Absurd
Kimsəsiz evin dodaqları
idi pəncərələr,
şəfəqlərdə itirdiyimiz
şəhər idi uzaqlar...
Adını sən qoy!
...Şərq tərəfində
şumlanırdı günəş.
Gedənlər bareldəki qara
neft,
gələnlər dəsmala
bükülmüş üç
damla ağrı,
adı qan!
...Sən heç zaman böyümədin -
anam deyərdi hər zaman.
Muğayat ol, yaşım
aldadar səni,
hələ də süd içirəm hər səhər...
...Bir qaranquşun ölüm hekayəsi idi
kimlikdə yazılan
sözlər.
Burda susardı uşaqlar,
orda sönərdi bağçalar.
Adını "silah" qoy.
..O ağaclardan düşən
yarpaqlar idi
intihar müəllimi,
o buludlardan tökülən
yağış
çöküş tələbələri...
...Ölüm yaxına gəlirsə,
qorxma qəti!
Adını "qismət" qoy,
adını tale.
Tanrı
sönükdür -
belə dedi Zərdüşt...
Açıq idi pəncərə
üzü dənizə.
Bratigan çəkdi tətiyi,
beyninin rəsmini çəkdi divara...
Sayın
poeziya,
bədənimin Mayakovski tərəfi
ağrıyır!
...Fahişələrin gecələrində
qeyb oldu günah,
burda heç zaman açılmadı səhər,
orda heç zaman bitmədi gecə.
İydə ağacları
Keçmişdə
ətir satan bir qoca kişiydi
iydə ağacları...
...Məzarlar insanlardan öncə ölür,
xəstəxanalar ağrıyır
insanlardan öncə.
...Gül dükanları vidaların birinci şahidi,
tabutlar - hiss etdiyimiz sonuncu xatirə,
quraqlıq - saçlarını
öz əliylə kəsən "Yağış"
adında bir qız!
...Zindanda olan kişi dörd divarın qarğışına
tutulmuşdu,
yalanlara uyma!
Mən isə uzaqlarda bir gölməçəydim...
...İydə ağacı olmaqdan,
Məzar
olmaqdan,
zindan olmaqdan çətindir
uzaqlarda bir gölməçə olmaq.
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.17.