ağır olurmuş dərdi insanın

 

Sənsizliyə dözmək çətin...

 

Yaddançıxmaz ömür-gün yoldaşım

Sona xanımın əziz xatirəsinə

 

Sənsizliyə dözmək çətin, dərvişəm, piranam, Sonam.

Səsləyirəm yox səs-səmir, dünyası viranam, Sonam!

 

Cənnəti-Rizvan yoluyla, Allah qoysa gələndə mən,

Əbədi mehmanın ollam, indi pərişanam, Sonam!

 

Mübarəklə Göyərçinin intizarı yetdi sona,

İndi onlar bəxtəvərdir, mən qəlbi şan-şanam, Sonam!

 

Babullaya tutya idi gül çöhrənin hər cizgisi,

O cizgilər ilğım oldu, ilğıma pərvanam, Sonam!

 

Bənövşəm yarpıza döndü...

 

Gül dünyamın üzü döndü.

Bənövşəm yarpıza döndü,

Sən yandıran çıraq söndü,

Sönməsi - Haqqadı, Sonam!

 

Qaraçuxam yaman yatdı,

Yarı yolda məni atdı,

Göz yaşımda gəmim batdı,

Batması - Haqqadı, Sonam!

 

Qövr edən yaram qanadı,

Qırıldı qolum, qanadım,

Hicrindən alışıb yandım,

Yanması - Haqqadı Sonam!

 

Tərlan könlüm pərvazlanmır,

Dövrəmdə sarlar fırlanır,

Vəslinə təşnən yalmanır,

Təşnəsi - Haqqadı, Sonam!

 

Fərağım çox tez qayıtdı,

Yetim çağımı oyatdı,

O da arzusuna çatdı,

Çatması - Haqqadı, Sonam!

 

Babulla saralıb, solub,

Cəsur ruhu miskin olub,

Bahar buludutək dolub,

Yağması - Haqqadı, Sonam!

 

Ata-ana məhəbbəti yaşayır...

 

İlk övladları Ruslanı toy ərəfəsində vaxtsız itirmiş

Səyavuş müəllimə Mənsurə xanıma böyük ehtiramla...

 

Ağlamaqdan göz yaşları quruyub,

Gözlərini kədər-qüssə bürüyüb,

Qəlblərinin yağı şamtək əriyib,

Ağır dərdi çox mərdanə daşıyır -

Ata-ana məhəbbəti yaşayır!..

 

Gecə-gündüz baxışları yol çəkir,

Yuxularda toy çaldırır, ev tikir,

Ruslanın bəy evində gül əkir,

Sığınmışlar Haqdan gələn imana -

Nəvə - Ruslan doğulacaq gümana!..

 

ağır olurmuş dərdi insanın...  

 

ağır olurmuş dərdi insanın,

Götürsə bəşərin dizi bükülər.

Suala çevrilər qəddi insanın,

Yox olar yuxusu, ərşə çəkilər.

 

Naləsi dağlayar ərzin bağrını,

Ən uzaq ulduza çatar harayı.

Üzündə hər cizgi çəkər ağrını,

Baxışı dondurar Günəşi, Ayı.

 

Hardasa bir ümid şamı közərər,

Su calar yurduna bir ev yıxanın.

İnam cəhrəsinin iyi düzələr,

Əyirər ipini qaraçuxanın.

 

Xoş söz bəd yaranın hovunu alar,

Ucalar gözündə insan insanın.

İnam ağuşunda cahan ovunar,

Azalar dər-səri qoca dünyanın.

 

Dolaşıq kələfin ucu tapılar,

Çəkər ovsarını azmış karvanın.

Namərd işıq gələn səmtə qapılar,

İthürən səsləyər aqil sarbanı.

 

Bir yuxa ən uca dağı aşırar,

Artar bərəkəti duzun-çörəyin.

Badalaq gələnin öküzü aşar,

Yenə tərgitməz kələk gəlməyi.

 

Kəsilər kələyi əsən küləyin,

Qovut da insanın gərəyi olar.

Olsaq sorağında ən xoş diləyin,

Kədər bəxtinin üzünə gülər.

 

ağır olurmuş dərdi insanın,

Götürsə dağların dizi bükülər

Suala çevrilər qəddi insanın,

Yox olar nidalar, nöqtə-vergüllər...

 

Babulla

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.27.