Gecikmiş məhəbbət...

 

hekayə

 

Səhər yenicə açılırdı. Taleh pəncərənin şüşəsində oynaşan yaz günəşinin işartılarını görüb, ehmalca yerindən qalxdı. Canının arğısından gecəni yata bilməmişdi. Klinikaya gedib özünü yoxlatmaq istəyirdi. Əvvəl yan otağa keçib,  uşaqlarına baş çəkdi. Onların şirin yuxuda olduqlarını görüncə üzünə xoş bir təbəssüm qondu.  Sakitcə geri döndü. Həyat yoldaşının açıqda qalan qıçlarını yorğanla örtüb sonra mətbəxə keçdi. Qaz pilətəsinin çaynik olan gözünü yandırdı. Lakin müxtəlif analizlər verə biləcəyini düşünüb, çay içmək fikrindən daşındı. Qazı söndürüb yenidən yataq otağına qayıtdı. Klinikaya baş vurandan sonra işə getməli idi. Gözləməyin mənası yox idi. Hazırlaşıb evdən çıxdı.

Saatına baxdı. Hələ vaxta var idi. Klinikaya piyada getmək olardı. Ətrafa nəzər saldı. Ağacların çılpaq budaqlarından boylanan tumurcuqlar aydınca sezilirdi. Hər tərəfdə yazın nəfəsi duyulurdu. Ciyərlərinə çəkdiyi tərtəmiz bahar havası kürəklərindəki ağrını silib apara bilmədi. İçində bir əndişə də var idi. Elə bil nəsə olacaqdı.    

Klinikaya girəndə içəridə adam çox deyildi. Qeydiyyatda gəlişinin məqsədini açıqlayıb, göndəriş vərəqi aldı. Ödəniş etdikdən sonra qəbzi də götürüb 15 nömrəli otağa yaxınlaşdı. "Məmmədova Könül" yazılan qapını döyüb yavaşca içəri daxil oldu. Səliqə-sahmanlı görünən ağxalatlı həkimin başını qaldırması ilə yerindəcə donub qalması bir oldu:  "Yəni gerçəkdənmi bu, odur?!"  Qarşısındakı adamın Taleh olduğuna inana bilmirdi. Könül xanımın sifəti pörtdü, gözləri bərəldi. Taleh də təlaş içində idi. Özünü itirdiyindən salam verməyi belə unutdu. Dil-dodağı quruduğundan udquna bilmirdi. Elə bil qayğılı gözləri ilə Könül xanıma iki metrlik məsafədən deyil, on illik tarixi olan şirin xatirələrlə dolu  uzaq keçmişdən baxırdı. Görünən o idi ki, uzun illərin ayrılığı bir-birini sevən iki aşiqin qəlbindəki sevgi odunu hələ də söndürə bilməmişdi. Xeyli keçəndən sonra Taleh özünü ələ ala bildi:

- Necəsən, Könül?

Himə bənd imiş kimi, Könül başını aşağı salıb, hönkürtü ilə ağlamağa başladı. Az qala səsinə yoldaşları axışacaqdı. Çox keçmədi ki, gözlərinə çəkdiyi sürmə bütün sifətinə yayıldı. Taleh otağa girdiyinə peşman olsa da, geri qayıtmaq istəmədi. İki addım qabağa gedib, astadan dedi:

- Ağlama, Könül. Xahiş edirəm. İndi hamı bura gələcək.

- Qoy gəlsinlər. Mənə fərq etməz. Onsuz da həyatdan bezmişəm. Axı sən  mənim nələr çəkdiyimdən, necə yaşadığımdan xəbərsizsən. Daha dözə bilmirəm, Taleh... - bir az ara verib, yenidən davam etdi - Düzünü de görüm, niyə gəldın? Mənə acıq vermək üçünmü?  Olmaya, keçmiş xatirələrin odunda yandırmaq istəyirsən məni?

- Nə danışırsan, Könül? Mən səninlə qarşılaşacağımı gözləmirdim. Özümü bir az pis hiss etdiyim üçün gəlmişəm. Müalicə almalıyam.

- Bəs qapının üstündəki yazıya nə deyirsən?! - Könül soruşdu.

- Vallah, sənin burda işlədiyini bilmirdim, yoxsa, qayıdıb gedərdim.

- Gedərdim! Hmm. Demək, daha sevmirsən, özünə yad bilirsən məni, eləmi?

- ...

- "Ölənə qədər mənimlə olacaqsan, səni qəlbimdən heç bir qüvvə qopara bilməz!" deyən sən deyildinmi?

Taleh ah çəkib, dərindən köks ötürdü:

- Fikrin nədir? Deyirsən, ailələrimizi dağıdıb hər şeyi yenidən başlayaq? Göz yaşı axıdacağını zamanında anlamalı idin. Üstümə gəlməyə haqqın yoxdur, Könül. Mən özümdə heç bir günah görmürəm. Əgər düzünü bilmək istəyirsənsə, səni həmişə xatırlayıram. Taleyimə acıyıram ki, niyə mənə qismət olmadın.

- Bəs deyirsən, burda olduğumu bilsəydin, məni narahat etməzdin.

- Səni yenidən görmək, yaramı təzələmək  istəməzdim. Axı keçmişə qayıtmaq...

Qapı qəfil döyüldü. Talehin sözü ağzında qaldı. Orta yaşlarında, boz  şlyapalı, saqqallı bir kişi idi.

- Gəlmək olar?

- Xeyir, - Könül cavab verdi, - deyin, sizi başqa həkimə yönəltsinlər, mən qəbul edə bilməyəcəyəm. -  Sonra hansısa nömrəni yığıb,  telefonda danışmağa başladı:

- Zərifə, bu gün mənə xəstə göndərməyin. Özümü pis hiss edirəm.

Nə dedilərsə, "Yox, yox, heç nə lazım deyil, narahat olmayın" deyib, dəstəyi yerinə qoydu. Və üzünü Talehə tutdu:

- Deyirsən, yaranı təzələmək istəməzdin, hə?  Bəs mən? Mən insan deyiləm? Bu vaxta qədər arayıb-axtarmadığın, maraqlanmadığın bəs deyil, üstəlik halımı da bilmək istəmədin? Niyə? Nəyə görə? Təkcə ona görə ki, bir yerdə deyilik? Əvvəllər mənə "Könlüm" deyərdin, indi "Könül" deyirsən... İçdiyimiz andı, bağladığımız əhd-peymanı nə tez unutdun, Taleh? Bəs deyirdin səni heç vaxt darıxmağa qoymayacağam. Mənim nə kimi hisslər, əzablar keçirdiyimdən xəbərin oldumu? Daha gücüm tükənib, dözə bilmirəm. Ürək daşdan deyil axı. İçim  göynəyir, bağrım çatlayır, Taleh!  Bu illər ərzində nələr çəkdiyimi bildinmi heç?! 

Könül içini çəkərək yenidən göz yaşlarına qərq oldu. Ağlaya-ağlaya əl çantasından ürəkşəkilli güzgüsünü çıxarıb stolun üstünə qoydu. Çərçivəsi və dəstəyi qızılı rəngdə olan bu güzgünü Taleh ona, hardasa, on beş il əvvəl bağışlamışdı.

- Mənim üçün dünyada bundan qiymətli, bundan əziz hədiyyə yoxdur. Mən bu güzgünü göz bəbəyi kimi qoruyur, oxşayır, gözümdən kənara qoymuram, Taleh. Elə bilirəm ki, onu itirsəm, səni itirmiş olacağam. Mən hər dəfə ona baxanda özümü deyil, səni görürəm orda.

Könül dayanmadan yanıqlı-yanıqlı ağlayırdı. Elə bil ürəyini boşaldıb çəkdiyi əzablardan xilas olmaq istəyirdi. Taleh çıxılmaz vəziyyətdə qalmışdı. Çox pərişan olmuşdu. Nə edəcəyini bilmirdi. Könül isə hey ağlayır, sakitləşənə oxşamırdı. Taleh yavaşca ona yaxınlaşdı. Sağ əli ilə Könülün saçına sığal çəkib dedi:

- Ağlama, Könül. Xahiş edirəm. Ağlama. Əgər məni sevirsənsə, ağlama.

Könül içini çəkə-çəkə göz yaşlarını sildi.

- Mən ərə getməmişəm, Taleh, gora getmişəm. Ərim evə hər gün içkili gəlir. Günlərini eyş-işrətdə keçirməklə məşğuldur. Bu adamda tərbiyə, mənəviyyat deyilən heçyoxdur. Ailəsi, hətta yeganə övladı belə onu düşündürmür. Uşaq doqquz yaşına çatıb, indiyə kimi onunla doqquz dəfə maraqlanmayıb. İnan mənə, Taleh, əgər oğlum olmasaydı, mən çoxdan intihar etmişdim.

Şirin xatirələrlə dolu ötən illər Talehi özündən aldı. Baxışlarını Könüldən ayırmadan  əlini yavaşca onun çiyninə qoydu:

- Səni başa düşürəm, Könül. Axı neynəmək olar? Gərək dözəsən. Ürəyini sıxma. Yavaş-yavaş hər şey yoluna düşər. O axmaq fikirləri də başından çıxart.  Layiqli övlad böyütməyi düşün. Oğlun böyüdükcə dərdlərini sənə unutduracaq, görərsən...

Könül Talehin tutulduğunu,  pərişan halını görüb dedi:

- Səni narahat etdim, Taleh. De görüm, necəsən? Yoldaşınla necə yola gedirsən?

- Belə . Yaşayırıq.

- Onu sevmirsənmi?

- İki övladım var: oğlum qızım. Hələ məktəbə getmirlər, balacadırlar. Oğlum mənə bənzəyir, qızım isə...  onu sənə oxşadıram. Bəlkə heç bənzəri yoxdur, amma mən oxşadıram.

- Sən heç dəyişməmisən, Taleh. Mən isə qocalmışam. Taleyim qocaltdı məni...

- Günah özündədir, Könül. Güvənmədin mənə. Qoşulub getmədin mənimlə.

- Bacarmadım. Vallah, bacarmadım. İstədim, ancaq alınmadı. Həyatımı anamın göz yaşlarına qurban verdim. Atamın "Mən Əli kişiyə söz vermişəm, camaat içində başımı yerə soxma!" kəlməsinə cavab qaytara bilmədim. Mən valideynlərimə  görə ömrümü puç etdim, Taleh. Onlarsa məni  daş-qaşa, var-dövlətə, şan-şöhrətə satdılar. İndi mən yaşadığım böyük, çilçıraqlı sarayda özümü zülmət qaranlıqda çürüyən kimsəsiz bədbəxt bir insan kimi hiss edirəm. Xoşbəxt həyat sürdüyüm kasıb komamız üçün illərdir burnumun ucu göynəyir... Yəqin ki, sənin qarğışın tutdu məni, Taleh.

- Mən qarğış bacarmıram, Könül. Bir ki, sənə qarğış eləmək özümü qarğımaq deyilmi?

Könül yerindən yavaşca qalxdı. Talehin əllərindən yapışıb, gözlərini onun gözlərinə zillədi:

- Biz niyə qovuşa bilmədik, Taleh? Tanrı yanında hansı günahımız vardı ki?

- ...

- Sən öz vüqarını, əzəmətini, şirinliyini hələ itirməmisən, Taleh. Mən səni yenə sevirəm. Əvvəlki kimi. Dəlicəsinə, ürəkdən!

Taleh istəsə , əllərinini Könüldən ayira bilmədi.

- Gələn olar, Könül. Özünə problem yaratma, - deyə yavaşca dilləndi.

- Əşşi, problem ey. Elə bilirsən, bu illər ərzində mən gün görmüşəm? Problem budur ey. Amma səni həmişə sevmişəm, xatırlamışam. Xəyalımda oxşamışam, əzizləmişəm səni! Sənsiz bir günüm olmayıb, Taleh. Hər dəfə təhqir  olunanda sənin qürurunu xatırlayıb dözmüşəm. Şirin söhbətlərini, lətifələrini, mənə göstərdiyin qayğı nəvazişi unutmaq mümkünmü, Taleh?! Görünür, Allahın mənə bəxş etdiyi xoşbəxt günləri səninlə olduğum dövrdə xərcləyib qurtarmışam.

Könül sakitləşdiyi üçün Taleh özünə gəlmişdi. Könülün saçına sığal çəkib ona yenidən təsəlli verməyə başladı:

- Sən bir az iradəli ol. Dözmək lazımdır, Könül. İnşallah, yavaş-yavaş hər şey qaydaya düşər. İstəsən, arada mən sənə baş çəkərəm, dayaq olaram.

- Sən heç dəyişməmisən, Taleh. Deyirsən, baş çəkərsən ? Bilirsən, necə gözəl olar? Mənə görə narahat olma, ərimdən qorxan deyiləm. qədər çalışdım, boşana bilmədim. Ata-anam da istəmir, deyirlər, el içində rüsvay olarıq. Qalmışam belə. Başımı itirmişəm, Taleh. edəcəyimi bilmirəm. Həyat mənim üçün öz mənasını itirib daha.

Taleh onun sözünü kəsib dedi:

- Düz danışmşmırsan, Könül. Axı sənin övladın var - doğma balan. Sən onun üçün yaşamalısan. Onu tərbiyə etməlisən, böyütməlisən.

- Sən mənə yenə arxa durursan, gözəl insan. İstəmirsən ki, ruhdan düşüm. Yaşamağa səsləyirsən məni!

Könül Talehin əllərini ovcunda bərk-bərk sıxaraq dedi:

- Taleh, əgər gerçəkdən məni sevirsənsə, çəkdiyim əzabları mənə unutdur. Bas bağrına, öp məni! Gənclik illərində olduğu kimi: ürəkdən, çılğınlıqla, var gücünlə! Mən sənin olduğumu duymaq istəyirəm! Bu xoşbəxtliyi məndən əsirgəmə, olar!

Taleh sona qədər dinləmək istəmədi. Vicdanının səsi onu Könülə sarılmağa qoymadı:

- Ağlını başına yığ, Könül. Belə şeylər danışma. Sən uşaq deyilsən axı. danışdığını başa düşürsən? Ailənı dağıtmaq istəyirsən? Valideynlərin, qohumların, yoldaşların sənə deyər? Oğlun dostlarının üzünə baxa bilməz. Sənə nifrət edər öz doğma balan...   Daha gecdir, Könül, mən gedim. Xeyli vaxtdır bir yerdəyik. Bəs deməzlər, bunlar içəridə edirlər?

- Heç olmaz, Taleh. Bu illər ərzində sənsiz çox əzablar çəkmişəm. qədər yüngülləşdiyimi təsəvvür edə bilməzsən. Onda qoy müayinə edim, sonra gedərsən.

- Ciddi bir şikayətim yoxdur, Könül. Gecdir, mən gedim. İşdə olmalıyam. Sən get dınçəl. Yəqin oğlun da yolunu gözləyir. Sabah gələrəm, yaxşı-yaxşı yoxlayarsan.

- deyirəm, Taleh. Gəlişinlə məni necə sevindirdiyinin fərqində deyılsən. Səni gözləyəcəyəm. Mütləq gələrsən.

Könül Talehi qucaqlayıb, üzünü onun sinəsinə qoydu. Taleh onun ürək döyüntülərini öz ürəyində hiss etdi. Elə bil iki ürək bir sinədə döyünürdü. Könül Talehin qucağına elə sığınmışdı ki, sanki bir daha ondan qopmayacaqdı. Taleh Könülün alnından öpüb, yavaşca ondan ayrıldı.

Sabahısı gün Könül çox gözləsə , Taleh gəlib çıxmadı.

 

Aləm Kəngərli

 

Ədəbiyyat qəzeti.- 2018.- 8 dekabr.- S.20.