Uzun illərdən sonra...
Mən
"Cəbrayıl şivəsi"nin
çapa hazırlanmasına bir övlad vəzifəsi kimi
başladım. Kitab Azərbaycan Elmlər Akademiyasının
nəşr etdirdiyi Tofiq Hacıyevin "Seçilmiş əsərləri"nin bir cildi kimi çap olunacaqdı.
Atamın
yazıları dörd yerdə cəmləşmişdi:
yaşadığı evində, Bakı Dövlət
Universitetində müdiri olduğu Türkologiya
kafedrasında, Bilgəhdəki bağ evində, bir də son
illər rəhbərlik etdiyi Nəsimi adına
Dilçilik İnstitutundakı otağında. Cari işlərinin
arasında üç iş daha aktiv görünürdü:
bunu vərəqlərində qeydlər aparılmış
Anarın Nazim Hikmət haqqındakı "Kərəm kimi
yana-yana" kitabı, Ramiz Rövşənin şeir
kitabları və Sadıq Elcanlının yubileyinə həsr
edəcəyi məqalənin qeydləri aydın göstərirdi.
"Azərbaycan dilinin Cəbrayıl şivəsi"
dissertasiyası Dilçilik İnstitutundan gətirdiyimiz
bağlamada idi - qəhvəyi rəngdə, köhnə,
qalın bir cild. Kağızı çox
saralmış və makina yazısına əl yazısı
ilə əlavə edilmiş dialektoloji işarələr bəzi
yerlərdə oxunmaz hala gəlmişdi.
Dissertasiyanın Dilçilik İnstitutundakı işlərinin
arasında olmasının səbəbini bilirdik. Akademiyada
işlədiyi dövrdə planlaşdırdığı əsas
işlərdən biri yaxın bir neçə ildə Azərbaycanın
dialektoloji atlasının yenidən nəfis şəkildə
ayrı-ayrı bölgələr üzrə nəşr edilməsi
idi. Bildiyimə görə, çap
sırasındakı ilk bölgə adları belə idi:
Naxçıvan, Qarabağ, Cənubi Azərbaycan, Dərbənd.
Rekord hesab ediləcək qısa müddətdə institut
Naxçıvanın dialektoloji atlasını hazırladı
və atam bizi tərk etməmişdən bir neçə ay əvvəl
işıq üzü gördü. Bir nüsxə
də evə gətirmişdi. Atlasın
doğrudan möhtəşəm görkəmi var idi. Bütün cildləri yan-yana olanda əvəzsiz bir
abidəyə çevriləcəkdi. İkinci
cilddə "Qarabağın dialektoloji atlası"
kitabında "Cəbrayıl şivəsi"ndən də
istifadə olunacaqdı.
Uzun illərdən sonra yazının mütəxəssis
olaraq ilk oxucusu Bakı Dövlət Universitetinin professoru
dialektoloq Məhərrəm Məmmədli oldu. Dəyərli
qeydləri və əsər haqqındakı yüksək
fikirləri məni ruhlandırdı. Çətin,
bəzən də tamamilə oxunmayan hissələri
aydınlaşdırmaq üçün dissertasiyanın
universitet kitabxanasındakı nüsxəsindən də
istifadə etdik. Beləliklə, kitabın nəşrindəki
texniki çətinliklərin birinci mərhələsi, yəni
orijinalın düzgün oxuna bilməsi məsələsi həll
olundu...
Bəzi səbəblərdən
bir ilə yaxın uzatdığım işin yazıda
qısa etirafından sonra, indi də kitabın bir cəbrayıllı
kimi məndəki təəssüratlarından və fürsəttən
istifadə edib "Cəbrayıl şivəsi"nin müəllifindən bir neçə
söz yazmaq qərarına gəldim. Lakin kitaba
böyük dilçi alimimiz, atamın sevimli tələbələrindən
olan akademik Nizami Cəfərovun ön sözündən sonra yazmaq,
atamın təbiriylə desəm, zarafat deyil. Əslində isə çətindi. Bu yazını kitabın ön sözünə
kiçik əlavə hesab edirəm.
"Cəbrayıl
şivəsi"ni oxumağa başlayanda,
elə ilk səhifədə, bir neçə sətirdən
sonra, dayanmalı oldum. Qəhər məni
boğdu. Dalbadal gələn, içinə
Cəbrayıl havası hopmuş nümunələr güllə
sırası kimi sarsıtdı. Aramızda
3 saatlıq yol və 25 illik ayrılıq olan
torpağımızı bir anda gördüm. Nə
itirdiyimi təkrar anladım... Buna bənzər
hissi kitabı oxumağa başlayan hər bir cəbrayıllının
keçirəcəyinə təəssüfləndim.
Kitabı ilk dəfə əlinə alan
kiçik vətənindən didərgin düşmüş
hər bir cəbrayıllı o torpaqları qoruya bilmədiyimiz
üçün bir daha təəssüf edəcək,
oxuduğu hər misal onun içini sızıldadacaq. Bu
acı hiss yaşadığımızın həqiqətidir.
Əminəm ki, o torpaqları
almağımızın, ora böyük
qayıdışın həqiqətə çevrilməsinə
çox qalmayıb. Biz ora öz şivəmizlə
qayıtmalıyıq ki, torpaq bizi tanısın. Bu
gün ata-babalarının yurdunu görmədən
boya-başa çatanlar Cəbrayıl şivəsinin gözəlliyini
bilməli və onu unutmamalıdı(r)lar.
Nə etmək
olar, həyatın acı-şirin balansı varsa da, hamıya
aid olan ümumi şirini çox, fərdi şirini az görünür və hamıya aid ümumi
acısı az görünməklə, fərdi dərdləri
böyükdür. Qarabağın dərdi bizim
üçün böyük olsa da, dünyanın, sanki bundan
xəbəri yoxdu(r).
Cəbrayıl hələlik işğal altında qalan
və hamımıza əziz olan torpaqlarımızın bir
parçasıdır. Mən Cəbrayıl deyəndə
bütün Qarabağın ağrısını nəzərdə
tuturam - Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri,
Füzulini, Zəngilanı, Qubadlını və Cəbrayılı.
Bu bölgənin şivələri bir-birinə
çox yaxındı. İllər qabaq
atamın kitabxanasından tapdığım Ceyhun Hacıbəylinin
"Qarabağın dialekti və folkloru" əsərini dəfələrlə
oxumuşam. Açığı,
Qarabağa bu yolla virtual səyahətim daha çox
Şuşaya gedib çıxırdı. Etiraf edim ki,
indi "Cəbrayıl şivəsi"ni
oxuyanda öz kəndimizi görürəm.
Fikirləşirəm ki, yaşadığın məkanın
qürbətdə və ya vətəndə olmasından
asılı olaraq yerlibazlığın əsasında da elə
doğma dil, sonra dialekt, daha sonra şivə durur. Görünür,
yazımda həmişə Cəbrayıl sözundən istifadə
etməyimin səbəbi də elə budu. Eynşteynin məhşur fikirlərindən biri belədi(r),
problemi onun çərçivəsindən kənara
çıxmadan həll etmək olmaz. Atamın
ağır məqamlarda yumordan istifadə etməsi bu fikri
xatırladır və mən də bu fəndi bəyənirəm.
Atam elmə - işə çox bağlı olub. Evdə
olduğu vaxtının da böyük hissəsini yazı
masasının arxasında keçirirdi. Yadıma
düşür ki, hətta onurğasında yaranmış xəstəlik
zamanı, həkim uzun müddət oturmağı qadağan
edəndə, mənə səthi ön tərəfə
meyilli alçaq bir dördayaq düzəltdirmişdi. Onu yazı masasının üzərinə qoyaraq,
ayaq ustdə işləyirdi. Beləcə,
uzun sürən müalicə vaxtı işini
dayandırmadı.
Əlavə
işlərdən vaxtı qalmayanda, işlətdiyi
özündən narazı ifadələri yadımda qalıb:
"bu gün bir səhifə də oxuya bilməmişəm"
və ya "üç gündü bir səhifəni
yazıb qutara bilmirəm...". Evdə daha səmimi və açıq olduğunu
güman etsəm də, indi anlayıram ki, silahdaşları
onun ictimai və elmi kimliyini məndən çox yaxşı
bilirlər. Bu baxımdan, mənim yeni bir
söz deməyim mümkün deyil.
Atamın
"iş yoldaşları" yox, silahdaşları deməyim
təsadüfi deyil. Biz uşaqlıqdan evimizdə bir
mübarizə ruhu hiss etmişik. Atam vurğunu
olduğu doğma dilimizin tarixini tədqiq edərək, məhz
bu adamlarla birlikdə xalqımızın tarixini yad və
yanlış mülahizələrdən, iftiralardan qoruyub.
Silahdaşlar deyəndə, tutduqları vəzifə
və ixtisaslarından asılı olmadan xalqın əsl
ziyalılarını nəzərdə tuturam. Onların arasında atamla həmyaşıdlar, ondan
yaşca böyüklərlə yanaşı, gənc, yeni nəsil
də olub. Sonuncuların yetişməsində
şübhəsiz, atamın da rolu var. Tələbələri
dediyimiz bu mütəxəssislər hamısı atamın dərslərini
auditoriyada almayıblar. Onları birləşdirən
tutduqları vəzifələrdə, auditoriyalarda, təhsildə,
təlimdə, televiziya və radioda ümumi ideoloji prinsipləri
qorumaqdır. Bir akademikin silahdaşının
vaxtilə tələbəsi olmuş akademik olması elmdə
ən böyük nailiyyət - xoşbəxtlikdır. Bu hissin nə dərəcədə möhtəşəm
və şükürlə dolu olduğunu anlamaq
üçün akademik olmağa ehtiyac yoxdur. Bu səviyyəyə mərhələli, təməl
prinsiplərini qoruyaraq, bu prinsiplərə qarşı
olanlarla döyüşərək gedənlər kənardan
daha aydın görünürlər. Bəzən
gözəl bir rəsm əsəri haqqında incəsənət
araşdırıcısının qələmə
aldığı duyğularını oxuduqda, rəsmin müəllifi
Allahın ona bəxş etdiyi qabiliyyəti daha aydın
anlamağa başlayır.
Atam elmdə
və işdə kifayət qədər cəsarətli adam idi. Sevdiyi dilinin mükəmməlliyi
ilə cəsarətli fikirlərini hədəfə sərrast
vurmağı bacardığı kimi, klassiklərimizin lirik
incilərinin şərhini də yüksək zövqlə
verə bilib. Başına gələn faciələr onu
sarsıtsa da, özunu daha dərinliklərə vuraraq,
heç vaxt sağalmayacaq yaralarını
ağrısızlaşdırıb...
Tofiq müəllim türkçülüyü elmi əsaslarla
təbliğ edənlərdən olub və türklüyü
ilə fəxr eləyib. İndi türkçülüyü açıq
müdafiə edənlər, şükür ki, çoxdur...
Atamın
həyatını düşünəndə, qərara gəlirəm
ki, atam xoşbəxt adam olub. Yaşayıb-yaratdığı dövrün
hüdudlarında elmin zirvəsinə qalxa bilib. Və gördüyü işlərin
qarşılığını da bəzən gec, bəzən
vaxtında alıb.
Bir şeyi unutmamaq lazımdır ki, böyük
insanların görə biləcəyi işləri onlar həyatdan
köçdükdən sonra başqaları adətən daha
uzun zamana, daha böyük güc və potensial hesabına
görməli olurlar. Bu ən yaxşı halda belə olur.
Bəzən isə bu işlər
yarımçıq və ya heç görülməmiş
qalır. Hazırda ətrafımıza
diqqətlə baxsaq, bu insanları görmək olar. Onları kultlaşdırmaq, əbədi hesab etməkdənsə,
qayğı, diqqət göstərərək xalq naminə
faydalanmaq lazımdır.
Atamdan
klassik bir fikri dəfələrlə eşitmişəm:
"Hər şeyə yaxınlaşanda böyüyür,
insana yaxınlaşanda kiçilir". Zaman
keçdikcə, o bizdən uzaqlaşdıqca, daha da
boyüyür. "Hər canlı
ölümü dadacaqdır". Filds adlı bir alimin
dediyi kimi, "... Həyat təhlükəlidir.
Onu sağ ikən tərk edən xoşbəxtdir". Atamın həyatının son aylarında daha
yaxından tanıdığım elə insanlar oldu ki, onlar bu
fikrimi qəbul etməsələr belə, mən atama etdiklərinə
görə özümü onlara borclu bilirəm. Bu borc mənə yük deyil, onu daşımaqda
çox hisslərin və keyfiyyətlərin sintezindən
doğmuş, güc hopmuş zövq var.
Yazı uzandıqca, "ÖN SÖZə kiçik əlavə"liyindən çıxır. Sonda bu kitabın ərsəyə gəlməsində əməyi olanlara, xüsusilə də həmişə qayğılarını hiss etdiyim atamın tələbələrinə öz minnətdarlığımı bildirir və yekunda bir həqiqəti də qeyd etmək istəyirəm.
Kitabı həyat yoldaşımla birlikdə çapa hazırlayırdıq. Prosesin texniki səbəblərdən uzanması bizi üzürdü. Nəhayət, kitabın son səhifələrinə çatmışdıq. Bu gün (İnşa'Allah) işimizi bitirəcəydik. Kitabın son bölməsi dialektoloji mətnlər idi. Beləliklə, çoxdan gözlədiyim an gəlib çıxdı - son cümləni oxudum:
Adığı addara qoyum, a belə oğul, fərsiz-fərəməz!
Başımı qaldırdım.
Yoldaşımın qəhərli, gülümsər və təəssüflü
gözlərinə baxdım. Atam mənimlə yenə zarafat
eliyir...
Azər Tofiq
oğlu Hacıyev
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.19.