Sabir Əhmədlinin evi
"Yazıçının
özü və sözü" silsiləsindən
Bizim gənclik illərimizdə yeni kitabların
müzakirəsi, yazarlarla görüşlər gözəl
bir ənənə idi. Kitabxanalarda, yataqxanalarda, ali məktəblərdə
tez-tez belə görüşlər keçirilirdi və mən
sonralar ölkədə şöhrət qazanmış, bəzisi
ilə iş yoldaşı, bəzisi ilə dost olduğum qələm
sahiblərinin çoxunu belə görüşlərdən
tanımışdım.
Azərbaycanın
xalq yazıçısı, romanları ilə böyük
oxucu sevgisi qazanmış, görkəmli nəsr ustası
Sabir Əhmədlini də mən ilk dəfə tələbə
vaxtı, universitet yataqxanasında onun "Görünməz
dalğa" romanının müzakirəsi zamanı
görmüşdüm. "Görünməz dalğa"nın əvvəli olan "Aran"
romanını da oxumuşdum, yazıçını kənardan
tanıyırdım, lakin görüşü başqa kursun tələbələri
təşkil etmişdilər və mən də ora təsadüfən
düşmüşdüm. Sona yaxın
müzakirənin səviyyəsindən narazı
qaldığıma görə, ya da başqa bir səbəbdən
xahiş elədim və mənə də söz verdilər.
İndi həmin çıxışımı
xatırlamıram, amma romanlara başqa tələbələrdən
fərqli bir mövqedən yanaşdığım
yadımdadır. Görüş
qurtarar-qurtarmaz məni mübahisəyə çəkməsinlər
deyə, tez çıxıb getdim. Sonra
yazın ildırımlı-yağışlı bir
günündə İçərişəhərə, daha
doğrusu, universitetin indi İqtisadiyyat Universiteti yerləşən
binasının yanına enən avtobusa minəndə tələbələr
arasında dayanan yazıçını da gördüm.
Əynində qara plaş, başında qara
şlyapa, avtobusdakı basabasa fikir vermədən, öz aləmindəcə
dayanmışdı. Sonra necə oldusa, gözünü
dolandırıb məni gördü, "sən yataqxanada mənim
kitablarım haqqında danışan tələbə deyilsən?"
- deyə soruşdu və cavabımı
gözləmədən, təbəssümlə əlavə
etdi: "Həm də deyəsən, mənim
adaşımsan". Utana-utana təsdiqlədim.
"Mən də buralarda, sizin yataqxanaların
qonşuluğunda yaşayıram" - dedi. Əhvalımı,
hansı fakültədə, hansı kursda oxuduğumu
soruşdu və sözarası çıxışımdan
razı qaldığını bildirdi. Universitetə
çatan kimi sağollaşıb düşdüm. Üstündən bir-iki ay keçdi,
dördüncü kursun axırına yaxın bir təsadüf
məni "Ədəbiyyat və incəsənət" qəzetinin
o vaxtkı Zevin, İndiki Əziz Əliyev küçəsində
yerləşən redaksiyasına gətirdi. Baş redaktor Hüseyn Abbaszadənin yanına, məni
qəzetdə işə götürməsini xahiş etməyə
getmişdim. Baş redaktor məni dinləmiş,
tənqid və ədəbiyyatşünaslıq şöbəsinin
müdiri Ayaz Vəfalını yanına
çağırtdırmışdı. Ona
tapşırıq vermişdi ki, bu oğlana material ver, oxuyub
redaktə etsin, sonra fikrini bildir. Bu vaxt
qapı açıldı və artıq mənə
tanışı kimi baxan Sabir Əhmədli içəri
girdi. Mən onun da bu qəzetdə işlədiyini
bilmirdim. Əlindəki kağızları redaktora verəndə
söhbətin sonunu eşidib ayaq saxladı və Hüseyn
Abbaszadəyə "işə götürsəniz
yanılmazsınız, Sabiri mən də tanıyıram,
ağıllı oğlandır" - dedi. Bu
sözün mənim işə götürülməyimdə
nə dərəcədə rol oynadığını bilmirəm,
lakin tanınmış yazıçıdan bu rəyi
eşitmək çox xoş idi. İki
gün sonra mən artıq kiçik ədəbi
işçi kimi qəzetdə vəzifəmə
başladım, tanımadığım işçilər
yaxınlaşıb təbrik edirdilər. Sabir
Əhmədli isə artıq "köhnə
tanış" kimi danışırdı mənimlə.
Redaksiyanın
iyirmidən çox işçisinin demək olar ki,
hamısı öz sahəsinin tanınmış adamaları
idilər: şair, nasir, publisist, rəssam, teatr tənqidçisi,
musiqişünas...
Sabir Əhmədli öz təmkini, məsələlərə
ayıq yanaşması, tələbkarlığı,
düzlüyü, heç bir müəllifə güzəştə
getməməsi, yüksək ədəbi zövqü ilə
xüsusi hörmət qazanmışdı; ən yaxın
dostu olsun, hekayəsini bəyənməsə heç bir
xahişə baxmaz və yazının çapına icazə
verməzdi. Qəzetin sağlam, halal, tələbkar mühitini
yaradan adamlardan biri o idi.
Bundan
sonra tam on il bir yerdə çalışdıq,
sonra qəzetdən ayrıldım, lakin Sabir Əhmədli ilə
yaxınlığımız ildən-ilə möhkəmləndi
və onun ömrünün sonunadək davam etdi. Sərt təbiətli
adam olsa da dosta, yoldaşa münasibətdə
çox diqqətli, ardıcıl və etibarlı idi. Az adamla oturub-durardı. İsmayıl
Şıxlıya, Ənvər Məmmədxanlıya
xüsusi hörməti vardı. Əli Kərimli ilə,
Gəncədə yaşayan Altay Məmmədovla, Məmməd
Arazla dost idilər. Şübhəsiz, bu
siyahılar yarımçıqdır, mən bildiklərimi,
yadıma düşənləri deyirəm. Əli Kərimli tez getdi, lakin Altayla hər görüşündə
hökmən onunla keçirdikləri vaxtları
xatırlardılar. O da, Ənvər Məmmədxanlı
da Yazıçılar İttifaqının ən
yaxşı şahmatçıları
sayılırdılar...
Qırx il davam edən dostluğumuzu indi kədər
qarışıq qürurla xatırlayıram. Məni
ən çox heyrətləndirən onun işgüzarlığı
idi. Bizimlə birgə hər gün işə
gələr, bütün məclislərimizi öz
zarafatları ilə bəzəyər, amma hər gün də
yazardı. Əlindəki yeni əsəri
barədə danışmağı xoşlamazdı. Nadir hallarda bəzi işarələrdən təxminən
hansı mövzu üzərində işlədiyini sezmək
olardı. Sabir Əhmədlinin ən
yaxşı əsərlərindən biri 1969-cu ildə dərc
olunmuş "Dünyanın arşını" romanı
idi. O, hekayələrindən, "Aran" və
"Görünməz dalğa" romanlarından başlanan
dərin sosial əhəmiyyətli mövzunu davam etdirirdi.
Kolxoz, şişirdilmiş rəqəmlər, adamları əzən
saxtakarlıq mühiti, həyatla yazılanlar arasındakı
ziddiyyət, kütləni əzən yalan mühiti... Sonralar dünyanın böyük bir
parçasını iqtisadi cəhətdən
çökdürən bəlaları Sabir Əhmədli hələ
o vaxt yazırdı. Roman yuxarı dairələrdə
yaxşı qarşılanmadı, rəsmi
çıxışlarda pisləndi, qərarlara
düşdü. Yazıçı
"Yamacda nişanə" povestinə kimi mətbuatda susdu və
ya susduruldu.
22 roman yazdı və nəşr olunan hər
romanının sevincini onunla birlikdə biz də
yaşadıq.
"Qanköçürmə stansiyası",
"Toğana", "Yaşıl teatr", "Yasamal
gölündə qayıqlar üzürdü", "Axirət
sevdası" və s. Bu əsərlərin hər biri nəşr
olunan kimi yaxın dostlarının müzakirəsindən
keçirdi. Cəbrayıla gedəndə bu
söhbətlərə qardaşı Vaqif də
qarışırdı. Sabir Əhmədlinin güzəştsiz
tənqidçilərindən biri elə öz qardaşıydı...
Bəzi qohumların, rayon adamlarının bu əsərlərdə
özlərini tanıması Vaqifi narahat edirdi. Yazıçı qardaşına "daha dərin
ümumiləşdirmələr aparmağı, adamları,
süjetləri konkretlikdən çıxarıb ümumbəşəri
bir səviyyəyə qaldırmağı" məsləhət
görürdü. Partiya işçisi
olan qardaşın dilindən bu sözləri eşitmək
maraqlı idi.
Amma Sabir Əhmədli ardıcıl bir şəkildə
öz zamanını, o dövrün Azərbaycan
insanının taleyini və üzləşdiyi sosial ədalətsizlikləri
yazırdı.
Onun nəsr dili haqqında çox
yazılıb, bu dilin yetərincə sığallı
olmadığına işarələr vurulub. Lakin, əslində, onun bədii dili seçdiyi
mövzulara uyğun idi. Cəbrayılın, Arazboyu
Qarabağın bədii dildən kənarda qalmış bir
sıra kəlmələrinə ədəbi həyat verməklə
nəsr dilimizi zənginləşdirirdi...
Hər dəfə yaxın dostu Altay Məmmədov Gəncədən
gələndə biz köhnə "İnturist"də
üçümüz görüşürdük. Altay bu oteldə
qalmağı sevirdi. Bəzən məclislərimizin
başqa qonaqları da olurdu. Bu
görüşlər ölkədə gedən siyasi proseslərin,
yeni ədəbi əsərlərin müzakirəsinə
çevrilərdi, dostlar xatırlanardı. Ara-sıra Gəncəyə də gedirdik. Altay Məmmədovun pyeslərinin ilk
tamaşasında, Nizamı əsərlərindən
hazırladığı teatr tamaşalarına baxmağa,
müxtəlif yubileylərdə. Yadımdadır
Altay müəllimin yubileyində Gəncəyə
Yazıçılar İttifaqından İsmayıl
Şıxlının, Sabir Əhmədlinin, Əkrəm
Əylislinin, Azər Mustafazadənin daxil olduğu bir nümayəndə
heyəti ilə getmişdik. Belə səfərlərdə
Sabir Əhmədlinin "ağır xasiyyəti"ndən əsər-əlamət
qalmaz, onun həyat eşqi ilə, yumorla, atmacalarla dolu olan
başqa bir xasiyyəti önə çıxardı.
Ata-anasının
sağ olduğu günlərdən başlayaraq Cəbrayıla
da çox getmişdik. Onun söhbətləri
və əsərləri mənə bu rayonu, onun gözəl
insanlarını sevdirmişdi, dağını,
düzünü tanıtmışdı; onun sayəsində
Araz boyuna enib Xudafərin körpüsünün yanında Araz
suyunda yuyunmaq imkanı qazanmışdım. Polşada
qardaşlıq məzarında yatan Qəhrəman
qardaşı Cəmil Əhmədovun Cəbrayılın mərkəzində
büstünün, sonralar muzeyinin
açılışında iştirak etmişdik. Onun arzusu ilə Cəmil Əhmədovun şeirlərinin,
əsgər məktublarının toplandığı kitaba
ön söz yazmışdım. Və nəhayət,
bu yaxınlıqlara görə, mənə Cəbrayılın
fəxri vətəndaşı adı vermişdilər.
Ürək dostluğu onu Yardımlının çətin
yolları ilə bizim Hamarkənddəki balaca evimizə
aparmışdı.
Yazıçılar İttifaqında baş vermiş
bir əhvalat Sabir Əhmədlinin xarakterini, yüksək
insani keyfiyyətlərini göstərmək baxımından
çox maraqlıdır. "Ədəbiyyat və
incəsənət" qəzetində işlədiyimiz
günlərdi. Qəzetin redaktoru Yusif
Əzimzadə məzuniyyətdə olarkən, 100 illik yubileyi
ərəfəsində Nəriman Nərimanov haqqında iri
bir məqalə verilmiş və qəzetin üz
qabığında hələ açılışı
olmamış heykəlinin şəkli çap edilmişdi.
Bu o vaxtlar idi ki, Bakıdakı bolşevik-daşnak törəmələri
Nərimanovun iri heykəlinə qısqanclıqla yanaşır,
"bu heykəl Kirovun heykəlini kölgədə
qoyacaq" - deyə Moskvaya məktublar yazır və Heydər
Əliyevi Azərbaycanda "nərimanovşinanı"
qızışdırmaqda günahlandırırdılar. Qəzet çıxandan sonra Yusif Əzimzadə
işə qayıtdı, Məmməd Araz məzuniyyətini
götürüb respublikadan kənara, yaradıcılıq
evinə getdi. Bir neçə gün sonra
qəzetin işçilərini gözlənilmədən
Yazıçılar İttifaqına
çağırdılar. Mirzə
İbrahimovun otağına girəndə hələ heç
birimiz bura niyə
çağırıldığımızı bilmirdik.
Mirzə İbrahimov dilxor idi, rəngi qaralmışdı,
hiss olunurdu ki, edəcəyi söhbət onun da ürəyindən
deyil və bizi də bura məcburən yığıb. Sən demə, Nəriman Nərimanov haqqında
yazılmış məqalə yuxarılarda narazılıqla
qarşılanıb, heykəlinin şəklinin verilməsi isə
böyük bir səhvdir. Bunun nəyi səhv
sayılmalıdır? Heykəl qoyulub, bircə
üstündəki ağın götürülməsi
qalır. Başqa
bəhanə tapılmamışdı, xəbərimiz
yoxmuş, hələ açılışı
olmamış heykəlin şəklinin qəzetin üzünə
çıxarılması günah sayılırmış.
Yusif Əzimzadə nə deyəcəyini
bilmirdi. Bəlli oldu ki, vəziyyətdən
çıxış yolu kimi Məmməd Araz işdən
çıxarılır. Biz etiraz etdik.
Məmməd özü Bakıda deyil, onun
iştirakı olmadan bu məsələnin müzakirəsi
doğru deyil. Mən
çıxışımda Rəssamlıq şöbəsinin
müdiri işlədiyim vaxtda dəfələrlə buna bənzər
hadisələr olduğunu, rəssamların
emalatxanalarından, hələ heç emalatxanadan
çıxmamış heykəllərin şəklini
çap etdiyimizi misal çəkib burada ciddi bir
yanlışlıq olmadığını söylədim.
Mirzə müəllimin fikri qəti idi və hiss olunurdu ki, məsələ
tək Bakı ilə bağlı deyil. Söhbət
bu yerə çatanda Sabir Əhmədli ayağa qalxdı.
Rəngi ağarmışdı. Dedi:
"Mirzə müəllim, indi 1937-ci il
deyil ki, bir tapşırıqla bir insana qara yaxılsın, bu
otağa girənə kimi nə üçün
çağırıldığımızı bilməyək.
Belə ədalətsizlik olmaz". Bunu deyib döndü və otağı tərk edib getdi.
Sabir Əhmədli ədalətsizliklə barışan adam deyildi: həm həyatda, həm əsərlərində.
Mən onun zövqünə və tələbkarlığına
sayğıyla yanaşırdım. Şeirlərimə, publisistik
yazılarıma münasibətinin yaxşı olduğunu bilirdim , bu barədə çox
danışığımız olmuşdu. Orta
məktəbdən başlayaraq seyrək-seyrək balaca hekayələr
də yazırdım, ancaq bunları üzə
çıxarmırdım. Bunlar nəsr şöbəsindən
keçməliydi; "Birdən adaşım bir yerdə
işlədiyimizə və yaxınlığımıza
görə üzə düşər, bəyənməyə-bəyənməyə
hekayəmin çapına icazə verər", - deyə
düşünürdüm. Bütün
bunları nəzərə alıb "Daş rəngi"
adlı hekayəmi başqa bir imza ilə qəzetə gələn
hekayələrin arasına qoydum. Bir də
baxdım Sabir Əhmədli hekayənin müəllifi ilə
maraqlanır. Bəyəndiyi hekayələrin
müəllifləri ilə söhbət edər, xırda kəm-kəsir
varsa düzəltdirərdi.
"Bəlkə, bu hekayəni gətirəni
tanıyırsan? - deyə soruşdu - Burda telefonu
yazılmayıb. Amma hekayəsi
yaxşıdır, bu nömrə vermək istəyirəm".
Onun rəyini biləndən sonra gizlənməyin mənası
yox idi. Güldüm. "Hekayə mənimdir,
- dedim - mənə sizin fikriniz maraqlı idi.
Çapı vacib deyil..."
Hekayəni həvəslə təhlil etdi və həmin
nömrə "Daş rəngi" çap olundu. Bu mənim nəsr həyatımın
başlanğıcı idi...
Böyük yazıçımız uzun müddət
Yasamalda, Akademiyanin yataqxanasına yaxın bir evin beşinci mərtəbəsində
yaşayırdı. Ara-sıra kefinin kök vaxtında təkidlə
məni evə dəvət edərdi. Mənzili
də onun özünə bənzəyirdi. Səliqəli, bər-bəzəksiz. İş masası Yasamal gölünə və
yataqxanaya, yataqxananın o üzündəki qəbiristana baxan
pəncərənin qabağında qoyulmuşdu. Bu, üstü müşənbəli, balaca bir məktəb-müəllim
masasıydı. Bakıda da müəllimlikdən
qopmaq istəməmişdi. Yemək gələndə
makinasını masanın üstündən götürərdi,
həyat yoldaşı Şaban bacı süfrəni onun
iş masasının üstündə açardı. Bu evdəki yeməklərin şahı yarpaq
dolması idi.
Sonralar Qarabağ savaşında şəhid olan oğlu
Məhəmməd də bu evdə doğulmuşdu. İkinci
oğlunun dünyaya gəlməsinə çox sevinir, Məhəmmədin
necə sürətlə böyüməsi barədə həvəslə
danışır, onun simaca gözəl olmaqla yanaşı, həm
də ağıllı olması ilə qürur duyurdu. Sonra günlərin birində bu evin
qarşısında çadır quruldu. Soyuq
qış gününün sazağı
çökmüşdü şəhid Məhəmmədin
atasının üzünə. Yanında
oturmuşdum. Ağlamırdı, bəlkə də,
gözünün yaşı qurumuşdu... Üzündəki
kədərə sözlə deyilə bilməyən, bəlkə
də, ona dözüm verən, sınmaz bir qürur
qarışmışdı. Sevimli
qardaşını bir müharibə aparmışdı,
sevimli oğlu da bu müharibədə şəhid olmuşdu.
Bir qardaş, bir ata müdrikliyi ilə o, bu faciənin
həm də şərəfli bir tale işi olduğunu
bilirdi. Kim istəyir oğlunu qoltuğunda gizlətsin.
Amma Sabir Əhmədli bunu bacarmazdı. Nə qədər şax otursa, dərdini içində
boğmağa çalışsa da dizləri əsirdi. Əlimi dizinə qoysam da bu əsintini saxlaya
bilmirdim. Tək bircə dəfə
dodaqaltı "yazıq Məhəmməd!" - deyə
pıçıldadığını eşitdim. Sanki
bu qış günü oğlunun cansız bədəninə
işləmiş soyuğu hiss edirdi...
Sabir Əhmədli müstəqillik uğrunda mübarizənin
sevincini yaşayan böyük vətəndaş idi. Bu baxımdan İsmayıl
Şıxlının, onun, Hüseyn Abbaszadənin, Yusif Səmədoğlunun,
Rüstəm Behrudinin və bir sıra başqa
yazıçılarımızın xidmətini, mövqeyini
heç vaxt unutmaq olmaz.
Ömrünün axırına yaxın evini Mətbuat
prospektinə, Baş Arxivlər İdarəsinin
yaxınlığındakı yeni binalardan birinə dəyişmişdilər. Genişliyə
çıxdığına sevinirdi. Zəng
vurub gedirdim. Bir dəfə özü çağırdı:
"Vacib işin yoxdursa axşam bizə gəl!".
Getdim. Gördüm Sirus da
ordadı. O arada MM-də bizim Sirusla sərt mübahisəmiz
olmuşdu. Küsülüydük. Niyə çağırıldığımı
bildim. Üçümüz bir yerdə işləmişdik,
həmişə xoş münasibətlərimiz olmuşdu, qəzetin
ən sərt yazıları bizim əlimizdən
çıxardı, redaktorlarla münaqişələrdə
eyni mövqedən danışmışdıq... İndi böyük dostumuz bizim küsülü
qalmağımızı istəmirdi. Bütün
incikliklər, mövqe fərqləri töküldü ortaya.
Amma Sabir Əhmədlinin səbri və ona olan
sayğımız üstün gəldi. Evdən Sirusla
bir yerdə, arada inciklik olmayıbmış kimi
çıxdıq, Bir saat da küçədə gəzə-gəzə
danışdıq...
Arada baş çəkirdim, zəngləşirdik. Bir dəfə zəng vurdu
ki, gərək görüşək, sənə deyiləcək
sözüm var... Amma vaxt danışmadıq.
Qaçhaqaç, bir-birini əvəz edən
yığıncaqlar. "Bu gün keçdi, sabah gedərəm...".
İndi də
ürəyimdə ağrı kimi qalıb: "Sabir müəllim
mənə nə deyəcəkdi?".
Onun dəfni barədə heç nə yazmıram. Bu barədə "Dövlətçilik
əxlaqı və ya bizim olmayan adamlar" adlı ayrıca
bir yazım var...
Sabir
Əhmədli Cəbrayılda ev
tikmişdi. Ara-sıra "bəlkə də,
köçüb orda yaşadım" - deyirdi. Ora köçə bilmədi.
Oxucularının, sevənlərinin ürəyinə
köçdü...
10.12.2018
Sabir RÜSTƏMXANLI
Ədəbiyyat qəzeti.- 2018.- 15
dekabr.- S.8-9.