Unudulmaz xatirələrin
işığında
Bir insan barəsində xatirələrimlə
bölüşmək istəyirəm, işıqlı bir
insan barəsində. Bəzən həyatımızda elə
şəxsiyyətlər, elə görüşlər olur
ki, taleyimizdə, mənəviyyatımızda silinməz izlər
buraxır. Aldığın öyüdlər,
təmənnasız, səmimi ürək yanğısı səni
Bakı ruzigarları tək, keçirdiyin
sarsıntıların caynağından qopararaq, adi çətinliklərdən
tutmuş, həyatın ağır iztirablarına qədər,
sipər kimi qoruyur. Ancaq sonra, bunun ani bir qurtuluş yox,
bir sınaq, bir imtahan olduğunu anlayırsan, bərkiyirsən,
təcrübə sənə həyatın
sarsıntılarına sinə gərməyi, təpərli
olmağı öyrədir...
Cəlal
Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il
dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin
(1882-1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə,
öz növbəsində, fars dilinin gözəl mütəxəssisi
kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur
olan görkəmli alimimiz Əziz Şərifin müəllimi,
molla Abbas Məmmədzadənin (1846-1916) oğlu idi. Mirzə Cabbar İrəvan Müəllimlər
Seminariyasını bitirmişdi, dövrünün
tanınmış ziyalılarından idi. İrəvan
Müəllimlər Seminariyasında türk dili müəllimi
kimi çalışmış, 1918-ci ildə İrəvandan
Naxçıvana köçmüş, oradakı ali ibtidai məktəbdə dərs demişdi. Bu illər ərzində o, türklər, ruslar və
farslar üçün türk dilini tədris edən, hər
biri ayrılıqda üç kitab, tək və şərikli
olmaqla 20 dərslik çap etdirmişdi. 1920-ci ildə
Bakıya köçən Mirzə Cabbar öncə ADU-da,
daha sonra Politexnik İnstitutunda Azərbaycan dilindən
mühazirələr oxuyur, 1935-ci ildə dil və ədəbiyyat
üzrə elmlər namizədi və professor, 1937-ci ildə
isə elmlər doktoru adına layiq görülür. O,
Əsəd Şeyxzadə, Maqsud Məmmədov, akademiklər
Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, professor
Əziz Əliyev və digər görkəmli şəxsiyyətlərin
müəllimi olmuşdur. Görkəmli alim 1937-ci ildə,
bir çox Azərbaycan ziyalıları kimi, ədalətsiz
hökmlərin nəticəsində həbs olunmuş və
güllələnmişdir...
Mən Cəlal müəllimi orta məktəb
yaşlarından tanıyırdım, qonşuluqda
yaşayırdıq, daha doğrusu, keçmiş N.Nərimanov,
indiki H.Cavid prospektlərindəki qonşu kvartallarda. Evimizdə
söhbəti gedərdi, atamla dostluq münasibəti vardı,
ədəbiyyat, elm adamları idilər. Ötən
əsrin uzaq 40-50-ci illərində, eyni fakültədə
olmasa da, eyni universitetdə oxumuşdular. Biz
də, - mən və qardaşım, - onun oğlanları ilə
bir məktəbdə oxumuşduq, bizim də yoldaşlıq
münasibətlərimiz vardı. Sonralar, məktəb
illəri və universitet qayğıları arxada qalanda,
öncə oğlu Farizi, bir neçə il
sonra isə məni uzun zaman
çalışdığımız təhlükəsizlik
orqanlarına işə dəvət etdilər...
1979-cu
ilin mart ayı idi, 26 yaşım vardı, universitetdəki təhsilimi
çoxdan başa vurmuşdum, Moskva Mərkəzi Dövlət
xarici dil kurslarının eksternlə qəbul olunduğum
italyan dili şöbəsinin sonuncu kursunu bitirməkdə
idim. İlk tərcüməm "Ədəbiyyat
və incəsənət" qəzetində çap
olunmuşdu. Ümumilikdə on müəllifin
16 novellasını "İtalyan novellaları"
başlığı altında çapa
hazırlamışdım, tərcümə ədəbiyyatımızda
italyan dilindən çevrilmiş ilk bədii əsər
olmalı idi. Çox
düşünüb-daşındıqdan sonra atam məni Cəlal
müəllimin yanına, Azərbaycan Kitab Ticarəti,
Poliqrafiya və Nəşriyyat işləri üzrə
Dövlət Komitəsinə apardı. Cəlal
müəllim Komitə sədrinin birinci müavini idi. Mehribancasına görüşdükdən sonra gəlişimizin
məqsədini açıqladıq. "Şamil, sən
bu cavan oğlanı da bizim günümüzə salmaq istəyirsən?",
- deyə Cəlal müəllim zarafatla mənə baxıb
gülümsədi. Cəlal müəllim
italyan dilindən çevirdiyimi biləndə çox təəccüb
etdi, o vaxtlar bizdə italyan dili tədris olunmurdu. Dövlət
Konservatoriyasında, anası İtaliyanın Modena şəhərindən
olan, məşhur partizan Şahbaba Məcidovun oğlu, dostum
Şauro Məcidovun əsasən vokalistlər
üçün nəzərdə tutulan qısa kursundan
başqa, respublikada italyan dilindən əsər-əlamət yox
idi. Moskvada oxuduğumu dedim, A.Moraviadan qəzetdə
çap olunmuş tərcüməmi göstərdim.
Qovluğu açıb bir qədər oxudu, rusca, yoxsa azərbaycanca
təhsil aldığımı soruşdu, azərbaycanca
oxumuşam, dedim, ancaq uşaqlıqdan rusca
da danışıram. Gözünü qovluqdan çəkmədən,
pis deyil, dedi, bu bir yenilikdir, çap edəcəyik. Özümə yer tapmırdım, o, makina vərəqlərinin
sayına gözucu nəzər salıb telefonun dəstəyini
qaldırdı. Danışdığı
"Yazıçı" nəşriyyatının direktoru
Əjdər müəllim idi. Qeyd elə, dedi, gənc
bir tərcüməçi gələcək, italyan dilindən
tərcümədir, plana salarsan, yox, səksəninci ilin, təxminən
6 çap vərəqi, yox, azdır, 35 min tirajla!.. Dəqiq belə bir söhbət getdi. Hə, nə deyirsən, - deyə yenə
üzümə baxıb gülümsədi. Sarsılmış halda təşəkkürümü
bildirib, dizimin üstündə hazır tutduğum kitabı
ona uzatdım. Üz qabığını tanıdı,
onun "Halə" kitabı idi, lütfən,
üstünü yazın, - deyə, xahiş etdim. O, kitabı
açıb, titul vərəqindən soldakı səhifədə
yazdı: "İstedadlı, əməksevər, gələcəyi
şəksiz gözəl olacaq Cəmşidə (Dostumun oğlu
mənim də dostumdur) Müəllifdən, - İmzaladı,
- 14.III.79". Buralardan keçəndə baş çək,
- dedi. Dövri mətbuatda çap
olmağına kömək edəcəm. Gələcək
iş yerin barədə də düşünərik. Problemin
olanda da gəl, - dedi. İl yarımdan sonra
Leninqradda oxuyarkən Bakıda ilk kitabım işıq
üzü gördü, atam onun 25 nüsxəsini və
qonorarımın yarısını ora göndərmişdi.
Bu
görüşdən iki həftə sonra həyatımda
gözləmədiyim bir hadisə baş verdi,
sevindirici olduğu qədər də ədalətsiz, ancaq
xoş sonluqla bitən bir hadisə. Neçə illər idi
ki, oxuduğum filologiya fakültəsinin 3-cü kursundan,
AMEA-nın Tarix İnstitutunda çalışan gözəl
insan, Qafqaz Albaniyası tariximizi ilk dəfə
işıqlandıran, türkcanlı alim, əslən Lənkəran
yəhudilərindən olan tarix elmləri doktoru Zelik
İosifoviç Yampolskinin məsləhətləri ilə, -
Zelik İosifoviç, Cəlal müəllim və atam
universitetdə eyni vaxtda oxumuşdular, dost idilər, - gecə-gündüz
latın dilini "əzbərləyir", rəsmi xarici dil
kimi I kursdan fars dilini öyrənirdim. Bundan xəbər tutan,
həmin institutun "III-VIII Orta əsrlər tarixi"
şöbəsinin müdiri, bizim günlərdə
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Rauf
Hüseynov evimizə zəng edib görüşməyi təklif
etdi. Təhsili rusca olan bu vətənpərvər
alim məni öz şöbəsinə işə
götürməyi, Leninqrada elmi təcrübəyə
yollanmağı təklif etdi. Fars, latın və italyan
dillərini bilirsən, - deyirdi, Leninqradda qədim erməni
dili olan qrabarı mənimsəyərsən, onlar tariximizi təhrif
edirlər, saxta tarixi "abidələrini" oxumaq vaxtı
çatıb, ancaq mütəxəssisimiz yoxdur, ən qədim
dövrlərdə Qafqaz ərazisində türk
tayfalarının mövcud olduğunu yazan Qədim Roma
tarixçisi Kornelius Tatsitusu da latınca oxumalısan. O,
bunları söyləyib, razılığımı
aldıqdan sonra İnstitutun direktoru İqrar Əliyevin
yanına getdi. İqrar müəllimin tarix
elmimizə baxışı türk yönəmli alimlərimizin,
o cümlədən mənim atamın fikirlərindən
radikal şəkildə fərqlənirdi. Rauf
Hüseynovun israrlı sübutlarına o, "
bu uşaq tarixçi deyil, filoloqdur, götürə
bilmərəm" və ya "biliklərini yoxlamaq
lazımdır", "qoy Zelik zəmanət versin" və
s., - deyə cavab verirdi. Zelik İosifoviç
gözəl bir təqdimat yazdı. Ancaq İqrar müəllim,
nəhayət ki, sözünün canını dilinə gətirdi:
"Bilirsən, Rauf, bu da yaza-yaza, atası kimi, tariximizi
aparıb türkçülüyə çıxaracaq...". Nə isə, artıq, incimirəm, hər
bir alimin öz əqidəsi var, ancaq kimisi millətinin tarixində
qalır, kimisi də yox, - mənim atam qalıb.
Cəlal müəllim və həyat yoldaşı Tahirə
xanım axşamlar çox sevdikləri Akademiya bağında
gəzişərdilər. Tahirə xanım Tibb
İnstitutunu bitirmişdi, uzun illər Bakı Səhəri
Oktyabr (Yasamal) rayonu səhiyyə şöbəsinin müdiri
vəzifəsində çalışmışdı. Cəlal
müəllimə yaxın olan az sayda qələm
sahibi bilirdi ki, onun həyat yoldaşı məşhur tənqidçi
Əli Nazimin doğmaca bacısıdır. Cəlal
müəllim və Tahirə xanım ayrılmaz idilər.
Bu iki insan necə də bir-birinə yaraşırdı! Axşamlar mən də dostlarımla
görüşə Akademiya bağından keçib gedirdim.
Tez-tez Cəlal müəllimlə
rastlaşır, salamlaşırdıq. Akademiyada
işə düzələ bilməməyim içimi
yandırırdı. Taleyimin daha bir qisməti
idi ki, o, gözlərimdəki kədəri duymamış
olmadı. Yol gedə-gedə əhvalatı ona
danışdım, sabah mütləq zəng
edərsən, - dedi, ayrıldıq.
Ertəsi gün aprelin 2-də böyük bir ziyalı
komandası bildiyi dillərin ucbatından "bəlaya"
düşmüş bir gəncə yardım etməkdən
ötrü toplaşmışdı. Cəlal müəllim,
atam və məni uşaqlıqdan tanıyan, atamın işlədiyi
Əlyazmalar İnstitutunun direktoru Cahangir Qəhrəmanov,
birlikdə akademik Ziya Bünyadovun yanına yollandılar.
Mən orada gözləyirdim. Ziya müəllim italyanca bildiyimi eşidəndə
"harada öyrənmisən?"- deyə
italyanca soruşdu. Cavab verdim. "Ona
"Oriente Moderno"nu (Romada çap olunan "Müasir
Şərq" jurnalı) verin", - dedi, "oxuyan yoxdur deyə,
yüzlərlə nüsxə Akademiyanın kitabxanasında
toz içində çürüyürr". Sonralar,
onun Moskvada yazdığı namizədlik
dissertasiyasının "İtaliyanın Afrikadakı
imperializmi" mövzusunda olması mənimçün
gözlənilməz oldu. Daha sonralar həmin o toz
basmış "Oriente Moderno"lardan birində
yaradıcılığı ilə daha yaxından
tanış olduğum görkəmli türkoloq, "Kitabi-Dədə
Qorqud"un Vatikan nüsxəsini tapıb üzə
çıxarmış Ettore
Rossinin 110 illiyinə xatirə məqaləsi yazıb,
1924-cü ildə Məhəmməd Əmin Rəsulzadə
haqqında yazmış olduğu orijinal bir məqaləsini də
tərcümə edib şərh verdim. Ziya
müəllimin xahişlərinə baxmayaraq, Tarix
İnstitutuna işə düzəlmək məsələsi
xətm olundu. Cahangir müəllim harasa getməli idi, Cəlal
müəllim Ziya Bünyadovu və atamı kənara çəkib
dedi: Gedək, ustada baş çəkək, 5-ci mərtəbəyə
düşüb, sol dəhlizlə getdik. Nizami adına
Ədəbiyyat İnstitutu idi. Cəlal müəllim Ziya
Bünyadovu görcək təlaşa düşən katibəyə
yaxınlaşıb İnstitutun direktoru Mirzağa Quluzadəni
soruşdu, Ziya müəllim qızın məruzəsini
gözləmədən, "Mirzağa", - deyə
qapını itələyib içəri keçdi, o birilər
də ardınca, sonra da məni çağırdılar... Mirzağa müəllim elə həmin gün,
aprelin 2-də əmrimi verib məni "Ədəbi əlaqələr"
şöbəsinə işə götürdü.
"Nizami Gəncəvinin italyan şərqşünaslığında
tədqiqi və tərcüməsi" mövzusu üzərində
çalışmağa başladım, düz iki il, ancaq sonra, - sonra başqa cür oldu...
Mirzağa müəllimlə təmasda olduğum o az müddətdə, bu mehriban insan hər dəfə
məni görəndə kədərlə deyərdi: "Sən
olmasaydın, bəlkə də, o üç dostumu bir daha
birlikdə görməyəcəkdim", kədərinin səbəbini
sonra anladım, xəstə idi, səkkiz ay sonra, dekabrın
12-də Mirzağa müəllim vəfat etdi.
Cəlal müəllimin ədəbiyyat tariximizdə,
xüsusilə də bədii tərcümə və kitab nəşriyyatı
sahəsində böyük xidmətləri olub. O, ADU-nun hüquq fakültəsini
bitirsə də ədəbiyyat üçün
yaranmışdı. Çoxları bilmir ki, Nizami adına Ədəbiyyat
İnstitutunun aspirantı kimi namizədlik işini bitirsə də,
akademik Heydər Hüseynovun Şeyx Şamili milli qəhrəman,
"Qafqaz evi" ideyasını isə dəyərli fikir
kimi təbliğ edən "XIX əsr Azərbaycan ictimai və
fəlsəfi fikir tarixindən" əsərinə verdiyi
müsbət rəyə görə Cəlal müəllimi
aspiranturadan və Yazıçılar İttifaqından kənar
etmişdilər (orijinal yumor hissinə malik olan Zelik
İosifoviçin zarafatları "dözülməz"
idi, bir dəfə ürəkdən gülərək mənə
danışmışdı ki, həmin o ağır illərdə,
Cəlal müəllimin dilxor vaxtları olsa da, onunla birlikdə
atamı kənara çəkib tam ciddiliyi ilə ona
demişdi: qardaş, adını çağırmaq təhlükəli
olduğundan, daha səninlə dostluq edə bilmərik, əgər
bunu istəmirsənsə gərək razılıq verəsən
səni "Anti Şamil" çağıraq)...
Sonrakı
illərdə Cəlal müəllim "Azərnəşr"də
bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan
Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio
Verilişləri və Dövlət Televiziya Komitəsində
sədr müavini, "Kommunist"qəzetində redaktor
müavini, "Azərbaycan" jurnalının baş redaktoru
vəzifələrində çalışmış, 1975-ci
ildən ömrünün sonunadək Azərbaycan Kitab Ticarəti,
Poliqrafiya və Nəşriyyat işləri üzrə
Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində
fəaliyyət göstərmişdi. Onun
yaradıcılığında nəsr, tənqid, jurnalistika,
bədii tərcümə, teatrşünaslıq və
publisistika hərtərəfli şəkildə əks
olunurdu. O, "Nuranə", "Gəlirəm,
Sagül", "Halə", "Həsən bəy Zərdabi",
"Mərziyə Davudova", "Ələsgər Ələkbərov",
"Rza Təhmasib" kimi maraqlı əsərlərin
müəllifidir, M.S Ordubadi, Əbülhəsən, Qılman
İlkin, İsmayıl Şıxlı, Nəbi Xəzri, Mirzə
İbrahimov kimi yazıçıların
yaradıcılığı onun səmimi tənqidi məqalələrində
tam dolğunluğu ilə öz realist əksini
tapmışdır. Cəlal müəllimin
yaradıcılığında tərcümə fəaliyyəti
xüsusi yer tutur. Rus dilinin incəliklərinə dərindən
bələd olan tərcüməçi A.Fadeyevin "Gənc
qvardiya", B.Polevoyun "Əsl insan haqqında povest",
V.Q.Belinskinin, A.Makarenkonun seçilmiş əsərlərini
uğurla Azərbaycan dilinə çevirmiş, M.S.Ordubadi,
M.Hüseyn, Ə.Məmmədxanlı, S.Rəhimov kimi ədiblərimizin
əsərlərini rus dilinə tərcümə etmişdir.
Cəlal Məmmədov "Əməkdar incəsənət
xadimi", SSRİ və Azərbaycan SSR Yazıçılar
İttifaqının katibi, Azərbaycan Jurnalistlər
İttifaqının "Qızıl Qələm"
mükafatı laureatı idi.
Cəlal
Cabbar oğlu Məmmədov 1983-cü il fevralın 4-də 65
yaşında vəfat etdi. Həmin gün
SSRİ Siyasi Bürosunun üzvü, ümummilli liderimiz Heydər
Əliyev onun ailəsinə başsağlığı
teleqramı göndərmiş, dəfni ilə əlaqədar
təşkilat komitəsinin yaradılmasına göstəriş
vermişdi. Cəlal Məmmədov
Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur. Mənalı
həyatının ömür-gün yoldaşı Tahirə
xanım da 2000-ci il noyabrın 25-də
dünyasını dəyişdi. Ancaq Cəlal müəllimin
xatirəsi onu tanıyan insanların yaddaşında,
oğlanları Farizin və Firuzun, qızı Dilarənin, nəvələri
Nigar və Niginin, Fəridin, Kamalın, Səbinənin qəlbində
həyatları boyu yaşayacaq...
Bəlkə də, heç vaxt bu cür həssaslıqla
qələmə almadığım bu yazı ilə gözəl
bir insanın - Cəlal Cabbar oğlu Məmmədovun xatirə
hekayətini bitirmək istərdim. Mən onu bir əsrin adamı kimi də
təsəvvür edə bilmirəm, o, gözlərim
önündə yalnız həmişəcavan bir insan tək,
təkrarsız mehribanlığı, müstəsna
davranışı ilə seçilən bir şəxsiyyət
təcəssümü, əsl azərbaycanlı
ziyalısı kimi qalmışdır, - qürur dolu, unudulmaz
xatirələrinin işığında...
Cəmşid CƏMŞİDOV
Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.12-13.