İctimai yaddaş və mədəniyyət dəyərləri

 

Nəriman Həsənzadənin "Nabat Ananın Çörəyi" romanı nümunəsində ictimai yaddaşın daşıyıcısı olan qadın

 

Mədəniyyətin dəyərlər sistemi olaraq qəbul edilməsi və ictimai yaddaşın bu dəyərləri nəsildən-nəslə köçürməsində qadınların rolu və yeri araşdırmamızın mövzusunu meydana gətirir. İctimaiyyətin maddi, mənəvi dəyərlərin daşıyıcısı və ötürücüsü olaraq qadının rolunun ədəbiyyat əsərlərində necə işlədiyini müasir Azərbaycan ədəbiyyatının tanınan adlarından olan N.Həsənzadənin "Nabat Ananın Çörəyi" adlı romanında araşdıraq. Burada ictimai yaddaş və mədəniyyət dəyərləri tərəfindən yola çıxaraq bir xalqın dəyərlər sistemi daxilində qadının rolu üzərində dayanılacaq.

Bu işin əsas məqsədi yaddaşın mədəni, tarixi bir hadisə kimi təhlil edilməsi və sosial informasiya köçürməsinin bir körpüsü olaraq qəbul edilməsidir.

Yaddaşın "ictimai, mədəni, tarixi və kollektiv fenomen olaraq bir növ sosial məlumat ötürülməsində körpü olaraq görülməsi mövzusu, əsas tədqiqat metodları olaraq analiz, induktiv və dediktiv üsulları daxilində ümumiləşdirmə, tipoloji, struktur funksionalist yanaşmalar nəzərə alınacaq".

Sosial dəyərlərin şüurda yerləşməsi, keçmişdən dövrümüzə və gələcəyə doğru ötürülməsi, bir güc olub yaddaşa yüklənərək daxili zənginlik şifrəsini qəbul etdirir. Bu zaman ərzində əsərin qəhrəmanı Nabat Ana üzərindən cəmiyyətdə bu şifrənin ötürmə yolu və vaxt diqqətə alınacaq.

Sosial dəyərlər keçmişdən günümüzə və gələcəyə köçürülmüş şüurda yerləşdirilir. Bu prosesdə Nabat  Ananın vasitəsilə fərdi həyat və fərdi səviyyədə sosial yaddaş arasındakı əlaqələr araşdırılacaq.

Bu araşdırmada Azərbaycan xalqının ictimai yaddaş ünsürlərinin bir ana nümunəsində şəxsən öz övladına, ümumilikdə isə ictimaiyyətə ötürülməsi bir ədəbi əsər nümunəsində izah ediləcəkdir.

Müasir Azərbaycan ədəbiyyatının tanınmış adlarından olan Nəriman Həsənzadə 1931-ci il 18 fevralda Azərbaycanın Qazax rayonunun Poylu qəsəbəsində dünyaya göz açıb. O, orta məktəbi bitirdikdən sonra Gəncə və Bakı şəhərlərində lisans təhsilini başa vurub. Daha sonra isə dövrünün ən mötəbər təhsil ocaqlarından sayılan Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.

N.Həsənzadə Azərbaycanda bir şair kimi sevilir. Onun "Nabat Ananın Çörəyi" adlı romanı nəsr növündə yazdığı yeganə əsəridir. N.Həsənzadənin tərcümələri xaricdə də geniş yayılmışdır. O, bir yaşında olanda atası vəfat etmişdir. Daha sonra isə iyirmi üç yaşında olduğu vaxt anası dünyasını dəyişmişdir. Şair, acısını, hüznünü oxucularına Nabat Ananın vasitəsilə çatdırmışdır.

Çoxlu sayda dövlət və ədəbiyyat mükafatlarının sahibi olan N.Həsənzadənin əsərləri rus, Çexiya, fars, türk, qazax, gürcü və ərəb dillərinə tərcümə olunub. Şair yazmış olduğu "Nuri Paşa" poemasıyla Kayseri Şeir Günlərinin mötəbər və hörmətli qonağı olmuşdur. "Nabat Anamın Çörəyi" romanı 2012-ci ildə türk dilinə tərcümə olunmuşdur.

Avtobioqrafik bir roman olan "Nabat Ananın Çörəyi"ndə biz Poylu qəsəbəsində yaşayan bir ailədən bəhs olunduğunu görürük. Əsərdə fərdi hisslər, insanın yaşadığı sevincli və kədərli günlərin hekayəsi təbii şəkildə göstərilir. Oxucu romanda sadə həyat tərzindəki fəlsəfi dərinliyi, xalq yaradıcılığı elementlərinin zəngin detallarını çox rahat şəkildə anlaya bilər.

Yazıçının, əslində, şair olması bu romana lirik bir ahəng qatmışdır. Əsər çox sadə bir dil və axıcı bir üslubla yazılmışdır. Yazıçının anasının ölümündən 20 il sonra bu əsərini yazmış olması N.Həsənzadənin həyatda yaşadıqlarını "sözə çevirmək", "unudulmamaq və onu ötürə bilmək, yəni hamının olması" arzusuna bağlı olduğunu göstərir.  Yazıçının bu romanda yaşadıqlarını xatırlayaraq anlatması, Latın Amerikasının ən önəmli ədəbiyyat və mədəniyyət tənqidçilərindən sayılan Beatriz Sarlonun (1942) "Keçmiş Zaman. Yaddaş Mədəniyyəti və Şəxsiyyətə Dönüş Üzərinə bir müzakirə" adlı kitabının "Keçmiş Yaddaş və Yenidən İnşa Etmək" bölümündəki "xatırlama"ya nəzər yetirmək lazımdır. Burada Ju.Youngun "Yaddaşın sərhədlərini sorğuladığı" kitabında insanın özünün təcrübəsi olmayan, özünün yaşamadığı hadisələri necə "xatırladığını" sualı diqqətə alınaraq bu dırnaq içindəki məcazi mənadakı "xatırlanan" şeyin başqası tərəfindən yaşanmış olduğunu, yəni "etibarən alınan" "xatirələr" olduğuna işarə edər. B.Sarlo, "Şəxsin yaşamadığı təcrübələri təcrübə kimi xatırlaması mümkün deyil" demişdir.

Buraya qədərki mübahisə mənasında romana baxdığımız zaman bizə danışılanlar, yaşanmış zaman parçasıyla danışılan zaman arasındakı məsafə bir "xatırlama" hərəkətiylə doğrulanır. Burada bir tərəfdən anasının xatırladıqlarını danışması, yəni keçmiş yaddaş yoluyla ötürmə yolunun izləndiyini görürük. Yenə bəhs etdiyimiz əsəri əsas tutaraq hadisələrin qəhrəmanı olan, ya da bunlara məruz qalan nəsildən, bir sonrakı nəslin xatirələri, yəni keçmiş yaddaş, uşaqların valideynlərinin xatirələrinə əsaslanan "xatirələrdir" şəkli də romanda yer alır (Sarlo, 2012:80-81). Romanın əsasında yer alan Nabat Ananın danışdığı, əslində, bölümdən parça hekayələr və kəndlərində baş verən hadisələr, bu xatirələrin ötürülməsidir. Nabat Ana, güllələnmiş olan məzarla əlaqəli hekayəsində kənddə ən kiçik bir şeyin "namus" məsələsi olduğunu və bir-birinə yaxın insanların haqsız yerə  ölümünə səbəb olmasını avamlıqla əlaqələndirir. "Fil doktoru" hekayəsində insan öz peşəsini yaxşı bilmədiyi zaman, bunun onu çox çətin vəziyyətə salacağını, aşiq olan gənclərin bir-birinə qovuşa bilməməsindən, ümumiyyətlə, kəndlərindəki qızların "bəxtsiz" olmalarından dərdlənir.

Roman avtobioqrafik olsa da yazıçı Qıyam adlı bir gəncin dilindən hadisələri  ötürür. Qıyam, Alməhəmməd və Nabatın tək oğludur. Bir yaşında olanda atası vəfat etmiş olan Qıyam, anası və ətrafındakı insanların danışdıqlarına əsasən xəyalında bir ata şəkli qurmuşdur. 60 yaşlarında olan atasının ikinci dəfə ailə quraraq özündən yaşca kiçik biri ilə evlənməsi, ətrafda mənfi qarşılansa da, əslində, bu heç kimin görmədiyi bir eşq, sevgi, hörmət və sədaqətlə dolu nakahdır. Xəstə yatağında olan atasının anasına yazdığı məktub, bu duyğuların ifadəsi mənasında təsirlidir. Adı keçən məktub kağızların arasından tapılıb, əldən-ələ gəzərək anasının ölümündən sonra uzaq bir qohumu tərəfindən poçt vasitəsilə göndərilir. Məktubun son səhifəsi yoxdur, amma məktubun özü isə Alməhəmmədin həyat yoldaşına bildirə bilmədiyi sevgi hissləri ilə doludur. "Böyük qızımla eyni yaşdasan, Nabat. Sən də iyirmi dörd yaşındasan, o da... Mənim bu il altmış iki yaşım oldu. Xeyrə, şərə səninlə gedə bilmirəm. Bəlkə də, sən daha çox utanırsan. Elin ağzı torba deyil ki; dilə düşdüyün an, sonun çatır, qurtulmaq olmur. Onsuz da qohumlarım, dostlarım səninlə ailə qurandan sonra mənə arxa çevirdilər. Onlara nəsə başa salmağa nə səbrim var, nə də vaxtım... Sən öz yaşına uyğun geyinmək istəmirsən. Amma mən o qumaşları, paltarları sənə almışam. Tikdir deyirəm, tikdirmirsən. Sənə yaraşmaq, bir az yaşlı görünmək istəyirsən. Bilmirəm bir yerdə nə qədər bərabər yaşayacayıq. Bəlkə, səni tək qoyub gedəcəyəm, bəlkə, məndən sonra sənin vəziyyətin çətinləşəcək. Hamı səndən üz döndərəcək. Mənim bəxtimin gözü kor olsun. Sənə açıq deyirəm; Mən səninlə heç vaxt belə danışmamışdım, Nabat. İndi görürəm ki, hər yaşın öz gəncliyi və gözəlliyi var imiş. İnsan hər yaşda sevə bilər. Yaşımın çox olduğunu başıma vurmasınlar. Mənim günahım yoxdur. Dünyada ən qiymətli xəzinəm sənsən... Ürəyimdən keçənləri bir neçə dəfə sənə demək istədim. Sən mənim alın yazımsan, bunu bilməni istədim. Bir az gec oldu, amma qismət. Ürəyimin dili olsa, istədiyini bildirmək istəsə də dilim ürəksiz oldu, cəsarət edə bilmədim" (Həsənzadə, 2012; 4).

Atasının anasına yazdığı bu ilk və son məktub, Qıyamı çox təsirləndirirsə də, o yenə də anası ilə ikinci dəfə ailə quran və yaşca böyük olan atasına qarşı ürəyi qırılıb. "Birinin eşqi digərinin çətinliyi olmuşdur". Atam axtardığını tapanda, özü və həyati ilə vidalaşdı. Tapdığı isə sahibsiz qaldı. Kaş ki, belə etməyəydi, anamı ərsiz, məni atasız qoymasaydı. Ömrünün axırında qəlbində yaranan eşq duyğusunu yox edəydi. Kaş ki, belə etməsəydi. Kaş ki... (Həsənzadə, 2012; 5).  Anamın bu məktubdan, atanın isə ananın həyatından xəbərsiz olduğu bir dünyada böyüyən Qıyam, müharibədən sonra kənddə dul qalan qadın və atasız uşaqların çox olmasından dolayı bu həyatı normal qəbul edir. Əslində, atasız böyümənin çətinliklərini ona yaşatmayan Nabat Anadır. Hər cür çətinliyə dözərək həm təmizlik işləri, həm də çörək bişirib sataraq ailəni dolandıran, oğlunu bütün təhlükələrdən qoruyan, onu yaxşı bir insan, təhsilini peşə sahibi bir gənc kimi yetişməsində Nabat Ananın fədakarlıqlarının nəticəsidir. Bu xarakter, əslində, geniş mənada Şərq mədəniyyəti, dar mənada isə Azərbaycan mədəniyyətində öz dünyası ilə var olan bir qadın kimi qarşımıza çıxır. Rus mədəniyyəti üzrə tanınmış elm adamı Yu.Lotman (1922-1933) "Qadın dünyası, sadəcə, onun mədəni olması deyildir. O, dövrünün mədəniyyətinə xüsusi bir baxış və önəmli bir "çoxsəslilik vasitəsidir". Qadının mədəni dünya ilə birbaşa bağlı olan mürəkkəb zamanları beynəlxalq mədəniyyətlərinin əsasında yer alır (Lotman, 1999; 46). İctimai yaddaş və mədəniyyətin dəyərləri tərifini əsas tutaraq bir xalqın dəyərləri sistemi daxilində qadının rolunun əhəmiyyətli olduğunu, elmi işimizdən yola çıxaraq bu mövzunun ədəbi əsərlərdə necə yer aldığını araşdırdığımız zaman, ədəbi qəhrəman olaraq Nabat Anaya Yu.Lotmanın "barometri" kimi yaxınlaşırıq. Onun yaşadıqları, ətrafında baş verənlərə necə yanaşması, keçmişdən yaşadığı dövrə qədər xatirələri, eşitdiyi və gördüyü hadisələri söyləməsi, kiçik bir qəsəbə üçün çox şey vəd edir. "Bütün kənd, Nabat Ananın isti çörəyindən, Nabat Ana isə kəndin hekayələrlə dolu tarixindən bəhs edirdi" (Həsənzadə, 2012: 120).

Rus mədəniyyəti alimi, filosof və sosioloq P.S.Gureviç (1935) dəyərlər və ictimai yaddaşın nəsillərə köçürülməsini mədəni bir ötürülmə olduğunu təsdiqləyir və mədəniyyət anlayışını hər bir cəmiyyətin sahib olduğu etiket və əhəmiyyətli simvollarının düşüncə və dəyərlərinin, adət-ənənələrinin norma və davranış qaydalarının bütünlüyünü insanların həyatlarının tənzimlənməsi adına nəsildən-nəslə köçürdüyü fəaliyyət şəkli olaraq qeyd edir (Gureviç, 2010:120-121). Burada qeyd edilən bütün fəaliyyətlərin yalnız ötürülməsinin kifayət etmədiyini vurğulayan P.Gureviç bu dəyərlərin köçürülmüş nəsil üçün dəyər xüsusiyyətinin də olduğunun əhəmiyyətini vurğulayır.

Alman-Misir alimi J.Assmann (1938) deyir ki, "mədəni yaddaş bioloji köçürülməmişdir. Belə ki, onun qorunması üçün nəsillər boyu canlı saxlanılmalıdır. Şəxsiyyəti yaddaş və xatırlama problemi kimi təsvir edən müəllif, mədəni həyatın bioloji cəhətdən köçürülməməsi səbəbindən, nəsillər boyu canlı saxlanılmalıdır. Bu məna mədəni yaddaş vasitəsilə qeyd olunur, canlandırılır və ifadə edilir" (Assmann. 2018:98).

Rus mədəniyyəti alimi Yu.Lotman da "Mədəniyyətin insan davranışları sahəsində genetik olaraq ötürülməyən məlumatlar bütünü olaraq təsvir edir (Lotman, 1999:68).

Romanda Nabat Ana yalnız boya-başa çatdırdığı oğluna deyil, həm də ətrafındakı insanlar üçün də bir nümunədir. Ailəsi səbəbindən qohumları tərəfindən rədd edilən Nabat ananın qızı Səriyyəyə paltar tikdirib göndərməsi və ögey qızı ailə qurduğu zaman ona toy hədiyyəsi kimi üzük yollaması o dövr üçün qeyri-adi bir hərəkət idi. "Arada anam ona (Səriyyəyə) paltar tikib göndərib. Bacım onu da dedi. Evləndiyimi eşitdiyi zaman barmağındakı nişan üzüyünü çıxarıb mənə göndərib, alsın, bacı hədiyyəsidir, deyib. Bacım indi onu danışırdı. Şamama bibi çox təsirləndi. Çilli qız çiyninə atdığı şalın ucuyla gözlərini sildi. Kövrək ürəklidir. "Anam, görəsən, niyə bunları mənə deməyib" - dedim. Yəqin, hələ məni kiçik bilir. Amma mən anamın fikirləşdiyi kimi balaca deyiləm. Çox şeyi başa düşürəm. Bacılarım haqqında həmişə danışırdı. Mən bacılarımın özü ilə yox, onlar haqqında danışılanlarla böyüdüm" (Həsənzadə 2012: 46-47).

Romanda Nabat Ananın bu və ya başqa mövzularda nəsihət verdiyini, yaxud necə hərəkət etməsinin lazım olduğuna aid nələr isə dediyinə şahidlik etmirik. O, özünə, ailəsinə, evinə, məsuliyyətli olduğu şeylərə, işinə, qonşularına və ətrafında olan hər kəsə və hər şeyə yanaşmasıyla təsiredici bir xarakter kimi qarşımıza çıxır. Onu bir qadın, bir həyat yoldaşı, bir ana, bir qonşu, gündəlik həyatda işləyən bir qadın olaraq məşğuliyyətləriylə, yemək və süfrə mədəniyyəti, geyim və təmizlik kimi mövzularda həssaslığı, sosial əlaqələrdəki qohumları, qonşuları və kəndlilər arasında xeyirxah və əliaçıqlığı, ədalət tərəfdarı biri kimi görürük. Anama "Nabat Ana" deyərdilər. Hacı Mərdan dayı da, satıcı da, müəllimlər də meşəbəyi də... Elə bil hamı buna adət etmişdi. Mənim anam bütün kəndin anası olmağa başlayırdı. Toya, yasa, çörək bişirməyə əli bərəkətlidir, deyirdilər (Həsənzadə, 2012:32). Romanda Nabat Ana haqqında, sadəcə, oğlu Qıyamın deyil, başqa qəhrəmanlar tərəfindən də danışıldığını görürük. Qonşusu Məsmi qarının Qıyamla olan söhbətinə diqqət etsək:

- Həmişə əlində kitab görürəm. Səncə, elə bir kitab varmı ki, oxuyursan, oxuyursan? Amma qurtarmaq bilmir, qurtarmır?

- Xeyr, elə bir kitab yoxdur.

Fikirləşməyə dəyməzdi. Asanlıqla cavab verdim.

- Yaxşı, sənin anan yol boyu şirin-şirin danışır. Meşədə danışır, evdə danışır. Yaxşı, niyə qurtarmır?

- Anam nə deyir ki? Nə danışır?

- Özünü. Qadasını aldığım Nabat bacının özü başdan-ayağa kitab deyilmi?

Düz deyirdi. Anam tam bir kitab imiş. Onu mən də oxuyurdum. Onu bu şəkildə ifadə etmək ağlıma heç gəlməmişdi. Oxuduqca bitməyən bir kitab imiş anam! (Həsənzadə 2012:36).

Bəzən özünün və bacılarının təhsil almadıqlarından şikayətlənən, bəzən gündüz meşədən belinə yük edib gətirdiyi odunların yorğunluğunu unudub, Amazon qadınlarının hekayəsini dinləyən, hərdən isə yaddaşında yer alan əxlaq, ədalət, haqsızlıqla dolu hadisələri danışan Nabat Ananın zəngin iç dünyası romanın özünə işləmişdir. Ərinin aldığı parçalardan paltarlar tikdirib geyinməməsi, öz yaşından daha yaşlı geyimlər geyinməsi onun ailəsinə olan hörmətinin əlamətidir. Nabat Ana şəxsi həyatından heç danışmır. Ailə qurduğu zaman ərinin yaşının bilməməsini, qısa olan bu evlilikdə aralarındakı sevginin, hörmətin və sahiblik duyğusunun daha ağır olduğunu ilk dəfə gəlini Fərəhlə paylaşır. Nabat Ananın əriylə əlaqəli illər boyu sürən susqunluğunu, təkcə gəlini ilə olan söhbətlərində pozar və danışılanlarda sevgi ilə bərabər kədər həsrətinin də olduğu diqqət çəkir.

Nabat Ananın əriylə əlaqəli söhbətlərində: Alməhəmməd babanın ürəyi gənc idi. İndi elə gənclər var ki, qəlbləri yaşlanıb... İnsan birini sevdiyi zaman gözünə yaş görünmür. Fərəh qızım, "Özü dəmir yolunda fəhlə idi. Sərt adam deyirdilər. Amma o hər dəfə qapıdan içəri girdiyi zaman mən onun üzündə gülümsəmə görürdüm". O, yol nəzarətçisi işləyən sadə bir işçi idi. Bəzən işdən gec gəlirdi. Üstü-başı hisli-paslı olurdu. Əl-üzünü yuması üçün isti su hazırlayardım. Əvvəl qarla, sonra isə ilıq su ilə əllərini yuyardı. Köynəklərini ütüləyib asırdım. Gecə səhərə yaxın qalxıb işə gedərdi. Ac getməməsi üçün ondan əvvəl durub çayını, səhər yeməyini hazırlayardım. Ona görə gecələr qalxmağa öyrəşdim. İndi də o saatda oyanıram. Bəzən çay dəmləyəndə ağlıma gəlir, kədərlənirəm. Sanki Alməhəmməd babana çay qoyuram, düşünürəm. O gəlib içəcək. Kişi milləti qəribə olur, ürəkləri hər zaman qayğı istiyir, qızım. Amma bu adam, sanki məndən utanırdı. Mənim yaşca balaca olduğumu sonralar öyrənmişdi. "A Nabat, elə bil cavanlığıma qayıdıram. Allah səndən razı olsun, Nabat..." - deyib, mənə balaca uşaq kimi dil tökürdü, özü də bəzən uşaq kimi olurdu. Eyni yaşıd kimi olurduq. Alməhəmməd baban, doğrudan da, mərd bir kişi idi. Qadına boyun əyən kişiləri sevmərəm. Elə kişi var ki, kəndin, rayonun böyük işlərini ona əmanət edirlər, cavabdeh edirlər. Amma o, evdə arvadından qorxur. Mən xoşbəxt idim. Fərəh qızım, mənim saçlarım o öləndən sonra ağardı" (Həsənzadə 2012: 118-119). Nabat ananın dediklərini niyə nə oğlu ilə, nə də rəfiqələriylə paylaşmadığını da iki cür izah edə bilərik. Birincisi, illərin tənhalığı, digəri isə ailəyə daxil olan gəlinin simasında ruhən özünə yaxın bir dost, sirdaş tapmasıdır. Burada fiziki, ruhi və zehni yorğunluğunun ifadəsi olan susqunluğunu pozan Nabat Ana, həyatda dəyər verilməsi lazım olan şeyləri, həyatın mənası, ailədəki xoşbəxtlik və sakitlik kimi bir çox mövzuda həyata aid düşüncələrini paylaşır. Romanda onun şikayət etdiyini heç görmürük. Amma Qıyam "Anam tez-tez bu gecə heç yatmadım, deyirdi". Öz başımı yorub ağrıdırdım... Doluya qoyuram almır, boşa qoyuram dolmur" nə demək olduğunu indi başa düşürəm (Həsənzadə, 2012:31) sözləri ilə anamın, əslində, içindəki narahatlığı təkcə gecənin səssizliyilə paylaşdığını görürük.

Nabat Ananın dünyası, yaşadığı kiçik evi və evin önündəki həyəti ilə əlaqəlidir. Oğlu oxumaq üçün Gəncəyə getdiyi zaman bütün xatirələriylə evində təkbaşına qalan Nabat Ana yuvanı qoruyan bir güc olaraq qarşımıza çıxır. Sosial-psixologiya professoru Nuri Bilginin (1948-2015) ev və ümumi mənada yer mərkəzi yaddaşın tərifi: "Ev, yerləşim xüsusiyyətləri, əşyaları və ailə üzvləri ilə birlikdə bir yaddaş, bu yaddaş ailə böyüklərinin danışdıqları xatirələri, ortaq həyatları, ailənin inancları, vərdişləri, təcrübələri, başqalarına açılmayan sirləri, xüsusi əşyaları, dilə gətirilməyən şeyləri kimi elementlərdən meydana gəlir (Segalen, 2002), (Bilgin, 2013:101). Bu romanda da əvvəl ev, sonra qəsəbə olaraq köçürülənləri dəstəkləməkdədir. Nabat Ana evin içində olduğu zaman Fərəhi dolabın yanına tərəf apararaq, bir sirrini onunla bölüşür. Ölümü üçün etmiş olduğu hazırlığını ona göstərir. Nabat Ananın ölümə qarşı münasibəti və ölüm anlayışı da özünəxas bir tərzdə bildirilmişdir. O, bir tərəfdən, həmin sonluğu gözləyir və hətta ölümünün belə, kimlərə isə əziyyəti olmaması üçün lazım olan əşyaları almışdır. Nabat Ana N.Bilginin bizə anlatdığı kimi "Ölüm qayğısıyla mübarizə aparmanın dünya mədəniyyəti tarixində görülən ən yayılmış yollarından birisi də ölümü və ya həyatı bir-birindən ayırmamasıdır" (Bilgin. 2013:234). "Fərəh qızım, heç kimə əziyyət vermək istəmirəm. Özüm hamısını əvvəlcədən alıb hazırlamışam. Oğlum hələ də tələbədir, pərişan olmasını istəmirəm. Heç kimə də borclu qalmasın. Çiyinlərində köçüb gedim..." (Həsənzadə, 2012:116).

Nəticədə, Azərbaycan xalqının ictimai yaddaş ünsürlərini bir ana nümunəsində araşdıraraq mədəniyyət və dəyərlərin ağırlıq təşkil etdiyi gündəlik həyatın içində yer aldığını gördük. Gündəlik həyatdakı ənənəvi ailə quruluşu, ailə içi davranışları, hal və hərəkətlər maddi, mədəniyyət ünsürləri olan yemək, içmək, ev, əşyalar, sosial əlaqələrdə qonşular və digər insanlarla münasibət, romanda Nabat Ananın vasitəsilə aydınlaşdırılmışdır. Ailə içi tərbiyədə, beynəlxalq və mədəni şəxsiyyətin formalaşması mövzusunda ananın-qadının rolunun əhəmiyyətli olduğu romanda görülməkdədir. Ailədə qadın tərəfindən gündəlik həyat məşğuliyyətləri içində qurulmuş ənənəvi bünövrə, ictimai dəyərlərin şüurda yerləşdirilməsi, keçmişdən günümüzə, günümüzdən də gələcəyə doğru aparılması və yaddaşa yüklənərək daxili zənginlik şifrəsi ilə tamamlanmışdır.

 

Məqalə Türkiyədə keçirilmiş İkinci Beynəlxalq İpəkyolu

Akademik İşləri Simpoziumunun materiallarının toplandığı kitabdan götürülüb.

 

Sevinc ÜÇGÜL

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.12-13.