Kitablar bizi
aldadırmı?
Kitablar həyatımızı
dəyişirmi, xarakterimizə təsir edirmi? Orhan Pamukun
"Yeni həyat" romanı bu cümlə ilə
başlayır. "Bir gün bir kitab oxudum və həyatım
dəyişdi". Mənə elə gəlir ki, həyatımızı
təkcə bir kitab yox, ani bir hadisə, gözlənilməz
bir dialoq dəyişə bilər. Bəlkə, kitaba mistik dəyər
qazandıran səbəblərdən biri də budur. Karlos
Mariya Domingez "Kağız ev" povestində yazır ki,
Hessenin "Demian" əsəri sayəsində minlərlə
gənc hinduizmə tapındı, Heminquey onları
idmançılara çevirdi. Düma minlərlə
qadının həyatını alt-üst etdi və həmin
qadınları kulinariya kitabları xilas etdi. "Kağız
ev" əsərinin həcmi az olsa da oxuculara tövsiyə
edirəm ki, bu kitabı tələsik oxumasınlar. Hər
abzasdan, hər səhifədən sonra düşünsünlər,
təhlil aparsınlar. Kitabı ana dilimizə Əziz Rzazadə
tərcümə edib. Xanım Blyuma Lennon Emili Dikkinsonun
şeir toplusunu alır və yolda sonetləri oxumağa
başlayır. Bu zaman onu maşın vurur. Professor Robert Lorel
mərhum haqqında bəlağətli nitq söyləyir:
- Blyuma həyatını
ədəbiyyata həsr elədi, lakin ağlıma da gəlməzdi
ki, onu aramızdan məhz ədəbiyyat aparar.
Bir
neçə gün sonra Con Bernon Lorel ardıcıllarına
deyir:
- Onu
maşın öldürdü, poeziya deyil.
Con Bernon
reallığı sərt şəkildə dediyinə görə
onu sevmirlər.
Kitablarımızın
sayını nəyə görə artırırıq? Qəhrəmanımız
deyir ki, tanıdığım bir professor evinə qonaq gələrkən
qəhvəni qəsdən gec gətirirdi ki, qonaqları onun
kitabxanasına baxsınlar, kitablarla tanış olsunlar.
Çox vaxt kitablardan qurtulmaq onları əldə etməkdən
daha çətindir. Bəzənsə kitabxanamız
aşıb-daşır. Kitabların sayı sürətlə
çoxalır. Bir zaman qürur mənbəyimiz olan
kitabxanamız sonra əziyyətli yükə çevrilir.
Domingez bu əsərdə həm də yazıçı-nəşriyyat
probleminə toxunub. Nəşriyyatlar çap etmək
üçün ciddi kitab tapa bilmədiklərini, yazarlarsa hər
cür mənasız yazıların çap olunduğunu
deyirlər. Bəs, hansı tərəf haqlıdır?
Yazıçı hər şeyi nəşriyyatdan gözləməkdə
haqlıdırmı? Bir zaman biz işsiz olarkən istədiyimiz
kitabları ala bilmirik, ancaq işlə təmin olunduqdan, pul
qazandıqdan sonra istədiyimiz kitabları ala bilsək də
onları oxumağa zamanımız və enerjimiz
çatmır. Kitablar taleyimizə təsir etdiyi kimi, biz də
kitabların taleyinə təsir edirik. Hətta bəlkə,
kitabların rəflərimizdəki düzülüş
qaydası həm bizim, həm kitablarımızın taleyinə
təsir göstərir. Domingez bu əsərdə iki əsas
suala cavab axtarır:
1)
Kitabların taleyi varmı?
2) Kitablar
insanların taleyinə təsir göstərə bilirmi?
Əsərdə
yazıçı simvollardan istifadə edib. Əsərdə
bənnaya pəncərə dayaqlarının kitablardan
hörülməsi tapşırığı verilir.
Kitabın toxunduğu vacib məqamlardan biri budur:
"Kitablardan ev qurmaq olarmı". Bütün həyatımızı
kitablar əsasında qursaq məğlub olarıq. Gərək
öz təcrübələrimizə, öz təhlil etmə
bacarığımıza istinad edək. Söhbət
kağızlardan fiziki mənada ev qurmaqdan getmir. Səadət
bütün ömrünü tozlu kitabxana rəfləri
qarşısında keçirmək deyil. Əsərin ən
maraqlı obrazı Delqadodur. Kitab eşqiylə yaşayan
adamlar əsəri oxusalar, yəqin ki, onlar da mənim kimi,
Delqado obrazına üstünlük verəcəklər.
Delqado xanım Blyumanın ölümünün təsvir
etdiyi kimi olduğunu biləndə çox da təəccüblənmədi.
Xanım Blyumaya göndərilən kitabın üzü sement
və tozla örtülmüşdü. Kitablardan yuva qursaq da
dağılır. Karlos Brauerlə xanım Blyuma, sanki bəsirətçilik
yarışı aparırlar. Brauer qadını təəccübləndirməyi
bacarır. Həyatda da belədir. Bəzən
özümüzü sübut etmək, kiməsə göstərmək
üçün ağlasığmaz hərəkətlər
edirik.
Məişət
avadanlıqları sıradan çıxır, güldanlar
sınır, televizorlar xarab olur, ancaq kitablar sahibi istəmirsə
cırılmayacaq, yandırılmayacaq. Son hərbi diktatura
dövründə Argentinada bir çoxları kitabları
unitazlarda, vannada yandırır, topladıqlarını evin
uzaq guşəsində məhv edirdilər. O zamanlar kitablar
adamların üzünə dururdu, insanları
sındırırdı. Kitablara bəşəriyyətin
münasibəti heç də hər zaman birmənalı
olmayıb. Bəzən kağızlar zərərli aludəçilik
əlamətləri yaradırlar və insanlar bu aludəçilikdən
xilas ola bilmirlər.
Həyat
ziddiyyətlərlə doludur. Hegel fəlsəfəsi bizə
öyrədib ki, təbiətdə hər şey öz ziddi
ilə mövcuddur. Təbiət, həyat durduqca hər
şey öz ziddi ilə mövcud olmaqda davam edəcək.
Xeyirlə şərin mübarizəsi də həmişə
davam edəcək. Makedoniyalı İskəndər Əhəməniyyə
imperiyasına hücum edərkən minlərlə kitabın
saxlanıldığı kitabxananı yandırdı, yanan
kitablar arasında "Avesta" da var idi. Nasistlər Almaniyada
hakimiyyətə gələrkən "Cinsi münasibətlərin
araşdırılma institutu"nun kitabxanasını, arxivini
yandırıblar. Şri-Lankadakı Caffna xalq kitabxanasında
1981-ci ildə səbəbi bilinməyən yanğın nəticəsində
90 min kitab məhv oldu. 1984-cü ildə kitabxana yeniləndi, təmir
olundu, ancaq xalq arasındakı silahlı toqquşmalar
zamanı kitabxana döyüşçülərin iqamətgahına
çevrildi və bir daha dağıldı, xarabalığa
çevrildi. 2004-cü ildə hökumətin və xeyirxah
adamların dəstəyi nəticəsində kitabxana yenidən
istifadəyə verildi. Misirin "Bilgi məbədi"
Ərəb baharı zamanında atılan Molotov kokteyllərinə
görə yandı. Yuli Sezarın hücumu nəticəsində
İsgəndəriyyə kitabxanası yandı, deyilənlərə
görə, kitabxanada 700 min kitab var idi. Məqsədim yanan
kitabxanalar haqqında informasiya vermək deyil. Bu haqda internetdə
yetərincə məlumatlar var. Mən başqa məsələyə
toxunmaq istəyirəm. Hökmdarların hücumları nəticəsində
kitabxanalar yandırılıb, minlərlə kitab məhv
edilib. Ancaq sonra kitabxanaları yandıran həmin hökmdarlar
haqqında yüzlərlə, minlərlə kitablar
yazılıb. Kitab yandıran adamlara kitablar həsr edilib.
"Kağız ev" əsərini oxuyarkən bunları
düşündüm. Beynimdə ən çox səslənən
cümləsə bu oldu. Kitabları yandırmaq səadət
gətirmir, kitabdan ev qurmaq da bizə xoşbəxtlik vəd
etmir.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.29.