"Ağ qoç, qara qoç"  təqdim olundu

 

Nazirlə görüşdən sonra növbəti tədbirə - "Yazıçı Anarla görüş"ə qədər təxminən  saat yarımlıq ara vardı.  Vüqar müəllimin "təkidli təklifi", Müharib Allahverdiyevin bu təklifi "sürəkli dəstəyi" ilə bağı adlayıb yaxınlıqdakı  kafedə  (adı, deyəsən, "Delice dAnge" idi, "mələklərin dadı"mı, "vəcdimi" yaxşı başa düşmədim) "kofe-çay fasiləsi"nə  çıxdıq.  Öz arzumla çöldə oturdum, bu havanı çətin ki, bir də tapam yaxın vaxtlarda. Sonra masaya məni tək qoymamaq üçün  Nikolay Spetaru və şairlər Viktoriya Fonar (onu daha əvvəlki Moldova səfərindən tanıyırdım) və Tatyana Afanasie-Craciun da əyləşdilər. Yoldaşı tarixçiydi Viktoriyanın. Dünyanın göz yumduğu Azərbaycanın ağrı-acıları və müasir tarixi ilə bağlı ədalətli mövqe sərgiləyir, yazılar yazırdı. Əlbəttə, səfirliyimiz və konqres bu işdə onların yanındaydı. Vüqar Novruzov Viktoriyanın  Bakıyla bağlı bir neçə şeirini göndərmişdi mənə daha əvvəl, sonradan bir neçəsini də müəllifin özü göndərdi ki,  həmin istedadlı və səmimi şeirləri  "Ədəbiyyat qəzeti"nin elə bu sayında oxuya bilərsiz (səh.5).

Budur, bizim isə fasiləmiz bitir. Və hamılıqla adı bəzi məxəzlərdə, həm də Moldova Milli Tətbiqi Sənət Muzeyi kimi keçən Moldova Milli İncəsənət Muzeyinə üz tuturuq. Kafeyə yaxın ərazidə, "31 avqust, 1989-cu il" küçəsində yerləşir muzey. Mərkəzi küçələrdən biridir. Qırmızı kərpici üzlüyü və duruşu ilə Bakı meriya binasını xatırladan, italyan İntibahı memarlıq üslubundakı bu bina əvvəl qızlar məktəbi olub. 39 minlik kolleksiyası var. Orta əsrlər  xristian moldovan ikonaqrafiyası nümunələri ilə zəngin olan muzey ölkənin qədim, özünəməxsus tarixindən xəbər verir.  Repin, Ayvazovski, Şişkin, Rembrant, Renuar, Utamaro  kimi rus,  Avropa, yapon rəssamlarının orijinal  işləri var muzeydə.

Bir də moldovan-rumın rəssamı Mixay Qrekunun şedevrləri. Bəzi gördüklərimizi deyirəm yalnız.

Ən maraqlı məqamlardan biri muzeyin yerləşdiyi küçənin adıdır. Avqustun 31-i 1989-cu ildə elə bizim də "moldovan"  kimi tanıdığımız bu dilin öz həqiqi adını qaytardığı, əslində, rumın dili olduğunu təsdiqlədiyi gündür. Üstəgəl, o gün moldovanlar kiril əlifbasından latın qrafikasına da keçiblər.

Muzeylə tanışlıq bitir, amma biz bu gözəl məkanı tərk eləmir, onun ən hündür, deməli, ən hörmətli yerinə qalxırıq. Çardağa. Gözəl atmosferi olan taxta işləməli çardağdakı "kiçik zal" doludur. Ədəbiyyatçılarla, oxucularla. Bir azdan Anar müəllimin əsərinin müzakirəsi başlayacaq. "Ağ qoç, qara qoç" bu ilin əvvəlində, mart ayında Kişinyovda dərc edilib. İqor Volnitskinin tərcüməsi və Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə.

Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanunun dəvətindən və təqdimatdan sonra Anar müəllim, Moldovadakı səfirimiz Qüdsi Osmanov və Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov rəyasətdə yerlərini aldılar. Videogörüntülərin müşayiətilə xalq yazıçımız Anar və onun keçdiyi həyat yolu barədə ətraflı məlumat verildikdən sonra Arkadi Suçevyanu ilk sözü romanın (əsər bəzi çıxışçılar tərəfindən roman, bəziləri tərəfindən povest adlandırılırdı ki, bu da yalnız elə bizdə də olduğu kimi, rus-sovet ədəbiyyatşünaslığından miras qalmış "anlaşılmazlıq" idi) rumın dilinə tərcüməçisi, Moldovanın gənc və həm də kifayət qədər tanınmış, nüfuzlu nasiri, publisisti, tərcüməçisi, eyni zamanda, peşəkar jurnalist və politoloqu İqor Volnitskiyə verdi. Volnitski Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığı üçün, dəfələrlə belə imkana malik olduğuna görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova dərin təşəkkür etdikdən sonra bunları dedi: "Mən çox şadam ki, Anar kimi miqyaslı, nüfuzlu, böyük bir yazıçının əsərini rumın dilinə çevirmişəm. Əsəri həm bədii məziyyətlərinə, eyni zamanda, toxunduğu problemlər və onların dərinliyinə görə uzun-uzun təhlil etmək olar və bu proses boyu əsərin də, müəllifin də miqyasının getdikcə necə böyüdüyünü hiss edəcəksən. Mən tərcümə prosesində bunu hiss etdim və bu əsəri tərcümə etməyimə görə dəfələrlə sevindim.

Fikrimcə, qədim Şərq,  Qafqaz-türk əfsanəsinə söykənərək, Anar iki paralel dünyanı peşəkarcasına yarada bilib, eləcə də hansı dünyada yaşama seçiminin ancaq bizim özümüzdən asılı olduğunu sübut edib. Daha dəqiq desək, əfsanəyə görə, hər bir insan həyatında bir-birilə daima mübarizə aparan və qara qoçun meydana gəldiyi hansısa anla rastlaşır. Bu mübarizənin şahidi olan adam lazım olan anı yaxalayıb ağ qoçun belinə atılmalıdır, çünki yalnız o qoç həmin adamı işıqlı dünyaya apara bilər. Qara qoç zülmət dünyasını təmsil edir. Yenə də əfsanəyə görə, qoçun belinə atılsan belə, mütləq onun belində necə duruş gətirməyini bilmən vacibdir, çünki o, hər an səni qara qoçun belinə ata bilər. Anar povestində öz ölkəsinin günümüzdəki vəziyyətini təsvir edir, əsərin ikinci hissəsində isə onun (onun ölkəsi) qoçun belində duruş gətirə bilməyəcəyi təqdirdə, baş verə biləcək təsəvvür aləmini yaradır. Bu povestə laqeyd qalmaq mümkün deyil, çünki oxucu özündən asılı olmayaraq müəllifin təsvir etdiyi vəziyyəti hər birimizin yaşantıları ilə müqayisə edir. Povesti oxuyarkən, qeyri-iradi məndə belə bir sual yarandı: Moldova Respublikası nə zaman bizi zülmət dünyasına aparan qara qoçun belinə atıldı? Keçən əsrin doxsanlarında milli azadlıq hərəkatından doğan xoşniyyətli vətənpərvərlik yüksəlişi bir gecənin içində adi siyasi alverə çevrildiyi anda? Yoxsa biz müstəqilliyimizlə eyni zamanda yaranan bütün yaxşı şeyləri məhv edən aqrarların hakimiyyəti illərində qara qoçu ram edə bildik? Moldova Avropada kommunistlərin demokratik yolla hakimiyyətə gəldiyi yeganə dövlət idi, yoxsa bu elə o kommunistlərin vaxtında baş verdi? Yoxsa Moldova 2009-cu ildə, bizim ölkəni məsxərəyə çevirən "demokratik" partiyaların  hakimiyyəti başlayanda qara qoçun belinə atıldı? Bunlardan da vacib olan suallar var: Doğrudanmı bu qara qoçun belindən tullanmağımız heç cürə mümkün deyil? Doğrudanmı qoç bizdən o qədər uzağa qaçıb ki, ona çatmaq və belinə atılmaqçün heç bir şansımız yoxdur?

Görürsünüz, əsər məndə öz ölkəmlə bağlı nə qədər sual doğurub. Əgər bir əsər səndə özünlə, öz ölkən, onun yaxın-uzaq tarixi ilə bağlı bu qədər sual doğurursa, onda bu əsər əlbəttə ki, böyük əsərdir və onun müəllifinə bu gün hamının qarşısında dərin təşəkkür edirəm...".

Sonra şairə və ədəbi tənqidçi Mariya Pilkin çıxış etdi: "Anarın "Ağ qoç, qara qoç" əsəri roman pritçadır, xeyir və şərin mübarizəsi barədə əsatirdir. Birinci hissədə oxucu gözəl, xoşbəxt və müəyyən mənada şadyana Bakı şəhərini görür. Bu hissədə Azərbaycan xalqının və Azərbaycanın  tarixi ilə də qismən tanış olursan. Məlik Məmmədli personajının tarixçəsi - insanın milli və şəxsi faciəsi sayəsində formalaşmasının tarixçəsidir.  Burda milli ədəbiyyat və ədiblərə birbaşa dəxli olan mədəni-kültürəl aspektləri də görürsən. Roman  avtoreferensialdır. Biz, sanki təsadüfən yazıçı Anarın avtobus sürücüsü kimi bir "qara aqibəti"ni də öyrənirik. Əsərin musiqi xətti də var, daha doğrusu, müəllifin musiqi təcrübəsinin ötürülməsi...

İkinci hissə - bir növ antiutopiyadır. Azərbaycan üç zonaya - kommunizmin, dinin və kapitalizmin hökmran olduğu ərazilərə bölünüb.  Bütün bu əraziləri birləşdirən həmin ideyaların radikalizm həddində olması, hədd-hüdud hissini tanımamasıdır. Bu cəmiyyətdə dialoq olmayacağı təqdirdə Azərbaycanın yuvarlana biləcəyi dünyadır. Dialoqun tikanlı məftillərlə əvəzləndiyi dünya(lar)...

"Ağ qoç, qara qoç", eyni zamanda, insan tənhalığı barədə, fikirlərini bölüşmədiyin insanların arasında yaşamaq haqqında gözəl bir romandır. Əsər həm də ideologiyaların ailəni necə məhv etməsi barədədir. Radikal kommunizm, radikal din, radikal kapitalizm ailə institutunu qəbul etmir, ona ehtiyac duymur. Bu, bərbərin dövlət idarə etdiyi bir yerdir, yaxud tərsinə; ya da ki, pulun, yaxud dinin hakimi-mütləq olduğu bir dünyadır. Amma dördüncü, neytral zona da var - bu təklif edilən alternativdir. Həmin zonaya öz içinə çəkilən kimi də qaça bilərsən. Bu mənada ibrətamizdir: insan öz gücü və səyləri ilə işığa çıxa bilər. Seçə və seçimində sədaqətli olmalıdır - əsər bunu da öyrədir.

Moldova oxucusu üçün bu kitab və bu əsər Azərbaycanın həm bir ölkə kimi, həm də bir ədəbiyyat ərazisi kimi vizit kartıdır, məncə. Moldova kimi, Azərbaycan da fikrimcə, müasir indentiklik problemi qarşısındadır. Roman xəbərdarlıq edir: biz evi, ailəsi, vətəni olan insanın yaşadığı bir dünyanın məhvinin astanasındayıq...".

Çıxışçılar sırasında digər tanınmış ədiblər - Mariya Şlyaxtitski, Dumitru Krudu, Moldova ədəbiyyatının korifeylərindən olan Vladimir Beşleaqa, Məhəmməd Biriyanın sürgün və həbsxana yoldaşı Boris Marian da var.  Mariya Şlyaxtitski "Ağ qoç, qara qoçu" bəzi məziyyətlərinə görə Oruelin "1984" romanı ilə bir səviyyədə olduğunu söylədi. Dedi ki, əsərdə hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilib; məsələn, mən əvvəldəkı şadyana və butaforik əhval-ruhiyyədən xoşlanmasam da, yalnız sonda bunun əsərin növbəti hissəsinə necə uğurla xidmət etdiyini, müəllif fəndi olduğunu anladım; və bu da müəllifin ustalığını, roman texnikasına necə ustalıqla vaqif olduğunu göstərirdi. Dumitru Krudunun söylədiklərini elə sonda dediyi bir cümlə ilə ümumiləşdirmək olar: ""Ağ qoç, qara qoç" həqiqi şedevrdir...".

Vladimir Beşleaqa əsər, Anar və azərbaycanlılar barədə xoş sözlərdən sonra  öz soyadının türk etimolojisi, bir də dostu, xalq yazıçımız Elçinlə birgə bir uzun qatar səyahətində olduğundan xiffətlə söz açdı, öz dediyi kimi, "uzaq və gözəl zamanlardan".

Boris Marianın çıxışını rezume eləmək çətindi. Nədənsə, onun 5 saniyəlik şeirsəl çıxışı əvvəldə söz verilmədiyindən küsmüş Oqtay Rzanın rübaili nitqini xatırlatdı mənə.

Və əlbəttə ki, görüşün ən maraqlı hissəsi Anar müəllimin sualları cavablandırması idi. Hərçənd görüşün əvvəlində də Anar müəllim artıq kiçik bir giriş eləmiş, "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin vacib ədəbiyyat-mədəniyyət hadisəsi olduğunu vurğulamış, təşkilatçılara minnətdarlıq etmiş,  Kişinyovda çap olunan kitabın - "Ağ qoç, qara qoç"un rumın dilindəki ikinci çevrisi olduğunu qeyd etmiş,  tərcümələrdə, hətta yarımbaşlıqlar səviyyəsində də fərqlərin olduğunu rumın dilini bilməsə sezdiyini söyləmişdi. Özü də hər iki nəşri  fərqli yerləri əyani şəkildə göstərərək.

Anar müəllimin sonda söylədikləri sırasında əsərin yazılma səbəbləri, 2002-2003-cü illərdə Azərbaycandakı vəziyyətin bu əsəri zəruri etməsi, müasir Azərbaycan tarixi, utopiya və antiutopiyanın bir əsərdə çuğlaşması və başqa məqamlarla bağlı dolğun, əsaslı  fikirləri, bəzən isə xəfif yumor və hazırcavablıqla edilmiş qeydləri ciddi bir maraq doğurmuşdu. Xatırlayıram, pilləkənləri düşə-düşə xanım dinləyicilərdən biri həmsöhbətinə belə deyirdi: "U nix literatura rabotaet v onlayn rejime s istoriey..." Əlbəttə, ilk növbədə, konkret əsərin müəllifinə aid olan bu komplementar qeyd həm doğru, həm də bütövlükdə ədəbiyyatımızın ünvanına söyləndiyindən, xoşagələn idi. Mən geri çevrilib təşəkkür eləmək istədimsə də, təbəssümlə kifayətləndim. Və fikirləşdim ki, görəsən, moldovan ədəbiyyatçıların son 10-15 ildə rus dilində heç bu qədər danışdıqları olubmu?! Və onlar bizim bu xidmətimizi unutmayacaqlar ki?!

Tədbirin ən yaddaqalan məqamı isə əlbəttə, kitabimzalama idi ki, bunu da müəllifin, indiki halda isə xalq yazıçısı Anarın  öz kitabına sonuncu redaktəsi kimi qəbul etmək olardı...

 

Davamı gələn sayımızda

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.6-7.