Formanın müqəddəs sirri
dil oyunları
III yazı
Bir müddət əvvəl, indi şeiri haqqında
danışacağımız şair TV-də
çıxışında ilk baxışdan mənə qəribə
gələn bir fikir söylədi və dərhal başqa bir
mövzuya keçid elədi. Dedi ki, ötüb keçmiş
ömürlə bağlı iki şeyi həmişə
xatırlayıram, bir uşaq və bir yaşlı adam. Hardasa çadır,
mağar qurulub, bəlkə də kiminsə yasıdır,
bilmirəm, adamlar yığışıb, uşaq oğrun
gözlə baxıb ağlayır. O yaşlı
adamı da xatırlayıram, ağlamasını,
doluxsunmasını anlayıram. Ancaq nə illah eləyirəm,
o uşağın niyə kövrəldiyini,
ağladığını heç cürə anlamıram, göy
üzünün buludlarının onun üzündə,
gözlərində nə işi vardı? Partlayışlar
nəticəsində günəşin çöhrəsində
(üzündə) qaz ləkələrinin püskürtü
izləri qalır. Poetik məkanda başqa
bir dilin, həm də kimsənin tanımadığı, bilmədiyi
bir dilin axtarışında olanda şübhəsiz ki, dəyişirsən,
təbiətdə külçə şəklində olan
şeyləri başqa, çox fərqli gözlə
görürsən. Poetik məkanın sərhədində bu "ləkələr"
son dəfə və bütün parlaqlığı ilə
sayrışır. Bu səbəbdən Malarmenin
sözü həqiqətdir: "şair özünün nitq
yoxluğunda yaşayır".
Belə bir mübahisəli mülahizə var ki, ədəbiyyatda
dil bir yöndə, üslubsa (stil) başqa bir yöndədir. Müəllif
hesab edir ki, üslub xüsusi obrazlılıq, xüsusi
maneradır, yazıçının sözlüyüdür
və bütün bunlar onun keçmiş həyatı, bu həyatın
yoxuş və enişləri ilə bağlıdır. Başqa bir müəllifə görə isə
üslub, eyni zamanda, keçmişin, indinin və gələcəyin
şırımları ilə bağlı olub dillə oyundur.
Əslində, vəziyyət necədir? Yuxarıda dediyimiz kimi, əgər poeziya mahiyyətcə
hələ danışmadığım, bilmədiyim dilin
axtarışıdırsa, üslub gözlərin
açılmasının (qəflətdən),
"ayılıb başa düşməyin" ifadəsindən
(tam ifadə eləməsə də, üsulundan deyək)
başqa bir şey deyildir.
Fikrimizcə,
yuxarıda misal çəkdiyimiz əhvalatda o gözləri
dolmuş uşağın yanında ola
bilmək üçün aşağıdakı şeiri
(Çingiz Əlioğlu, Sonuncu quyunu qazırıq dosta)
oxumağa dəyər.
Əbədiyyət
beş
addım torpaqdı, -
qara, nəmişlik...
Taledən,
ümiddən,
qismətdən kəsib,
biz ora nə
qədər
qurban
vermişik...
...Sonuncu
quyunu qazırıq dosta...
Alıb
öz payını
göz
yumur torpaq.
Sən
orda əbədi
sönmüş bir oda,
burdasa
cücərmiş yaşıl ota bax...
... Dəfn
edib,
dəfn
edib, dostu, doğmanı,
dəfn
edə bilmirik, kədəri, qəmi.
Qəbiristan
yanından
ötən lal çayın
sakitcə görkəmi,
bir də
ki, göyün
təmiz
dərinliyi
bizə
qahmar çıxır,
olur təsəlli...
Bu
şeir, Çingizin bütün
yaradıcılığı fonundan ayrı, yaxud fərqli
olduğu üçün seçmədik, bir fərq yoxdur,
fikrimizcə, ola bilər əvvəlki qənaətləri ilə
ziddiyyət təşkil etmir, əksinə indiyə qədər
yazdıqlarının "unudulduğu məqamda" dirilən
hissiyyatın bəlirtisidir. Hamı bilir ki,
Çingizin şeirləri, intonasiyası zahirən sakitdir, hətta
burda bəlkə, qəsdli bir sakitlik, diqqət çəkməmək
xassəsi də olmamış deyildir. "Nitq
yoxluğunda" təmkini saxlamaq, zahiri parıltıları
söndürmək şübhəsiz ki, güc tələb
edir. Ən mühümü iztirabın ifadəsidir.
Daxilən keçirdiyin, yaşadığın
iztirab şeirin dilinə çevrilibsə, bu dilə tam olaraq
yiyələnibsə, üslub registrində bu hal ən
müxtəlif tənasüblərdə paylanacaq. Sən o qədər şəxsi
"düşünməlisən" ki, yaranan poetik
parçada hər bir oxucu səni uzaqlaşdırıb burda
öz dərdini, fəlakətini görə bilsin. Şeirdə iztirabın düyünləndiyi
nöqtə yalnız birinci hissədə işarələnir
və bir daha təkrarlanmır, poetik mətndə
mühüm, son dərəcə kritik məqamın təkrarlanmaması
ustalıqdır.
Sonuncu quyunu qazırıq dosta...
Bu işarə iki planda çıxış edir. Bir tərəfdən
şübhəsiz ki, şeirdə ifadə olunan "təsvirə"
ironik mövqedə durur, orda ifadə edilənləri vasitəli
sual altına qoyur, onunla oynayır və dərinlərdə
başqa mətləblərdən yeni cəbhə
açır: sonuncu quyunu qazırıq dosta. Kim
kimə quyu qazır? Mən bilirəm ki,
bunu şəxsi planda yozmaq fəlakətdir, niyə?
Yozan kimi, kimsə deyəcək: qazdığın
quyuların ağzı açıq qalıb. Dilləşmə,
mübahisə inciklik və umu-küsü səviyyəsində
qövr edəcək. Birinci hissədə deyilənlər,
ifadə olunan hisslərdə hələ yer üzünün
izləri, cırmaqları var, dərd var,
nigarançılıq, içdən səni dağıdan
iztirab var, ömür keçdi deyə dillə ifadəsi
mümkün olmayan ağrı var, ancaq o, təkcə misra da
artıq şairin, yer üzünü tərk etdiyi, ordan
ayrıldığı məqamı ifadə edir, nitq
yoxluğudur və məhz buna görə adi gerçəklərlə
ziddiyyət təşkil edir, həm də elə bir ziddiyyət
ki, ömrün, ömürlərin qaçılmaz faciəsini,
dilə sığmayan sözlərini göstərir. Sadəcə, göstərir, onları hansı
kombinasiyada düzsən də, fikir yaranmır. Qənaət hasil olmur. Burda, bu
tipli mətnlərdə hər bir misra yox, bütövlükdə
mətnin mənası, bu mənalar arasında yaranan, usanmayan
dil oyunu əsasdır. Məzmunun formaya,
formanın məzmuna çevrilməsi aktı bu şeirdə
qəribə şəkildə icra olunur. Çevrilmə
anında həmin o gözləri dolmuş uşağın
üzündəki buludlar danışır, bu dili anlamasaq da,
kövrəlirik, dili sözdən yox, hissdən, duyğudan
başa düşürük, musiqidə olduğu kimi.
Sonuncu hissə qəribədir ki, mətləbə yeni
giriş təsiri bağışlayır. Başqa bir
yöndən. Bu hissədə də əsas
məna yükünün qırıldığı,
bütün enerjinin üzə çıxdığı
misra ayrıca yox, misraların arasında verilib.
Baxın:
...Dəfn
edib,
dəfn
edib, dostu, doğmanı,
dəfn
edə bilmirik, kədəri, qəmi.
Qəbiristan
yanından
ötən lal çayın
sakitcə görkəmi,
bir də
ki, göyün
təmiz
dərinliyi
bizə
qahmar çıxır,
olur təsəlli...
Bəli,
"qəbiristan yanından ötən lal
çayın..." sakitcə görkəmi... Birinci
hissədə daha çox hüzn var (sonuncu ayrıca
misranın "oyununu" çıxmaq şərti ilə),
burda isə məhz hər şeyə rəğmən
sakitliyin düşməsi, çökməsi, çayın
şırıltı dilinin kəsilməsi, ölüb getsək
də dilin içində yaşayacağımıza ümidi
də bəlkə ifadə edir. Bəlkə
də yox. Bu ikinci hissədə həm də
daha çox oxucuyla ayrılaraq onunla ən sıx təmasda
olmaq ehtirası var. Nüfuzedicilik. İnsanı
sakitliklə həyəcanlandırmaq və sair. Çay - sirdir, onun lal məqamı dünyanın
başdan-başa sirrə bürünməsi, sirlərin
dünya üzərində lay-lay yığılması
anlamına gəlir; digər tərəfdən isə bu iki
bir-birinə əks anlamı eyni zamanda və eyni semantika
içində ifadə edir. Çayın
lallığı zamanın dayanması və digər tərəfdən,
sadəcə, sürətin elə bir həddə
çatmasıdır ki, hər şey bizdə dayanma təəssüratını
oyatsın, ancaq, əslində, zaman, sadəcə, öz
oxundan çıxıb, şair nitq yoxluğuna keçid
edib, kiminsə odasına ölüm təşrif gətirib və
o adam qəlbinin həyəcanını həmin o sakit və
sirli çayın dilində ifadə edir.
Deyildi ki, bu poetik mətndə bir nüfuzedicilik var, biz
anlamadığımız, indiyə qədər bircə
sözünü eşitmədiyimiz bir dilin ağuşuna
düşürük, qəribə hisslər keçiririk. Bir filoloqun
fikrincə, "şeirlə qarşılaşanda içimdən
keçən həyəcanlı hissləri gizlətmirəm,
əksinə, onları mötərizədən azad edirəm,
özüm üçün elə bir işarələr
sistemini seçirəm ki, bunun təlqinedici magiyasını
özümdə indiyə qədər maneəsiz-filansız
hiss etmişəm" (J.Starobinski).
Şübhəsiz ki, burada mətnin immanent
xarakteristikasından bəhs edilir. Yəni intensiyalar,
kompozisiya, obrazlar, üslub, semantika, detalların
qarşılıqlı münasibəti və sair. Məhz onların sayəsində bizim bədii əsərlə
təmasımız yaranır. Başqa
sözlə desək, "adi danışıqda, gündəlik
həyatımızda hər bir insan hardasa danışdığı
dilə bərabərdir. Poetik mətndə
isə dil bizdən çox böyük və çox
güclüdür". Ən yaxşı
şeirlər, bizi ən mükəmməl şəkildə
ifadə edən, hislərimizə, qəlbimizə toxuna bilən
şeirlər bizim özümüzü də dilə
çevirir. Şübhəsiz ki, nə qədər
qəribə görünsə də, "şırıltı"
(həyat, axar-baxar) anlamını yaddaşda cücərdən
"çayın lal axması" ifadəsi mifdən gəlir,
ən azından, mifdəki intensiyaları yada salır. Və biz susuruq. Əbədi.
Çingizin bu şeiri insanı susduran şeirdir.
Ancaq susmaq nədir?
Bir filosofun fikrincə, "müasir poeziya həmişə
dilin qatili rolunda çıxış edir (ancaq indi başa
düşüldüyü kimi, dili korlamaq mənasında
yox-!), özü ilə susmanın hansısa konkret-hissi
analoqunu bildirir. Poeziya mifin əksidir; mif - faktlar sisteminə
çevrilməyi iddia edən semioloji sistemdir, poeziya isə -
mahiyyətə qədər sıxılıb ixtisar edilən
semioloji sistemdir". Başqa sözlə,
poeziya işarəni mənaya qaytarır. Bu məna yaranan kimi,
daha doğrusu, onlar dil oyununun çəmbərinə
düşən kimi faktlar sıradan və dövriyyədən
çıxır. Bu hadisə, yaxud mənzərə
hər hansı klassik mətni, deyək ki, qəzəl mətnini
oxuyanda tam fərqli şəkildə özünü göstərir.
Tədqiqatçının fikrincə,
müasir, modern poeziyada işarələr xaotikdir, klassik
poeziyada isə əksinə, bu mənada dəqiq
nizamlılıq var. Məhz mifə müqavimət göstərmədiyi
üçün klassik şeirdə şərh bölməsində
hər şey böyük bir mənanı hasil etməyə
yönəlir. Ancaq xaotik işarələrdən
hörülən müasir şeirdə bayaq
vurğuladığımız kimi, mifə qarşı
(şeirdə lal axan çayın
"şırıltısı"...-!) kəskin müqavimət
var, bu isə hardasa, haçansa təslim olacağının
işarəsidir. Bir böyük məna doğulan kimi
parçalanır, fraqmentlərə bölünür, səni
dünyanın ən müxtəlif bucaqlarına göndərir,
bəzən oralardan qayıtmaq da müşkülə
çevrilir (anlaşılmazlıq-!), bu məqsədlə
müasir şair həmişə hər şeyə təzədən
başlayır, lap mifin ilk toxumlarının səpildiyi
andan. Modern şair
dünyanın sonundan gəlir, hər şeyi görüb və
bilirmiş kimi, ancaq bu "biliklər" heç nəyə
yaramır, dünyada tayı-bərabəri olmayan gözəlliyə
işarə etmək üçün "biliksizliyə"
çevrilir. Çingizin
şeirində olduğu kimi.
Alıb
öz payını
göz
yumur torpaq.
Sən
orda əbədi
sönmüş bir oda,
burdasa
cücərmiş yaşıl ota bax...
... Dəfn
edib,
dəfn
edib, dostu, doğmanı,
dəfn
edə bilmirik, kədəri, qəmi.
Qəbiristan
yanından
ötən lal çayın
sakitcə görkəmi,
bir də
ki, göyün
təmiz
dərinliyi
bizə
qahmar çıxır,
olur təsəlli...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.14-15.