Mən ki bir
Amazonam(Hanı mən amazondum…)
və ya
Dünyamı dəyişən bir öpüş!
Dünyamı dəyişən
bir öpüş!
Xəfif nəfəsin toxundu.
Yerdə belə nəfəs nə gəzir?
Öpüb anicə, astaca
ilk və son kəs yanağımdan
dönüb tez getdin.
Hənirin yayıldı üzümə
Ətrin
çökdü, hopdu
dodaqlarıma
Çatlamış torpaq kimi aralandı dodaqlarım
nəfəsindən bir damla axdı
Vücudum çırpındı çalxalandı, kükrədi...
Ax... dünyamı dəyişən
bir öpüş!
Dünya şeirsiz qaldı
Sən yazmaq istədiyim bir şeir idin.
Qadağan elədin dünyanın
ən gözəl
sevgi şeirinin yazılmasını.
Dincəldinmi?
Dünyanı ən gözəl
şeirsiz qoydun,
məni də sənsiz.
Rahat ol artıq!
Mən bir qatil tanıyıram
Sən qatilsən.
Bir şairi öldürmüsən!
Kimsənin xəbəri yox.
Sən qatilsən!
Əli qanlı, ürəyi qansız,
cinayətin qalıb
cəzasız.
Eheyyyy!!!
Mən bir qatil tanıyıram.
O bir ürək parçalayıb
Gəzir əl-qolun sallayıb.
Qorxma, amma, satmaram səni.
Aman
Allah dəhşətə bax!
Mən bir qatili sevirəm.
Ayrılıq
Bağçama payız gəlib,
Tökür ağacımın yarpaqlarını
bir-bir.
Bir azdan ağacım çılpaq
qalacaq.
Soyuq qış gəlib alacaq onu qucağına,
Saracaq, sıxacaq,
donduracaq.
Və mən kənardan durub çarəsiz baxacağam.
Ağacım donacaq.
Sevgimə ayrılıq gəlib.
Ümidlərimi, arzularımı, xəyallarımı
qoparır bir-bir məndən.
Bir azdan ürəyim tək-tənha
qalacaq.
Sənsizlik gəlib alacaq onu qucağına,
saracaq, sıxacaq, yandıracaq.
Və mən kənardan durub çarəsiz baxacağam,
göz yaşları axıdacağam.
Ürəyim duracaq.
İnanmayacağam sənə!
Söz vermişdin həmişə
görüşəcəyik
Söz vermişdin məni incitməyəcəksən
Söz vermişdin dost olacağıq.
Sənə inanırdım.
Çox inanırdım.
Birdən-birə deyirsən indi,
daha görüşməyəcəyik
Birdən-birə kəsibsən dostluğumuzu.
Birdən-birə məni necə
qırırsan,
ürəyimi necə
paralayırsan!
Mat qalmışam!
Qulaqlarıma inanammıram!
Axı deyirdin həmişə görüşəcəyik,
Axı söz vermişdin məni incitməyəcəksən.
Vəd etmişdin axı dost qalacağıq.
Sənə inanmışdım.
Çox
inanmışdım!
İnana
bilmirəm indi nələr deyirsən!
İnana bilmirəm.
İnanmayacağam sənə!
Sən, o və mən
Uca bir dağsan
O da səni sevir,
mən də.
İkimiz
də can atırıq
sənə qovuşmağa.
O sənin zirvənə,
Mən ucalığına.
O sənin vücuduna sarılır
Mən ruhuna.
Mən onu da sevirəm,
səni sevdiyi üçün.
O isə mənə nifrinlər yağdırır,
Səni sevdiyim üçün.
Mən gecə-gündüz Tanrıya
dua edirəm,
Onu xoşbəxt
edəsən deyə.
O isə sənə qadağa edir, məni görməyi,
mənə yazmağı.
Uca bir dağsan.
İkimiz
də can atırıq
sənə qovuşmağa.
O sənin zirvəni görür,
Mən ucalığını.
Amazon şərqisi
Sən bir şərqisən.
Amazonun oxumaq istədiyi
gözəl, həzin,
kövrək bir şərqi!
Qoymursan,
izn vermirsən.
Dağları titrədəcək
dünyanı bürüyəcək,
ürəkləri riqqətə
gətirəcək,
Sevinc, səadət bəxş eləyəcək,
Həzin,
ülvi bir şərqisinin
oxunmasını qadağan
eləyirsən.
Lap qoy məni bir
qırağa!
Eyb etməz, mən özüm lap bir yana,
Rəhm
edib bu dağlara,
bu dünyaya
Bəlkə, əsirgəməyəsən bu
dünyaya
ən həzin, ən ülvi ən kövrək bir şərqini...
İzn ver, oxuyum...
Səni unuduram,
xəbərin olsun!
Göz yaşımı quruduram, xəbərin olsun,
Ürəyimi soyuduram, xəbərin
olsun,
Məst
olmuşdum, oyanır,
ayılıram,
Səni
unuduram, xəbərin
olsun!
Bu sehr, bu tilsim
qırılır daha,
Bu düyün, bu ovsun açılır daha,
O cadu gözlərinə uymam bil, daha,
Səni
unuduram, xəbərin
olsun!
Daha sənin üçün vurmur ürəyim,
Daha yollarına baxmır gözlərim,
Daha adın gəlcək əsmir dizlərim,
Səni
unuduram, xəbərin
olsun!
Nuridə,
sən hələ çox öyünərsən,
Unutdum deyərək çox söyünərsən,
Gəl mübhəm bir sirr söyləyim sənə,
Qız,
hələ yanırsan,
xəbərin olsun!
Mən ki bir Amazonam
Gözlərinin torpağına göz dikmişəm haçandır.
Əl qoyduğum bir torpaqda
mən daş üstdə daş qoymam!
Mən Amazonam!
Gözlərinin vüsalına yol
çəkirəm haçandır
Sərhəd hara, mən hara?
Vurar, yıxar, dağıdar
Mən eşqdə, sinir, sərhəd, anlamam!
Mən Amazonam!
Gözlərinin səcdəsinə,
qibləsinə yol gəlirəm haçandır.
Məkkə yolu, Kəbə
yolu olsaydı,
Ya Aya, ulduza çoxdan varıb çatardım.
Mən imkansız, çarəsiz
eşq tanımam!
Mən bir Amazonam!
Gözlərinin inadına, vüqarına
savaş elan eləmişəm haçandır.
Mən savaşlar savaşçısı
Əyilmək, yenilmək,
Məğlubiyyət tanımam!
Mən Amazonam!
Gözlərinin dənizinə, ləpəsinə
Səssiz şərqilər qoşuram
nə vaxtdır.
Ürəyimdə bəsləyirəm,
Dilimə gətirmədən.
Mən ki bir Amazonam,
Hisslərini ürəyinin zindanında
tutmaq nədir mən bilməm!
gizləmək danmaq nədir,
qorxmaq, çəkinmək
nə demək
mən anlamam, mən belə xislət tanımam!
Mən hissimi, duyğumu istəyimi, arzumu
gizlətmədən, çəkinmədən
aləmə bağıranam!
Atəş saçan, coşub-daşan
ehtirasımı
üryan, yalın
mən dünyaya haykıranam!
Mən belə Amazonam!
Gözlərinin meydanında
nədən əl-qolu
bağlı
İndi süm-süst düşüb
qalmışam?
Nədən belə çaşqın,
çarəsiz, lal olmuşam?
Mən nə biçim Amazonam!!!
Ovçu, mənimsən bu
gecə!
Qovub-qovub
tutdun axır,
Ovçu, səninəm bu gecə.
Eşq oxların canım yaxır,
Çıxart, səninəm bu gecə.
Ovçu
ovundan qorxmaz,
Ovlayıb da durub baxmaz,
Ovçu
ovundan ki, qaçmaz,
Di gəl, səninəm
bu gecə.
Saldın
tələyə, açarsan,
Oxların bitdi, naçarsan,
Düşünmə, əldən qaçarsan,
Ovçu,
mənimsən bu gecə!
Qoxun
O şəhərdə adi bir görüş.
Adi bir söhbət.
adi bir boynumu qucaqlayıb sağollaşmada
Bir anlıq özümdən
xəbərsiz
ətrini içimə
çəkdim.
Sonra hara getdimsə
Sənin qoxun idi içimə
çəkdiyim.
Qaçdım o şəhərdən,
Səndən və özümdən,
Aman
Allah!
Bütün dünya sən
qoxuyur indi!
Qaç, qaça bildiyin
qədər!
Daş ürəklim!
Gəlmirsən.
Qoymursan ya da mən
gəlim.
Aramırsan, yazmırsan,
Qaçırsan məndən.
İzn vermirsən hamı kimi,
Mən də gəlim səni görməyə
Salamlaşmağa
Ani görüşməyə
Bir hal-əhval
tutmağa.
Qaçırsan elə ancaq.
Qaç!
Qaça
bildiyin qədər!
Əlinə nə keçir?
Bir az onsuz
da
yuxusuz olan gecələrimi uzadır,
Bir az da sənə olan həsrətimi çoxaldırsan.
Lap bir az da hikkəmi, inadımı artırırsan.
Başqa nə?
Heç
nə!
Di qaç, qaça bildiyin qədər!
11 yanvar, 2018
Berlin
Nuridə ATƏŞİ
Ədəbiyyat qəzeti.- 2018.-
15 dekabr.- S.6-7.