Ədəbi dilimiz və dilçilərimizin
konseptual yanlışı
Azərbaycan ədəbi dilinin korlanması və ləhcələşdirilməsinə yönəlik, zərərli yazı və nitq vərdişinə çevrilən xeyli müşküllərimiz var.
Birini elə bəri başdan qeyd edək. Çoxları artıq neçə illərdir yazılarında ismi xəbər şəkilçisində "r" hərfini ixtisara salırlar: "maraqlı kitabdır" əvəzinə yazırlar "maraqlı kitabdı"; yaxud "alıbdır"ı yazırlar "alıbdı". İlk baxışdan diqqəti o qədər də çəkməyən, adiləşməkdə olan bu qüsur artıq qəzet səhifələrində, tanınmış müəlliflərin də yazılarında yer alır. Unudurlar ki, sözün belə yarımçıq yazılışına yol vermək olmaz. O başqa ki, bu bədii mətnlərdə hansısa obrazın dilindən ola. Müəllif təhkiyəsində də yolverilməzdir. Heç şeirdə də, əslində, olmaz. Yalnız əruz nümunələrində vəznin bəzən açıq heca tələbilə baş verən bu yarımçılığı, əlbəttə, anlayışla qarşılamaq lazım gəlir. Bu kiçicik orfoqrafik qüsur mahiyyətcə dil virusları deyə biləcəyimiz səciyyədədir, yoluxucu özəlliyi var, perspektivdə dildə fəsadlara rəvac verən presedent yaradır, yəni kəskin desək, təhlükə vəd edir. Belə qüsurlar zaman ötdükcə və kütləviləşdikcə mənaca yanlış sözlər kimi dilmizə daxil olub vətəndaşlıq haqqı qazanmış "qələti-məşhurlar" məzmununda artıq fonetikadan orfoqrafiyamıza da keçib qanuniləşə bilir. Qrammatikaya da inzibati müdaxilə ilə ləhcələşməni qanuniləşdirmək, rəsmiləşdirmək istəyən "alimlərimiz" də az deyil, təəssüf.
Bu yaxınlarda köhnə maqnitofon lentlərindən bir neçəsini bərpa etdirə bildik. Qasım Qasımzadənin 60 və 70 illiyi münasibətilə keçirilən yığıncaqlarda çıxış edənlərin, o cümlədən Yaşar Qarayev, Kamal Talıbzadə, Bəkir Nəbiyev və başqalarının nitqlərinə qulaq kəsildim. Diqqətim bu nitqlərin məzmunundan daha çox, avazında idi. Çıxışlarda ədəbi dilimiz necə də gözəl səslənirdi! İndi səksən yaşlı xalam, ixtisasca mühəndis Tamilla xanım heç adi danışığında demir "bu bina gözəldi", deyir "gözəldir", yəni "r"-nı danışanda belə ixtisara salmaq kimi vərdişi yoxdur. Bəs indiki professorlarımızdan birinə nə düşüb ki, özünün nitq avazını TV-yə gətirib car çəkir: "biz dilimizin məhtəflərimizdəki səviyyəsini yüksəltməliyik"?!
Araşdırmalar göstərir ki, dil qüsurları, ədəbi dilimizin ləhcələşməsi təmayülü, eləcə də bir dəyər kimi mədəni həyatımızdan sıxışdırılıb çıxarılması ilə bağlı məsələ daha qəliz imiş. Kimlərəsə yazıda ismi xəbər şəkilçisini yazanda "r"-nı niyə ixtisara salırlar iradımız yerində olsa da, məsələnin kökü dərindədir. Azərbaycan dilini məktəblərdə tədris edən müəllimlər əvvəllər olmayan bir şeyi orfoepiya qaydaları adı ilə şagirdlərə yükləyirlər. Söhbət ləhcələşməni şagird beyninə yeridən, şagirdi ədəbi dili öyrənməkdən, bu dildə danışmaqdan, yazı qaydalarına yiyələnməkdən daşındıran çaşqınlıqlardan gedir.
Məsələn, müəllimlərin, şagirdlərin istifadəsində olan dərsliklər təlqin edir ki, "müəllim" sözü "mə:llim" kimi tələffüz olunmalıdır və bu zaman "ü" hərfi düşürmüş və "ə"-ni də gərək uzun sait kimi tələffüz edəsən. Bunu yazı taxtasında mötərizədə yazırlar ki, şagird öyrənsin. Şagirdin düşüncəsinə bunu qayda olaraq yeridirlər, onun vizual yaddaşına hopan həmin o mötərizədə yazılan olur və o da heç zaman sözü "müəllim" kimi tələffüz etmir və yazmır. Bu hələ harasıdır? Başqa bir misal. Dil müəllimi yazı taxtasında "teorem" yazır, yanında da açdığı mötərizədə tələffüz üçün qeyd edir "tiyorem". "Feodal" da olur "fiyodal". Şagird imtahanda "müasir" sözünü ədəbi dilimizə uyğun tələffüz etsə, yaxud bu söz necə tələffüz edilir sualına yazılışına uyğun cavab versə, onun qiymətini endirirlər, deyirlər cavabın belə olmalıdır: "ma:sir". Təsəvvür edirsiniz bu biabırçılığı? Və orta məktəb şagirdi beləcə, ədəbi dilimizi öyrənməkdən, bu dildə danışmağa və yazmağa səy göstərməkdən məhz tədris mərkəzi tərəfindən yayındırılır.
Ədəbi dilimizə dərsliklər səviyyəsində edilən qəsdin biabırçı tərəfi odur ki, orfoepiya qaydalarının mahiyyətini ya bilmirlər, ya da bilərəkdən təhrif edirlər. Orfoepiya şifahi danışıq dilinin ədəbi dildə artıq təmin edilmiş qaydalarını araşdırır və öyrədir. Ləhcələrdə və adi danışıq dilində yer almış qaydalarını yox! Orfoepik normalar onu əhatə edir ki, şifahi nitqdə ədəbi dilə uyğun gəlməyən tələffüzə, intonasiyaya, vurğuya yol verməyəsən, çünki belə yanlışlar mənanı anlamağa mane olur, dinləyəni bezdirir.
Hələ bunu bir yana qoyaq ki, şagird zehni lazımsız bir şeylə, özü də yanlışlarla yüklənərək öyrənmə prosesində yersiz problemlə çirklənir. İndi heç də çətin deyil anlayasan sovet dövründə təhsil almışların nitqi nəyə görə daha savadlı və gözəldir. Azərbaycan dilini öyrədən məktəblərimizdə bu "orfoepiya" deyilən nəsnə ümumiyyətlə tədris edilmirdi və şübhəsiz, bunun səbəbi vardı, dərk edirdilər ki, adi danışıq dilində baş verən fonetik hadisələrin, hətta təyinatı üzrə tədrisi belə, ən azından, orta məktəbdə ədəbi dil vərdişlərinə hələ yetərincə yiyələnməmiş şagirdlər üçün əlavə yükə çevrilər. Müəllimlərimiz bəzi alınma sözlərin ("kolxoz", "motor" və s.) tələffüzünü sadəcə anlatmaqla yetinirdi. Şagirdlərimiz orta məktəbi bitirəndə ədəbi dilimizə gözəl bir tərzdə yiyələnmiş olurdular. Bu dildə danışa bilməyənlər, yaxud qüsurlu danışanlar isə televiziya ekranlarına yaxın da düşə bilməzdilər.
Xalqı millətə çevirən amillərdən biri, şəksiz, ədəbi dildir. Bu, təkcə mədəni dəyərimiz deyil, millətimizin həm də siyasi dəyəridir.
Ona görə yazı dilinin təsiri ilə gəlişmiş ədəbi dilin avazı, intonasiya və tələffüzünə sarsıdıcı zərbə vuran, mahiyyətcə cılızlaşdırıb cırlaşdıran və orfoepiya qaydaları kimi qələmə verilən nə varsa, birmənalı şəkildə dərsliklərdən silinməlidir.
Çünki Azərbaycan ədəbi dilinə aid yazılan bu "orfoepiya" qaydaları mahiyyətcə ədəbi dilimizin əsrlərcə inkişafı prosesinin məntiqi və mahiyyətinə zidd olaraq dilçilərimiz tərəfindən yanlış anlaşılır.
Yazırlar: "Şəkilçilərdə y səsindən əvvəl gələn geniş ə səsi y səsinin təsiri altında dar "i" səsinə keçir; məs.: "dəv i yə", "kəlm i yəcəy", "işd i yir", "dinl i yir"... Fərzən qəbul edək ki, bu deyilənlər dildə baş verən tələffüz hadisəsinə aiddir. Bunu bəs niyə orfoepiya adı altında normativ qayda kimi təbliğ edirlər? Məgər ədəbi dilimiz bu adi fonetika hadisələri zəminində gəlişib, yoxsa "Kitabi-Dədə Qorqud"dan başlayan mükəmməl bədii nümunələrdə, "Əkinçi"dən başlayan qəzetlərin, jurnalların, ədəbi yazıların özülündə?
Vəziyyət son dərəcə acınacaqlıdır. Bir neçə il əvvəl tələbələrimi "Şeyx Sənan" pyesinin tamaşasına aparmaq istəyirdim. Əvvəl özüm gedib baxdım. Pyes Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmişdi. İnanın, diqqətlə qulaq kəsilib seçmək istəyirdim ki, aktyorlar nə deyir. Elə tələffüz edirdilər ki, nə illah edirdim fərqləndirə bilim, çox zaman alınmırdı. Yalnız baş rolun ifaçısını eşitmək xoş idi. Tamaşa bitəndən sonra teatrın inzibatçısına iradımı bildirdim, dedim tələbələrimi gətirəsi olmadım. O da iradımla razılaşdı və dedi gənc aktyorlarımızın nitq nöqsanları onların təhsili ilə bağlıdır. İndi anlayıram, demə, əslində bu, orfoepiya adı altında ədəbi dilimizə süni yolla gətirilən problemlə əlaqəli imiş. Azərbaycan Dövlət Dram Teatrının tarixində Mehdi Məmmədov mərhələsi də olub. Bu mərhələnin əsas məziyyəti ədəbi dilin qaydaları və intonasiyasına özəlliklə əməl etmək kimi yadda qalıb. Onun quruluş verdiyi tamaşaları radioda tez-tez səsləndirirmişlər. Teatrşünaslarımız bunu "qiraət teatrı" kimi də səciyyələndiriblər. Aktyorlar ifadələrini ədəbi dilimizdə (yazı dilindən qaynaqlanan ədəbi dildə!) o qədər dəqiqliklə deyirmişlər ki, onların üzlərini, jestlərini görmədən hər şeyi rahat anlamaq, teatrın ab-havasını duymaq olurmuş. Hazırda ədəbi dilimizin əzəli gözəlliklərini öz nitqlərində yaşadanların sayı xeyli azalıb. Akademik Rafael Hüseynovun bəlağətli, gözəl Azərbaycan türkcəsi ilə başqalarının dilini müqayisə etsəniz, dərhal aydın olar ki, vəziyyətimiz nə yerdədir.
...Bu yaxınlarda Akif İslamzadə ilə söhbətimizdə müğənnilərin, xanəndələrin qüsurlu tələffüzünü də müzakirə edirdik. O da dad çəkirmiş bu məsələdə. Mənə Sara Qədimovanın mütaliəli olduğundan, dilə həssas yanaşdığından, yüzlərlə qəzəli əzbər bildiyindən xeyli maraqlı əhvalatlar danışdı. Səhv etmirəmsə, Şövkət Ələkbərovanın xatirəsindəndir, deyirdi vaxtilə gözəl ifası ilə rəğbət qazanmış Rübabə Muradova sözləri ədəbi dilimizə uyğun tələffüz etməyə çalışsa da, ifasında güneyli avazından tam qurtula bilmirmiş, öz üzərində çox çalışırmış bundan xilas olsun, çünki mükəmməl ifasında yol verdiyi cüzi ləhcə qalığını ona arabir irad tuturmuşlar. Akiflə söhbətimizdən sonra internetdə Sara Qədimovanın səsyazılarından bir neçəsini dinlədim. Orfoepiya bəhanəsilə ədəbi dilimizə ziyan vuranlardan fərqli olaraq Sara xanımın ifasında "Gözlərindən görürəm, sən Bakının maralısan" deyəndə "gözlərindən"i "gözlərinnən" kimi tələffüz etmirdi.
Bunun ardınca da təsadüfən televiziyada bir şair dostumuzu görəndə kanalı çevirmədim, sonadək baxdım. Söhbətin bir hissəsini ana dilimizə həsr etdilər. Bizim şair dostumuz da söhbəti belə aparır ki, bəs dilimizi maksimum çalışmalıyıq xalq dilinə uyğunlaşdıraq. Türkiyə türkcəsini də, məncə, çox yersiz nümunə çəkəndən sonra dedi nənələrimizdən də öyrənməliyik. Təsəvvür edirsiniz də bu, nə deməkdir?! Yəni Azərbaycan ədəbi dilinə sanballı bir "xudahafiz"! Verilişdə nümayişkəranə sırf özünün ləhcəsində də danışırdı. Sadəcə, məsuliyyətsizlikdir, çünki milyonlara xitabən təlqin olunur ki, ədəbi dilimiz quru bir dildir, onu xalq dili ilə ətə-qana doldurmaq lazımdır. Anlayıram, sənə filan bölgədəki nənənin dili əzizdir. Bəs abşeronlu, lənkəranlı, şəkili, qazaxlı nənələr başqa cür, başqa avazla, çox zaman da fərqli ifadələrlə danışır axı. Əlbəttə, xalq dilində gözəl ifadələr var, yazıçılarımız zaman-zaman bunları yazılarında işlədir, ədəbi dilimizin tərkibini zənginləşdirirlər. Təəssüf ki, söhbətin əsas qayəsi bu deyildi. Şair nənələrdən sitat gətirəndə də onların danışıq avazını şövqlə təkrarlayırdı. Dilimizi savadsız nənələrimizin dilinə uyğunlaşdırmalıyıq, yoxsa ədəbi dilimizi illər uzunu min bir əziyyət bahasına gəlişdirmiş ədiblərimizin yazılarına, deyimlərinə?
Təkrar edirəm, ədəbi dilimiz təkcə sivilizasiya faktı deyil, həm də Azərbaycan dövlətinin siyasi dəyəridir, onu televiziya kanallarında ləhcələrə qurban vermək, həm də bunun təbliğatını aparmaq qətiyyən olmaz!
Vaxtilə Nizami adına Ədəbiyyat İnstitutunda işləmiş bir nəfər yaxınlarda mənə bu elm mərkəzinin keçmiş direktoru Əziz Mirəhmədovun (Allah ona rəhmət etsin!) sədrliyi ilə keçən bir yığıncaqdan danışdı. İclas Akademiyanın əsas binasının geniş konfrans zalında keçirmiş. Məruzəçilərdən biri indi tanınmış alim olan, o zaman elmi çalışmalarına yenicə başlayan gənc imiş. "Konflikt" sözünü işlədərkən vurğunu birinci hecaya salan natiqin çıxışını sədr kəsib tələffüzü düzəltməyini təmkinlə tövsiyə edir. Gənc alim "baş üstə!" deyib nitqinə davam edir və mətnini oxuyarkən yenə də "konflikt" sözündə vurğunu salır birinci hecaya. Əziz Mirəhmədov onun çıxışını müəllimsayağı yenə kəsməli olur. İradını təkrar bildirir. Nitqini kağızdan oxuyan, fikri mətnin məzmununda qalan zavallı məruzəçi üçüncü dəfə də həmin xətaya yol verir. Əziz Mirəhmədov onun nitqini saxlayır və özü "konflikt" sözünün doğru tələffüzünü üç dəfə səsləndirir, hər dəfəsində də məruzəçidən xahiş edir ki, o da sədrin ardınca sözü doğru tələffüzlə təkrarlasın. Gənc alim təkrarlamalı olur. İclasa ani sükut çökür, ancaq pərtlik yaranmır, hamı sədrin bu tövrünü anlayışla qarşılayır, çünki elmi dərəcəsi olan birinin uca kürsüdən tələffüz yanlışlığı heç kim üçün qəbul edilən deyildi, Elmlər Akademiyasının dil qaydalarına riayət edilməsi ilə bağlı tələbi, sadəcə, belə idi.
İndi heç "akademik" sözünü hansı vurğu ilə deyiləndə hansı mənada işləndiyinin fərqinə varmayan xeyli "savadlılarımız", məşhur jurnalistlərimiz var. Biri bu yaxınlarda milyonların baxdığı televiziyada bir alimdən sitat gətirirdi, elmi rütbə olan "akademik" sözündə vurğunu salmışdı sonuncu hecaya.
Yenə qayıdıram gənclərimizin tələffüz qüsurlarına rəvac verən əsas qaynağa - dilçilərimizin ədəbi dildə tələffüz qaydalarına dair müəyyənləşdirdikləri "orfoepiya"ya.
Soruşuram, niyə şagirdlərə təlqin edilməlidir ki, "can" sözünün cəminin "canlar" yox, "cannar", yaxud bu sözün çıxışlıq halının "candan" deyil, "cannan" kimi tələffüzü guya doğrudur?
Niyə şagirdlərimiz Füzulinin "Məni candan usandırdı..." qəzəlini deyəndə "Məni cannan usandırdı..." deməlidirlər? Əminmidirlər ki, Füzuli öz qəzəlini oxuyanda yazdığından fərqli tələffüz edibmış "candan" sözünü? Axı niyə övladlarımız S.Vurğunun "Azərbaycan" şeirindəki məlum sətri "ayrılarmı könül cannan" kimi tələffüz etməlidirlər? Artistlərimiz bunu edirlər, çünki bunu onlara səhnə dili qəbilindən zərurət kimi təlqin ediblər və anlaşılandır ki, bu yalnızca səhnə dili özəlliyi olaraq da qavranılmalıdır, daha ədəbi dilimizin normativi kimi yox.
"Azərbaycan dövləti" ifadəsini "Azərbaycan dö:ləti" kimi tələffüz etməməlisən axı! Bu, Azərbaycan ədəbi dili deyil axı! Bunu bilmirlərsə, daxil olsunlar "youtube" kanalına, tapsınlar S.Vurğunun yeni əlifbaya keçidlə bağlı nitqini və dinləyib görsünlər "dövlət" sözünü şair necə tələffüz edirmiş, bunların şagirdlərimizə öyrətdiyi sayaq, yoxsa yazıldığı kimi. Dinləsinlər onun öz səsi ilə oxuduğu və Nizamiyə həsr etdiyi şeiri, diqqətlərini yönəltsinlər "həsrət yuxusundan bizi vaxtında oyatdın" sətrinə. Bunların saxta (ədəbi dilimizə aidiyyəti olmadığına görə belə deyirəm!) qaydasına görə S.Vurğun da "yuxusundan"ı "yuxusunnan" kimi tələffüz etməli imiş...
Yenə də vurğulayım ki, məqsəd danışıq dilində baş verən təbii hadisəyə, artistlərimizin tələffüzündə də çox zaman səslənən bu "nan" qəbilindən şəkilçilərə irad bildirmək deyil. Bunun teatr dilini xalqın böyük əksəriyyətinin şifahi nitq xüsusiyyətlərinə yaxınlaşdırmaq, tamaşaçı qazanmaq naminə təşviq edildiyi aydındır. İrad bu qəbildən olanların ədəbi dilin imperativ qaydaları kimi təqdim edilməsi və qanuniləşdirilməsidir. Məsələn, sən əgər "candan" deyirsənsə, bunu "yanlış" kimi qələmə verməsinlər, irad tutmasınlar. S.Vurğunun səs yazısını qəsdən nümunə çəkdim. Ədəbi dilin qaydalarını bilmirdimi ki, müvafiq şəkilçi "dan"ı olduğu sayaq da tələffüz edirdi?
Əslində, dilçilərin istinad etdikləri orfoepiya qaydası deyil, çünki orfoepiya məhz ədəbi dil tələffüzünə aid qaydaları öyrənir və təsbit edir.
Məsələn, rus dilinin orfoepiyası çox cüzi sayda məqamları qabardır, bunların da əksəriyyəti diqqətin bəzi sözlərdə ya "o"ların "a" kimi tələffüzünə, ya da vurğuların doğru işlədilməsinə yönəldilməsindən ibarət olur. Rus ədəbi dilini mükəmməl bilməyənlərin əsas problemi bu vurğu məsələsidir.
İngilis ədəbi dili isə tamamilə başqa. Bizim ədəbi dilimizdən fərqli olaraq, bu dil orfoqrafiya zəminində formalaşmayıb, ingilislərin bütün izahlı lüğətlərində hər yazılı sözün yanında mötərizədə müvafiq işarələrlə tələffüzünü də göstərirlər. İndi, təəssüf ki, bizdəki "orfoepiyaçılar" da dilimizin tarixinə və mahiyyətinə yad olan bu yolla gedərək ifrat absurda varmaqdadırlar. Hətta Azərbaycan dilini korlayan eksperimentlərini əsaslandırmaq üçün məqalə-filan yazıb Azərbaycan dili ilə ingilis dili arasında olduqca mənasız və savadsız oxşarlıq axtarıb tapmaq kimi cəfəngiyyata da varırlar.
Norveç dilindən danışmaq tam yerinə düşür. Norveçlilər iki əsrdir əsir-yesirdirlər ki, yerli ləhcələrin xaosundan, eləcə də Danimarka dilinin tarixən yaratdığı və dialektlərə ötürülən təsirlərindən xilas olsunlar. Norveç cəmiyyəti ədəbi dili qazanmaq yolunda sözün həqiqi mənasında mücadilə içindədir. Ləhcələrdən xilas üçün orada süni olaraq yaradılan iki dil var: "Bokmal" (hərfən "kitab dili") və "Nynorsk" (hərfən "yeni Norveç dili"). Bunlar ötən əsrin əvvəllərindən ayrı-ayrılıqda inkişaf edib və indiyədək bu iki dili birləşdirmək cəhdləri alınmayıb. Hər ikisi hazırda dövlət dili statusunda Norveç dilidir, yəni Norveç dili məfhumu hər ikisinə aiddir. "Bokmal"un da, "Nynorsk"un da ayrılıqda təsdiqlənmiş orfoqrafiyası var, amma norveçlilərin vahid ədəbi dildə danışıq normativləri yoxdur. Hərə öz ləhcəsində danışır. Hökumət də çox çalışır ki, vahid ədəbi dil məsələsi həll olunsun. Bu onların arzusudur. Hələlik arzu olaraq qalır. Nə xoş bizim halımıza ki, belə bir arzumuz yoxdur, çünki tariximizin bizə yüksək səviyyədə ərməğan etdiyi ədəbi dilimiz var. Öhdəmizə düşən onu ləhcələşmə risklərindən sığortalamaqdır.
Sosial şəbəkədə dil problemləri ilə əlaqədar müzakirə açıb valideynlərə belə bir sual ünvanladım: "İstərdinizmi ki, övladınız Azərbaycan dilində danışanda 'teatr' deməsin, 'tiyatr desin, 'müasir deməsin, 'ma:sir desin?
Müzakirələrdə bir daha ortaya çıxdı ki, valideynlər ana dili dərsliklərindəki eybəcər "orfoepiya" qaydalarından həqiqətən dad çəkirmişlər. Heç bilmədiyimiz qüsurlardan da agah olduq.
Müzakirəyə qatılan bir müəllim iztirabla şikayət edir ki, məcburdur uşaqlara "qovmaq" feilinin tələffüzünü "qo:max" kimi öyrətsin. Bir valideyn isə dil müəllimi ilə mübahisə aparırmış ki, övladına "narlıq" sözünü "narrıx" kimi tələffüz etdirməsin. Başqa bir valideyn yazır: "2-ci sinifdə oxuyan qızım deyir "ana, niyə 'qazlar'ı 'qazdar, 'narları' 'narrar' kimi deməliyəm, axı 'qazlar', 'narlar' deyirəm, belə yaxşı səslənir".
Mənə ayrıca məktub göndərən bir gəncin halına isə həqiqətən acıdım. Nə qədər səhv yolda olduğunu və bunu indi anladığını yazır. Başqalarına yanlış iradlar tuturmuş ki, "oynayırlar" yox, "oynuyurlar", "sonra" yox, "sora"dır sözün doğru tələffüzü. Sonra belə də yazır: "Nə qədər aldadılmışıq". Ona ürək-dirək verdim ki, günah səndə deyil, dərslikləri yazıb məktəblərə sırıyanlardadır. Onlardadır ki, adi danışıq dilindəki fonetika hadisələrini ədəbi dilin pozulmaz qaydaları kimi təsbit ediblər və bunları "orfoepiya" adına rəsmiləşdiriblər.
Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Güldəniz Qocayeva ədəbi dilimizin başına gətirilən bu müsibətlərə yaxşı bir ad da verdi: "orfo işgəncələr".
Müzakirələrdə bu qəbildən anomaliyaları tənqid edənlər arasında nisbətən güzəştli mövqe tutanlar da var. Mövqeləri belədir ki, bəzi hallarda yazı ilə şəkillənən ədəbi dil nitqində şifahi dildə təbii baş verən müəyyən hadisələri saxlamaq lazımdır. Məsələn, "n" hərfi ilə bitən sözlər cəm şəkilçisi qəbul edəndə "lar-lər" əvəzinə "nar-nər"lə bitsin, yəni "qurbanlar" olmasın, "qurbannar" olsun. Eləcə də "n" hərfi ilə bitən sözlərin çıxışlıq hal şəkilçisi "dan-dən" əvəzinə, "nan-nən" kimi təsbit edilsin: məsələn, "qurbandan" yox, "qurbannan" olsun. Və bunlar ədəbi dil nitqinin normativi kimi istisnalar qəbilindən qanuniləşsin.
Məsələyə bir daha qayıtmağa ehtiyac var ki, diqqəti bu "istisna" təkliflərinə də cəlb edim.
Təkrarən deyirəm, bizdə orfoepiya qaydaları altında təqdim olunanlar ümumən azərbaycanlıların şifahi nitqində baş verən fonetik hadisələri təqdim edir. Ona görə bu, orfoepiya deyil, çünki orfoepiya məhz ədəbi dildə tələffüz qaydalarını müəyyənləşdirir. Azərbaycan ədəbi dilinin gəlişməsi tarixi hansı zəmində və məntiqdə baş verdiyi də məlumdur ki, bunlar yazı dili ilə şərtlənib. Bunu ədəbi dilimizə aid özəllik, ədəbi dilimizi başqa ədəbi dillərdən fərqləndirən xüsusiyyət kimi qəbul etməliyik. Qəbul etmiriksə, bu olur dilçilikdə konseptual yanlışlıq! Hazırda "ədəbi dil tələffüzü"nə aid bilinən eybəcərliklərin yaranması və dərsliklərdə xaos yaratması dilçilərimizin yol verdiyi bu konseptual yanlışlıqdan qidalanır.
Çarə odur ki, Azərbaycan ədəbi dilini yazı dili zəminində etalon olaraq qəbul edəsən. Çünki ədəbi dilimizin gəlişməsi tarixi, sadəcə, başqa variant təklif etmir. Teatr dili, televiziya dili, rəsmi dil məhz bu etalona üz tutaraq nisbətən cüzi fərqlərlə müəyyənləşir ki, bu da tamamilə təbiidir. Fikrimi belə də ifadə edim ki, fərqli auditoriyalara istiqamətli bu cüzi fərqlər ədəbi dil etalonuna yaxın ətrafda gerçəkləşməlidir. "İstisnalar" isə mahiyyət etibarilə istisnalar olmadığına görə qeyd etdiyim bu fərqlərdə yer almalıdır və bu fərqlər içində belə, ədəbi dilin etalon norması kimi qələmə verilə bilməz.
Ədəbi dil etalonunda istisna presedenti ləhcələşmə üçün olduqca münbit zəmin yaradır, necə ki, bu, eybəcər bir şəkildə artıq kütləviləşib və insanlarımızın nəinki nitqində, yazısında da geniş yayılıb, orfoqrafiyaya sirayət etmək risklərini artırıb.
"İstisna" tərəfdarları "dil canlı varlıq kimidir, yaşayır, inkişaf edir, dəyişikliklərə uğramaqla təkmilləşməsi baş verir və sonsuza qədər də bu çür davam edəcəkdir" deyirlər. Razıyam. İndi baxın, son onilliklərdə ədəbi dilimiz inkişafmı edib, yoxsa xeyli dərəcədə tənəzzülə uğrayıb. Təəssüf ki, baş vermiş olan bu ikincidir. Çalışaq itkilərimizi bərpa edək. Prezidentin müvafiq fərmanı buna zəmin yaradır, ona görə, ümidliyəm ədəbi dilin başına gətirilən xaosdan qurtulmaq üçün imkanlarımızın artacağına ümidliyəm. İnkişaf zamanla dilə gələn və doğmalaşan yeni sözlər, ifadələr hesabına baş verir, ədəbi dili əski çağlara, millət kimi formalaşmadığımız dövrlərə qaytarıb ləhcələşmə ilə olmur.
Orfoqrafiyamızı yersiz dəyişikliklərə uğratmaq cəhdləri və təklifləri də mahiyyət etibarilə bu ləhcələşmə perspektivinə xidmət edir. Unutmayaq ki, ədəbi dilimizi şəkilləndirən orfoqrafiya da ədiblərimizin, yazarlarımızın əsərlərində cilalanıb. Bu sahəyə zamanla sirayət ehtimallı hansısa dəyişikliklər yenə beləcə ədiblərin, yazarların əsərlərində təbii yolla cilalana-cilalana, doğmalaşa-doğmalaşa gerçəkləşə bilər. Dilçilərin imperativ qaydada dəyişikliklər gətirməyə, sadəcə, haqları çatmır, özü də söhbət o dilçilərdən gedir ki, adi danışıq dilində baş verənləri "orfoepiya" kimi təqdim etmişlər və bu konseptual yanlışı hələ də qəbul etmək gücündə deyillər.
Bir daha qayıtmaq istərdim ədəbi dil qaydalarına dair "istisnalar"a, şəkilçilərə. Yuxarıda buna dolayısı ilə toxunmuşam. Niyə israrlıyam belə istisnalara yol vermək olmaz - bunu da demişəm. Televiziya, teatr dilində bunlara normal yanaşmaq olar. Əlavə etmək istədiyim ayrı şeydir və bunu müzakirəyə çıxarmıram, ədəbi dilimizin musiqililik potensialına aid fərdi, subyektiv mövqeyimdir, ayrıca qeyd edirəm. Peşəkar musiqiçi ilə danışmışam. Fikrimi dəstəkləyib. Cingiltili samitlə bitən sözlər çıxışlıq hal şəkilçisi qəbul edərkən məhz "dan-dən"in, cəm şəkilçisi qəbul edərkən isə məhz "lar-lər"in işlənməsi tələffüzdə cüzi problem yaratsa da, sözün səslənişini daha cingiltili, musiqili edir, ecazını artırır, "nan-nən"
və "nar-nər" tələffüzündə intonasiya sönükləşir.
Yüz illər öncə də qopuz müşayiətində beləcə musiqili səslənirmiş Dədə Qorqud sözü: "Hanı, dediyim bəy ərənlər?".
"Ərənnər" deyənlərlə işim yox. Özləri bilərlər. Bunu qayda bilənlərinsə vay halına!
Görünür, bir həqiqəti dərk etməmişlər: Azərbaycan ədəbi dili məhz yazı dili vasitəsilə elitar bir mədəniyyət ərazisinə çevrilib, burada xaos yaratmaq olmaz; Azərbaycan ədəbi dili məhz yazı dili vasitəsilə zaman-zaman gözəl bir tərzdə avazlanıb, bu avazı ləhcələrin, adi danışıq dilinin güdazına verib cırlaşdırmaq olmaz.
Nəriman
Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 15
dekabr.- S.26-27.