Uilson Bentli, Andrey Siqson və Səməd

Behrəngi: qar dənəsinin elegiyası

 

Bu dekabrda keçən ilin qarını xatırlayıram. Bakıya yağan ilk qarı. Qar dənələri rəqs edə-edə şəhər üzərində uçuşur, qar pərvanələri maşınların faralarına, vitrinlərin işığına can atır, havada fırlanır, nənəmin balışının tüklərinə, sehrli ağacın toxumlarına bənzəyirdi. Həm Çingiz Əlioğlunu "təşbeh gözü" ilə xatırlayıram:

Qar yağır...

Fırlanır bir quş kimi,

Rəqs edir, özünə vurulmuş kimi...

Qar dənəciyi Tanrının lütfi, təbiətin möcuzəsidir. İohann Kepler çiyninə qonmuş bir qar dənəciyini "yeni il hədiyyəsi" kimi qəbul etmişdi.

Yağış kimi, qar da ovqatımızın adı, bir ömür xatirəsidir. M.Araz deyirdi ki, qar yağanda adamlar bir az da kövrəkləşir (təəssüf ki, şeir əzbər yadımda qalmayıb). Gürcü yazıçısı Arçıl Sulakaurının "Qar" hekayəsində gənc xanım ilk görüşü, qar yağan günü xatırlamağa çalışır:

"Qar yağır - o biri otaqdan arvadım səsləndi - bir bax.

Arvadımın səsindən sevincini sezib, səsinə səs verdim.

- , yağır.

- vaxtdır belə qar görməmişən.

- Elə mən .

Əlli-ayaqlı qar dənəcikləri pəncərənin şüşəsinə yapışır o saatca əriyib gedirdilər...

Arvadım evin içində o yan bu yana qaçır, qarın yağmasına sevinirdi, qar ona bizim ilk qarşılaşmamızı xatırladırdı..."

Azərbaycan şairlərinin "meteolüğətin"də qar dənəciyi,  nədənsə, o qədər geniş yer tutmur. Klassik irfan poeziyasında - bahariyyə xəzannamə janr kodlarında qarın vəsfi mümkünsüz idi.

Təbiətdəki səsləri müdhiş həssaslıqla duyan Müşfiqin yağışın küləyin səsini yazıya alıb. Görəsən, qarın səssiz uçuşunu niyə unudub?

Adətən hər şeyi böyütməyə, şişirtməyə meyilli poetik təfəkkürümüz qarın lopa-lopa yağmasını təsvir etməkdən xoşu gəlib.

Tarixdə qar dənəsinin gözəlliyini və qeyri-adiliyini fotoqrafiyada ilk dəfə amerikalı Uilson A.Bentli əks etdirə bilib. O, ömrü boyu bir sehrbaz kimi fotoqrafiyalarında təbiətin bu möcüzələrinin əksini qeydə almağa çalışıbdır. Onun istifadə etdiyi texnologiya mikrofotoqrafiya kimi məlumdur.

O, bütün ömrünü bu müqəddəs işə - məhz qar dənələrinin təsvirinə həsr etmişdi. Vermont ştatında valideynlərinin fermasında yaşayan Uilson A.Bentliyə "qar dənəcəyi" ayaması da vermişdilər. Təxminən 5381 fotoşəkil çəkmişdi! İndi onun ilk fotolarından hər biri 4800 dollara satışa çıxarılır.

U.Bentli altmış yaşında qar dənələrinə vurğunluğunun səbəbini The American Magazine müxbirinə verdiyi müsahibəsində belə izah etmişdi: "Mikroskopun obyektindən gördüm ki, qar dənələri bu gözəllik möcüzəsidir və heyifsiləndim ki, bu gözəlliyi başqa insanlar görə və qiymətləndirə bilmir.

Hər bir kristal dizayn şedevridir və bu şedevrlərdən heç biri təkrarlanmır. Qar dənəsi əriyəndə bu gözəllik əbədi yox olur, sadəcə, yaradılış möcuzəsi heç bir iz qoymadan itir".

U.Bentlinin ölümündən sonra şkaflarda minlərlə çap olunmamış şəkil qalmışdı. Hamıdan gizlətdiyi, qohumdan-qardaşdan sirr saxladığı əcaib-qəraib formalarda, müxtəlif (qara, qırmızı) rənglərdə, mənşəyi-çəkiliş yeri məlum olmayan qar dənələrinin şəkillərini kənar gözdən niyə qoruyurdu? Sirri-xudadır...

Həmin fotoqafiyaların yanında bir kağız  parçasında Dekartdan bir deyim də yazılmışdı: "hər bir qar dənəciyinin mərkəzindəki xırdaca nöqtə, sanki onun dairəsini çəkmək üçün istifadə olunmuş sirkulun izidir".

Rusiyada, Rubinsk şəhərindən olan Andrey Siqson adlı bir fotoqrafçı da qar dənələrinin şəklini çəkməyi sevirdi. Şəklin alınması üçün ipək tor üzərində, mikroskop altında qar dənəsi 15-24 dəfə böyüdülürdü. Obyekt əriməsin deyə havanı kənara vuran borucuq ilə nəfəs alındı. Təsadüfi deyil ki, 1900-cü ildə bu şəkillər Parisdə beynəlxalq sərgidə qızıl medala layiq görülür. Bu gün də Rubinsk şəhər muzeyində onun qar dənəsinin böyüdülmüş 34 unikal şəkli saxlanılır.

Əlbəttə, cəmi bir neçə anlıq ömrü olan qar dənələrinin obrazını plyonkaya, neqativə köçürmək, fotoda əbədiləşdirmək asan məsələ deyildi - o, lazımi nəticənin alınması üçün (qar əriməsin deyə!) hər dəfə əvvəlcə əllərini möhkəm soyutmalı olurdu. A.Siqsonda qar dənəcikləri, sanki qoloqrafik, canlı varlıqlardır,  onların ruhunu belə görürsən.

Azərbaycanın böyük uşaq yazıçısı Səməd Behrənginin "Qar dənəsinin sərgüzəşti" adlı kiçik hekayəsindən bəhs edirəm.

İri bir qar dənəsi qəfildən, astaca personajın (müəllifin) ovcuna qonur. Qar dənəsi dilə gəlib ona macərasını danışır:

"Dənizdə olanda ağır idim. Ancaq indi çox yüngülləşmişdim. Qov kimi uçurdum. Ona görə ki, soyuq iliklərimə işləmişdi. Rəqs edə-edə yerə gəlirdim. Elə ki, yerə yaxınlaşdım, gördüm Təbriz şəhərinə düşürəm. Xəzər dənizindən nə qədər uzaqlaşmışdım. Yuxarıda olarkən bir uşağın fağır bir iti döydüyünü gördüm. İt aldığı zərbələrdən yazıq-yazıq zingildəyirdi. Gördüm ki, yerə bu vəziyyətdə yaxınlaşsam, düz həmin zalım uşağın başına düşəcəyəm. Küləkdən xahiş elədim ki, məni başqa yerə aparsın, uşağın başına düşməkdən xilas olum. Külək xahişimi qəbul edib məni buraya gətirdi. Əlini altıma tutduğun üçün səndən xoşum gəldi...

Nəhayət, Qar dənəsinin səsi kəsildi. Baxıb gördüm ki, suya dönüb...".

Deməli, qar dənəsi yalnız "içi saf, dışı saf" insanların çiyninə, başına qonurmuş...

Həmişə düşünmüşəm ki, Təbrizdə Eynal dağının ətəyinə, Göy məscidin günbəzinə, Ərk qalasının üstünə, əski, dar dalanlara Səməd Behrənginin söhbətləşdiyi həmin qar dənələri düşür.

P.S. Andrey Andreyeviç Siqson qar dənəcikləri ilə iş zamanı əllərini o qədər soyutmuşdu ki, barmaqları "revmatizm"ə tutuldu və 1907-ci ildə 68 yaşında dünyasını dəyişdi.

Uilson A.Bentli yeni qar dənəciklərinin fotosunu çəkmək üçün çovğunda altı mil piyada yol qət edir və bərk sətəlcəm olur, 23 dekabr 1931-ci ildə pnevmoniyadan vəfat edir.

Səməd Behrəngi ömrünü qar dənəciyi kimi yaşadı: "Balaca qara balıq"ın müəllifi - uşaqların ürəyinə saf, bəyaz qar dənəsi kimi qonan Səməd Behrəngi 29 yaşında Araz sularında boğuldu...

Vallah, bu qar dənəsi bir yaradılış sirridir...

 

Rüstəm Kamal

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.13.