ƏDƏBİYYAT ÜZRƏ 1990-CI
İLİN NOBEL MÜKAFATÇISI - Oktavio
Pas
Meksika şairi, kulturoloq,
tərcüməçi, esseist,
siyasi publisist, Qərb və Şərq sivilizasiyası
üzrə tədqiqatçı.
31 mart 1914-cü ildə Mexikoda dünyaya gəlib.
Atası dövrünün tanınmış hüquq
müdafiəçisi, jurnalist, siyasi xadim olub. Ailə
ənənələrinə zidd gedən Pas universitet təhsili
almaqdan boyun qaçırıb. İlk
kitabı "Vəhşi ay" (1933) adı ilə nəşr
olunub. Valensiyadakı antifaşist yazarları konqresində
(1937) iştirak
edib. İspaniyada vətəndaş müharibəsi
cəbhələrində olub.
"Onlar
ötüb keçməyəcək"
(1936) kitabındakı şeirləri ilə fransız
sürrealistlərinə ruh yaxınlığını ifadə
edib. 1944-1945-ci illərdə
ABŞ-da yaşayıb. Daha sonra Fransa və
Hindistanda diplomatik fəaliyyətdə olub. Avropa və Amerikada müəllimlik edib. Ona ümumdünya şöhrətini esselərdən
ibarət ilk nəsr kitabı - "Tənhalıq
labiriniti" (1950) gətirib. Tanınmış
şair 1998-ci ilin 19 aprel tarixində Mexikoda vəfat edib.
"Hərtərəfli
yaradıcılığına, çılğın və
mübariz şeirlərinə, humanizm və
bütövlük uğrunda mübarizəsinə görə"
1990-cı ildə ədəbiyyat üzrə növbəti
Nobel mükafatına layiq görülüb.
Külək
Yarpaqlar nəğmə
söyləyir,
külək danışdırır
çiçəklərini:
qızılgül rəqs
edir yerində
sahil mehi tumarlayır ləçəklərini.
Buludlar qatarlanıb gedir
üzü sonsuz səmaya doğru,
üfüq qucaq açır
qəfil qonağına.
Buludlar
üfüqü alır
qucağına,
gözəl qız yalın ayaqlarıyla
darayır köpüklü
sahilləri.
İşıq
seliylə köpüklü ləpələr
alar məni qoynuna;
ömür - bir küləkdir
uçuram əvvəlindən
sonuna.
***
Ay
işığı düşdükcə
sıx qızılgül
kolları
fişəng kimi sıyrılır qaranlıqdan.
Və o
fişəng işığında
dalğalar haçalanır
nəğmə deyə-deyə
sahilə.
Qızıl
külçəsinə bənzəyir
çiçəklərin düzümü,
fişəng kimi nura boyayır göy
üzünü.
Külək
vurduqca
spiral kimi közərir qızılgül kolları,
çiçək ətri
bürüyür sən
getdiyin yolları.
Dünənim
- astagəl,
sabahım - işıq,
dalğa və külək,
səsim - sənə
doğru tələsən ürək.
İki bədən
İki bədən
qovuşur,
gecə sahildə qovuşan
dalğa kimi.
İki bədən
görüşür,
gecə Ay işığına
boy verən
ağac kimi.
Bəzən
o iki bədən
gecə zülmətində
səhraya düşən
soyuq daş kimi qovuşur.
Bəzən
o iki bədən
soyuq bıçaq kimi bərq vurur
sancılır gecənin
köksünə.
Bəzən
o iki bədən
bir kərə
sönmüş ulduz kimi
düşür göydən
yerə...
Budaq
Sap kimi
nazik
lap üst budaqda,
titrək səslə
oxuyur bülbül.
Səsindən
inildəyir,
zağ-zağ titrəyir
budaq,
bu, oxumaq deyil, zülmdü ancaq.
Bu səsdən
od düşür
şam ağacına,
bu, oxumaq deyil,
boyanmaqdır özü-öz
al qanına.
Kaş
qaldırmazdım başımı ona sarı:
görməzdim o quru budağı,
bu, oxumaq
deyil, ölüm nəğməsidir
günün günortaçağı.
Daş
Röyamda
gördüm ömrümü
yuxumda baş alıb getdim
ömrümün sonuna
ayaqlarım dolaşa-dolaşa.
Qəfil
oyandım,
bir anlıq gerçəkdə gördüm
özümü,
daş kimi ağır həyatın buxovu
yenə qaraltdı gözümü.
Ömür - daş kimi ağır,
göydən başıma
daş yağır,
gözümə durur yaşamaq,
hardasa bir məzardan
başdaşım mənə
baxır.
Oktavio PAS
Tərcümə etdi: Əyyub Qiyas
Ədəbiyyat qəzeti.- 2018.-
8 dekabr.- S.21.