Azərbaycan Dövlət Gənc
Tamaşaçılar
Teatrının 90 illiyi
qeyd edilib
90 yaşını qeyd edən sənət ocağında bugünədək 600-dək yeni səhnə əsəri hazırlanıb
Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Yubiley gecəsində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə teatr sənətinin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan, eləcə də Gənc Tamaşaçılar Teatrının tarixi keçmişindən, qazandığı uğurlardan söz açıb.
“Teatr sənəti Azərbaycan xalqının tarixində özünəməxsus yer tutur. Azərbaycan xalqı özünü teatrsız təsəvvür edə bilməz. Xalqımızın mədəniyyət tarixində teatrın böyük rolu var. 147-ci mövsümünü yaşayan Azərbaycan teatrı xalqımızın inkişafında əvəzsiz rol oynayıb. Bu il artıq 3-cü teatrın yubileyini qeyd edirik. Bu yubileylər öz-özlüyündə keçirilən yola yenidən nəzərə salmağa və gələcəyə doğru yeni istiqamətlər açmağa imkan verir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrın simasını tamamilə dəyişib. Ötən 10 il ərzində bu sahədə inqilabi dəyişikliklər baş verib”, - deyə nazir diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan teatr sənətinin, teatr xadimlərinin həm maddi, həm də mənəvi cəhətdən dəyərləndirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Belə ki, öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına – orden və medallarına layiq görülür.
Teatrlarımızın beynəlxalq festivallarda iştirakı mədəniyyət siyasətimizin prioritet istiqamətlərindən biri kimi daim dəstəklənir və bu sahəyə xüsusi önəm verilir. Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan artıq ölkəsində keçirilən beynəlxalq tədbirlərdə, festivallarda respublikamızı uğurla təmsil edib.
2018-ci ilin Azərbaycan teatr həyatı üçün xüsusilə əlamətdar bir il olduğunu söyləyən Ə.Qarayev deyib ki, ölkə başçısının müvafiq sərəncamları ilə bu il Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının 50 illik yubileyləri yüksək səviyyədə qeyd edilib.
Ə.Qarayev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin teatr sənətinə xüsusi diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan teatrı ötən əsrin 70-ci illərdən başlayaraq parlaq yaradıcı uğurlara və davamlı inkişafa nail olub. “Müasir dövrümüzdə ulu öndər Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin teatr sahəsinə göstərdiyi qayğı nəticəsində ölkə teatrlarının yaradıcılıq axtarışları daim dəstəklənib və maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Gənc Tamaşaçılar Teatrı da bu qayğıdan kənarda qalmayıb, teatrın binasında 2007-ci ildə əsaslı təmir-bərpa işləri aparılıb. Açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Ümid edirəm ki, 90 illik yubiley ərəfəsində sənət ocağında zəhməti olan əməkdaşlar dövlətimizin başçısı tərəfindən mükafatlandırılacaq ”, - deyə Ə.Qarayev vurğulayıb.
90 yaşını qeyd edən sənət ocağında bugünədək 600-dək yeni səhnə əsərinin hazırlanmasına diqqət çəkən nazir deyib ki, teatr hər zaman istər böyüklər, istərsə də uşaqların ən sevimli məkanı olaraq qalır.
Əbülfəs Qarayev deyib: “Bu gün təkcə Gənc Tamaşaçılar Teatrının bayramı deyil, həm də Azərbaycan teatr həyatının, teatrsevərlərin bayramıdır. Bir daha hamınızı bu bayram münasibətilə təbrik edir, Azərbaycan teatrının inkişafı uğrunda göstərdiyiniz dəyərli xidmətlərə görə, hamınıza təşəkkür edirəm. Teatrın kollektivinə yaradıcılıq uğurları arzulayıram, bayramınız mübarək”.
Sonra teatrın
repertuarında xüsusi yer
tutan bir sıra səhnə
əsərlərindən hisslər təqdim olunub.
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.15.