Su sərgisi...
Romandan parça
Qoca ülgücü
başıma çəkib
yerdə qulaclanan uzun saçlarıma gülümsəyəndə anladım
ki, bu xahişim
də ona oxşamaqla bitdi. Tər qoxumun
da eynən qocanınkı kimi olduğunu fərq edəndə qərar verdim ki, artıq
getməyin vaxtıdı.
Günlərlə sürən qaradinməzliyindən
sonra qocanın üzü başqa qırışlara kökləndi.
Bu gün danışacaqdı.
İkimiz də yaxşı
bilirdik ki, mən indi onunla
vidalaşacağam. Ta birinci gün əynimdə nə vardısa, yenə onları geyindim. Köynəyimdə qalan ölüm
qoxusu da məni qorxutmadı.
Bu nostalgiyanın içində qalan tək diri şey
Sona idi.
- Keçən yay ki, qar əriyirdi,
zövq alırdın,
yadımdadı. Həmin zirvədəki
qarın əriyib yox olmasına baxanda üzündəki təbəssümü gördüm.
Səni başa düşürəm.
Mən də illər əvvəl babama demişdim… "Demişdim ki,
baba, niyə insanlar qocalır? Axı qocalıq insanlığın
üzqarası deyilmi?
Niyə insanlar sevərkən, sevilərkən,
saçları gur, dişləri saf ikən heç kəsə əziyyət vermədən ölmür?".
O zaman babam mənə
kömür kimi qaralıb, ovuc içi boyda daşa dönən insanlardan danışdı.
Ölümün o zamanlar
insanlardan gen gəzdiyini
dedi. Babam dedi: "Adamlar daş bilib əllərinə aldığı
o qurdyeməzlərin o biri
üzündə solğun
üz, əyilən ağız, narahat sima görüb onları yerə qoyarlarmış, qocalıb
əldən düşən,
ölümünü gözləyən
insanlar olduğunu bilərlərmiş. Bu qocaları bəzən zındıq boyda uşaqlar guya bilməyərəkdən daş
kimi qarşı qayaya çırpar, ömürlərinə son qoyarlarmış.
Ayaq altda qalıb əziyyətlə qıvrılar,
insana yaraşmaz bir halda ölərlərmiş
adamlar. İndi şükür, damarımızda qanımız
axır, üzümüzdə
nur var, bunlar bitən kimi haqqa qovuşuruq.
Bahadır, sən o gün
zirvəyə baxıb
gülümsəyəndə bura gəldiyin ilk gün mənə verdiyin sualı, cavabımı xatırladığını
yaxşı bilirəm.
Mən demişdim ki, o zirvədə qar həmişə qalır.
Bir gün o qar ərisə, bil ki, mən ölmüşəm.
Həmin
gün gur meşələrin fərsiz
sələflərinin, bax
bu kolluqların üstünü toz basmışdı. Bomboz idi
yarpaqları. Külək də
yaxın durmaz belə kolluqlara" - bunu deyib gülümsündü.
Nəsə xatırlayıb davam
etdi:
- Oğul, mən ölmüşəm. Həm də
çoxdan. Su krantları icad olunanda. Mən sizi necə
inandırım ki, o qarı əridən günəş deyil, o qarı insanların açıq qalan krantları sorub apardı. Bu gün insan çox güclüdür,
övlad qüdrətli
deyil. Kar olub, kor olub adamlar. Təbiətlə, ulu güclə
bağları itib.
İnsan
azıb. Təbiəti tanımır. Övlad,
içində bir az işıq
qalıbsa, yaz. Yaz ki, hündür-hündür
dağlarımıza uzun-uzun
yollar çəkilir,
bu yollara geniş-geniş asfaltlar döşənir. Uzaqdan karvan-karvan
bahalı maşınlar
gəlir. Olan-qalan beş-altı bulağı da onlar zəbt eləyəcək. Bulağın gözündə oturacaq, küsdürəcək bulaqları.
Nə qədər gec deyil, bir neçə
nəfər bu bulaqları qucaqlayıb otursunlar. Ağlasınlar, lazım gəlsə,
ölsünlər o bulaqların
üstündə. Yaz
ki, bu yerlərdə
az-maz hündür ağ ağaclar
var. Qoşa-qoşa bitərlər
adətən. Yarpaqları əlimiz
kimi beşdilimli.
Yaşlandıqca qabıq verərlər,
yenidən cavanlaşarlar.
Minillərdən sonra gücünü
yanındakına verib
qeyb olar o ağaclar. Bax o ağacları qucaqlasınlar.
Ovuclarını, yanaqlarını o ağaclara söykəsinlər.
Bəlkə, onlar pıçıldayar
insanlara, həqiqətlərdən.
Özlərini heç vaxt
o ağaclardan mükəmməl
saymasınlar - ağacların
ki, kökləri daim torpaqdadı.
Qocanın sözünü bitirməsini
gözləyirdim, içimdə
böyük bir dünya yaranmışdı. Məni həyata
qaytaran bu adamın indi yanımda belə cılızlaşması məni
qürurlandırmırdı. Hərçənd özü elə
düşünürdü ki, onun məğlubiyyətinə
sevinirəm. Mənsə, onu qucaqlamaq, onunla keçirdiyim zamanda ötürdüklərindən
muğayat olacağıma
onu inandırmaq istəyirdim. Ən bəsitindən
başlamalı idim bu işə. İçimi dinləyirdim, içim
məni hələ ki dağa yox,
aşağı çağırırdı.
Sonaya qayıtmalı idim.
Qoca isə vəsiyyətini muncuq kimi sıralayırdı:
- Yaz ki, təbiət
heç vaxt insandan səxavətini əsirgəmir. İnsan onu təslim
etmək istəyəndə
təbiəti bu səxavətdən usandırır.
Yaz ki, ot yesinlər. Lap elə təbiətdən
qoparmadan yesinlər.
Yarısını udsunlar,
kökünü torpaqda
saxlayıb dursunlar, bəlkə, onda nəsə dedi bu təbiət. Yaz ki, siz onsuz
da bu nizamı
dəyişə bilməyəcəksiz.
Bu nizamın sərgisini
dəyişməkdir işiniz.
Yaxşı olar ki, bu fürsətdə özünüzü sərgiləyəsiniz.
Bu dağlardan uğultuyla daşan çaylar bir gün başqa cür də axa bilər. Amma siz o dəm heç nə eləyə bilməzsiniz.
Min illər geri
qayıdıb yenidən
avamca, xoşbəxtcə
yaşacaqsınız. Yaz, oğlum. Get, yaz. Sən də bir az şair, bir az şeir qəbrisən.
Son sözündən sonra baxışlarımız
şimşək kimi toqquşdu. Tez gözlərini məndən
çəkdi. Qabağındakının agah olduğu adamın rahatlığı
və xəcalətilə
başını aşağı
saldı və parça torbaya qoyduğu gur səmənini, sirli məktubu mənə uzatdı. İlk dəfə qucaqlaşdıq.
Ağlamadı, amma gözlərindən
axan yaşı siləndə mənə nə qədər ümid bəslədiyini də anladım. Qalanını sirdən xilas
olmuş bəndə rahatlığı ilə
danışdı. Təbii,
sirrini itirdi, adi bir babaya
dönüşdü:
- Novruz gəlib. Yolunun üstündə Qudyalçaya
səməni atan adamlar görəcəksən.
Onlara qoşul. Üzünü axına qarşı
tutub bu səmənini başından
arxaya at. Amma elə et ki,
səməni suya düşsün. Sonra istədiyin yerə get.
Artıq danışmağını istəməzdim,
bilirdim. Ancaq o növbəti simasını
ifşa etməli idi. Arxamca özü ilə danışırmış kimi
davam etdi:
- Bəzən əlimizdəki
su parçını
unudub o biri əlimizlə hansısa iş görürük, ya da gözümüz
yol çəkir, bu vaxt qab
yavaş-yavaş əyilir,
su yerə axır. Kimsə xəbərdar eləməsə,
suyu lazımsız yerə dağıdırıq.
Şirindi, hə? İndi
o, yəqin, o biri əlilə başqa iş görür, ya da gözü
yol çəkir, bu biri əlindəki
kainat yan durur, olmamalı şeylər olur. Yanında da kimsə yoxdu
ki, xəbərdar etsin.
Səyyada bax, səyyada
Torun qurub qayada
Toruna tərlan düşüb
kimsəsi yox oyada.
Bahadır, mən də əminəm ki, tezliklə bu yan durmuş kainatımız onun diqqətini çəkəcək
və hər şey qaydasına düşəcək.
Üzümü ona göstərmədən
gülümsündüm, onu
əzən zərbədən
xilas olduğunu anladım, yazacaqdı - içində daşlamış,
heç nəyə dönüşə bilməyənləri
şeirə çevirəcəkdi. Bundan o yana nə
edə bilərdi ki? Mən uzaqlaşdıqca
cılızlaşırdı; insan gözündən uzaqlaşan insan kimi yox, şimşək
sürətilə, səsi
kiçilir, öləziyirdi:
- Hə, düz deyirsən, indi mən yazacam. Şərin qələbəsilə bitən
dastanlar yazacam ki, heç kəs bu fani
dünyada davaların
xeyrin qələbəsilə
bitdiyinə güvənməsin,
yoxsa bu güvənc onları davaya, mübarizəyə
səsləyir. Axı özünə
xeyir deyənlərin qabağındakılar da şər saymırlar özlərini. Şər dediklərimiz
də xeyrin qələbəsinə təvəkkül
vuruşur, qələbələrinə
inanır. Şərin qələbəsilə
bitən dastanlar müharibələrə son qoyacaq,
inanırsan, Bahadır?
- Bilmirəm.
Şəlalənin ətrafa səpələdiyi
toz kimi su hər şeyi
ağuşuna aldı;
həmin qoca kişini də, səsini də, mənə demək istədiklərini də, bəlkə də, hər şeyi. Dağdan göz
qırpımında endim.
Çayı yeddi dəfə
keçmədiyimdən də
əminəm. Səmənini qocanın dediyi kimi, arxaya baxmadan
suya atdım. Uşaqlıqdan bu yana məni
düşündürən həmin sual böyük bir cavab oldu, içimə
toxtaqlıq gətirdi.
"İlahi... Hər zaman üstdən aşağı yumbalanan axar suları yenidən yuxarı qaldıran kimdir?". Mən o vaxt həyatda ən vacib şeylərin ən bol olanlar olduğunu anladım. Nəfəs almaq qədər gözəl hissin qabağında intəhasız havanın durduğunu, su içmək qədər ülvi və susuzluq qədər məşəqqətin qarşısında ümmanların dalğalandığını qəlbimlə hiss etdim. Qızıl, zinət gözümdə o qədər kiçildi ki, təbiətdə qıt olan hər şeyin, əslində, ən lazımsız olduğunu anladım. Bolluğun mənbəyi olan şəfqətin bunca dəyərsizlikdən zərrə sınıxmamasını hiss edəndə içimdəki bir ovuc havanı da yenidən bəşəriyyətlə bölüşməkdən zövq aldım. O bolluq isə eləcə axır, axır, axırdı...
Sərdar Amin
Ədəbiyyat qəzrti.- 2018.-
15 dekabr.- S.29.