Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə avstriyalı
yazıçı Leopold fon Zaxer-Mazoxun
(1836-1895) "Xəzli Venera" əsəri əsasında
çəkilmiş üç filmi təqdim edirik.
Öncə, Zaxer-Mazox haqda bir neçə önəmli
qeyd. Polis rəisi ailəsində doğulan, maarifçi
liberalizm mühitində böyüyən Zaxer-Mazox universitetdə
riyaziyyat, tarix və hüquq təhsili alaraq, 19 yaşında
hüquq elmləri doktoru olub. Bununla
yanaşı, müxtəlif janrlarda ədəbi əsərlər
yazıb.
Hələ uşaqlıqdan qəddarlıq motivləri
Leopoldu çox maraqlandırırdı. O, edam səhnələrinin
təsvir olunduğu tablolara baxmağı, insanların
ağır həyatı haqda oxumağı sevirdi. Yazıçının bir sıra əsərləri
şəxsi təcrübəsindən qaynaqlanırdı.
Uşaqlıqdan bu yana qadınların
emosional və fiziki təzyiqlərinə məruz qalan və
alçaltmadan ağrı qarışıq həzz alan
yazıçının "Xəzli Venera" romanı
avtobioqrafikdir.
Məhz Zaxer-Mazoxun yaradıcılığı sayəsində
psixiatriya və seksopatologiya elminə yeni anlayış -
mazoxizm daxil edildi. 1886-cı ildə bu anlayışı elmə gətirən
psixiatr Rixard fon Kraft-Ebinqin yozumunda mazoxizm -
hökmlü tərəf-müqabilinin verdiyi işgəncələrdən,
qarşı tərəfin ağrıyla yanaşı, həzz
hissini yaşamasıydı.
Müxtəlif dillərə tərcümə olunan
"Xəzli Venera" Emil Zolya, Flober, Düma tərəfindən
yüksək qiymətləndirilib. Dünya ədəbiyyatında
kult sayılan romanın əhəmiyyəti nədə idi?
Öz
dövrünü qabaqlayan əsər kişi və qadın
münasibətlərinə fərqli baxış
bucağı sərgilədi, hər şeydən əvvəl
isə mürəkkəb insan təbiətinin gözlənilməz,
daha qaranlıq tərəfini üzə çıxardı,
alimlərə mazoxizmin insan psixikasına müxtəlif
formalarda və səviyyələrdə təzahürünü,
təsirini öyrənmək, zorakılığın təbiətini
bir də bu tərəfdən analiz edilməsinə imkan verdi.
Əsərin bədii keyfiyyətinə gəlincə, ədəbiyyat
mütəxəssislərinin fikrincə, müəllif
emosiyalarını bayağı yox, estetik ifadə edib. Roman həm də
yazıçının özünü analizi
baxımından maraqlıdır. "Xəzli Venera"nı bu mənada yazıçının
özünün istəkləri və ağlı arasında
konflikti də saymaq olar. O, daxili konfliktindən keçərək
sonda katarsisə çatır və romanda da bu, əksini
tapır.
Romanın
süjeti: Əsərin qəhrəmanı Severin
onun gizli fantaziyalarını gerçəkləşdirə
bilən qadın arzusundadır. Elə bir
qadın ki, ona əzab verərək köləsinə
çevirsin və o, bunlardan zövq alsın. Severin ideal qadınını kurort şəhərlərindən
birində tapır. Vanda fon Dunayeva
xristian nikahının inkarı və həyata fəlsəfi
baxışları ilə onun diqqətini çəkir.
Arzularının qadınını tapdığını düşünən
Severin ona seksual fantaziyalarını
reallaşdırmağı təklif edir. Qadın
əvvəlcə bunu rədd etsə də, Severini sevdiyi
üçün sonradan razılaşır və onlar
arasında bununla bağlı sözləşmə
imzalanır.
O, Vandaya
itaət etməkdən, onun alçaltmalarından
ağrıyla yanaşı, həzz də alır. Vanda tədricən Severinə nifrət edir, onun
sevgisi yox olur. Nəticədə Vanda sonradan
qarşılaşdığı, despot kişi
ilə qalmağı seçir. Severin isə
Vanda ilə təcrübədən dərs
aldığını, sağaldığını deyir.
Roman ilk dəfə rus rejissoru Aleksandr Uralski tərəfindən
1915-ci ildə lentə alınıb.
"Ağılsızlığa alqış" adlanan
səssiz filmdə bir şairin, qadının və bir hersoqun
münasibətləri əksini tapır, onlar bir-birinə
verdiyi əzabda sevginin ən yüksək ifadəsini
tapırlar.
Film
"porno" damğası ilə tənqidlərə məruz
qalır, amma sənətşünas, kino tarixçisi Semyon
Ginzburq əsəri yüksək qiymətləndirir: "Film
qətiyyən pornoqrafik deyil, çünki rejissor taktik şəkildə
və məharətlə qəhrəmanlarının
naqisliyini göstərib".
Amma film günümüzədək gəlib
çıxmayıb.
Roman əsasında
çəkilmiş ən yaxşı film
dövrümüzün usta rejissorlarından biri, yəhudi əsilli
polyak-fransız rejissoru Roman Polanskiyə məxsusdur.
Onun filmlərinə xas olan cəhətlər -
personajların bir qayda olaraq, irrasional, iblisanə qüvvələr
tərəfindən psixoloji, fiziki zorakılığa məruz
qalması, tamaşaçını gərginliklə, paranoyya
ilə yükləməsi, fərdin psixi izolyasiyası,
finalın qeyri-müəyyənliyi və açıq
qalmasıdır.
O, adətən
filmlərini psixoz, mistik və siyasi-sosial qatlarda işləyir.
Polanski 2013-cü ildə lentə aldığı "Xəzli
Venera" filmini həm sənət, həm kişi-qadın
müstəvisində araşdırır, personajlarının
təhtəlşüurundan material kimi yararlanır. Filmin özəlliyi
ondadır ki, burada həm roman təhlil olunur, həm də o,
səhnədə oynanılır.
Süjetə
görə, teatr rejissoru Toma Novaçek (Matye Amalrik) əsərin
motivləri əsasında pyes yazır və Vanda roluna aktrisa
axtarır. Həmin gün o, rola iddia edən
xeyli aktrisanı sınaqdan keçirsə də, heç biri
onu qane etmir. Günün sonuna yaxın
Vanda Jurden (Emmanuel Senye) adlı daha bir aktrisa gəlir. Rejissor yorulduğunu deyərək, onu dinləməkdən
imtina edir. Amma qadın inadkarlıq göstərir.
Vanda Jurden ilk səhnəni oynayanda rejissor heyrətlənir. Çünki
qadın obrazı məhz onun təsəvvüründə
olduğu kimi canlandırır. Və
rejissor qadına təslim olur. Eynilə Severin Vandaya təslim
olan kimi...
Polanski filmi iki aktyor üzərində, teatr səhnəsində
qurur və bununla da çağdaş dövrümüzün
ən yaxşı kamera filmlərindən birini yaradır.
Toma bayağı, zövqsüz geyinən, arqo sözlərlə
danışan, sırtıq, intellekti bəsit olan bu
qadından heç nə gözləmir. Amma ilk səhnədəcə
qadın kübar, incə davranışlı Vandanı
uğurla təcəssüm etdirir.
Polanski əhvalatda incə bir paradoks təklif edir. Romandakı
kübar Vanda sevdiyi kişiyə təslim olur,
özünü onun oyununa alət edir və beləcə,
qadının şəxsiyyəti, kimliyi iradəsinin əleyhinə
olaraq təhrifə məruz qalır. Müasir
Vanda isə onun əksidir, vulqar geyim tərzi və leksikonuna rəğmən,
o, şəxsiyyətlidir, özünü manipulyasiyaya imkan
vermir, hətta filmin bir yerində onun rejissorla mübahisəsi
feminizm kontekstinə gətirilir. Vanda romanda kişini
qadından sui-istifadə etməkdə günahlandırır,
rejissor isə əksini sübuta yetirməyə
çalışır ki, hər iki qəhrəman bir-birinə,
əslində, ruhən bağlıdır, qadının özü belə
latent mazoxistdir.
Aktrisa Zaxer-Mazoxun romanını düşük porno kimi
dəyərləndirir, rejissorla əsərin ciddi sənətlə
əlaqəsi olmadığı haqda mübahisəyə
girir.
Filmin digər özəlliyi ondadır ki, reallıqla
oyun arasında sərhəd götürülür,
tamaşaçı hansı məqamın gerçək,
hansı məqamın isə oyun olması haqda qərar verməyə
çətinlik çəkir. Polanski manerasına
sadiq qalaraq, yenə də seyrçini spesifik kino
dünyasının labirintinə salır. Üstəlik, aktrisanın adının da Vanda
olması oyunla gerçəklik arasındakı xəttin dəqiqləşməsinə
mane olur.
Toma tədricən aktrisanın oyununa təslim olur, onun
cazibəsinə düşür. Və qadın rejissoru
Severin rolunu oynamağa təhrik edir, səhnəni,
mizanları istədiyi kimi qurur, müxtəlif passajlarda
improvizələr edir.
Faktiki olaraq, iki personajın timsalında şəxsiyyət
ikiləşməsinin, daha doğrusu, bədii obrazla real şəxsin
iç-içə keçdiyinin şahidi oluruq.
Bəzi məqamlarda isə Polanski yaradıcılıq
kontekstində aktyor-rejissor konfliktini göstərir. Toma qəzəblənəndə
aktrisa dərhal məkrini işə salır, Vanda roluna girərək
rejissoru sehrləyir, onun müqavimətini zəiflədir.
Və Tomanın aktrisaya hissləri, ancaq o, Vanda
rolunu oynayanda canlanır.
Bununla da
eyham olunur ki, əslində, Toma elə Severinin alter eqosudur.
Romanda da,
pyesdə də yəhudilərin qadın qəhrəmanı,
mübarizə simvolu Yudifin sözləri epiqraf kimi verilir:
"Tanrı kişini cəzalandırdı və
qadının ixtiyarına verdi". Tarixə görə, assuriyalı hərbçi
Olofern yəhudilərin torpağını işğal edir.
Yudif ona aşiq olan Oloferni tələyə
salaraq, başını qılıncla kəsir.
Vanda rolunu oynayan Emmanuel Senye bir neçə qadın
tipini oynayaraq, bir fərqli xarakterdən digərinə
asanlıqla keçir.
Film amerikalı dramaturq Devid Ayvzın eyniadlı pyesi əsasında
çəkilib, ssenari Polanski ilə birgə işlənib.
İspan rejissoru Xesus Frankonun 1969-cu ildə çəkdiyi
"Xəzli Venera" erotik triller janrdadır. O, romana xeyli redaktələr
edərək hadisələri müasir dövrə gətirir.
Əsas qəhrəmanlardan biri Cimmi Loqan
trubaçıdır. İstanbulda zənginlərin ziyafətində
Vanda adlı qadının vəhşicəsinə
öldürüldüyünü görür.
Milyonçu Əhməd, qlamur fotoqraf Olqa və sənət
əsərlərinin ticarətçisi Kepp qadını
alçaldaraq onunla intim münasibətə girir və sonra qətlə
yetirirlər. Bunlara şahid olan Cimmi hadisə
yerindən qaçır.
Sonradan o, dəniz kənarında olarkən
dalğaların qadının meyitini gətirdiyini
görür.
Sonrakı hadisələr Cimminin şüurunda
baş verir. Qətllə bağlı
aldığı zədədən dolayı, ilk baxışda
vurulduğu Vandanın ölümünü qəbul edə
bilmədiyi üçün qadın onun şüurunda
yaşayır, onunla eşq macərası olan təsvirlər
filmdə yer alır. Rejissor filmi psixodelik tərzdə
işləyir. Yəni bu cür insanlarda şüur
dəyişilmiş və psixika daim qeyri-sabit vəziyyətdə
olur.
Cimminin şüurunda Vanda onu öldürmüş
Əhmədi, Olqanı və Keppi qətlə yetirərək
qisasını alır.
Həmin ildə roman əsasında daha bir film çəkilir. İtalyan
rejisoru Massimo Dallama erotik janrda lentə aldığı filmdə
bəzi istisnalar olmaqla romanıın süjetinə sadiq
qalır. Bununla belə, müəllif hadisələri
müasir dövrdə təsvir edib. Və əhvalatın
daha çox psixoanalitik - freydist tərəfini önə
çəkir, Vanda ilə Severinin münasibətlərində
zorakılığı araşdırmağa
çalışır. Elə film də bu
sözlərlə başlayır ki, biz öz uşaqlıq
travmalarımızın məhsuluyuq.
Romandan fərqli
olaraq, Severin mazoxizmindən qurtula bilmir.
Zaxer-Mazoxun sonda gəldiyi nəticələrdən biri
feminizm ideyalarına əsaslanır. O, qadınla kişi
arasında normal münasibətlərin, yalnız
qadının kişi ilə həm hüquq baxımdan, həm
təhsildə, həm əmək fəaliyyətində bərabər
olacağı təqdirdə baş tutacağı qənaətinə
gəlir.
Romanın
adına gəlincə, bu,
yazıçının uşaqlıq xatirəsi ilə
bağlıdır. O, uşaqlıqda qohumları olan
amansız və gözəl qadın, xəz geyməyi sevən
qrafinya Ksenobiyanın eşq macərasına təsadüfən
şahid olduğu üçün qrafinya onu vurur. O, bu zərbədən
anlamadığı zövq alır. Ona görə də
yazıçının əsərlərində xəz, əzabdan
zövq alma öncül motivlərdən
biri idi.
Venera isə təbii ki, qadının ilahəsayağı
gözəlliyini ifadə edirdi.
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.30-31.