Qara
hekayə
Dünyaya gələndə eləcə rəngi
qaraydı, anası onu qara doğmuşdu. Gəlişiylə
dünyadakı ağlı-qaralı uşaqların
sayını bir nəfər də çoxaltmışdı.
Dünya da, həmişəki kimi, öz işindəydi,
fırlanıb gedirdi. Doğulanda gözləri elə də
iri görünmürdü, ikimərtəbəli, əyri
üst dişləri də mövcud deyildi. Uşağı
tutan qadın onu bir parça ət kimi havada yelləyib
üslufca anasının qucağına qoydu: Qaradır e...
Qapqara, yupyumru uşaqdır, al əmizdir!
- Təki
bəxti ağ olsun! - anası təbəssümünü
boğub uşağı qucağına aldı, əzizlədi,
sığalladı sonra nimdaş əsgiyə bükdü.
Uşağın əzizlənməyi,
sığallanmağı burdaca bitdi. Sonralar onu
sığallamaq, əzizləmək anasının heç
yadına da düşmədi, daha doğrusu, başı
qarışdı, vaxtı olmadı. Vaxtı hardandı, gecə-gündüz
təkbaşına çalışıb dörd
uşağa baxırdı. Əsas olan o idi ki, uşaqların
qarınları doysun, ac qalmasınlar, ac qalmasalar necə olsa
böyüyəcəkdiər... Uşaq da adam balası kimi
birdəfəlik başa düşdü ki, bu əzizlənmək,
sığallanmaq-filan onluq deyil, o da o biri
bacı-qardaşları kimi, eləcə aralıqda
böyüdü, iriləndi, dəyişdi. Bir də
baxdılar həyət-bacada o tərəf-bu tərəfə
qaçır, tozla-torpaqla oynayır. Adı da elə xəstəxanada
çağırdıqları kimi Qara qaldı. İş elə
gətirdi ki, uşağın sir-sifətinin qara olması bir
yana, gözləri də yumrulanıb iriləndi, hələ
bu azmış kimi, üstdən "itdişləri" deyilən
ikimərtəbəli dişləri də çıxdı.
Düzdür, deyirdilər üstdən çıxan dişləri
sim salmaqla, nə bilim nəyləsə müalicə edib
düzəltmək olardı. Amma anasının vaxtı
hardandı Qaranın dişləri ilə də
maraqlansın?.. Hərdənbir, vaxt tapanda, hamama salıb
üz-gözünü kisə ilə bərk-bərk sürtərdi.
Qara da təbii ki, ağarmazdı, sürtülməkdən
üz-gözü acışar, hirslənib anasının
qolunu çimdikləyər, bəzən sabunlu-sabunlu hamamdan
çıxıb küçəyə qaçardı.
Qara bir
göz qırpımında böyüdü, küçəyə-bayıra
ayaq açdı. O gün gəldi ki, evlərinin
yanındakı dayancaqda dayanıb köhnə avtobusları
izlədi. Elə həmin gün onun dünyasına, sanki
böyük bir fırça ilə rəngli boya çəkdilər.
Bəlkə də, heç çəkmədilər,
dünyada həmin rənglər vardı, sadəcə,
uşaq həmin gün rəngləri duyub dərk etməyə
başladı. Birdən-birə həvəsləndi, ürəyi
uçundu, oturub saatlarla, günlərlə sürücülərə,
tısbağa yerişli köhnə avtobuslara tamaşa etdi.
Sonra sürücülər Qaranı ora-bura buyurdular, siqaret,
su dalınca dükana göndərdilər. İnsaflı
sürücülərdən biri "kişilik" edib bir
gün onu avtobusun qabağında əyləşdirdi. Qara sərnişinlərdən
pul yığdı, qapını açıb bağladı.
Axşam "insaflı" sürücü onun ovcuna bir
neçə qəpik basdı. Qara sevinə-sevinə
pulları anasına göstərdi. Anası razılıqla
gülümsündü, onun başını
sığalladı. Qara daha da ürəkləndi,
sürücülərin yanında "malış"
işlədi. Üzləri tüklü, yorğun
sürücülər onunla məzələndilər, kefləri
yuxarı olanda ərklə sataşdılar, əsəbiləşəndə
onu söyüb hirslərini yatırdılar. Əvvəllər
Qara eşitdiyi söyüşləri havadaca tutub, ürəyində
özü bildiyi şəkildə cavab versə də, sonralar
fikir vermədi, daha heç kimdən də küsüb-incimədi,
eləcə əyri dişlərini göstərib
hırıldadı. Sürücülərin ərk yerinə,
zarafat yerinə çevrildi Qara. Üzü bərkidi
daşlaşdı, bir də hiss elədi ki, heç ağlaya
da bilmir. Uşaqlı-böyüklü məqamı gələn
kimi zırhazır ağlayan adamları görüb başa
düşdü ki, bu ağlamaq nə deyilən şeydirsə
onda yerli-dibli yoxdur. Bəzən olan-olmazları, pis hadisələri
kino lenti kimi beynində o tərəf-bu tərəfə
fırlatdı, amma gözündən yaş gəlmədi ki,
gəlmədi. Anası əminliklə bildirdi ki, Qara
ağlasa, o gün göydən yerə daş yağacaq.
Anasının sözlərinə əməlli-başlı
inandı Qara.
Məktəb
yaşı çatanda, daha doğrusu, yaşı iki il ötəndən
sonra anası ona ucuz, ağ rəngli məktəbli köynəyi
aldı. Qardaşının iki ölçü böyük
olan şalvarının balağını qatlayıb əyninə
geyindirdi, sevinə-sevinə məktəbə apardı.
Anasının üzündəki sevinci görüb Qara da istədi
sevinsin, hay-küylə, itələşə-itələşə
siniflərə doluşan uşaqlara qoşulsun, amma
alınmadı. Buralar ona yad göründü, sanki beyninə
yerləşdirilmiş bir burğu onu aram-aram sıxmağa,
boğmağa başladı. İlk dəfə hiss elədi
ki, adamın içində özündən başqa bir kəs
də var, istədiyi şeylərə mane olur, onu
özündən azdırır. Beləcə, Qara cəmi iki
gün dərsdə otura bildi. Elə hey fikri o baş-bu
başa şütüyən avtobusların yanında
qaldı, sürücülərin lağ-lağı söhbətləri,
söyüşləri üçün burnunun ucu göynədi.
Dərsdən qaçıb çantasını evin bir
küncünə tulladı, özünü dayanacağa
çatdırdı. Bir daha məktəbə getmədi.
Sürücülər
də bir aləmdilər... Hay-küyləri, macəraya bənzəyən
əhvalatları, səsləri dünyanı
götürürdü. Hərdən xəlvəti getdikləri
"levi" yerlərdən, orda baş verən intim hadisələrdən
Qaranın yanında söz açır, sonra göz vurub məzələnirdilər.
Bəzən elə şeylər danışırdılar ki,
Qaranın təpədən-dırnağacan bütün bədəni
gizildəyirdi. Yaşının və dünyanın elə
vaxtlarıydı ki, o, ürəyinin səsini aydın şəkildə
eşidirdi. Sürücülərin dediyi "levi" yerlərə,
orda təsəvvür etdiyi ağ, hamar dərili qadınlara
ürəyində özünə də hələ tam aydın
olmayan bir həvəs yaranırdı, bütün bədəni
alışıb yanırdı. Bir də ki, sürücülərə
həsəd aparırdı, onlara əlçatmaz varlıq
kimi baxırdı. Ürəyində cürbəcür, rəngli
istəklər doğurdu: böyüyb mən də belə
avtobus sürəcəm, əlimə pul gələndə mənim
də sevgilim olacaq. O günlərə inanırdı, hələliksə
yalnız avtobusun qapısının ağzında durmaq
hüququ vardı.
Sonra Qara
böyüdü, bığ yerləri tərlədi, əsgərliyə
getdi. Əsgərlikdə də onu ora-bura qovdular. Orda da
heç kimi yarıtmadı. Sağ deyiləndə sola
döndü, sol deyiləndə sağa döndü, bəzən
əsgər yoldaşlarının lağ yerinə
çevrildi. Qulluğunun yarısını komandirin həyətində
həyət-baca işləri görməklə, tikintidə fəhləlik
etməklə birtəhər başa vurdu. Və nəhayət
ki, yenidən öz sürücü dostlarının
yanına döndü.
Gün gəldi
Qara malışlıqdan çıxıb sürücü
oldu. Malış işlədiyi köhnə marşrutların
birini sürməyə başladı. Hətta iş elə gətirdi
ki, bir vaxt sürücülərin nağıl kimi
danışdıqları o "levi" yerlərdə də
dəfələrlə oldu. Düzdür, yenə də
sürücülərin zarafatına,
lağlağısına tuş gəlirdi, necə deyərlər,
onlar üçün hələ yarı malış, yarı
sürücü idi. Amma Qara yenə də əvvəlki
Qaraydı, zarafatlardan incimirdi, taleyindən narazı deyildi.
Taleyi də elə böyük tale deyildi... ovuc içi
kimiydi, ən uzaq istəyi sürücülük idi, ona da
çatmışdı. Ola bilər başqaları
üçün burdan o tərəflərdə də müxtəlif
istiqamətlərə uzanan böyük-böyük yollar
vardı. Amma Qara üçün burdan o tərəf
bağlı qutu idi.
Bir
gün anası Qaranı özündən bir neçə
yaş böyük qızla evləndirdi. Qız
anasının qohumlarındandı və əvvəlcə
Qara qızı görərkən qəti şəkildə
evlənməkdən imtina etdi. Qızın üzü bir qədər
uzunsovdu, Qara onu görən kimi kənddə
gördüyü at gəlib dayandı gözünün
qarşısında. Həm də, qız çox
kökdü, bir sözlə, onun zövqündə deyildi.
Amma anası da dirənmişdi:
- Əlin
çörəyə çatıb, daha evlənmək
vaxtındı. Bu gün-sabah ölüb gedəcəm, bircə
sən ortalıqda qalacaqsan. Özün də elə dünya
gözəli deyilsən!
Anasının
sözlərindən sonra Qara təsadüfi hallarda, ayda-ildə
bir dəfə, yalnız xeyrə-şərə gedərkən
baxdığı güzgünün qarşısında
uzun-uzadı dayandı, özünə tamaşa etdi və nə
fikirləşdisə evlənməyə razılıq verdi.
Beləcə, gözünü yumub açınca qızı
Qaranın evinə gətirdilər. Anası da elə
özünün dediyi kimi, az keçmiş dünyadan
köçdü. Anasının yasında hamı
hönkürüb ağlayarkən Qara nə illah elədisə
gözündən yaş gəlmədi. Yasa gələnlərin
gözlərini ona zillədiyini görüb ağlamaq istədi,
amma alınmadı, o bir damla su gözünü
yaşartmadı ki, yaşartmadı. Beləcə, yasa gələnlərin
Qaranın gözlərində yaş görmək arzuları
ürəklərində qaldı.
Ailə-uşaq
sahibi olandan sonra elə oldu ki, Qaranın sevgilisi də peyda
oldu. Sevgilisi deyəndə bir az böyük alınır... Eləcə,
üz-gözündən kasıblıq yağan, nimdaş
geyimli, arıq, solğun bənizli gənc qadındı. Səhərlər
eyni dayanacaqda avtobusa minib harasa gedir, gün batanda geri
qayıdırdı. Özü də həmişə
Qaranın avtobusuna minir, eyni oturacaqda əyləşir,
gözlərini yola zilləyirdi. Qara da onun görkəminə
baxıb kasıb olduğunu hiss eləmişdi, odur ki,
qadından yolpulu almazdı. İş elə gətirdi ki, Qara
ehtiyac içində yaşayan bu qadına əl tutdu, hərdənbir
bazarlıq elədi, imkan olanda azdan-çoxdan ovcuna pul
basdı, uşağına əyin-baş aldı. Uşaq da
ona öyrəşdi, avtobusa minən kimi gəlib ərklə
Qaranın yanında dayandı, ona sifarişlər verdi.
Qadın getdikcə onu ehtiyacın girdabından
çıxarmağa çalışan bu qara, sir-sifətdən
bir qədər kələ-kötür oğlana arxa-dayaq kimi
baxdı, ona ərk elədi, isinişdi. Ehtiyacı, əyər-əskiyi
olanda ona yaxınlaşdı, sözünü-sovunu, dərdini
ona söylədi. Qara da bacardığı qədər ona
kömək elədi, himayəsini əsirgəmədi.
Sürücülərin lağ yerinə çevrilən bu
qara oğlan qadının gözlərində dağları
yaran Fərhada, Koroğluya, nə bilim qadınların
sevimlisi Alen Delona çevrildi. Qarayla qadın bir-birlərinə
öyrəşdilər, bağlandılar. Hərdənbir xəlvətliyə
düşəndə eləcə avtobusda
görüşdülər, uşağın
başını qatıb avtobusun arxasına keçib ötəri
də olsa eşq yaşadılar, sevişdilər. Bu sevdadan
sürücülər də xəbər tutdular. Bir az Qarayla
məzələndilər, deyib-güldülər, sonra özlərini
yığışdırdılar. Nə qədər olmasa,
ortada qadın vardı. Əlbəttə, lağlağı edən
sürücülər-filan Qaranın vecinə deyildi, kişi
kimi öz bildiyi şəkildə yolunu gedirdi, Allah verən
ömürdü yaşayırdı.
Bir
gün Qara bir zənbil bazarlıq elədi, bu dəfə zənbili
daha həvəslə doldurdu, bir neçə dəfə o əlindən-bu
əlinə ötürüb gülümsündü,
üzü-gözü işıqlandı. Dayanacaqda dolu zənbili
qadının əlinə verdi:
- Apar evə,
gözəl bir süfrə aç, sizə gələcəm.
Bəlkə, gecəni də sizdə qaldım. Qadın zənbili
sevinclə götürüb quş kimi süzdü, xəlvətə
salıb Qaranın yanağından bir öpüş də
götürdü.
Səhəri
gün hava qaralanda Qara son dayanacaqda sərnişinləri
düşürüb, qadının yaşadığı
ucqar qəsəbəyə yollandı. Qapını döymədən
ərklə özünə doğru çəkdi, onsuz da
bilirdi ki, qapı açıqdı. Qadın doğrudan da
gözəl bir süfrə açmışdı. Qazanda
qaynayan bozbaşın iyi hər yana yayılmışdı.
Qaranı görən qadının yanaqları allandı, nəvazişlə
xoşgəldin elədi, əliylə xalatının
açıq qalmış yaxasını
dartışdırdı. Qara onu ehtirasla sinəsinə
sıxdı, pişik kimi sığalladı,
üz-gözündən öpdü, sonra evin küncündəki
divana tərəf çəkdi. Qadın göz-qaşla bir
küncdə dayanıb maddım-maddım onları süzən
uşağa işarə elədi. Qaranı masada əyləşdirdi.
Ortaya yemək gəldi. Qara kasanın içərisinə iri
loxmaları doğrayaraq iştahla bozbaşa girişdi.
Uşaqlıqdan adətiydi sulu yeməyə çörək
doğrayıb yeyərdi. Qadın heyranlıqla ona tamaşa
edirdi. Özü də xeyli gözəlləşmişdi.
Xalatının açıq yaxasından görünən
qabarıq sinəsi həyəcanla titrəyirdi. Qadını
gözaltı süzən Qara onunla birgə keçirəcəyi
uzun gecəni xəyalında canlandırıb
gülümsündü, ilk dəfə ağlına gəldi
ki, deyəsən bu şairlərin qırıldatdıqları
xoşbəxtlik deyilən şey doğrudan da varmış.
Boş yerə yazmırlarmış... "Bilmək olmaz hələ,
bəlkə, birini də mən yazdım..." -
ağlına gələn sevgiyə aid sözləri bir-birinə
uyğunlaşdırıb ard-arda düzməyə
çalışdı.
Qapıya
dəyən ağır zərbədən masanın
üstündəki qablar cingildədi. Gözləri
qızarmış, boynunun damarları çıxmış,
üzü tüklü bir kişi içəri girdi.
Qaranın ürəyi qırıldı. Dərhal anladı
ki, gələn qadının keçmiş əridir.
Özünü oğurluq üstündə yaxalanmış
cani kimi hiss elədi. Doğrudur, qadının söylədiyinə
görə, bu kişi çoxdan ondan
ayrılmışdı, onunla əlaqəsi yoxdu, birillik həbsdən
sonra itib haralarasa getmişdi. Amma nə qədər olmasa, yenə
bu qadının üstündə adı vardı. Hiss elədi
ki, indicə həngamə qopacaq. Açıq qapıya
baxdı. Çıxıb qaçmaq da kişilikdən deyildi.
Kişi
birbaşa Qaranın üstünə gəldi:
- Ə,
adama oxşamaz, sən mənim ailəmə sataşırsan?
Qara
qaşığı yerə qoydu, ağzındakı
loxmanı udub udqundu. Qulağının dibinə dəyən
yumruqdan səndələsə də yıxılmadı.
Kişi onun cavabını gözləməyib qadının
üzərinə yeridi.
- Az, sən
bununla mənə xəyanət edirsən? Elə hesab edirsən
ki, çıxıb getmişəmsə, deməli
ölmüşəm?! Daha qayıtmayacam bu xarabaya?
Qadın
kəkələdi. Kişi ona zərblə bir sillə çəkdi.
Qadın səndələyib döşəməyə
yıxıldı. Sonra kişi əlini cibinə apardı,
par-par parıldayan bıçağı çıxarıb
qadının boğazına dirədi.
"Öldürəcək,
bu saat öldürəcək". Qaranın beynindən
ildırım sürətilə bu fikir keçdi.
Düşündü ki, qadını qorumaq lazımdı, nəsə
etməlidir. Kişinin əlində bıçaq olmasaydı
üstünə atılıb qolunu burardı. Amma indi bu
mümkün deyildi, qeyri-ixtiyari ətrafa boylandı. Əlinə
zərbə vurmağa tutarlı bir şey keçmədi. Dəmir
ayaqlı stula gözü sataşdı, stulu
götürüb arxadan kişinin başına
çırpdı. Kişinin başından qan
açıldı, səndələyərək arxaya əyildi,
əlindəki bıçaq yerə düşdü. Qara əyilib
cəld bıçağı götürdü, var
gücüylə açıq qapıdan çölə
atdı, onsuz da kişinin bıçaq götürməyə
heyi qalmamışdı, yerə sərilib
çabalayırdı.
Bir qədər
keçmiş həyətdə polis maşını
dayandı, ardınca təcili yardım maşını
qapının ağzında göründü. Evin ətrafına
adamlar yığışdı. Danışıq səsləri,
hay-küy bir-birinə qarışdı. İki nəfər
polis işçisi Qaranın qolunu buraraq qandalladı, həyətdəki
polis maşınına tərəf apardı. Həyətə
çıxandan sonra Qaranın birdən-birə keyi
açıldı. Bir an öncə baş verənləri
vahiməli yuxu kimi xatırladı. Göyə boylandı.
Gözəl bir payız günəşi elə bil sevincək
olmuş, hər tərəfi qıpqırmızı
şüalarla işıqlandırmışdı. Yer-göy
işığın içindəydi. Günəşin nə
vecinəydi Qara adlı adam var, yoxsa yox. Deyəsən,
heç qoca dünyanın da vecinə deyildi, dünya o tərəf-bu
tərəfə nə qədər Qaralar
ötürmüşdü...
Qara
ömründə ilk dəfə günəşi belə
yaxından duydu, ona xeyli tamaşa elədi, sonra gözləri
həyətin küncündə ağaca söykənib
ağlayan qadına sataşdı. Dünyanın vecinə
olmasa da, Qaranın vəziyyəti qadının vecinəydi,
özü də lap çox vecinəydi. Qadın çiynini
çəkə-çəkə ağlayırdı,
çiynindən bədbəxtlik yağırdı. Qaraya elə
gəldi ki, qadının çiyinləri, əlləri,
üzü-gözü elə anadangəlmə bədbəxtdi.
Lap elə bədbəxtliyin heykəlidir qadın. Deyəsən,
heç Qara özü də xoşbəxt deyildi...
Hiss elədi
ki, tüklü üzündən aşağı nə isə
yuvarlanır, üzünü qıdıqlayır. Əlini
üzünə apardı, əli islandı. Baş verən
hadisəyə özü də inanmadı, Qara
ağlayırdı, ömründə ilk dəfə
ağlayırdı, gözlərindən yaş
süzülürdü.
Amma
anasının dediyi o daş məsələsi yoxuydu.
Qara ağlayırdı, amma göydən daş yağmırdı. Anası onu aldatmışdı...
Narıngül
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.26-27.