Tahir Salahovla söhbət
Rəssamlar danışmağı adətən çox
da xoşlamırlar. Duyğularını və
düşüncələrini, sevgilərini,
ağrılarını, sevinc və təlaşlarını
boyalar, fırça vasitəsilə ifadə edirlər.
Jurnalist, musiqişünas, publisist Raya Abbasova
azdanışan Tahir Salahovu, - bizim qeydsiz-şərtsiz
böyük sənətkarımızı -
"danışdıra" bilib.
Sənətşünaslıqda Tahir Salahov "sərt
üslubun" yaradıcılarından və ən görkəmli
nümayəndələrindən biri kimi qəbul edilir. "Sərt
üslub" - çoxcəhətli həyat gerçəkliyini
bütün qəlizliyilə, çətinliklərilə
ifadə etməkdir. Çətinliklərə
mərdi-mərdanə sinə gərmək və qalib gəlməkdir.
"Sərt üslub" dünyaya çəhrayı
eynəklə yox, ayıq və açıq gözlə
baxmaq, onu bəzək-düzəksiz görmək və göstərmək
cəhdidir. "Sərt üslub"
qurucu, yaradıcı insanların - fəhlələrin və
bəstəkarların, neftçilərin və
yazıçıların bədii obrazlarını plakat
nikbinliyilə deyil, real cizgilərlə yaratmaqdır. Raya Abbasovayla söhbətdə Tahirin ürəkdən
gələn etiraflarını oxuduqca bir daha əmin olurdum ki, bu "sərt
üslub" hardasa rəssamın uşaqlıq və yeniyetməlik
çağında qarşısına sıxmış sərt
həyat sınaqlarıyla bağlıdır.
Tahirin atasını - görkəmli partiya
işçisi, əqidəli kommunist Teymur Salahovu şərləmiş,
1937-ci ildə həbs etmiş və güllələmişlər. Tahir Salahovun başqa bir
müsahibəsində dediyi sözlər məni çox həyəcanlandırır:
"O sentyabr axşamında hava çox xoş idi. Təqribən axşam saat 10-da qapımızı
döydülər. İki nəfər
içəri girdi. Anam həyəcanla: - Nə olub? - deyə soruşdu. Atam: - Məndən
şübhələnmə, - dedi - narahat olma, tezliklə
qayıdacam.
Onu apardılar. Mən pəncərədən
baxırdım, atam onu aparan iki adamla tini burulub gözdən
itdi. Bu səhnə ömürlük
yaddaşıma həkk olundu. Bundan sonra atamı daha
heç vaxt görmədim".
O zaman
Tahirin doqquz yaşı varmış və donub qalmış
kinokadr kimi bu səhnəni bütün həyatı boyu
unutmayıb. On illərin içindən
keçirib hafizəsində saxlayıb.
R.Abbasovayla söhbətində Tahir məhkumun ailəsinin
hansı əzab-əziyyətlərə, məşəqqətlərə
düçar olduğundan danışır. Anasının - Sona
xanımın beş uşağı necə qəhrəmancasına
böyüdüb yetişdirməsindən bəhs edir. Ən
yaxın qohumların, qonşuların daha onların
qapılarını açmamalarından söz açır.
Amma Tahir müdrik mərhəmətlə onları qınamır. Zəmanənin
insanları ağır imtahana çəkdiyini nəzərə
alır.
Ən gənc
yaşlarından afişalar çəkərək, asfalt
üzərində rəsmlər yaradaraq, Tahir ailələrinin az-çox
dolanışığını təmin edirmiş. Rəsmə marağı ona lap kiçik
yaşlarından atası təlqin edib. Moskvanın və
Leninqradın Ali rəssamlıq məktəblərinə daxil
olmaq istəyilə bütün imtahanları uğurla verib və instituta ...
qəbul edilməyib. Axı tərcümeyi-halında
siyasi məhkum olunmuş insanın oğlu olduğunu qeyd
edirdi. Və bütün bioqrafik məlumatlarda
bu məlumatın altını qırmızı xətlə
cızırmışlar. Tahir Salahovun əksər
əsərlərində sənətinin özəl işarəsi
kimi qırmızı xəttin, ya qırmızı detalın
olması burdan doğulmayıbmı?
R.Abbasova rəssamı elə məsələlərdən
danışmağa vadar edir ki, o, təbii təvazökarlığı
və nəcabətinə görə özü heç vaxt
bu məsələləri car çəkməzdi. Amma bu faktlar da böyük rəssamın tərcümeyi-halında
izsiz qalmamalıdır. Özü əqidəli və bu
sözün ən dəqiq, ən yüksək mənasında
realist Tahir Salahov heç bir dəbdə olan "izm"lərə
meyil göstərmədi, amma bununla belə, başqa istiqamətlərdə,
ayrı üslublarda işləyən rəssamların da - əgər
onlar həqiqətən istedadlıydılarsa - dəyərini
bilir. Bu baxımdan, o, "Abşeron məktəbi" adlanan
və o dövrdə rəsmi siyasi və sənət dairələrində
saya salınmayan bir qrup rəssamı
- Mir Cavadı, Rasim Babayevi, Tofiq Cavadovu, Əşrəf
Muradı, Qorxmaz Əfəndiyevi "hədsiz dərəcədə
istedadlı" sayaraq onlara hər növ yardım göstərib.
Azərbaycan Rəssamlar İttifaqının sədri
və SSRİ Rəssamlar İttifaqının katibi olaraq
Tahirin onların hər birinin taleyində xeyirxah rolu var.
Əşrəf Murad xəstələnəndə maddi vəziyyəti
ağır olan rəssamla
müqavilə bağlayaraq ona o vaxt üçün
çox böyük məbləğ - 15 min manat verir. Mir Cavadın
Türkiyə xəstəxanasında müalicəsinə
yardım edir. Səttar Bəhlulzadə də
xəstələnəndə təcili şəkildə onun
işlərini alıb müalicə üçün gərək
olan məbləğlə təmin edir.
Toğrul Nərimanbəyovun anası İrmanın bəraət
qazanıb Bakıya dönməsi, mənzillə təmin
olunması da Tahirin xidmətidir.
Tahir Salahov rus rəssamı Pavel Nikonovun
"Geoloqlar" tablosunu xilas edib. Məhz bu əsərinə
görə N.S.Xruşşovun nadan hücumlarına məruz
qalan rəssam tablosunu məhv etmək qərarına gəlir.
Tahir onu bu fikrindən daşındırır, əsəri
götürüb Bakıya gətirir. Xruşşov və
onun sənət siyasəti süquta uğrayandan sonra Nikonovu Azərbaycana
dəvət edir və xilas olunmuş işini ona təqdim
edir. Rəssamın taleyin (daha doğrusu, Tahirin)
bu gözlənilməz töhfəsindən necə xoşbəxt
olduğunu təsəvvür etmək olar.
Həqiqi istedadın bir cəhəti də
başqalarının istedadlarına sevinməkdir. Paxıllar o
adamlardır ki, həsəd çəkdiklərindən nə
qədər aşağı olduqlarını özləri də
dərk edirlər. Dərk edirlər, amma
xislətləriylə bacara bilmirlər.
Tahir Salahovun "peredvijniklər" adlanan XIX əsr rus
rəssamlarına münasibəti də maraqlıdır. Bu rəssamlara
bədii cəhətdən deyil, mövzuları
baxımından qiymət verir. O işlərini qeyd edir
ki, onlarda sosial mövzular qabarıq ifadə olunub - Perovun
"Üçlük", Yaroşenkonun "Hər yerdə
həyat", Repinin "Təbliğatçının həbsi"
və "Gözləmirdik" əsərlərinə
münasibəti T.Salahovun özünün də sənətdə
vətəndaşlıq mövqeyinin nə qədər önəmli
saydığını göstərir.
İctimai
xadim kimi Tahirin xidmətləri sırasında Moskvada sovet
ideologiyasına daban-dabana zidd olan Robert Rauşenberq, Ruffino
Tamaya (onun obrazları Mir Cavadın obrazlarına
yaxındır), Frensis Bekon (əlbəttə, Orta əsr
filosofu yox, müasir ingilis rəssamı) kimi məşhur Qərb sənətkarlarının
Moskvada sərgilərinin təşkil edilməsidir. Tahirin məqsədi
bütün dünyanın bələd olduğu
çağdaş sənət örnəkləriylə
ölkəni də
tanış etmək idi. Onu da deyək
ki, bütün bu rəssamların sənəti Tahir Salahovun
estetik prinsiplərindən çox uzaqdır. Elə
bunda da rəssamın tolerantlığı, başqa
üslublara yalnız dözümlülüyü deyil, həm də
anlaşıqlı, dəyərverici münasibəti
görünür.
T.Salahov özündən qabaqki nəslin nümayəndələri
- Azərbaycan rəssamlarına da xüsusi ehtiramla
yanaşır.
Sələflərə inkarçı, yekəxana,
lovğa, bəzən təhqiredici yanaşma yalnız
nankorluğun yox, eyni zamanda, tərbiyəsizliyin örnəyidir.
Yalnız rəssamlar deyil, başqa sənət
sahibləri də keçmişə nəcib münasibət
bəsləməyi Tahirdən öyrənməlidirlər.
T.Salahov özündən əvvəlki sənətkarlar
haqqında - Qəzənfər Xalıqov, Lətif Kərimov,
Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə,
Tağı Tağıyev haqqında
böyük hörmətlə danışır.
Mən də
Tahirlə uzaq gənclik illərimdə elə bibim Həbibə
Məmmədxanlının həyat yoldaşı Tağı
Tağıyevin evində tanış oldum.
Qonşu idilər. Tez-tez
dostu və sinif arkadaşı Toğrul Nərimanbəyov
Tahirgilə qonaq gələrdi. Bəzən
onlar və Toğrulun əmisi, kinooperator Arif Nərimanbəyov
Tağıgilə keçərdilər.
Elə təxminən bu vaxtlarda Tahirin və Toğrulun
yaradıcılığı atamın da diqqətini çəkmişdi. Özü
poeziyada novator olan Rəsul Rza hansı fəhmləsə tək
ədəbiyyatda yox, musiqidə, rəssamlıqda da yeniliyi,
qeyri-adiliyi duyur, bəyənir və dəstəkləyirdi.
Moskva Konservatoriyasını bitirib Bakıya
qayıdanda çox da xoş münasibətlə
rastlaşmayan Qara Qarayevi ilk dəstəkləyənlərdən
biri də atam idi. Qarayevin bir söhbətini
xatırlayıram. Şostakoviçə
qarşı növbəti yöndəmsiz tənqid
kampaniyası başlayanda onun tələbələri Qarayev və
Cövdət Hacıyev təlaşlanırlar, öz aqibətlərini
bilmək üçün "Quran" səhifələrinə
üz tuturlar. Müqəddəs kitabı açıb
rastlarına çıxan ilk cümləni oxuyurlar: Sizi dəmir
dəyənəklərlə döyəcəklər - Qarayev
bunu gülə-gülə danışırdı. Çox
illər sonra mən bu əhvalatı Cövdət Hacıyevdən
xəbər alanda Cövdət müəllim səhvimi düzəltdi:
Yox, orda belə yazılmışdı: - Sizi dəmir
qırmanclarla döyəcəklər.
O vaxt
Kinematoqrafiya naziri olan Rəsul Rza Qara Qarayevə maddi dəstək
məqsədilə xüsusi olaraq məhz onunçün yeni
vəzifə yaradır: - Kinoteatrların musiqi rəhbəri.
Axı o illərdə
kinoteatrların öz orkestrləri vardı və
seans qabağı çalardılar.
Rəsul
Rza cahil, küt tənqiddən gənc istedadlı şairləri də qoruyurdu -
Əli Kərimi, Məmməd Arazı, Fikrət Qocanı,
Vaqif Səmədoğlunu... İndi onlar klassik sayılır və o
hücumlar da, o hücumlardan müdafiə də unudulub gedib,
sanki heç belə şeylər olmayıb.
Qəribə
şakərimiz var. Sənətə bənzərsiz
yaradıcılıqla gələn gənc istedadlar ilk
addımlarında top-tüfənglə
qarşılanırlar, özlərini təsdiq edəndən,
hamı tərəfindən qəbul və təqdir olunandan
sonra onları vaxtilə tənqid edənlər də bu xora
qoşulurlar, haçansa nəinki onlara, hətta onların
müdafiəçilərinə də hücumlarını
yaddan çıxarırlar.
Eynən bu təbir Tahirlə Toğrula da aiddir. İlk
addımlarında onlar da şiddətli və əsassız tənqidlərə
məruz qaldılar. Bir gün Toğrulun
tamamilə bədbinləşib ölkədən
çıxıb getmək istəməsini də
xatırlayıram. Amma gənc rəssamlara
qahmar duranlar da oldu və onlardan biri də atam idi. Rəsul
Rza elə ilk işlərindən Tahirə də, Toğrula da diqqət
yetirdi, onları özüylə Azərbaycanın
rayonlarına aparırdı, barələrində müsbət
rəy yazırdı. Toğrul haqqında
"Pravda" qəzetində, Tahir haqqında Moskvanın
"Tvorçestvo" jurnalında. T.Salahovun əsərlərini - "Səhər
eşalonu", "Rezervuarlar", "Fəhlənin
portreti"ni yüksək qimətləndirdiyinə görə
Moskvanın mötəbər sənətşünası
Andrey Lebedev Rəsul Rzaya ciddi iradlarını bildirmişdi.
Gənc rəssamlara iradları yalnız mühafizəkar
sənətşünaslar deyil, bəzi partiya xadimləri də
tuturdular. Belə
hadisələrdən birini Tahir xatırlayır:
"Yadımdadır,
mənim "Yeni dəniz" (1970) şəklimin təqdimatında
MK-nın məsul işçilərindən biri məndən
soruşdu: - Tahir, niyə sənin fəhlələrin belə
ciddidirlər, niyə heç gülümsəmirlər? Heydər
Əliyev söhbətə qarışdı: "Onlar niyə
gülməlidirlər ki... İşləyiblər, əmək
sərf ediblər
- bu çox ağır zəhmətdir". Bir qədər sonra "Yeni dəniz" tabloma
görə mən ilk dövlət mükafatımı
aldım".
Heydər
Əliyev sonralar da Tahir Salahovu həmişə dəstəkləyirdi,
onun böyük istedadını, həyatın müxtəlif
sınaqlarında dəyanətini və sədaqətini yüksək qiymətləndirirdi.
Tahir Salahov tez bir zamanda sənətiylə
özünü təsdiq edə bildi. Moskvada və Bakıda Rəssamlar
İttifaqına rəhbərlik etdi, əvvəl Azərbaycan
Ali Sovetinin, sonra da SSRİ-nin deputatı seçildi, ən
müxtəlif mükafalara və ən yüksək adlara
layiq görüldü. Rəssamın ilk yaradıcılıq
dövründə - gəncliyinin ən kövrək, həssas
illərində aldığı yaralar da sağaldı, bəlkə
də, unuduldu.
Sovet sisteminin sənətkarlara münasibətində qəribə
bir paradoks vardı, onları gah qaldırır, gah da gözdən
salırdı.
Tahir Salahovun portretlərini çəkdiyi sənət
adamları da bütün bunları yaşamışdılar
- Dmitri Şostakoviç də, Mstislav Rastropoviç də,
Andrey Voznesenski də. Eyni aqibəti Rəsul
Rza da yaşamışdı. Bir vaxt yüksək vəzifələr
tutan, fəxri adlarla təltif olunan şair qısa müddət
ərzində qurduğu və on il rəhbərlik etdiyi
ensiklopediyadan Moskvanın təhriki ilə
uzaqlaşdırıldı, deputat
"seçilmədi", SSRİ Yazıçılar
İttifaqı İdarə heyətinə düşmədi. Halbuki uzun illər boyu həm deputat, həm də
İdarə heyətinin üzvü olmuşdu. Sonralar Heydər Əliyevin təşəbbüsüylə
o, yenidən deputat seçildi, Sosialist Əməyi Qəhrəmanı
adı aldı. Ömrünün məhz o
bəlalı dövründə Tahir atamın portretini çəkdi.
Bu, kişi hərəkəti idi. Qorxmazlığın ifadəsi idi.
Rəsul
Rzanın vəfatından çox illər sonra Tahirlə məhrəm
söhbətimiz zamanı dedi ki atasını çox erkən
yaşında itirdiyindən xüsusilə ilk gənclik illərində
Rəsul Rzanın ona atalıq qayğısını heç
vaxt unutmur.
Rəsul
Rza Tahirə məqalə həsr edib və orada portret üzərində
işi xatırlayır:
"Bir də
görürdün ki, Tahir müəyyən bir şəkildə, müəyyən
bir tərzdə səni otuzdurur və başlayır işləməyə.
Baxıb görürsən ki, doğrudan,
çəkdiyi şəkil istər oxşarlığı,
istər özünun ifadə məzmunu etibarilə çox
yaxşıdır. Səhərə vədələşib
vaxt qoyurduq ki, davam etsin. Səhər gələndə
görürdüm ki, Tahir bütün kompozisiyanı dəyişib
təzədən başlayır. Belə bir, iki,
üç dörd dəfə... Bir də görürsən
ki, yalnız əlləri çəkməklə bir neçə
seans məşğul oldu". Raya xanım mənə T.Salahovla söhbətlər
kitabına Ön söz yazmağı təklif edəndə
qarşıma problem çıxdı. Məsələ
ondadır ki, 2003-cü ildə Tahirin yetmiş beş
illiyində onun haqqında "Sədaqət" adlı
böyük esse yazmışdım və bu yazı
"Bakinski raboçi" qəzetində dərc olunub, mənim
"Azərbaycan ədəbiyyatı, sənəti, mədəniyyəti"
üçcildliyimə daxil edilib. Sevdiyim rəssam
haqqında yenidən necə yazasan ki, dediklərini təkrar
etməyəsən. İndiki yazımda
buna çalışdım, rəssam haqqında demədiklərimi
söyləməyə cəhd etdim. Köhnə
yazımdan yalnız bircə sitat gətirmək istəyirəm:
"Bir dəfə özüm də bilmədən Salahovun
işləməsinin şahidi oldum. Tahir uzun illər
boyu görüşəndə deyirdi ki, şəklimi çəkmək
istəyir. Onun çox gərgin həyat
ritmini bildiyim üçün özüm bunu heç vaxt rəssama
xatırlatmırdım. İki il
bundan qabaq ən yaxın və əski dostumu, istedadlı bəstəkar
Emin Sabitoğlunu itirdim. Tahir də onunla dost idi. Vəfatının ikinci günü Emingildəydik.
Televizoru qurmuşduq. Bəstəkar
haqqında nekroloq səslənməyə başladı.
Altı yaşından tanıdığım və
bütün şüurlu həyatımı
çiyin-çiyinə yaşadığım bir dost
haqqında bu vida sözlərini eşidərkən nə hala
düşdüyümü təsəvvür etmək olar. Bu
hisslərin sifətimdə necə əks olunduğunu isə az sonra
Tahirin demə, bu vaxt çəkdiyi qrafik portretimdən bildim.
Yəqin ki, bu mənim ən kədərli şəklimdir,
amma mənə çox əzizdir. Həm
Eminin xatirəsiylə bağlı olduğuna görə, həm
də Tahirin qələmindən çıxdığına
görə".
O gündən
çox illər keçdi və bir səhər Tahir zəng
elədi, məni İçərişəhərdəki
muzey-emalatxanasına dəvət etdi. Məlum
oldu ki portretimi çəkmək niyyətindədi.
Dörd-beş seansa mənim iki qrafik və bir irihəcmli
yağlı boya ilə portretlərimi çəkdi. O vaxt qəlyan çəkirdim
və şəkil çəkdiyi zaman da əlimdə qəlyan
tutmuşdum. Bir gün nədirsə unutdum, qəlyansız
gəldim. Tahir bir az tutuldu. Dedim ki, əlimi
eynən elə tutaram - elə bil əlimdə qəlyan var.
Bir az düşünüb köməkçisini
göndərdi eynən belə bir qəlyan aldırdı və
yalnız mən qəlyanı əlimə alandan sonra işləməyə
başladı. Mən sənətkarın ən xırda detallara
belə neçə "vasvasılıqla"
yanaşdığının şahidi oldum. Portretimdə
mənə təsir edən bir detal da o oldu ki, arxa planda
atamın məşhur şəklini yerləşdirmişdi.
Tahir Salahovla bu yaradıcılıq görüşləri,
iş seansları, məhrəm söhbətlər
ömrümün unudulmaz xatirələrindəndir. Tahir
özü də bu barədə deyib:
"Son işlərimdən biri xalq
yazıçısı Anarın portretidir. Əvvəllər
atasının - gözəl şair Rəsul Rzanın
portretini çəkmişdim. Anar -
bütöv bir dünyadır. Onu sonsuz dəfə
çəkmək olar. Seans zamanı
öz dünyasına çəkilir, fikirlərinə qərq
olur, səninlə birgə duyur".
Tahirə çox minnətdaram bu səmimi sözlərinə
görə də, birini mənə
bağışladığı gözəl portretlərimə
görə də.
Tahir Salahovun 90 yaşı tamam oldu. Hörmətli
Prezidentimiz İlham Əliyev onu Birinci dərəcəli
Əmək ordeniylə təltif etdi.
Böyük
sənətkarımıza nə arzu etmək olar, uzun
ömür, möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları...
Bir də
mənim bir arzumun həyata keçirməsini, bu
arzularımı Tahirə
demişəm. T.Salahov Dədə Qorqudun, klassik və
çağdaş şairlərimizin parlaq portretlərini
çəkib. İstərdim ki, gənc
Füzulinin də portretni çəksin. Məhz GƏNC
Füzulinin, çünki adətən bu şairi çox
qoca yaşında təsvir edirlər. Sevgi
haqqında ən incə və ən ehtiraslı şeirlər
müəllifini saçı saqqalı ağarmış
ixtiyar obrazında görmək adama qəribə gəlir.
Tahir Salahovun fırçasıyla
canlandırılmış gənc Füzuli onun şeirlərindən
aldığımız zövqə uyğun bir obraz olardı.
Bir də Tahirə təklif etdim ki, milli faciəmiz
Xocalı soyqırımını əks etdirən bir tablo barədə
düşünsün. Tahir Salahov belə
bir şəkil çəksə İnsanlığın
Yaddaş muzeyində bu şəkil Pablo Pikassonun məşhur
"Hernika"sıyla yanaşı yer tutardı.
R.Abbasovayla söhbətlərində Tahir Salahov ən məhrəm
fikirlərini söyləyir. Sanki
özü-özüylə təkbətək
danışır.
Təklikdə,
amma bizim
hamımızla birlikdə..
2 dekabr
2018
ANAR
Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.16-17.