Sən bahar havası
qatdın payıza
əlində qoxulu payız
gülləri...
Payız motivləri
Payız axşamı
Uçub
göy üzündən,
uçub ulduzlar,
bu gecə göylərə inam qalmayıb.
Ay da çəkilibdi öz yatağına
qaranlıq gecədə
adam qalmayıb.
Otaqda qaralan kölgələr itib,
əriyib, əriyib
kiçilib ağ şam.
Alın
vərəqlərə yazılan
yazı
güzgüdə oxunur hər səhər, axşam.
Yarpaqlar
tökülür payız
axşamı
bahara üçaylıq
bəyaz qış qalıb.
Əlimdə qoxusuz payız gülləri,
könlümü bəmbəyaz
sevdalar alıb.
Trolleybus dayanacağı
payız axşamı
Trolleybus dayanacağı,
payız axşamı.
Qurumuş yarpaqlar oynayır
xəfif küləkdə,
kölgəsini itirmiş
ağac
qüssə oyadır
ürəkdə...
Vaxt dayanıb
kölgəsini itirmiş
ağacla
trolleybus
dayanacağı arasında,
bir ayrılıq sevdası var
sənin sürməli
gözlərinin qarasında
Ayrılıq qapısını açıb
trolleybus
səni gözləyir...
Bakıda payız gecəsi
bu payız gecəsində
ağaclar sərxoş.
Külək islanmış oturacaqları
qucaqlayır bulvarda.
Saralan xatirələr nəm çəkir,
gözləri yol çəkənin içi
qəm çəkir.
köhnə kafe lampaları yırğalanır
bayırda,
küçə qapıları
döyülmür Bayılda.
Dəniz
şampan köpüklü,
dalğalar vals gedir,
gəmilər ləngər
vurur.
Bakının əlində
gecəyə növbə
çəkən Qız
qalası dolu badə...
Payız sevdası
Əllərim əlinə yapışıb
qalıb,
üzümmü üzündən
baxışlarımı?
İlmələr könlümə köçürür
yenə,
gözümə çəkdiyim
naxışlarını.
Fəsillər ötüşür, illər dəyişir,
bu yumşaq payızda bahar havası.
Ümidlə gözlərə dikilən
baxış,
oyadır qəlblərdə
payız sevdası.
Yaman sevinirsən, nəşəli
könül,
payızda gül açan ağaclar kimi.
Üstünə qaçırsan bu
son sevdanın
alova həsrətli ocaqlar kimi.
Ömrün arzuları bahar
kimidi,
rəngbərəng çalarlar
gətirir üzə.
Dəli
könlümüzü oxşayan
payız
təzədən sevməyi
öyrədir bizə.
Bu payız
Yığıb qucağına xəzan
payını,
bayırda səs salan yağış hayını,
itirib günlərin, ayın sayını
gəldi ömrümüzə,
gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Solğun
günəşində kölgələr
çılpaq,
ağaclar lüt qalıb, yerdədi yarpaq.
Otuyla birlikdə saraldı torpaq,
gəldi ömrümüzə,
gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Meyvəli ağacı süfrə
kimidi,
yağışı, günəşi
töhfə kimidi,
fəsillər içində
zöhrə kimidi,
gəldi ömrümüzə,
gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Ömürdən il alıb yaşa caladı,
hər gecəyə bir xatirə qaladı,
sevdirə-sevdirə bizi taladı,
gəldi ömrümüzə,
gəldi bu payız,
əliylə bir xalı sərdi bu payız.
Payız
Ağacın yaylığı ayaqlar
altda
yeriyə bilmirəm
çığırtısından.
Çılpaq ağacların əlləri
göydə
yarpağın son dua pıçıltısından.
Yenə
gəlib çatdı
payız axşamı,
yenə bu könlümdə küləklər
əsir.
Axşam
süfrəsində boş
qalıb bir yer
kölgələr dolaşır,
kölgələrdə sirr.
Pəncərə önündə ağac
kimiyəm,
xatirə yarpaqlar
uçur havada.
Ömrün payızında bir
xəzan kimi
ayrılıq səs salır yalqız odada.
Göyün üzün alıb
qara buludlar,
pərdələr üşüyür
bomboz otaqda.
Səmtini itirib, yolunu azıb,
cığırlar o kövrək
yarpaq yataqda.
Ömrün payızı
Payız
dodaqaltı zümzümə
edir,
çılpaq budaqlarla
sevişir külək.
Sevdiyim payızda axşam çağları
mənimlə gizlənpaç
oynayır fələk.
Bu gecə payızdı royalarımda,
isti yuxularım sovulub gedir.
Rəngbərəng yarpaqlar qonur çiynimə
ürəyim payızla
qovrulub gedir.
Bu payız xəyalım quş qanadında,
nədənsə gecikir görüşümə yaz.
Payız
günəşinin işartısında
mənim yanaqlarım
olur bəmbəyaz.
Payızın əlləri əsir
qəhərdən
əlində tutduğum
əlindən düşür.
Düzülüb sıraya son qatar kimi
kövrək xatirələr
ötür, ötüşür.
Çevirib üzünü, çevirib
göyə
ağacın torpaqdan
küsən vaxtıdı.
Uzun gecələrdə tutub əl-ələ
ulduzların yallı
gedən vaxtıdı.
Sevdiyim, payıza döndüm
bu gecə
Şaxta
vurmuş gül kimi,
qanadı sınmış
quş kimi,
ruhu tam ölmüş
kimi,
sevdiyim, payıza döndüm bu gecə.
Sevgiyə qar yağdı
vaxtından qabaq,
bəxtəvər dedilər
baxtından qabaq,
ümidlər qırıldı
taxtından qabaq,
sevdiyim, payıza döndüm bu gecə.
Bu gecə payızım, bu payız gecəm,
dedim-mənim olan payızdan keçəm,
məni tanımadı öz doğma küçəm,
məni tanımadı öz doğma gecəm,
əlim ətəyimdən
uzun, lap uzun,
sevdiyim, payıza döndüm bu gecə,
sevdiyim, payızda söndüm bu gecə.
Payız havası
Sən nələr gözləyirsən
bu payız havasından?
Yazımı gözləyirsən?
Bir ayrı
günmü, aymı?
Yoxsa elə bilirsən
xəyalların qonaqmı
gələcək otağına?
Yoxsa xatirələrmi
gələr nəsə
sormağa?
Bu yük nə yükdü belə,
sükutla daşıyırsan?
Titrəyən əllərinlə
keçmişi qaşıyırsan.
Gözlərdən düşüb itən,
bir daha geri dönmür.
Nə xatirə qayıdır,
nə xəyal geri dönür.
Çırpınma aralıqda.
Xatirələr bir niskil,
xəyallar məchuldular.
Sən nələr gözləyirsən
bu payız havasından?
Hardansa külək
əsir?
yağış gəlir
gözündən...
Payız mələyi
Bir vaxtlar baharı sevərdim.
İndi
ömrün payızını
sevdim;
öz qəmiylə, barıyla,
həzin duyğularıyla.
Ömrümü vərəqləyir
sərin xəzan
küləyi.
Sordu bir gün:
"Nəyin var,
varmı məndən
diləyin?"
Ömrün payız bəzəyi,
mənim xəzan
küləyim,
bir bax, mənim ömrümə
gəldi payız
mələyim.
Yoxdu daha diləyim.
Sən bahar havası qatdın payıza
əlində qoxulu payız gülləri...
Meşədə payız
Soyudur ağacı payız özütək
əl etmir yanından ötən qatara.
Kölgədə yazılan xatirələri
kimsəsiz vaqonlar yığıb apara.
Çılpaq ağacların üstə
ləkələr,
kövrələ-kövrələ içdən
oyulur.
Qara buludların göz yaşlarında
çətrini itirmiş
ağac yuyunur.
Yatıb
ayılacaq darıxan meşə
sakit gecələrin qış yuxusundan.
Ağaclar tər-təzə yarpaq
yığacaq
baharın xoş gələn gül qoxusundan.
Qəmli meşə
dağ döşü,
qəmli meşə,
kölgəsiz ağaclar
nə qədər darıxdırıcı...
Çılpaq meşənin
üzünü turşutmuş
havasında
quşlar yox oxumağa...
Qəmli
meşənin
neçə günlük
səksəkəli ömrü
qalıb
bahara kimi.
Rəfail Tağızadə
Ədəbiyyat qəzeti.- 2018.-
8 dekabr.- S.11.