Formanın müqəddəs sirri

 

ayrılan yollar

 

IV yazı

 

M.F.Axundzadənin masştabını, sadəcə, təsəvvür edə bilmək üçün ona fərqli yönlərdən baxmaq ilkin  şərtdir, bunun alındığı halda onun yaşadığı dünyanı təsəvvürə gətirmək və bu dünyaya onun özü kimi baxmağa cəhd etmək lazımdır. Həm də kənar müşahidəçi kimi. Hər bir millətin tarixində bu kimi elə şəxsiyyətlər olur ki, sonradan onun əsərlərini tədqiq edəcək insanları ən müxtəlif istiqamətlərə yönləndirir, bu şəxslər o yolların sonuna gəlib doğru cavabın məhz onların özlərinin tapdıqlarını bəyan edirlər və beləcə, ən müxtəlif cavablar arasında qovğa başlayır. Ədəbiyyat tarixi bir ruhi-estetik hadisə kimi, ilk növbədə, məhz bu qabaran anları qeydə alır. Sonra başqa tədqiqatçılar nəsli gəlir, qruplara bölünüb o ayrılan yolları təzədən keçirlər. Zaman keçər, ayrılan yollar olduğu kimi qalar, amma gərginlik, fikir ayrılıqlarının tilsimi qırıldığından bu cavablar zamanın tozu altında qalar, amma sualları yaradan mətnlərin sığındığı kitab (həmin o gərgin, həlledici anlardan yaranmış "ədəbiyyat tarixi", əks halda arası kəsilmədən bir-birinin dalınca və bir-birindən heç fərqlənməyən ədəbiyyat tarixləri yazılar...-!) açıq qalar. Filologiyada, bəlkə də, buna "açıq kitab" konsepti adını vermək olar, çünki heç kəs fəhm etməyib ki, cavab tapılanda yox, onun başı üstündə yeni suallar yarandıqda doğrulanır və bunun sayəsində dünya haqqında təsəvvürlərimizin sınırları genişlənir. Bu sınırlar genişləndikcə təsvir etmək yox, ürəyimizdə qurduğumuz təsvirləri, ruhumuzdan keçən təsəvvürləri metoda çevirmək ehtiyacı yaranır. Axundzadə ədəbiyyatın, xalqın mənəvi ərazisinin hüdudlarına baxıb adicə işarəylə nələrin əskik olduğunu sezir və vurğulayırdı (onun bu halı sonradan Mirzə Cəlildə mükəmməl dramaturji diskursa çevriləcəkdi,  - "Hindistan hükəmasından bilmirəm hansıdı - adı yadımdan çıxıb, - kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyldən xali olur, o vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilər. Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir. Onun üçün də indi mən həzrət sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvara tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz "dəli yığıncağına" düşmüşük...", - Molla Abbasın faciəvi susqunluğunu yada salın). Bu sezintilər zamanla onun baxışlarında forma və janr məsələsini qabartdı. Forma onun üçün fizika diliylə desək, bir enerji türünü başqa yeni enerjiyə çevirmək məsələsi idi. Bu mənada o, ədəbiyyatımızın  həm dünəni, həm də şübhəsiz ki, gələcəyinə təsir edirdi və bu, indi də davam edir. Enerji baxımından artıq tükənməkdə olan formalar mexaniki durumdan canlı, üzü-gözü qarsıdacaq dərəcədə dinamik formalara çevrilməliydi. Demək, forma məsələsi ədəbi düşüncənin mahiyyətini, xarakteristikasını və məğzini müəyyənləşdirən bir məsələdir. Bu təkcə mənanın (məzmunun) çevrildiyi məqam yox, həm də daha çox milli ədəbi prosesin daxili-ruhani sıçrayış məqamlarını özündə tam olaraq ifadə edən kompleksdir. Sənətkarın içinə (ruhuna) dolan hissiyyatla (aydınlanma - ozareniye) həmin o komleksin təması bunların hər ikisini həm inkar, həm də bir nöqtədə təsdiq edən törədici amildir.

Bu halda yazmaqdan çox yazdırmaq, yol göstərmək daha böyük önəm daşıyırdı. Və bu işarələr  çox adi qeydlər formasında qələmə alınırdı. Bu mənada Axundzadənin özünün satirik səciyyəli şeirləri və bütövlükdə Qasım bəy Zakirin poeziyasından hasil olan diskurs forması sonradan ədəbi prosesin inkişafında çox önəmli rol oynadı. Axundov şeirin saf xəmiri, materiyası olan xəyallardan insan xislətinə enirdi və bu keçidin sürəkli olması üçün iki metoda üstünlük verirdi. 1) Sürəkli tənqid etmək, elə bir projektor icad etmək ki, həyatın, adına fani deyilən müvəqqəti sığınacağın bir kçik detalı da gözdən yayınmasın; əvvəlcə bunu göz ardına vuracaqlar, sonra dözməyib lənətləyəcəklər, yaranmış gərginlik sahəsi insanları köhnə güzgüyə baxmaqdan üz döndərməyə məcbur edəcəkdir və 2) janrlar arasında üstünü toz basmış çevrilmə, transformasiyanı göstərmək. Belə bir sual doğur:  yüksək xəyallardan insan xislətinə keçidi hansı amil şərtləndirirdi? Bu kontekstdə sənətkar sadəcə icraçıdır, katibdir, yəni o, artıq ruhun dərinliklərində baş vermiş bir prosesi həm də özü icad edirmiş kimi qələmə alır. Dünyada hər şey dönür, dəyişir, müəyyən məqamlarda biz onun, bəlkə də, öz əksinə çevrildiyi anı da sezirik, ancaq "tanımadığımızdan" ona heç məhəl qoymuruq. Yüksək xəyallar, insanın ayaqlarını yerdən üzən, yerin dərdlərindən ayıran elementlər müəyyən həddə qədər "inkişaf edir", sonra onun həyatının ikinci dövrəsi - əvvəlki ömrünü təhdid edən mərhələsi başlayır. Yəni, əslində, hər şey bir böyük, daxilən bütöv (yəni parçalanmayan) bir bütövün bəlirtisidir. Sevgini yüksək, "ağlı başında olmayan" sözlərlə də, acı, kəskin ifadələrlə də bildirmək mümkündür. Əsas olan bunların ikisini də bir kontekstdə düyünləyən məqamdır.

Rumi və Şəms. Axundovun "Mollayi Ruminin və onun təsnifinin babında" məqaləsində ani, bir göz qırpımı keçid anı mükəmməl şəkildə ifadə olunub (...Amma əqaidini tülki və çaqqal əfsanələrinin içində bir tərz ilə gizlədibdir ki, duymaq çox çətindir...Mollayi-Rumini mən qınamıram, biləndən sonra danışmaq olmur...). Hikmətamiz əhvalatın hansı məqamdasa öz əksinə çevrilməsi də yuxarıda ifadə etdiyimiz fikrin sübutudur: sənətkar elə yazır, mətni elə qurur ki, sanki özü icad edirmiş kimi hərəkət edir. Ani "pərdə xışıltısı" və hər şey öz əksinə çevrilir. Zakir də məhz ədəbi prosesin gedişində bu çevrilmə məqamından doğdu, bu transformasiya məqamında həlledici həlqəyə çevrildi. Yəni pərdə aralandıqda qarşımıza çox dəhşətli mənzərələr çıxdı. Zahir/batin sərhədləri qırıldı, hər şey yerlə bir oldu: Vaiz bizə oxur şəri - Mustafa// Harama mürtəkib olmayın əsla // Özü lüm-lüm udur, batində əmma // Zahirdə dediyi mənaya bir bax...

Bir tədqiqatda oxuyuruq: "XIX əsrdə dahi Azərbaycan filosofu M.F.Axundzadə hermenevtika sözünü işlətməsə də, Cəlaləddin Rumi irsini müasir hermenevtikanın - müəllifi onun özü kimi yaxşı və yaxud özündən daha yaxşı anlamaq - prinsipinə uyğun şəkildə şərh edərək, onun "Məsnəvi"sinin mənaları üzərindən rəmzlər örtüyünü götürüb, əslində, nəyi dediyini yox, nə demək istədiyini, "əsl məqsədini" aşkara çıxarmağa çalışmış və orijinal təfsirini vermişdir. Bəlkə də, bu, Rumi düşüncələrinin ilk materialist təfsiridir. Ola bilsin ki, bu təfsiri kimsə H.G.Qadamerin vaxtilə M.Haydeggerin təfəkkür üsuluna aid etdiyi və pozitiv yöndən mənalandırdığı "məhsuldar sui-istifadə" istilahı ilə səciyyələndirə də bilər".

 

Zakirəm, od tutub alışdı cigər,

Var isə canandan sizdə bir xəbər,

Təğafül etməyin, Allahı sevər

Dönməsin bağrınız daşa, durnalar.

 

Qasım bəy Zakirin "Durnalar" şeiri mahiyyəti, leksikası və digər cəhətləri etibarı ilə Vaqif və Vidadinin "Durnalar"ından fərqlənir, Vaqifin üslubunda "Bağdad" hökmən yad edilməlidir (Sizə müştaq durur Bağdad elləri // Gözləyə-gözləyə qalıb yolları // Asta qanad çalın, qəfıl telləri // Heyifdir, salarsız düzə, durnalar!), Zakirdə isə predmetə münasibət maksimum fərdiləşdirilib, Zakir durna səfində zəmanənin fəlakətini, qorxu və təhdidlərini ifadə edir, həyatının faktlarını şeirin laylarına toxum kimi əkib gözlərini göylərə dikir (qazamat "nəfəsliyindən"), ordan durna səfi keçməsə belə, dərdin, fəlakətin, təhlükə və qorxunun izlərini görür... Həyatının faciəsini şeirin misralarına, yaxud misralar arasındakı sahəyə toxum kimi səpən Zakir bu "müştaqı" səsə çevirir, səs həsrətin, şiddətli arzunun özünə dönür: Qatarlaşıb nə diyardan gəlirsiz // Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Zakir ayrı-ayrı həcvli mənzumələrində, mənzum məktub və digər mətnlərində konkret hadisəni rəsm edir, ilk baxışdan (-!) birbaşa öc alır, çünki şəxs adları, onu tələyə salan insanalrın adları, onlar haqqında deyilən və onları kəskin şəkildə aşağılayan sözlər bunun sübutudur. İohann Ekkermanın "Höte ilə ömrünün son günlərində söhbətlər" əsərində belə bir yer var: Höte fransız ədəbiyyatından bəhs edərkən deyir ki, ortabab istedad həmişə dövrünün əsirinə çevrilir və bir qayda olaraq onun içindəki elementlərlə qidalanır; dövrü aşa bilmək iti zəka və böyük istedad tələb edilir. Zakirin lirik şeirləri ilə satirik məzmunlu mətnlərini müqayisə edin, ikincilərdə intonasiyanın strukturunu (modelini) təqribən belə cızmaq olar: intonasiya zahirən sürətli, daxilən ağır keçidlidir, lirikasında isə əksinə - zahirən sakit, "sürətsiz" daxilinsə axar-baxarlıdır, burda özünə qədər deyilən tərifləri, yaradılan metaforik planı ötüb keçmək inadı var.

 

Zakirəm, sızlaram misli-əndəlib,

Tapmayıb dərdimi, çəkildi təbib.

Bəxtəvər başına sənin, ey rəqib,

Xeyir sənə qismət oldu, şər mənə!

 

Yaxud:

 

Sürmə çəksin gözlərinə, qaşına,

Gündə yüz yol mən dolanım başına.

Zakir tək yanmağa eşq ataşına,

Cürəti var isə pərvanə gəlsin!

 

Satirik şeir dövrü, zəmanəni, necə deyərlər, "həzm etməlidir", onu özünün şəxsi, incik, "yaralı" düşüncələrindən ayırıb ictimai kontekstə gətirməlidir, bu mənada Zakirin satirasının ritm-intonasiya modeli zamanı kəsib-doğramağa hesablanır. Bu şeirləri oxuyanda intonasiya "çarxının" dişlərinin xaotik səslərini də eşitmək mümkündür.  

 

Həddən aşıb büxlü həsəd, şərarət,

Yoldaş - yoldaşına eylər xəyanət,

Alimdə əməl yox, bəydə ədalət...

 

Ancaq:

 

Qüttaüttəriqin vüfuru vardır,

Yaylaqda, aranda, qatar-qatardır,

Yenə soxa-soxdu, apar-apardır,

Bizim başımızda çatladı çanaq.

 

Bu tipli şeirlərdə Zakir tanıdığı, içində nəfəs aldığı gerçəkliyi elə bir dinamika içində verir ki, sanırsan bu sürəklilik, sürət yavaşısa, dünya dağılar, hər şey yerlə-yeksan olar və olmalıdır da. Bədii mətniq satirik mənzumələrdə intonasiyanın diliylə çatdırılır, üzdə görünən "həcv leksikasıdır", daxildə bunları idarə edən intonasiya şairin zəmanəyə üstün gəldiyi, ona ən müxtəlif bucaqlardan baxa bildiyi fürsətdir. Yəni tipi etibarilə son dərəcə orijinal mənzumələrdə hərəkət, şübhəsiz ki, intonasiyanın "dedikləri" nəyisə nağıllamağa, nədənsə bəhs etməyə imkan vermir, daxildə "oynaşan" işarələrlə, sanki pantomim işarələriylə gerçəkliyin üzünü astarına, astarını üzünə çevrir, N.B.Vəzirovun pyesindəki detal yada düşür: ay camaat meymunoynadan gəlib!.. Zakirin Axundzadəyə ünvanladığı məktublar var. Bu məktublarda onların görüş yeri də həmin intonasiya qatındadır, həm də Axundzadənin "Hacı Qara"sında - Heydər bəy məhz Zakirin şikayətlərinin "prototipidir".

 

Gərçi vilayətdə çox idi əhval

Bir parasın yazıb eylədim irsal.

Bu şərt ilə nə diş bilsin nə dodaq...

 

1927-ci ildə fransız filosofu Anri Berqsonun intuitivliklə bağlı əsəri çap edilir, filosofun bu əsərində sözügedən məsələnin qoyuluşu elmi kəşf hesab edilirdi, təkcə modernist ədəbiyyatın ruhunu, müəyyənləşdirici pafosunu dəqiq ifadə etdiyinə görə yox, həm də bir sıra universal cəhətlərinə görə. Onlardan biri bu idi ki, müəyyən (məlum-!) yasaqlara görə dilin qapısı arxasına sıxışdırılan sözlərin bir gün səbr kasası daşır, zamanın damarı qaçır və insanı, onun xislətini gizlədən və faş edən sözlər bu qapıdan sel kimi içəri keçir. Məlum olur ki,  dünya təkcə insanı bihuş edən (sakitləşdirən, xamuşluq yaradan) ülvi sözlərdən ibarət deyildir, bu yüksəklik və ülviliyi sözə çəkməyin artıq bir mənası qalmamışdır. O gözəlliyə əsəblərin haçalandığı, gərginliyin naqillərdən aşıb kənara çıxdığı məqamlardan da baxmaq lazımdır.

 

***

 

Bu dönüş anı iki planda izlənilə bilər: 1) ümumi ədəbi prosesin gedişində (Bakıxanov və xüsusən Seyid Əzim Şirvani) və 2) elə Zakirin öz yaradıcılığında - ikinci plan üzrə getmək daha faydalı olardı, çünki Zakirin eşqlə dolu qəzəl və qoşmalarından "söyüşlərlə" (aqressiv sözlərlə) dolu şeirlərinə keçid ilk baxışdan izahsızdır. Bura onun həyatı, tale, ömür mətnini də qatmaq lüzumu yaranır. Vaxtilə Valter Benjamin Hölderlindən bəhs edərkən belə yazmışdı: "içində dördnala çapan dəliliyin ayaq səsləri....". Zakirdə bu səslər insanı boğan həyəcan doğurur.

Kəskin çevrilmə anında ədəbiyyatın "özünüqoruma refleksi" işə düşür. Çevrilmə anında yaddaş itmir, əksinə, daha dərinləri fəhm etmək naminə mötərizə arasına alınır, dövrün, zamənənin aparıcı ideyasını, daxili refleksiyasını fərqli biçimlərdə ifadə edir. Bu istiqamətin tam şəkildə aparıcılığını təmin etmək üçün qopub ayrıldığı ənənəyə münasibətdə "düşmənçilik işarəsi" boy atıb cücərir. Əgər Axundzadə ədəbi modellərarası gedişləri fiksə edirdisə, Zakir mətndaxili, yaxud mətnlərarası registri fəhmlə dəyişdirirdi.

Qasım bəy Zakir faciəvi tale yaşadı. Şeirlərində bunu ədəbiyyatın vicdanına çevirə bildi. Yəni sözün hərfi mənasında şikayətdən vaz keçib son nəfəsinə qədər gerçəkliyi bütün sərtliyi və axar-baxarı ilə bədii mətnlərinə hopdurdu.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.-S.24-25.