Ölüm - yaddaşı təzələyən hadisə

 

Səninlə tez-tez görüşə bilmirdik. Bilirdim, "baş qaşımağa" macalın yoxdur. Amma yenə xəbərləşər, hal-əhval tutardıq. Bu böyüklükdə şəhərdə (əhalisi yüz mini çoxdan ötmüş) səndən başqa "dərdləşməyə" bir Allah bəndəsi tapmırdım.

İşlədiyin kollektivdə səni qiymətləndirirdilər, nüfuzun vardı. Hərə bir dərdini, qayğısını götürüb yanına gələrdi. Heç kimi incitməzdin. Hətta əlindən bir gəlməyəndə (axı, çox şey imkanın gücün xaricindəydi) sözlərinlə təsəlli tapardılar. Yüksək ziyalı mədəniyyətini sonacan qoruyub saxlamaq hər adama nəsib olmur. Sən qorudun- ləyaqətini , şəxsiyyətini . Səndə olan təmkinə, müsahiblərini səbrlə dinləmək vərdişinə heyran qalırdım.

...Üç gün əvvəl (aradan iki il keçib!) zəng etmişdim. Çox danışmadıq, səni yormaq istəmədim. Səsin məni aldatdı, içimdə ümid cücərdi. Tezliklə görüşmək arzusu ilə sənə Allahdan şəfalar dilədim. Qəfil gələn zəng hər şeyi alt-üst etdi... Biz ki danışmışdıq...

Özümü qınayıram; gərək sənə hər gün zəng edəydim. Axı, xəbərim vardı, ağrılar içində necə qıvrılırdın. Hər gün qram-qram, misqal-misqal canından can üzülürdü. Dərdinə dərman tapılmırdı. Səni sevənlərin əlləri çarəsiz-çarəsiz yanına düşürdü. Yaradandan möcüzə gözləyirdik.

Sətirlərə göz gəzdirirəm, yazdıqlarıma acığım tutur. Səninlə keçmiş zamanda necə danışmaq olar?! Heyhat qardaşım, biz, əslində, keçmişdəyik. Ölüm-yaddaşımızı təzələyən hadisədir.

Həmişə insanlarla necə danışıramsa, ağaclarla, quşlarla, axar sularla da elə danışıram. İndi səninlə danışıram inanıram: ağaclar, quşlar, axar sular necə eşidirsə, sən məni elə eşidirsən. Fərqindəyəm, çox uzaqdasan. Ayrılıq, özü əbədi ayrılıq (ölüm dediyimiz) başqa bir dünyada yaşamaqdır.

Bax, indi, gecənin bu gec vaxtı səni haraylayıram: məni eşidirsənmi? İnsanlar payız havasına çəkib. Qarşıma çıxanların biri gülərüz-işıqlıdı, biri boz. Hələ içi, çölü qaranlıq olanları demirəm. Sənin öz havan vardı, özünə çəkmişdin. buna da inanmaq istəyirəm ki, o dünyada da öz havanla yaşayırsan.

yaxşı, yaxşı ki, ata (Mirdamət Əziz ocağının) işığını yandıran (sənsizliyin təsəllisi) var. Ocağa layiq oğul balan Emil bəylə zəngləşdik. Onun istəyilə sənin şeirlərindən seçib sevimli "Ədəbiyyat qəzeti"nə təqdim edirəm.

 

Fəxrəddin Əsəd

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.11.