Həyatdan gələn səslər
Meyxoş Abdullahın hekayələri
haqqında
Nəsrin "ağır artilleriyası", "epik
vüsətin zirvəsi" sayılan janrı romandır. Bəs povestin
yeri? V.Q.Belinski öz zamanında
yazırdı ki, "jurnalın hər bir nömrəsində
povest olmadıqda, sanki cəmiyyət içərisinə
ayaqqabısız və qalstuksuz daxil olursan. Povest romandan alınan bir fəsildir, bizim
böyük və uzun kitablar oxumağa vaxtımız yoxdur,
bir sözlə, bizə povest lazımdır. Hekayə isə romandan və povestdən
qoparılmış bir səhifədir".
Bəziləri
iddia edir ki, o "səhifədə" nə geniş epik
lövhələr, nə çoxsaylı xarakterlər, nə
də mürəkkəb, başlanğıcdan sona pilə-pillə
"yol gedən" süjet xətti ilə
qarşılaşmaq mümkün deyil. Amma
dünya və elə Azərbaycan ədəbiyyatında hekayənin
elə şedevr nümunələri var ki, ən kamil romanlar,
povestlər qədər bədi təsir gücünə
malikdi. "Poçt
qutusu", "Usta Zeynal", "Qurbanəli bəy" (C.Məmmədquluzadə),
"Şeyx Şağan" (Ə.Haqverdiyev), "Cənnətin
qəbzi" (Y.V.Çəmənzəminli), "Qaraca
qız" (S.S.Axundov), "Məktub yetişmədi"
(A.Şaiq), "Firuzə" (C.Cabbarlı),
"Qırçı və qızılgül"
(İ.Əfəndiyev), "Xəzan yarpaqları" (S.Qədirzadə),
"Astana", "Bayatı-Şiraz" (Y.Səmədoğlu),
"Baladadaşın ilk məhəbbəti" (Elçin),
"Qızıl ilan" (İ.Şıxlı), "Dantenin
yubileyi" (Anar), "Şəppəli"
(İ.Hüseynov)... bu hekayələr Azərbaycan nəsrinin
"kiçik" janrda mükəmməl nümunələridir.
Cəlilabadda yaşayan, artıq yeddi kitabın müəllifi
olan, bir hekayəçi kimi tanınan Meyxoş Abdullah da heç
şübhəsiz, bu yaşarı ənənəyə sadiq
qalmağa çalışır. Hələlik sonuncu -
yeddinci, "Qapısı gecə döyülən
qadın" kitabında da Meyxoşun təzə, yəni son
illərdə yazdığı hekayələri toplanıb.
Meyxoş oxuduğu kitablardan deyil, həyatda
gördüyü, rastlaşdığı, müşahidə
etdiyi real hadisələrdən ədəbiyyata gəlib. Həyat isə
çox mürəkkəbdir. Xüsusilə,
çağdaş dövrümüz bir-birilə ziddiyyət
təşkil edən hadisələrlə, mənəviyyat aləmində
baş verən qarşıdurmalarla, gün-güzərana
gedib çıxan qayğılarla, yurdundan-yuvasından didərgin
düşən insanların doğma ocağa qayıtmaq həsrətiylə
və ən başlıcası, yaşadığımız
bu Müstəqillik dövrünün doğurduğu hiss-həyəcanlarla
(sevinci də var, kədəri də) diqqəti cəlb edir. Elə bil ki, biz yeni bir aləmə
düşmüşük, müasir həyatın gözəllikləri
ilə sovet dövrünün təzadları arasında
çırpınan insanları görürük, amma illər
boyu arzuladığımız bu müstəqillik sevinci ilə
yaşamaq bütün çətinlikləri unutdurur bizə.
Deməli, bir hekayəçi üçün mövzu
qıtlığı olmasın gərək. Sadəcə,
oturub yazmaq və bu dövrün insanını, o insanın
hiss və həyəcanlarını, sevincini, kədərini
ümumiləşdirəsən.
Meyxoş
Abdullahın hekayələrində də zaman və məkan xətləri
bir-birilə çarpazlaşır - təsvir olunan hadisələr,
sanki lap qarşımızda cərəyan edir, bizə tanış olan məhəllələrdə,
kəndlərdə, ailələrdə baş verir.
Meyxoş Abdullahın kitabındakı ilk hekayəsinin
adı "Üşüyən yarpaqlar"dır. Müəllif
bu hekayədə ömrünü tənhalıq içində
bada verən bir qadının taleyindən söz
açır. "Əri başqa bir qadın tapıb,
onu atıb gedəndən sonra bu xəyanəti ona
bağışlaya bilmirdi… Qadın sevdiyi adamı
bağışlaya bilmirsə, ona nifrət edirsə, demək,
bir vaxtlar onu dəlicəsinə sevirmiş" fikrini belə
qəbul etmək istəmirdi... Ömründə birinci dəfəydi
ki, kişi iyi gəlməyən
yatdığı yataqdan, ev-eşiyindən acığı gəldi.
Qadının keçirdiyi bu təbii hisslər
onun tənhalıqda keçən ömrünü, psixoloji
ovqatını doğru şərh edir. Amma
hekayədə ən uğurlu detallar qadının
ağaclarla, quşlarla söhbətidir. "Neçə
illərdi ki, dərd-sərini çinarla bölüşər,
sirrini ona danışardı". O çinar
ağacında iki qumru quşu bala çıxarırdılar.
"O çinar ağacını özünə bənzədirdi.
Çinar ağacı da onun kimi
yavaş-yavaş qocalıb, yaşlaşırdı. Payızın soyuq nəfəsi çinar
ağacının yarpaqlarını saraltmışdı.
Budağından qopub yerə düşən
yarpaqlar intihar edən adamlara bənzəyirdi". Əlbəttə, bu müqayisə kədər
doğurur, amma qadının ruhi-mənəvi
sarsıntılarının dolğun ifadəsi kimi diqqəti
cəlb edir. "Əlindəki yarpağa
diqqətlə baxdı. Bir vaxtlar
yamyaşıl olan, indi isə saralmış bu yarpaq
üşüyürmüş kimi titrəyirdi; eynən, Nuridənin
payız ömrünün tənhalığı kimi".
Niyə mən Meyxoş Abdullahın yeni kitabında ilk
hekayəsi ilə başladım? Səbəbi budur ki, Meyxoşun bir
qism hekayələri mənəvi-əxlaqi səpkidə olan
ailə-məişət mövzusundadır: kişinin
qadına - həyat yoldaşına xəyanəti, ata-oğul
münasibətləri, baş tutmayan sevgilər. "Baş tutmayan intihar"da iki qadın dərdləşir.
Birinci qadın "sevdiyim adam mənə xəyanət edib, -
deyə hıçqırır. "Ona elə
bağlanmışam ki, bir dəqiqə də olsun yaşaya
bilmirəm. İnanın, adicə suyu belə ondan icazəsiz
içmək istəmirəm, mən onunla nəfəs
alıram" - ona "xəyanət edən" kişinin isə
ailəsi var. Amma o kişi həmin bu ikinci
qadının əridir və dəfələrlə öz
halalca arvadını da aldadıb. Əlbəttə,
qadın-kişi "xəyanətləri" ədəbiyyatda
təzə mövzu deyil, amma Meyxoş bu hekayədə iki
oxşar qadın talelərini bir araya gətirir,
aldadılanların faciəsini əks etdirir. Belə hekayəyə heç sonluq da lazım deyil
ki, biləsən bu aldadılanların aqibəti necə
olacaq.
Meyxoş Abdullahın o kitabda toplanan ən yaxşı
hekayələrindən biri "Nəğmə müəllimi"dir.
"1992-ci ilin yazı. Cəbhədə ağır
döyüşlər gedirdi". Belə günlərin
birində cəbhəyə könüllülər gəlir və
onların arasında Əli Cabbarov adlı bir nəğmə
müəllimi də var. Çox cavandır, batalyon komandiri
hirslənir ki, nəğmə müəlliminin burada nə
işi var, olmaya düşmənlərə "Qarabağ
şikəstəsi" oxuyacaq? Cavabı isə belədir:
"Mən buraya döyüşməyə gəlmişəm,
yoldaş komandir. Məgər nəğmə
müəllimi vətəni sevə bilməz". Etiraf edək ki, bizim nəsrimizdə müharibə
mövzusunda əsərlərin sayı o qədər də
çox deyil. Bəlkə, elə lazım
da deyil. Amma "Nəğmə müəllimi"
kimi hekayələr lazımdır ki, müharibəni görməyən
və bu barədə təsəvvürü olmayanlar belə
hekayələri oxusunlar, o nəğmə müəllimi kimi
Vətəni sevsinlər və…get-gedə döyüşdən-döyüşə
bərkiyən, mətinləşən bu cavan oğlanın
necə qəhrəmanlıq göstərdiyinin, necə həlak
olduğunun şahidi olsunlar.
Meyxoş
Abdullah əksər hekayələrində xarakter yaratmağa
can atır və bəzən bir obrazın taleyi ilə cəmiyyətimiz
üçün səciyyəvi olan mətləblərə
toxunur. Məsələn, "Maaş
günü" hekayəsində kiçik bir idarədə
çalışan Səidin maaşını alandan sonra pulu
borclu qaldığı adamlara paylayır -
dükançıya, işıqpulu yığana, həyat
yoldaşına, uşağının əlavə məşğələ
müəlliminə və b. Axırda cibində iyirmi qəpik
qalır. Çox tanış mənzərədir,
eləmi? Və Səidin keçirdiyi psixoloji
hallar, ağlamalı vəziyyəti hekayədə bir kədər
hissi yaradır, bizcə, bunu kədərli komediya da
adlandırmaq olar.
"Dəli
Bəybala" - bu hekayə isə adamların gülüb ələ
saldıqları, lakin çoxlarının ağlından iti
olan bir insanın taleyindən söz açır. Əlbəttə, onda Kefli İsgəndərlik
heç nə yoxdur. Sadəcə,
ağlı-başı yerindədir, amma mühit,
yaşadığı məhəllənin adamları onu
"Dəli Bəybala" deyə çağırırlar.
Amma "Məhəllə uşaqları Bəybalanı
dəli, ağılsız saydıqlarına görə,
öz gizlin işlərini də onun yanında açıb danışar
və elə düşünərdilər ki, Bəybala belə
şeyləri anlamır. Əslində, Bəybala
bu axmaq uşaqların bütün axmaq işlərindən xəbərdar
idi. Amma öz-özünə fikirləşirdi
ki, mən dəliyəm, özümü onlara tay tuta bilmərəm".
Amma Bəybalanı yandıran təkcə
tay-tuşlarının ağılsız hərəkətləri
deyildi, böyüklərin yanlış hərəkətləri
idi. Beləliklə, mühit Bəybalanı
öz sırasından, adamlıq cərgəsindən
çıxarır və "dəlilik" də elə
buradan başlayır. Bəybala sevir, amma
"sevgilisi" də onu dəli zənn edir. Bu da Bəybalanı,
doğrudan da, ağılsız hərəkətlərə
sövq edir, amma onun "sevgilisi" Qəmzə bir neçə
il keçəndən sonra
ağıllı adamların qurbanına çevrilir. Dəli
Bəybala "günlər ötdükcə şahidi
olduğu hadisələrə tab gətirmir. Az
qalırdı ki, başına hava gəlsin". Deməli, müəllif dəli olmayan,
ağlı-başı yerində olan bir insanın faciəsini
bizə göstərir. Hekayə boyu Dəli
Bəybalanın nələr keçirdiyinin, hansı mənəvi
əzablara düçar olduğunun şahidi oluruq. Nicat yolu varmı? Yox,
çünki Dəli Bəybala Kefli İsgəndər deyil
ki, sonda ona dəli deyənlərin üzünə
tüpürsün. Onun gücü
yalnız "Qəmzənin yasına gələn kişilərin
maşınlarının təkərləri altına
mıxdan, mismardan qoyub hamısını partlatmağa"
çatır.
Meyxoş Abdullahın bir sıra hekayələri novella tərzində
yazılmışdır. Novella da hekayənin
bir növüdür, sadəcə, bu tipli hekayələrin
sonluğu gözlənilməzdir. "Varlı
adamın pencəyi"ndən pul tapılır, qulluqçu
qadın evində xidmətçi olduğu sahibədən
işlədiyinin pulunu ala bilmir. Sahibə
pul əvəzinə ona ərinin heç vaxt geyinmədiyi
paltarlarından verir. Qulluqçu qadın
bu paltarları evinə gətirir. Uşaqlar
bu paltarları atalarına geyindirirlər. Qadın
ərinin əynindəki paltarları soyundurmağa
başlayır. "Elə bu vaxt qəribə bir hadisə
baş verdi, pencəyin astarından bir
büküm pul qadının ayaqları altına
düşdü… Duruxub qaldı, sanki on uqara
basırdı. - Bu nədir, ilahi, yoxsa mən yuxu
görürəm?!.. Pulll! - deyə o, dəli
kimi qışqırdı. - Pulumuz var, özü də
çoxluca… Biz yaşayacavğıq, biz ölməyəcəyik".
Başqa bir novella - "Qanlı tablo". "Höküməli
ucaboy, arıq vücudlu, gözləri gömgöy olan nataraz
bir kişiydi. O qədər arıq idi ki, belinin dəvə
kimi donqarı çıxmışdı. Səhərdən
axşama kimi bir yerdə qərar tutmayaraq ora-bura vurnuxurdu.
Gördüyü işlər də ya yarımçıq
olardı, ya da heç nəyə kar olmazdı" - müəllif
hekayənin qəhrəmanının zahiri əlamətlərini
belə təqdim edir. Həmin bu Höküməli kişi xasiyyətcə səbatsız və
nataraz adamdır. Və bir gün qərara
alır ki, arvadını boşasın. Səbizəylə,
"şəhərin əksər kişilərinin
aşnasıyla" evlənsin. Oğlu İmran
atasına deyir ki, belə iş tutma, ayıbdır, deməzlər
ki, bu kişinin üç qızı, bir oğlu var, gedib
arvadının üstünə arvad gətirir? Amma nataraz ata oğlunu eşitmir, ata-oğul
tutaşırlar - "artıq o, nə edəcəyini
ağlına belə yerləşdirə bilməyərək
atasının üstünə yeridi. Atasının
başı zərblə divara dəydi". Atası yavaş-yavaş yerə çökməyə
başladı. "İmran, sanki
yuxudaydı, nə etdiyini indi anlayırmış kimi
atasının qana bulaşmış cəsədini
qucaqladı. Elə bu vaxt arxadan
başına dəyən ağır bir alətin təsirindən
gözləri qaraldı. Həmin anda onun başından
fışqıran qızıl qan divardakı tabloda fon yaratdı. Qanrılıb geri
baxanda anasını gördü". Maraqlı
hekayədir, eləmi? Amma fikrimizcə,
Meyxoş Abdullah belə bir hadisəni bəlkə də,
özündən uydurub, di gəl ki, uydurma olsa da,
ata-ana-oğul üçlüyünün (ana son anda
ölmüş ərinin intiqamını oğlundan alır)
xoşagəlməz sonluğunu təqdim edir.
Meyxoş Abdullahın digər hekayələrindən də
söz aça bilərdim. Hekayədə hadisəçiliyin,
nəql etmənin bir nümunəsi kimi "Kişi kimi",
"Terrorçu" "Mənə bacı demə,
günahdır", "Qapısı gecə döyülən
qadın", "Mininci adam" hekayələri
oxunaqlıdır. Amma çox istərdik ki,
Meyxoş Abdullah gələcək hekayələrində daha
ciddi mətləblərə toxunsun. Doğrudur,
onun hekayələrinin əksəriyyəti həyatdan gələn
səslərdir, insanların qarşılıqlı
münasibətlərini əks etdirən lövhələrdir,
amma bu hekayələrdə elə bil nəsə
çatışmır. Bu
çatışmayan isə hadisələrdən problemlərə
doğru keçidin bir qədər zəif təsir
bağışlamasıdır.
Amma Meyxoş Abdullahın hekayələri sübut edir
ki, o, get-gedə bir yazıçı kimi hekayə janrında
uğurlar qazanır. "Nəğmə müəllimi"
hekayəsini yazan müəllifə inanırıq.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.15.