Onun böyük həyat yolu,
yaxud Yasif Nəsirli dünyası
Təbii
ki, bizim böyük ziyalılarımızın, yüksək
sənət adamlarımızın qəlbi daim xeyirxah
arzularla, Vətən sevgisi ilə dolu olub. Onların
sevgisi Azərbaycan adlanan bu sevimli ulu diyara xidmətləri ilə
üzə çıxır. Dünyanın gərdişi
neçə minillik axarındadır. Şair
də, alim də, ictimai xadim də bir ömür bu sevginin
işığında mübarizə aparır, bu mürəkkəb
aləmin dərki prosesində daha da müdrikləşir,
hadisələr fövqündə zamanın dalğavarı hərəkətini
dünyada ən diri və daimi olan sözün qüdrəti
ilə tarixə həkk edir. Demək olar ki, müasir
dünyanın əksər ölkələrini gəzib-dolaşmış,
görüb-götürmüş, böyük ictimai vəzifələri
ilə daim Vətənin xidmətində olmuş,
böyük sənət yolu keçmiş Yasif Nəsirli kimi
yazıçı, tənqidçi və
ziyalılarımızın qəlb arzuları da çox zaman
bir nöqtədə birləşir.
Yasif Nəsirli daxilən püskürən, od-alov
içində qovulan, zahirən şən, gülərüz,
yumorlu bir insandır. Son dərəcə mehriban, yüzlərlə
insana əl tutan və əl tutmağa hazır olan bir şəxsdir.
Namizədlik işinin elmi rəhbəri, gözəl
insan və görkəmli yazıçı Mir Cəlal
Paşayevin təbiri ilə desək, "bu sadə kəndli
oğlu" şərəfli bir həyat yolu keçib.
Müharibə çoxumuzu ata qayğısından məhrum
edib. Mənim
kimi, Yasifi də anası böyüdüb,
saçlarının birini ağ, birini
qara hörüb, gecə-gündüz kolxoz tarlasında
çalışıb, balalarını saxlayıb. Yasif çox gənc ikən indiki Bakı Dövlət
Universitetini bitirib. Bir az sonra Mirzə
Cəlilin klassik nəsrinin, xüsusilə "Danabaş kəndinin
əhvalatları" povestinin tədqiqi əsasında namizədlik
dissertasiyası müdafiə edib. Bu dövrdən
başlayaraq həyatı Azərbaycan ictimai mühitinin qaynar
qazanında keçib. Bu kimsəsiz gənc
öz biliyi, istedadı, zəhməti, qolunun qüvvəsi,
ictimai işə, xalq işinə məhəbbəti, öz
elmi ilə daim yüksəlib, yüksək ictimai mərtəbələrdə
çalışıb. Onu daim
işgüzarlığı, fəal ictimai mövqeyi, inam və
əqidəsi, namuslu və obyektiv olması, vətən
övladlarına xeyirxah və xoş münasibəti, nikbinlik
və ləyaqəti, yüksək mədəniyyəti irəli
aparıb. Hansı işdə olur-olsun, öz elmini, mədəni
səviyyəsini, ictimai-siyasi görüşlərini zənginləşdirməyə
çalışıb, Bakı Dövlət Universiteti ilə
yanaşı, Moskvada M.Qorki adına Ədəbiyyat
İnstitutunu, ÜİLKGİ MK Ali Komsomol Məktəbini,
SSRİ DTK F.Dzerjinski adına Ali Məktəbin hüquq
fakültəsini bitirib, bunların hər biri onun bir tale məktəbi
olub.
Bunlar onun ictimai-siyasi fəaliyyətinin qısa
xronologiyasıdır. Bu vəzifələr bir gəncdən, nələr
tələb etmişdir, qırx ilə yaxın bir mübarizə
yolunda nələr edilmiş, hansı işlər
görülmüşdür - bu, vaxtı gələndə qələmə
alınacaq ayrıca bir mövzudur. Yasif gənclər
təşkilatında böyümüşdür, onun bir
natiq, bir vətənpərvər kimi yetişməsində
çalışdığı mühitin böyük rolu
olmuşdur.
Həmin mühit Yasifi ləyaqətli,
dünyagörüşlü, uzaqgörən bir gənc kimi
formalaşdırmışdır. Ona görə də hətta
DTK-nın 5-ci şöbəsinə rəhbərlik edərkən,
respublikanın yaradıcı elm, maarif, ali
məktəb təşkilatlarına, mətbuata nəzarət
edərkən böyük xof yaratmış bu təşkilatda
qələm sahiblərinə öz səlahiyyəti daxilində
daim köməklik göstərmişdir. Müsahibə
və qeydlərindən aydın olur ki, 37-ci ildə olduğu
kimi, 50-60-cı illərdə də
ziyalılarımızın düşmənləri öz
içərilərində olub - istedadsız və
böhtançılar. Bu şəkildə üstünə
"millətçilik və antisovet ruhda" sözləri
yapışdırılmış 17 namizədlik və
doktorluq dissertasiyasını da DTK fəaliyyətinin ilk illərində
xilas etmişdir, xalq şairi Bəxtiyar Vahabzadə SSRİ
Dövlət mükafatına təqdim edilərkən də
"dostları"nın Sov.İKP MK-ya, Siyasi Büroya,
DTK-ya göndərdikləri imzasız məktubların,
teleqramların "millətçilik" iddialarının ləğvində
əməyi az olmamışdır.
Əbülfəz Elçibəylə bağlı bir
epizod daha maraqlıdır. Məlumdur ki, öz
istedad və qabiliyyəti ilə ardıcıl irəliləməkdə
olan Yasif Nəsirlinin aldığı ilk ictimai zərbə elə
o dövrki cəbhələrdən olmuşdur. Sovet dövrü məktəbində yetişdiyini
qeyd edərkən dünənini unudanlar, dünəninə
nankor baxanlar onu partokrat damğası ilə ləkələməyə
çalışırdılar. Müsahibələrdən
aydın olur ki, bu "partokrat" onların liderinin bir vaxtlar
həbsdən xilasında az əmək sərf
etməyib. Moskvadan qayıdıb DTK-da işə
başlayan kimi, tələbəlik dostu Əbülfəz
Əliyevin həbsdə olduğunu bilib xilasına
çalışır. Əbülfəzin
anasının adından ərizə yazdırıb öz
işçisinə barmaq basdırır, özü isə bu barədə
sədrə raport yazır. Raport və ərizə
MK-nın birinci katibi H.Əliyevə
çatdırılır.
H.Əliyev raportu oxuyub, Əbülfəz Əliyevin həbsdən
azad edilməsi üçün məktubun üzərinə dərkənar
qoyur: "Gözüm raportun üzərindəki MK birinci
katibinin böyük hərflərlə yazdığı dərkənara
sataşdı". Başdan rusca yazmışdı: "Y.Nəsirovla
razıyam". Birinci səhifənin axırında isə
"P.S." qoyub qeyd etmişdi: "Y.Nəsirov cavandır.
Onunla profilaktiki iş aparmaq lazımdır ki, millətçilik
xəstəliyinə tutulmuş adamların təsirinə
düşməsin". Beləliklə,
Əbülfəz Əliyev azadlığa buraxıldı.
Lakin sonradan məlum olanda ki, onun anası mənim
qəbulumda olmayıb, ərizəni biz özümüz
yazmış və barmaq basmışıq, mənə sədrin
əmri ilə töhmət elan etdilər. Bu mənim 35
illik iş fəaliyyətimdə aldığım ilk töhmət
idi. Bu əhvalatdan Ə.Elçibəyin xəbəri
yox idi. Lakin Elçibəy hakimiyyətə gələrkən
ilk işdən azad etdikləri adam mən
oldum. Bəhanə də bu oldu ki, guya mən
demokratik fikirləri müdafiə etmirəm".
Y.Nəsirli
vətəndaşlıq borcunu bu cür yerinə yetirməklə
kifayətlənməmiş, DTK-nın özündəki
satqın və yaramaz kəsləri, Bəxtiyar Vahabzadə
kimi böyük şair və şəxsiyyətin şair,
yoxsa yazıçı olduğunu seçə bilməyən
idarə başçılarını orada işləyə-işləyə
bədii və publisistik əsərləri ilə adbaad
ifşa etmişdir. Onun rus dilinə çevrilib
Siyasi Büroya qədər özünə yol tapan
"İki şüşə konyak" əsəri belələrindəndir.
Yasif Nəsirli Qarabağ Təşkilat Komitəsi sədrinin
birinci müavini kimi daim cəbhə xəttində, Qarabağ
hadisələrinin ən qaynar nöqtələrində olub,
Qarabağın Azərbaycan kəndlərinin erməni
daşnaklarından xilas edilməsində, ətraf
rayonların müdafiəsində əlindən gələni əsirgəməyib. Dəfələrlə
ölümlə üz-üzə gəlib. Hələ Sovet dövlətinin qürub etdiyi
dövrdə Qorbaçovun məkrli siyasətini ilk başa
düşənlərdən olub. Stepanakert şəhərinin
hərbi komendantı, general-mayor Vladislav Safonov: "Onu da deyim
ki, Yasifin hərəkətləri barədə Moskva və
Yerevanda tutarlı faktlar var idi. Yerevanda, hətta
bir neçə azərbaycanlı kimi, ona qiyabi ölüm
hökmü kəsmişdilər. Yasif ya
girov götürülməli, ya da fiziki məhv edilməli
idi. Bunu başa düşəndən sonra
mən onu əməlli-başlı qorumağa başladım.
Xankəndidən yola düşən axşamı ona dedim: "Özündən
ehtiyatlı ol. Səni öldürəcəklər".
Azərinformun
17 avqust 1991-ci il tarixli məlumatında
deyilir: "Respublika Təşkilat Komitəsinin üzvlərinə,
o cümlədən M.İ.Radayevə, V.H.Məmmədova,
Y.M.Nəsirova xidmət edən UAZ-469 avtomaşının yan
şüşəsinə qumbara atılmışdır. Avtomaşınının salonunda partlayan qumbara Y.M.Nəsirovu,
həmçinin təşkilat Komitəsinin məsul
işçisi Y.Ş.Salahovu və sürücü Z.Q.Vəliyevi
yaralamışdır. Onlar xəstəxanaya
aparılmışdır". Y.Nəsirli
jurnalist qadın Salatın Əsgərova qətlə yetirilərkən
onunla dalbadal gedən maşında olmuş, təsadüf nəticəsində
salamat qalmışdır.
Heç kim heç kimin nələr çəkdiyini
bilmir. Bizim dövrümüzdə də epoletlər
altında yanar ürəklər olmuşdur və təbii ki,
yaşamalı olduğumuz keşməkeşli dövrlərdə
də çox şey öz qiymətini ala bilməmiş,
iş adamları yox, qaragüruh və hay-küyçülər
irəli soxulmuşlar. Unudulmaz tələbə yoldaşım
Əhəd Muxtar Yasif Nəsirliyə ithaf etdiyi şeirində,
səhv etmirəmsə, belə demişdi, həm də
yaxşı demişdi: "Çox nadana çatıb bəylik,
- Tüğyan edir dərəbəylik".
Yasif Nəsirli təkcə geniş ictimai-siyasi fəaliyyəti
ilə deyil, ədəbi-bədii və elmi
yaradıcılığı ilə də bir ziyalı kimi fərqlənmişdir. O, Respublika "Veteran"
Xeyriyyə Fondunun prezidenti, Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin vitse-prezidenti, xarici
ölkələrdə yaradılmış bir çox dostluq
cəmiyyətləri idarə heyətlərinin
üzvüdür. Beynəlxalq aləmdə Azərbaycan
Respublikasının iqtisadi-elmi nailiyyətlərinin, eləcə
də torpaqlarımızın azad olunması üçün
göstərilən ciddi səylərin təbliği işinə
var qüvvəsini sərf edir. İngiltərə,
İtaliya, Fransa, Türkiyə, Malta, Çin, Yaponiya,
Bolqarıstan, Çexoslovakiya, Rumıniya və başqa
ölkələrdə səfərdə olmuş respublika
nümayəndə heyətlərinə
başçılıq etmişdir. İraqın
Bağdad şəhərində keçirilən VII, VIII
Ümumdünya İslam konfranslarında Qafqaz müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadə və akademik Vasim Məmmədəliyevlə
iştirak etmişdir.
Yasifi bir şəxsiyyət kimi səciyyələndirən
xüsusi keyfiyyətlər var. Ən başlıcası,
insana insani münasibətidir. Bu o deməkdir ki, Yasif
üçün ərazi bölgüsü, etnik qrup söhbəti
yoxdur. Yasif üçün vahid və yeganə
"insan" məfhumu var, "vətəndaş" məfhumu
var, vahid Azərbaycan var. Ömür boyu pis mənada region
söhbətlərinin düşməni olub.
Yasifi səciyyələndirən mühüm keyfiyyətlər
sadəlik, təvazökarlıq, səmimiyyətdir. Bu vacib keyfiyyətlər
onu vəzifə pillələrinin heç birində tərk
etməyib. Nikbinlik, hadisələrə yumorlu münasibət,
ürəkdolusu danışıq və gülüş onu
sevdirən, cavan saxlayan əlamətlərdir: uşaq kimi saf və
təmiz, uşaqla uşaq, böyüklə böyük. Situasiyanı dərhal tutmaq, anlamaq, dərhal məsələni
gözlənilməz istedadla həll etmək,
çıxış yolu tapmaq, "neynim, necə edim" -
fikirləri ilə vaxt almamaq, operativlik - Yasifi tanıyanlar daim
onda bu cür keyfiyyətlərə şahid olublar. Onun
yumoru tanış və dost olduğu
adamlarda da dərin iz buraxır. Yuri Qaqarin Yasifə dostluq məktubunda
yazırdı:
Əzizim Yasif, səninlə dostluğum Azərbaycanı
tanımaq üçün bir pəncərədir. Dəvətinə görə
çox sağ ol. Azərbaycanı
görmək mənim çoxdankı arzumdur.
Tez-tez səni evdə yad edirik. Elə ha sənin Molla
Nəsrəddindən söylədiklərini yada salıb
gülürük. Yenə axşam Fəxri
vətəndaşı olduğun Ulduz şəhərciyində
- mənim ad günümdə səni yad etdik. Sağlığına içdik. Bizi yad etdiyin
üçün çox sağ ol. Teleqramda yazdığın lətifə də əla
idi. Arvadım deyir ki, Yasif bizə
sataşır, yəqin, Molla Nəsrəddin elə Yasifin
özüdür, onun adından danışır.
Onunla mərc gəlmişik. Bakıda bu işi
ayırd edərik. German Titovla çəkdirdiyin
şəkli aldım. Sənə
çoxlu salamı var. Öpürəm.
Dərin hörmətlə, Yuri
Qaqarin.
Moskva,
Ulduz şəhərciyi, 1964-cü il.
İnsan xislətindəki ən naqis cəhətlərdən
biri Orta əsr feodal təfəkkürü ilə
bağlı olan tayfaçılıq, məhəlləçilik,
üzdəniraq yerliçilik hissləri ilə
yaşamaqdır. Yasif və onun həqiqi dostları ömür
boyu belə naqisliklərə yabançı olmuşlar.
Yasif heç vaxt öz dostlarından, hörmət
bəslədiyi, xeyirxahlıq etdiyi, çətin məqamlarda
qoruduğu insanlardan haralı olduğunu soruşmayıb.
Görkəmli
alim və cəsarətli insan kimi yaşayan Qulu Xəlilov
vaxtilə yazırdı: "Onu tanıdığım,
dostluq etdiyim otuz ildən artıq olmasına baxmayaraq,
yalnız bu yaxınlarda onun hansı rayondan, hansı kənddən
çıxdığını bilmişəm. O da belə
şeylərə heç vaxt əhəmiyyət verməmişdir.
Çünki o vaxtlarda "Haralısan?"
- demək, soruşmaq nəinki ayıb sayılırdı,
heç yada da düşmürdü...".
Qulu müəllim sözünə davam edərək deyir:
"İndi özümü danlayıram ki, nə
üçün onun doğulub ərsəyə
çatdığı kəndə bircə dəfə də
olsun getməmişəm, o yerlərin ab-havası, adamları
ilə yaxından tanış olmamışam. Bəlkə
də, bu hal məndə bəzi vəzifəli və vəzifəsiz
adamların fəaliyyətlərində, şüurlarında
qara ləkə kimi iz buraxan yerliçilik kimi eybəcərliyə
dərin nifrətimdən yaranmışdır". Bizə, bizim inkidi cəmiyyətə Qulu Xəlilov
kimi adamlar lazımdır, Yasif kimi adamlar lazımdır. Cəmiyyətin belə ziyalılara ehtiyacı həmişə
olub, var və yenə də olacaq. Həqiqi dostluq təfəkkür,
düşüncə vəhdəti ilə doğulur:
"...Onun özünün şəxsiyyətindəki
saflıq, təmizlik, mehribanlıq, mərdlik və səmimiyyət
torpağımızın bir parçası sayılan həmin
yerlərin təbiəti, adamları barədə məndə
xoş təəssürat yaratmışdır. Üstəlik, onun yazılarındakı həyatilik,
doğulduğu kəndin adamlarına, sularına, çəmənlərinə
məftunluq, xalqın varlığından süzülüb gələn
adət-ənənələrinə övlad məhəbbəti
məndə gizli və açıq iftixar hissi
oyatmışdır".
Yasif Nəsirli görkəmli bir ziyalı kimi, yüksək
adamlar haqqında heç bir qısqanclığa yol vermədən,
səxavətlə, ürək dolusu danışır,
böyük adamların böyüklük keyfiyyətlərini
ustalıqla üzə çıxara bilir. Belə
hallarda onun insana, mənən yüksək olanlara sonsuz məhəbbəti
də ifadə olunur. Bu cəhətdən müəllimi,
elmi rəhbəri və çox sevdiyi yazıçı Mir Cəlal,
tənqidçi Qulu Xəlilov, yazıçı Əlfi
Qasımov haqqında bədii-publisistik yazıları diqqəti
daha çox çəkir. "Bir dəstə
gül", "İki heykəl", "Yarımçıq
ömür" hekayələrində indi artıq haqq
dünyasında olan həmin şəxslər haqqında
şirin xatirələr toplanmışdır. Mir Cəlal
müəllimin müdrikliyi, həssas qəlbi yüksək
insani keyfiyyətləri; təbiətin verdiyi namərd xəstəlikdən
ömür boyu əzab çəkən, dəfələrlə
ölümlə əlbəyaxa olan Qulu Xəlilovun sel kimi axan
bir istedadla Azərbaycan ədəbiyyatı üzərində
kotan kimi tənqid şırımı açması,
Əlfinin yumorlu gözəl təbiəti, həyati və
şirin nəsri Yasif tərəfindən sevgi ilə
xatırlanmışdır. Bu əsərlər
üslub tərzinə görə də orijinal olub, bədiiliklə
elmiliyin vəhdəti əsasında yaranmışdır.
Bu əsərlər yalnız xatirə-detallardan
ibarət olmayıb, Mir Cəlal, Qulu Xəlilov, Əlfi
Qasımov yaradıcılığına ciddi elmi-tənqidi
münasibət ifadə edir.
Yasifin bədii yaradıcılığı zəngindir. Onun "Sənədli hekayələr",
"Araz daşan yerdə", "Bolluq yaradanlar",
"Qırmızı qərənfil", "İnsanlar,
görüşlər", "Adsız təpə",
"Çinar vüqarı", "Qayıdacağam",
"Görə bilmədin", "Ömür",
"Dünya", "Zaman", "Günəşlə
görüş" və s. hekayə və povestləri
maraqla oxunur.
Təşkilatçılıq qabiliyyətini görkəmli
ziyalılarımız daim yüksək qiymətləndirmişlər.
Səksəninci illərin sonları idi. Bir məclisdə
heç vaxt unutmadığım xalq şairi Bəxtiyar
Vahabzadə ilə yanaşı oturmuşduq. Bir qədər aralıda Yasif Nəsirli bir nəfərlə
söhbət edirdi. Bəxtiyar müəllim yavaşca mənə
toxunub barmağı ilə Yasifi işarə edərək xəfif
bir səslə dedi:
-
Hazır katibdir. Bu xalqa nə qədər xeyri dəyər!
MK katibindən söhbət gedirdi. Yasif bu
sözü eşitmədi, mən də indiyə qədər
bu sözü ona deməmişəm.
Dostum,
qardaşım Yasif! Mənim də əlimdən
söz demək gəlir. Amma iş də
orasındadır ki, ancaq həqiqətin bir düzünü
deyə bilirəm: Nə qədər yaşasan,
xalqımızın xeyrinədir. İnsanların
yadında qalar ki, belə Kişilər də olub.
80
Yaşın mübarək!
Qəzənfər Kazımov
Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.-S.18-19.