Moldovada Azərbaycan Ədəbiyyatı Günləri

 

Əvvəli ötən sayımızda

 

Noyabr ayının 1-5 tarixləri arasında Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Moldova Azərbaycanlıları Konqresi, Moldova Yazıçılar Birliyinin təşkilatçılığı və dəstəyi ilə, eyni zamanda, Azərbaycanın Moldovadakı səfirliyinin yaxından iştirakı ilə "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" keçirilib. Kişinyov və Komrat şəhərində düzənlənən tədbirlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, yazıçı Əjdər Ol, AYB sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak ediblər. "Ədəbiyyat günləri" çərçivəsində Moldova Elmlər Akademiyası, Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Kişinyov Milli Kitabxanası, Moldova Milli İncəsənət Muzeyində bir sıra tədbirlər keçirilmiş, Anarın "Ağ qoç, qara qoç", Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu", "Azərbaycan hekayəsi antologiyası" kitablarının təqdimatı olmuşdur. "Ədəbiyyat qəzeti" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" barədə növbəti "səfər qeydləri"ni təqdim edir.

 

Təəssüratlar olduqca rəngarəng, onları doğuran hadisələr olduqca çoxdur. Və elə hər şey - əlahiddə qonaqpərvərlik, diqqət ilk saatlardan başlayır. Əvvəl otelə, 40 dəqiqə sonra isə hamılıqla "Qafqaz əsiri" restoranına gedirik. Qastronomik təfərrüatlara varmadan yalnız bir şeyi demək istəyirəm: yüksək servis, dadlı mətbəx öz yerində, amma danışılan sözlər, söylənən sağlıqlar, edilən zarafatlar o qədər ahəngdar idi ki, istər-istəməz, bəzi rus deyimləri - "luçşe ne bıvayet", "naroçno ne pridumayeş" fikirləri yadıma düşürdü. Ötən yazıda qeyd eləmişdim, indi də deyim, bu, ilk növbədə, bizə ev sahibliyi edən səfirliyimiz və Moldova Azərbaycanlıları Konqresinin moldovalı həmkarlarımızın yanında bizi hədsiz qürurlandıran səmimi birgəliyindən doğurdu. Əlbəttə, həqiqi ev sahibləri kimi moldovalı həmkarlarımızın gözəl niyyəti, zəhməti və ən əsası, səmimiyyəti bir ayrı cür xoşdu.

Sonrakı günlər, yəni noyabrın 2-də biz proqram üzrə Kişinyovun gözəl guşələrinin birində ucaldılmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin, sonra isə moldovan-rumın ədəbiyyatının klassiki Mixay Emineskunun abidəsini, Kişinyov Eternitate Memorialı ərazisindəki azərbaycanlı şəhidlərin xatirəsi üçün ayrılmış "Şuşa" xiyabanını, Elmlər Akademiyasını və Moldova Milli Kitabxanasını  ziyarət etdik. Elmlər Akademiyasındakı tədbirlər haqqında ötən məqalədə ətraflı yazmışdım.

Nümayəndə heyətimizin üzvləri ilk dəfə görsələr  də mən Nizami Gəncəvinin abidəsini (elə Mixay Emineskunun da) ikinci dəfədir ziyarət edirəm. İlk gəlişim 2016-cı il çovğunundan sonrakı günlərə təsadüf eləmişdi. Moldova Azərbaycanlıları Konqresinin 2005-ci ildə ucaltdığı, heykəltəraş Arif Əsgərov, memarlar Azər Məmmədov və Semyon Şoyxetin birgə işi olan abidənin ətrafı indi daha səliqəli, abad görünür.

Mixay Emineskunun büstü "Şəxsiyyətlər parkı"ndadır. Emineskunun önündə Moldova yazıçıları cənab Suçevyanunun, dostum Nikolaenin, elə digərlərinin də üzündəki həqiqi ehtiram hissini sezirəm və düşünürəm ki, az əvvəl, yəqin ki, bizim üzümüzdə eyni şeyləri hiss etmişdilər həmkarlarımız - Nizami Gəncəvi abidəsinin qarşısında.

"Şuşa" xiyabanının yerləşdiyi ərazidə çoxlu millətlərin öz yeri var. Qəribə təzaddı. Əksər millətlərin və xalqların da öz dövləti var. Amma onlar savaşır, ölür, öldürülür. Sonra qəbiristanlar, xiyabanlar peyda olur. Burda da hər kəsin öz ərazisi olur. Və bəzən bu ərazilərə görə də savaşır adamlar. Vüqar müəllim deyir ki, bu əraziyə "Şuşa" adının verilməsinə ciddi şəkildə etiraz edənlər də olub...

Düz yadımda qalıbsa, ukraynalılar etiraz edib. Amma bica yerə...

Həmsöhbətim artıq söz demir. Özünəməxsus şəkildə gülümsünür. Hər şey aydındı. Əgər ərazi varsa, adı da Şuşadırsa - məlumdur hər şey.

Konqres daim və ardıcıl şəkildə çox iş görüb Moldovada. "Dostluq qapısı" abidəsini ucaldıb Sıncereydə (bu da azərbaycanlı memar Azər Məmmədovun işidir), azərbaycanlı tələbələrə xüsusi təqaüdlər verib, "Nizami Gəncəvi" mükafatı təsis edib və onu Azərbaycan naminə iş görmüş moldovanlara təqdim edib ilk növbədə. Festivallar təşkil edib, Azərbaycan musiqisini moldovan alətlərində, nayda ifası ilə bağlı albomlar buraxdırıb, kitablar çap etdirib, onların bəziləri haqqında ötən yazımda söyləmişdim, indi də birini xüsusi qeyd edim. Görkəmli rumın-moldovan ədibi İon Xadrkanın tərcüməsindəki  Nizami Gəncəvi "Aforizmləri"nin xüsusi yeri var bu sırada. Fikirləşirəm ki, bundan sonra daha çox iş görüləcək. Çünki səfir Qüdsi Osmanovla konqres sədri Vüqar Novruzovun xoş şəxsi münasibəti bu işlərin ən yaxşı müjdəçisi və təminatçısıdır.

Noyabrın 3-ü biz Moldova Təhsil, Mədəniyyət və Tədqiqatlar naziri ilə, eləcə də Moldova Elmlər Akademiyasında görüşlərdə olacaqdıq ki, bu görüşlərdən də ötən yazıda geniş söz etmişdik. Bircə o günün axşamı Krikovaya səfərimizdən danışmamışdıq. Qonaqlar, yəni bizim üçün məxsusi olaraq proqrama salınmış bu səfər "ədəbi xarakter" daşımasa də, əlbəttə ki, Moldovanı bir başqa, həmçinin tarixi, turistik və şərabçılıq yönündən görmək üçün vacibdi. Odur ki, yol alırıq Krikovaya. Bizə moldovan şairləri Mariya Pilkin  və İvan Pilkin, bir də onları olduqca istedadlı və bütün səfər boyu dil-boğaza qoymadan danışan, sual verən pianist oğlu da qoşulurlar.

Və yarım saat sonra biz "Dionisin Moldovadakı sarayındayıq". Səfər boyu bizi müşayiət edən gözəl bələdçi Viktoriyanın dediklərini, ara-sıra isə ona daha dəqiq düzəlişlər və əlavələr edən Vüqar Novruzovun söylədiklərindən bəzi məqamları xatırlayıram:

"Burdakı yeraltı yollar və yolların üstündəki qalereyalar 120 km. boyunca uzanır. 12-14 dərəcəlik stabil temperatur var burda. Yeraltı şəhərin Kaberne, Fetyaska, Aliqote, Savinyon adlanan küçələri var. İşıqforları da. 30 milyon litr şərab saxlanır burda, yəni yerin altında şərab dənizi var bir sözlə...

Öz paradoksları da var Krikovanın. Burda saxlanan ən qədim şərab Qüdsdən gətirilib, 1902-ci ilə aiddir. Eyni zamanda, Görinqin də şərab kolleksiyasının bir hissəsi burdadı...".

Şərab içməyən adama şərabdan çox danışmaq olmaz, bir də gördün kefləndi.

Hərçənd bizim nümayəndə heyətinə Konqres və səfirliyimiz adından yerin altında verilən şahlara layiq ziyafətdə mən qonaqpərvərlikdən həqiqətən məst olmuşdum. Ziyafətin baş tutduğu o zalda havalandırma və işıqlandırma sistemi elə idi ki, heç deməzdin, yerin altındasan, mən bunu sonadək hiss etmədim, daha doğrusu, unutdum.

"Ağ qoç, qara qoç" povestinin təqdimatının keçirildiyi gün bizim yerin altına düşüb təkrar işıqlı dünyaya çıxmağımız, əlbəttə ki, səfərimizin də, həyatımızın da qəribə "qafiyə"lərindən idi.

Sabahı gün, yəni noyabrın 4-də nümayəndə heyətimiz  Moldovanın cənubuna - Qaqauz Yerinə - Qaqauz Muxtar Regional Torpağına yollandı. Yenə səfir Qüdsi Osmanov, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, sədr müavini Müharib Allahverdiyev və Anar müəllimin rəhbərliyi ilə nümayəndə heyətimiz - Fikrət Babayev, Əjdər Ol, Rauf Aslanov və mən. Əlbəttə, bir də qaqauzların görkəmli ədibi və milli himnin müəllifi Todur Zanet.

Səfər günümüz Qaqauz Yerində, Komratda hər il ənənəvi olaraq keçirilən şərab bayramı, Moldova  prezidenti cənab Dodonun ora səfəriylə üst-üstə düşür. Biz bir az tez gəlmişik. Başkan İrina Vlax bizi öz iqamətgahının foyesində qarşılayır. Hər cür yemək-içməklə bəzədilmiş geniş masaları olan böyük otağa dəvət edir. Azərbaycanın, Azərbaycan prezidentinin, bizim nümayəndə heyətinin və Anar müəllimin ünvanına xoş sözlər deyilir. Sonra Anar müəllim, səfir Qüdsi Osmanov, Vüqar Novruzov danışırlar.

Daha sonra hamılıqla Şərab Bayramının keçirildiyi meydana gedirik. Prezident Dodon da artıq Komratdadır. Meydanda qurulmuş kürsüdə. Çoxlu çıxışlar, rəqslər, zarafatlar.

Qaqauz Yerinin idarəçilərindən gənc bir adamın  çıxışı yadımda qalır: "Şərab süfrəsi arxasında çoxlu müşkülləri dostluqla həll etmək olar...".

Meydanda tamaşa da göstərilir. Todur Zanetin əsəri əsasında. Maraqla baxırıq.

Sonra yaxınlıqdakı "Şərəf Xiyabanı"nda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edirik. Həmçinin Türkiyə Respublikasının keçmiş prezidenti Süleyman Dəmirəlin.  Qaqauzların muxtar status almalarında türk dünyasının bu iki böyük şəxsiyyətinin xüsusi rolu var.

Komratda səfərimizi beləcə yekunlaşdırıb üz tuturuq Avdarma kəndinə. Bizi Avdarmada Bakı Dövlət Universitetinin məzunu, tanınmış qaqauz tarixçisi doktor İqnat Kazmalı qarşılayır. Sonradan biləcəkdik ki, bu "orkestr-adam" həm peşəkar üzgüçü - təsəvvür edin ki, 16 dəfə Boğazı, Bosforu  üzüb keçib  və həm də paraşütlə tullanma idmanı üzrə usta, eyni zamanda, bu yarışların təşkilatçısıdı.

Yemək vaxtı Bakı və Azərbaycan haqqında olduqca xoş sözlər deyir. Səmimi, dolğun, minnətdarlıq dolu sözlər. Ötən əsrin 90-cı illərində Bakıda oxuyan bu adam Azərbaycanın çörəyini yediyini (elə belə də deyir), vətənə və tarixə sevgini o illərdə Bakıda öyrəndiyini söyləyir, ustadı Yaqub müəllimi ehtiramla xatırlayır. Sonra isə biz hamılıqla bir çox yerlərə - 2011-ci ildə açılışı olan Avdarma kəndi Xatirə Memorialına, daha sonra isə Avdarma kənd Tarix Muzeyinə gedirik. Bütün bu işləri öz kəndi və öz xalqı üçün məhz İqnat Kazmalı edib. Öyrənirik ki, memorialda I və II Dünya müharibələrində həlak olan, repressiya və epidamiyalar, aclıq və xəstəlik zamanı dünyasını dəyişmiş bütün avdarmalıların məzarları, məzarları olmayanların isə adları yazılmış lövhələr vardır... İqnat deyir ki, bu işi görməyə onu Bakıdakı Şəhidlər Xiyabanı sövq edib. Deyəndə bu sözündə də minnətdarlıq duyulur. Burda bir qərib və doğma - nasist almaniyasının yefreytoru Aleksandr Bergerə aid məzar da var. 17 may 1944-cü ildə Avdarma kəndindəykən alman əsgərlərinə atəşi dayandırmaq, bununla da daha artıq insan tələfatına yol verməmək çağırışı edən alman əsgəri hərbi tribunalın qərarı ilə güllələnir. 14 iyul 1944-cü ildə. Avdarmalılar bunu heç vaxt unutmur. Muzeydə də Bergerə xüsusi yer ayrılıb. Hətta İqnat o zabitin qohumlarını tapıb, onları öz hesabına kəndə də dəvət edib...

Kənddən və daha çox İqnatdan ayrılırıq. Amma 3-4 saatlığa. Sonra Kişinyovda axşam yeməyi yerərkən o bizimlə yenə görüşəcəkdi... Boğazı 16 dəfə üzmüş adam üçün gecə vaxtı kənddən şəhərə qayıtmaq elə də çətin məsələ deyildi. O bizə materiallarını 30 il ərzində topladığı və yazılışına 5 il sərf etdiyi, kitabçılığın ən yaxşı ənənələrinə əsasən çap edilmiş "Avdarma.1563-2013. Tarixin 450 ili" kitabını da hədiyyə etdi.

Bütün yaxşı görüşlərin, səfərlərin sonu var. Və biz artıq hava limanındayıq. Vüqar Novruzov  Nikolae Spetaru yenə yanımızdadırlar. Söhbətləşirik. Bu arada bizi bir neçə dəqiqəlik tərk edən Vüqar müəllim Moldovanın yeni ombudsmanı Mixail Kotorabayla qayıdır. Onu bizə, ilk növbədə, universitetdəki sevimli müəllimlərindən biri kimi təqdim edir. Müəllimin gözündə minnətdarlıq və qürur, tələbənin gözündə sevinc var. Daha sonra biz Moldovanın keçmiş kənd təsərrüfatı nazirinin müavini, hava limanının rəhbərliyindən bir nəfəri, daha başqa insanları tanıyırıq. Hamısı Moldova Azərbaycanlıları Konqresinə, Azərbaycan xalqına, yaxından tanıdıqları Vüqar Novruzova ehtiramlarını bildirirlər...

Sonuncu ziyafət, əslində isə "vida masa"sı beləcə qurulur və nə qədər xoş olsa da biz ayrılırıq.

Ayrılırıq ki, yeni işlərə və görüşlərə doğru addımlayaq.

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.4.