Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Con Steynbekin
1939-cu ildə yayımlanan "Qəzəb
salxımları" romanı əsasında çəkilmiş
eyniadlı filmi təqdim edirik.
Süjet:
Əsərin qəhrəmanlarından biri, həbsxanadan yenicə
çıxan 30 yaşlı Tom Cud Oklahomaya, evinə tələsir.
Təsadüfi qətlə görə həbs
olunan Cud vaxtından əvvəl azad olunub və ştatın
sərhədlərindən kənara çıxa bilməz.
O, yolda keçmiş vaiz Keysi ilə qarşılaşır.
İkilikdə ailəsinin
yaşadığı fermaya yola düşürlər. Amma çatanda evi boş görürlər. Onlar boş evdə gecələyən qonşudan
öyrənirlər ki, fermerlər torpaq sahələrindən
qovulurlar. Çünki böhran səbəbindən
sahibkarlara torpaqlarını arendaya vermək artıq sərf
eləmir.
Tom və Keysi ailəsinin köç etdiyi əmisi Conun
evinə yola düşür. Ailə Tomu sevinclə
qarşılayır. Ertəsi gün onlar yaxşı
yaşayış və iş tapmaq üçün
Kaliforniyaya yola düşürlər: Tomun babası, nənəsı,
ata və anası, üç qardaşı və iki
bacısı. Evi tərk etmək istəməyən
baba tezliklə ölür. Yolda isə nənə
dünyasını dəyişir.
Onlardan
başqa evlərindən qovulmuş minlərlə ailə, iş dalınca qərbə doğru hərəkət
edirlər. Amma Kaliforniyada da uyğun iş tapa bilmirlər. Həm
də iş üçün az zəhmət
haqqı verilir.
Onların yerləşdiyi düşərgədə
şeriflə əhali arasında konflikt olur, nəticədə
Tom onu vurur. Günahı Keysi üzərinə
götürür və həbs olunur. Tomun
hamilə bacısı Roza Saronanın əri isə onları
tərk edir. Gənc qadın onun
gedişini ağır yaşayır.
Ailə hakimiyyətin himayə etdiyi düşərgəyə
yerləşir. Burda şərtlər yaxşı olsa da iş
tapılmır.
Buranı
da tərk edən ailəyə nəhəng fermada iş təklif
olunur. Fermada Tom Keysi ilə rastlaşır.
Keysi fermadakı şəraitin ədalətsizliyindən
danışır və bu səbəbdən də fəhlələrin
tətil etdiyini deyir. Həmin gün Keysi
fermanın mühafizəçiləri tərəfindən
öldürülür, buna dözməyən Tom onlardan birini
qətlə yetirir.
Ailə təhlükəsizliyinə görə
fermanı tərk edir. Onlar vaqonda yerləşir və bir
sahibkarın tarlasında pambıq yığırlar. Amma Tom ələ keçməmək
üçün ailəni tərk edir. Pambıq
yığımı bitir və ailə yenə işsız
qalır. Üstəlik, Roza Sarona
ölü uşaq doğur. Və payız
gəlir, yağış mövsümü başlayır.
Ailə
buranı da tərk edir...
Hadisələr böyük depressiya illərində
(1929-cu ildə başlanmış və 1939-cu ilə qədər
davam etmiş dünya iqtisadi böhranı) baş verir. Amerika vətəndaşlarının
ağır məişətindən, sosial həyatından bəhs
edən roman ölkədə geniş müzakirələrə
səbəb oldu. Və tənqidi
mövqeyinə görə, həmin dönəmdə
Amerikanın bir sıra şəhərlərinin
kitabxanalarından yığışdırıldı.
Bununla belə,
Amerika ədəbiyyatında klassikaya çevrilmiş əsər indiyə kimi
ölkənin kollec və məktəblərində tədris
olunur. Nüfuzlu Pulitser mükafatına layiq
görülmüş "Qəzəb salxımları"
sözü dövrün sosial mühitinə
yazıçının təklif etdiyi metafor idi. O, bu barədə
yazırdı: "İnsanların qəlbinə qəzəb
salxımları tökülür və yetişir, indi onun tam
yetişməsinə isə az qalıb".
"Qəzəb salxımları" sırf sosial
romandır. Yazıçı 1936-cı ildə, Kaliforniyada
mövsümi işçilərdən məqalələr
hazırlayırdı. O, gördüklərindən -
işçilərin ağır həyat şəraitindən
sarsılır və kitab yazmağı qərara alır.
Roman
yayımlanandan bir il sonra amerikalı
rejissor Con Ford onu ekranlaşdırır.
Dünya kinosunun klassiklərindən biri Con Ford 130-a
yaxın film lentə alıb. "Vesternlər kralı" adlanan Ford müxtəlif
kinojanrlarda işləyib. Rejissor işinə görə
dörd Oskar almış ("Xəbərçi",
"Sakit adam", "Mənim vadim o qədər
yaşıldı ki...", "Qəzəb
salxımları") yeganə adamdır.
Ford
novator müəllif idi. Misalçün, onun
1939-cu ildə lentə aldığı "Dilican" vestern
janrına yeniliklər gətirdi. Əvvəla
bu, Monument Vadisində (Amerikanın milli simvollarından biri
sayılır) çəkilmiş ilk vesterndir. O illərdə
filmlərin çoxu pavilyonlarda, süni landşaftlarda çəkildiyi
vaxtda Ford təbii fona üstünlük verdi.
Üstəlik, prodüserin tələblərinə
baxmayaraq ulduz aktyorları çəkməkdən imtina etdi.
Filmi vestern janrına xas olmayan psixologizmlə
yüklədi, onu yüngül maneradan, banal macəraçılıqdan
çıxartdı. Uzun planlar, minimum
montaj, dokumental keyfiyyətdə peyzajlar, kamera hərəkətindəki
asketizm onun kino dilinin əsas cəhətləridir. Bu janrın klassik nümunələrindən
sayılan "Dilican"dan sonra, "B" kateqoriyasına
enmiş vestern janrının nüfuzu qayıtdı.
Fransız
rejissoru Jak Rivett Hollivudu iki hissəyə ayırırdı:
ümumi və individual. O, Fordu individual Hollivuda aid edirdi. Çünki
prodüserlərin diktə etdiyi prinsiplərə rəğmən,
Ford dövrünün az rejissorlarından biriydi ki, montajın
son versiyasına onların müdaxilə etməsinə imkan
vermirdi, müəlliflik haqqını qoruyub saxlayırdı.
Fordun ekranlaşdırılması romandan, demək olar
ki, fərqlənmir. Yalnız finaldan başqa. Amma bu haqda
az sonra ətraflı danışacağam.
Ümumiyyətlə, "Qəzəb salxımları"nı Amerika kino tarixində sentimental olmayan ilk film adlandırırlar. Doğrusu, bu fikirlərlə razılaşmaq çətindir. Çünki, ekran əsərində yetərincə sentimental, hətta duyğu sümürücülüyünə hesablanmış təsvirlər var və bu da filmin ümumi tonallığına təsirsiz ötüşmür. Örnəyi, ailə yolda dincəlmək üçün dayanır. Ac uşaqların dükana girib şirniyyatlara, konfetlərə həsədlə, yazıqca baxması səhnəsi satıcıda da, tamaşaçıda da mərhəmət duyğularının püskürməsinə hesablanıb. Üstəlik, rejissorun bu tip səhnələrdə birbaşa, özəlliklə tamaşaçı duyğusuna vurğu etməsi, kadrı sənət olmaq çərçivəsindən uzaqlaşdıraraq, bir növ popsa, sosial çarx səviyyəsinə endirir.
Bununla belə, Ford sosial - ağır məişət
motivini ana xəttə çevirmir. Filmdə əsas vurğu odur ki, həyat
şəraitinin çətinliklərinə baxmayaraq, sadə
amerikalı sarsılmazdır, ruhən güclüdür, o, hər
cür çətinliyin öhdəsindən gələrək
yeni həyat qurmaq əzmindədir. Elə bu səbəbdən
də film 1989-cu ildə Amerikada milli filmlər reyesterinə
(Amerikada Filmlərin Mühafizə Heyətinin Konqres
Kitabxanasında qorunmaq üçün seçdiyi filmlər)
daxil edilib.
Qarşılaşdıqları çətinliklərə
rəğmən, ailədə pessimist ovqat hakim deyil, onlar
ümidsizliyə qapılmır, müqavimət göstərirlər. Və əsərdə
sarsılmaz Amerika ruhunu, inamını daşıyan əsasən
iki obrazdır: Tom Cud və anası. Tomun
ifaçısı Henri Fonda həqiqət, sosial ədalət
axtarışında olan milli amerikalı xarakterinin cizgilərini
açır. O, sadə vətəndaşların
haqqını təbliğ edən, onları mübarizəyə
səsləyən Keysinin yolu ilə getməyi qərara
alır.
Ana obrazı isə xaosun yaşandığı bir
dönəmdə ailədə harmoniya yaradan, ona mənəvi
güc verən, ağır məqamlarda onları
gümrahlaşdıran qüvvədir.
O, ailə dəyərlərini təbliğ edir, onun
bütövlüyünü qorumaq üçün
çalışır. Çünki Fordun
yozumunda ailə həm də dövlətin kiçik modelidir.
Fordun
amerikalı ləyaqəti, gücünü önə çəkməsi
də təbiidir.
O, sol baxışların daşıyıcısı olmayıb. Respublikaçıları həmişə dəstəkləyib. Düzdür, makkartizm (Senator Cozef Makkartinin adıyla bağlıdır. 1950-57-ci illər arasında Amerikanın ictimai həyatında antikommunizmin kəskinləşdiyi dövr. Makkartistlərin qara siyahısına düşənlər arasında məşhur aktyorlar, rejissorlar, elm adamları vardı) əleyhinə çıxış etsə də, Amerika hökumətinin Vyetnam müharibəsi siyasətini dəstəkləyib.
...Filmdə rejissor işinin ən çox nəzərə çarpan keyfiyyəti aktyorların göstərdiyi yüksək nəticədir. Həbsdən çıxan oğulun ana ilə görüşü ilk baxışda soyuq təsir bağışlayır. Onlar, sadəcə, əl verib görüşməklə kifayətlənirlər. Amma ananın (Ceyn Darvel bu roluna görə, "ən yaxşı ikinci plan qadın ifaçısı" nominasiyasında Oskar alıb) həyəcanı, kövrəlməsi, oğlunu başdan-ayağa həsrətlə süzməsi epizodu emosional təsir gücünü daha effektli edir.
Ekran əsəri ananın nikbinliyini, mübarizə əzmini, amerikalı ruhunun gücünü ifadə edən pafoslu monoloqu ilə bitir: "Biz həmişə mövcud olacağıq. Çünki xalq bizik".
Romanda isə final açıq qalır. Ədəbiyyat mütəxəssisləri
əsərin finalını dünya ədəbiyyatında
mükəmməl sonluqlardan biri sayır. Doğrudan da
Steynbekin finaldakı minimum sözlərlə, son dərəcə
təsirli ifadə vasitələrindən istifadə edərək
yazdığı sonluq bədii əhəmiyyətinə və
gücünə görə filmin finalını kölgədə
qoyur. Yazıçı bu təsvirlə
qadını müqəddəslər səviyyəsinə
qaldırır.
Romanın final səhnəsində ailə
yağışdan qorunmaq üçün daxmaya yerləşir. Daxmada
aclıqdan ölməkdə olan ata və onun oğlu ilə
qarşılaşır. Oğul
atasını xilas etmək üçün onlara yalvarır.
Ana sual dolu nəzərlərlə körpəsini
yenicə itirmiş, süddən sinəsi qabarmış
qızına baxır. Roza anasını
baxışdan anlayır və heç nə demədən
ölən adamın yanında uzanaraq onun başını sinəsinə
tərəf çəkir. Və onun
üzünə sirli, xoşbəxt təbəssüm qonur.
Bu motiv -
qadının ac kişini əmizdirməsi təsviri sənətdə (Rubensin,
Dirk van Baburen və başqa rəssamların əsərlərində)
geniş yayılıb.
İncəsənətdə "Roma mərhəməti"
adlanan səhnə haqda Roma yazıçısı Maksim Valeri
öz məqaləsində yazır ki, Simon adlı qocaya ac
qalmaqla ölüm hökmü oxunub. Zindan gözətçisi
onun qızı Peronun atasını ziyarət etməsinə
icazə verir. Qız da gözətçidən
yayınaraq öz döşündən atasına süd
verir. Tezliklə qızın bu əməlinin
üstü açılır. Amma hadisə
hakimləri hiddətləndirmək əvəzinə,
onları təsirləndirir və qocanın azad edilməsi
haqqında qərar verirlər. Bu əfsanə Romada
qızların atasına hörməti və
sayğısına bir nümunə kimi hörmətlə
xatırlanırdı...
Rejissor kölgə ilə maraqlı fəndlər edir,
onunla mizan səhnələri qurur. Misalçün, evləri
dağılan anda adamlara yox, onların kölgələrinə
fokuslanması, yaxud baba evi tərk etmək istəməyəndə
onunla Tomun kölgəsinin qarşı-qarşıya
durması kadrı dərin dramatizmlə doldurur.
Epizodda kölgə həm təsvirin gerçəkliyini
artırır, həm vizual stilistikaya xidmət edir, həm də
personajların ruh vəziyyətini ifadə edir.
Filmin çəkiliş prosesi mümkün qədər
gizli saxlanılıb.
Məsələ ondadır ki, natura çəkilişləri
Texas və Oklahoma ştatlarında aparılırdı,
ordakı sahibkarların bunu bilməsi isə həmin ərazilərdə
qadağalarla nəticələnə bilərdi.
Sovet İttifaqında filmin nümayişi qadağan
olunmuşdu. Çünki hətta iflasa uğramalarına
baxmayaraq, Amerika fermerləri ekranda sovet kolxozçularından
daha imkanlı görünürdü.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.30-31.