Əvvəl-axır yazılanlar
Ədəbi esselər
Hər bir ədəbi cərəyanın canında bir
forma iddiası var. Romantizmin də, realizmin də,
sentimentalizmin də öz forma iddiaları olub. Amma onu son dərəcə
qabarıqlaşdıranda, çılpaqlaşdıranda bəzən
gülünc və bəzən də qəribə nümunələrə
gəlib çıxıblar.
A.Voznesenskinin "Xoruzların döyüşü"
adlı bir şeirini xatırlayıram. O şeir başdan-başa
ancaq bir-birilə döyüşən xoruzların
çıxardığı müxtəlif səsləri təqlid
edir, mətn büsbütün mənasız səs
yığımından ibarətdir. Şair buradakı səsləri
ətraf aləmdən çıxararaq tanış
bir mənzərəni kitab səhifəsində canlandıra
bilib. Ultraformalizmin ideal təzahürü! Sadəlövh
adamda "hamı bunu yaza bilər" təsəvvürü
yaranır. Amma Voznesenskinin də, Rembonun
da, Xlebnikovun da başqa şeirləri var. Onlar bütün
ölçüləri, vəzn və qafiyələri son dərəcə
cilalanmış bir hala sala bilirlər. Başqa
sözlə, əvvəlcə "klassik"
boylu-biçimli əsər yaza bilmə
bacarığını ortaya qoyandan sonra sənətkar hər
hansı eksperiment etmə səlahiyyəti qazanır. Ən abstraksionist rəssam belə əvvəlcə
adamı olduğu kimi, realistcəsinə çəkə bilməlidir
- ən abstrakt və romantik ştrixin arxasında min illərin
sərt təcrübəsi və içdən gələn
ilahi bir energiya durmalıdır. Bir sözlə,
oxucu və seyirçi "Xoruzların
döyüşü" zamanı olan kimi
çaşmamalıdı. O, Rembrandtın "Gecə
qarovulu" tablosunun qarşısındakı kimi heyrətlənməlidi.
***
Mona
Lizanı bəyənməyən və bunu yüksək səslə
bildirən birisinə belə deyirlər: Bilirsinizmi, bu
qadın uzun illər və əsrlər o qədər adama və
elə adamlara özünü bəyəndirib ki, indi artıq
o özü seçir, kim onu bəyənsin,
kim isə bəyənməsin.
Əsl mətn də belədir. O, həqiqi oxucusunu özü
seçir.
***
Mənim bir sıra şeirlərim, esselərim, hekayələrim,
hətta pyeslərim romanlarımı yazmaq üçün
eksperiment funksiyasını yerinə yetirdilər. Amma
maraqlısı odur ki, mən bunu indi, romanları yazandan sonra
anladım. Yəni mən onları yazanda
düşünməmişdim: bax, bu, eksperimentdir, bu isə
yox. Yazı zamanı bunlar səni məşğul
edə bilməz. Eksperimentlə
bağlı bu qədər. Mən
eksperimentdən danışmağı çox da sevmirəm.
Eksperiment Səma söhbəti deyil. Səma söhbətlərini yerüstü söhbətlərdən
ayırmaq lazımdır.
***
Həyatda görmədiklərimiz qaldımı?! Satqın dostlardan kişi düşmənlərə qədər
hər kəsi gördük. Sonadək dəyişməyənlər
də oldu. Bir etiraf edim: bu sonuncular etibarlı və
faydalı olduqları qədər də maraqsız idilər.
***
"Oxucu" məsələsi də Səma söhbəti
deyil. Əslində, bunlar son dərəcə vacib, amma yenə
də ədəbiyyatətrafı söhbətlərdir.
Sənə nə lazımdır? Sənə
Yol lazımdır!!! Hər kəs öz yolunu,
öz şeirini, öz şairini tapır, nərdivan kimi dirəyir
üzü Dərgaha. Kimi hoppanır, hoppanır sonra yenə
qayıdıb dəyir guppultuyla yerə (Sizif kimi), kimi də
görükən buludlara qədər ucalır, kimi bir az da ondan yuxarı... Sən
bütün bu vurhavurda "oxucu" adlı o məxluqu
görə bilirsənmi?!
Kiçik hərflə yazılan "oxucu" və
böyük hərflə yazılan "Oxucu"nun fərqi
barədə isə uzun-uzadı danışmaq olar. Bunların
arasında hələ bir "oxuyucu" da var.
O
başqa məsələ ki, niyə O, - göydəki, bu
hoppanıb-düşənlərin birinə işıq
göndərir, başqasına hüzur verir. Qiymətləndirmə
məqamı (meyarı), əslində, insan oğlunun
icadı deyil və onun istəyilə olmur. Bulqakovun
"Sənətkar və Marqarita" əsərində sənətkar
haqqında belə deyilir: "O, işığa deyil,
hüzura layiqdir". Həqiqətən, sənətkar
üçün ən önəmli olan hüzurdur, başqa
şey deyil.
***
Mətn həmişə iddialıdır. Ən
azından, onun oxunmaq və bəyənilmək iddiası var.
Bu, iddianın görünən, sezilən tərəfidir.
İddianın görünməyən tərəfi mətnin
başqa - özünəbənzər və ya özünəbənzəməz
mətnlərlə səsləşməsidir. Bu ikinci cəhət
mətnin yaşaması üçün son dərəcə
vacib amildir. Əslində, mətn
özü imkan verir ki, biz onu başqa mətnlərlə
müqayisə edək. Rəsmi müqayisə
adətən özünəbənzərlərlə, qeyri-rəsmi,
kulisarxası müqayisə isə özünəbənzəməzlərlə
aparılır.
***
Borxesin məşhur "ədəbiyyat idarə edilən
yuxudur" tərifinə qayıdaq. Demişdik ki, bəzi
yazıçılar bu yuxu məsələsini ədəbiyyatda
çox zaman primitiv şəkildə başa düşür
və personajları yeri gəldi-gəlmədi,
ayılar-ayılmaz yenidən yatmağa göndərir və
onların gördükləri (!) yuxuları uzun-uzadı təsvir
edirlər. Bu yuxular isə Borxes deyən
yuxu deyil. Borxes deyən yuxu əsərin əvvəlindən
axırınadək davam edir. Borxes deyən
yuxu müəllifin yuxusudur, personajın yuxusu deyil.
***
Ədəbiyyatın universal tərifə "gəlməməsinin",
məncə, bir səbəbi də budur ki, ədəbiyyat həyatın
bütün sferalarının, bütün şaxələrinin
fövqündə dayanır. Yəni təxminən belə:
"Ədəbiyyat hər şeydir". Havanın,
suyun mənəvi tərifini vermək nə cür
mümkündürsə, ədəbiyyatın da tərifini
vermək o cür mümkündür. Yəni
mümkün deyil.
***
"Mühakimə etmə, mühakimə edilərsən!" Nə qədər
ki, cavanlar şəxsiyyətlə mətni bir-birinə
qarışdıracaq, barrikadalar aradan götürülməyəcək.
Nə qədər ki, cavanların, elə bizim
hamımızın, bu sözləri deməyə mənəvi
qabiliyyətimiz çatmayacaq, "qan davası" davam edəcək.
O "sehrli" sözlər budur. "Bu əsər
əsərdir, amma bu əsər mənim əsərim
deyil". Bunu demək təkcə tərbiyə
yox, həm də intellektual səviyyə tələb edir.
Bunu deyərkən sən mənə sübut edə
bilərsən ki, infantillikdən uzaqsan.
Bu gün "ədəbiyyat ancaq mən deyəndir və
başqa cür deyil" düşüncəsi isə xəstə
təsəvvürün məhsulu kimi ancaq və ancaq
barrikadalara gətirən aqressiv isterikadır. Oyundan yox, oyun
yaxşı şeydir, əslində, hər şey oyundur,
oyundan demirəm, oyuncaqdan ayrıla bilməyənlərin
doktrina və manifestləri məhz belə inkarçılıq
təməli üzərində qurulur. Yaşlı
vaxtında oyuncaqla oynayanların isə əsl oyunun ləzzətindən
xəbəri olmaz. Onların yeri
Çexovun 6-cı palatasındadır.
***
Yağışlı, çiskinli bir payız havası
olaydı. Duman yavaş-yavaş dağ ətəyindən
dağ başına çəkiləydi. Uzaqdan
yarısı havada əriyən səslər gəlib
çataydı. Ürəyin az qala
yerindən çıxmaq istəyəydi. Göylərdən
bir arzun olsa, yerinə yetirək deyəydilər. Düşünəydin, beynindən bütün həyatın
ildırım sürətilə keçib gedəydi. Heç bir məqamını saxlamaq, geri qaytarmaq istəməyəydin.
Heç nə istəməmək özü də
ayıb olaydı. Bu zaman ürəyindən aram-aram
bunlar keçəydi: yağışlı, çiskinli bir
hava, yavaş-yavaş dağ ətəyindən dağ
başına çəkilən duman, uzaqda havada əriyən
səslər...
***
Belə
bir anlayış var: "ümumbəşəri mədəniyyət",
"ümumbəşəri mənəvi sərvətlər
xəzinəsi". Bu anlayışın
içində artıq Qərb, Şərq, Şimal, Cənub
yoxdur. O, kompasla idarə olunan bir məkan deyil, o,
çox spontan və gizli gedən proseslər nəticəsində
bəzən zərrə-zərrə, bəzən isə
ton-ton yığılır, yığılır və nəticədə,
insanlıq üçün vahid mədəniyyət xəzinəsi,
mənəvi ləzzət mənbəyi yaranır. Məsələn, indi hansı qərbli yadına
salır ki, "sıfır" anlayışı elmə ərəblərdən
gəlib?! Və yaxud xatırlayır ki,
onun Aristoteli tanımağının səbəbkarı ərəb
Averroesdir?! (Əlbəttə ki, Borxesdən
başqa.) Və yaxud onu
düşündürürmü, beyninin dərinliklərində
yer salan hansısa psixoloji modellərin əsası Çindən,
yaxud türkdən gəlib?! XX əsrin böyük
psixoanalitiki və filosofu Karl Yunqun əsərləri mütəxəssislərə
əsas verdi ki, onun düşüncə tərzinin
dərinliklərində qədim Çin
pünhanlıqlarından çox şeylər var, deyə
düşünsünlər. Hətta K.Yunqu
hansısa əvvəlki bir həyatında çinli kimi təsəvvür
edənlər də tapıldı.
"Şərq Şərqdir, Qərb Qərbdir və
onlar heç zaman bir-birinin içində əriyə bilməyəcəklər"
- ingilis imperiyasının sədaqətli ədəbi əsgəri
olan Kiplinqin bu misraları çağdaş dünyamızda
da keçərlidirmi?! Bir qərblinin düşüncəsi bu
gün buna hazırdırmı?! İngilis dahisinin bu
misralarını, adətən, sitat gətirənlər
onları iki nəhəng və möhtəşəm
düşüncə tərzi, mədəniyyətlər
arasında, az qala, tikanlı keçilməz
sərhədə çeviriblər. Amma bu zaman
həmin misralarla başlayan o gözəl balladanın məzmununun
ibrətamizliyini "unudurlar". Balladanın
sonunda Kiplinq, əlbəttə ki, iki sevən gəncin faciəli
aqibətində Şərqlə Qərbi birləşdirir.
Harda Şərq qurtarır, harda Qərb başlayır?! Bunu kim dəqiqliyilə
deyə bilər?! Müasir insan özünü bütöv
dünya mədəniyyətinin kontekstində hiss eləyirsə
onun üçün istiqamətin bir anlamı varmı?! Və yaxud istiqamət hərisi üçün
ümumbəşəri mədəni xəzinənin anlamı
və çəkisi nədir?!
***
Yeraltı dünya deyirik. Yunan Allahı Aidin səltənəti
deyirik. Ora kölgələrin vətənidir.
Stik çayını keçdinsə, daha geri
qayıtmaq qismətin olmayacaq. Bu tərəfləri
də unudacaqsan. Kamü qəhrəmanının o
dünyada bu dünyanı xatırlamaq xülyası qəflətən
gerçəyə çevrilsəydi, o şirin və rahat
yuxuya getməyi kim arzulamazdı?!
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.8.