Moldova Milli Kitabxanasında Azərbaycan kitabı sərgisi

Əjdər Olun imza mərasimi

 

"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" çərçivəsində Moldova Milli Kitabxanasında Azərbaycan ədiblərinin əsərlərinin sərgisi təşkil olunmuşdu. Sərgidə xüsusən yeni nəşrlər - Anarın "Ağ qoç, qara qoç" povesti (tərc.: İqor Volnitski), Elçinin "Baş" romanı (tərc.: Aleksandr Vakulovski), Çingiz Abdullayevin "Qorxumuzun vaxtı" (tərc.: İqor Volnitski) romanı, Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" (tərc.: Nikolae Spetaru), "Atama məktub - Azərbaycan hekayə antologiyası" (tərcüməçilər qrupu) maraq çəkirdi.

Tədbirdə, eyni zamanda, "Dmitri Kantemir: müasir türk musiqisinin banisi" CD-sinin təqdimatı baş tutdu ki, bu disk də Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə ərsəyə gəlmişdi. Tədbirdə görkəmli Moldova bəstəkarı, dirijoru (eyni zamanda, diskdə yer alımış kompozisiyalar da onun dirijorluğu və rəhbərliyi ilə yazılmışdı) George Mustea da iştirak edirdi.

Qonaqları giriş sözü ilə salamlayan Moldova Milli Kitabxanasının direktoru Yelena Pınteley Azərbaycan ədiblərindən ibarət nümayəndə heyətini salamlayaraq onların kitabxanada olmasını və Azərbaycan ədiblərinin əsərlərinin sərgisinin  təşkilini Moldova mədəni mühiti üçün, eyni zamanda, kitabxana üçün əlamətdar, qürurverici hadisə olduğunu diqqətə çatdırdı. Qeyd elədi ki, Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi ilə kitabxananın dostluğu və əməkdaşlığı olduqca vacib məqamdır, çox yaxşı ki, ardıcıldır, eyni zamanda, digər səfirliklər və diasporalar üçün nümunədir.

Cənab George Mustea Dmitri Kantemirin yaradıcılığından, onun hərtərfli, universal şəxsiyyət kimi Moldova tarixi üçün yerindən, bu gün təqdim edilən diskin (diskdəki 9 melodiyanın) həm ümumtürk, həm də Moldova musiqi tarixi üçün əhəmiyyətindən danışaraq diskin yazılması və istehsalında dəstəyinə və iştirakına görə Konqresə və Vüqar Novruzova təşəkkkür elədi.

"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin əhəmiyyəti, keçirilməsi zərurəti, qarşılıqlı tərcümə olunan kitablar, ədəbi mübadilə haqqında daha sonra səfir Qüdsi Osmanov, Moldova Yazıçılar Birliyinin sədri Arkadi Süçevyanu, Konqresin sədri Vüqar Novruzov çıxış etdilər.

Sonra isə yazıçı Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" hekayələr toplusunun təqdimatı, kitaba toplanmış hekayələr barədə moldovan ədəbiyyatçılarının çıxışları başladı. İlk sözü kitabın tərcüməçisi Nikolae Spetaru söylədi. O, Əjdər Ol yaradıcılığını həm qaldırdığı mövzular, həm də təhkiyə və üslub etibarilə olduqca ciddi və maraqlı olduğunu söylədi. Qeyd etdi ki, bu mövzular, hadisələr Moldova cəmiyyəti və yaxın tarixi üçün aktualdır.

Kitab haqqında moldovalı ədiblər, Vitaliy Railyano, Anatol Moraru da çıxış etdilər.

Klaudiya Portale  yazıçı Əjdər Olun hekayələrində realist nəqletmə və xarakterləri açmaq üçün binar bədii fəndlərdən istifadəsinə rəğmən personajlarına münasibətdə xeyirxah insani və yazıçı mövqeyi sərgiləməsindən danışdı, bunun doğru olduğunu qeyd etdi.

Sonra yazıçı Əjdər Ol şeirlərindən bir neçəsini oxudu, auditoriyanın suallarına cavab verdi və kitab imzaladı.

Qeyd edək ki, yazıçı Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" hekayələr toplusuna müəllifin 11 hekayəsi daxil edilib. Kitab Moldovanın məşhur TipoMoldova" nəşriyyatında, "Müasir dünya yazıçıları" seriyasından nəşr edilib. Kitabın redaktoru Aurel Ştefanaçki, seriyanın koordinatoru Valeriu Stansudur.

P.S. Bakıya döndükdən 10 gün sonra Kişinyovun "Contrafort" dərgisində tanınmış Moldova tənqidçisi, ədəbiyyatşünası və yazarı, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Qriqore Kiperin "Əjdər Olun "Kamança"sı adlı böyük məqaləsi dərc edilib. Gələcəkdə bütünlüklə çapa hazırlamağa düşündüyüm həmin yazının bir fraqmenti belədir: "Əjdər Olun nəsri böyük həzz və sevinc gətirir oxu zamanı. Onun nəsrinin bütün elementləri qaydayla, ustalıqla sapa düzülmüş incilərdir, təsbeh dənələridir. Yaddaqalan süjetlər var və olduqca kinematoqrafikdir hər şey. Əjdər Ol başdan-ayağa oxunmağa layiq yazardır. Onu ədəbiyyat biliciləri də, oxu vərdişləri yeni olanlar da maraqla oxuyacaq. Bu isə həm də usta tərcüməçi bacarığı göstərən Nikolae Spetarunun da zəhməti hesabına başa gəlib...".

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.5.