duka və AYB sədri Anar imzalayıblar.
Rəsmi
hissədən sonra alimlər və ədəbiyyatçıların "Postsovet dövründə
milli ədəbiyyatlar,
ədəbi mübadilə
və əlaqələr"
mövzusunda birgə çıxış
və müzakirələri
keçirilib.
Yevgeniya Tofan
Ədəbiyyat qəzeti.- 2018.-
8 dekabr.- S.4-5.