"Kameral təsvir",
"Mütrüb dəftəri"
və keçmişimiz üzərində
gəzişmələr
Ötən
əsrin 90-cı illərindən publisist kimi
tanıdığımız, ictimai reallıqlara öz
prinsipial yanaşması ilə seçilən tədqiqatçı
alim Nazir Əhmədlinin xüsusi inad və fədakarlıqla
bir-birinin ardınca çap etdirdiyi "kameral təsvirlər"ə
- Rusiya İmperiyasının XIX əsrdə tərtib etdirdiyi
vergi kitablarına Azərbaycan cəmiyyətinin müəyyən
bir qisminin, özü də savadlı və ictimai-siyasi cəhətdən
fəal insanların bəslədikləri münasibət,
yaratmağa çalışdıqları ictimai rəy istər-istəməz
Əbdürrəhim bəy Haqverdiyevin "Mütrüb dəftəri"ni
yada salır. Hekayənin qəhrəmanı Qasım əmi
camaata məsləhət eləyir: "Camaat! Biz indiyədək
dövlətin heç bir əmrindən boyun
qaçırmamışıq: qızıl pulu, tüstü
pulu, dinməver pulu... hamısını öz vaxtında
vermişik; biyara buyurublar getmişik... Amma indi
bir dəftər gətirib veriblər mollaya. Deyirlər, gərək cəmi kənddə anadan
olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin
də adına "mütrüb dəftəri"
deyirlər. Qardaş, bizim
uşaqlarımızın adlarının o dəftərdə
nə işi? Sabah da gələcəklər ki, gəlin
arvadlarınızın adlarını yazdırın! Canım, rusun biri niyə mənim arvadımın
adını bilsin? Doğrusu, biz bu
mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik.
Buna, araba ilə dovşan tutan rus deyirlər.
Bu gün uşaqlarımızı dəftərə
yazacaq, bir neçə ildən sonra gəlib
hamısını yığıb saldat aparacaq. Biz, dübarə deyirəm, mütrüb dəftərini
qəbul eləməyəcəyik".
Bu məsələnin zarafat tərəfidir. Məsələnin ciddi tərəfi
isə budur ki, dövlətin, xalqın, tayfanın, nəslin,
kökün, ayrı-ayrı fərdlərin keçmişinin
öyrənilməsi üçün vaxtında qələmə
alınmış, maddiləşdirilmiş bir sətir
yazı, bir vərəq
kağız, bir arayış, bir siyahı, bir dəftər
(lap olsun "mütrüb dəftəri") bəzən
sonradan yazılan silsilə məqalələrdən, cild-cild
kitablardan, danışılan və yazılan dastanlardan daha
tutumlu və qiymətli olur. Tarixin bünövrəsində
maddi sənəd, konkret fakt olmayanda irəli sürülən
mülahizələr təxəyyüldən güc almalı
olur, tarix əvəzinə naşı yazılmış bədii
mətn, elm əvəzinə mif yaranır...
Bu baxımdan, müxtəlif dövrlərə aid tarixi
sənədlərin əldə edilməsi, dilimizə
çevrilməsi, nəşr edilərək ictimailəşdirilməsi
müstəsna əhəmiyyət daşıyır və
Nazir Əhmədlinin misilsiz əməyi yüksək qiymətləndirilməlidir.
Nazir müəllim indiyədək İrəvan şəhərinin,
Göyçə və Dərələyəz
mahallarının vergi kitablarını tərcümə və
nəşr etdirmişdi. Bu silsilənin davamı olaraq 1860-cı
ildə Rusiyanın dövlət məmurları tərəfindən
tərtib olunmuş "Qazax nahiyəsinin kameral təsviri"
kitabı da həm elmi tədqiqat aparan, həm də öz əsli-kökü
ilə maraqlanan insanlar üçün əvəzsiz mənbədir.
Aydınlıq
üçün qeyd edək ki, Rusiya imperiyasının
işğal edərək öz coğrafiyasına qatdığı
torpaqların "Kameral təsvir"ini tərtib etməsi
daha çox iqtisadi və idarəetmə məqsədi
daşıyırdı: hər bir yaşayış məntəqəsinin
vergi mükəlləfiyyəti olan əhalisinin, eləcə
də vergidən azad edilmiş şəxslərin müfəssəl
qeydiyyatı aparılır, bu sənədlərdə kişi
cinsinə mənsub ailə üzvlərinin adları, eləcə
də ümumi sayı, ailədə neçə kişi və
neçə qadın olduğu qeyd edilirdi.
Qazax nahiyəsinin
kameral təsvirin nəşr edilməsinin əhəmiyyətini,
ilk növbədə, bunda axtarmalıyıq ki, kitabda Qazax
nahiyəsinin 1860-cı ildə mövcud olan coğrafi
hüdudları (bu nahiyənin əhatə etdiyi torpaqların
təxminən yarısı Sovet dövründə Ermənistana
verilib) və həmin hüdudlara daxil olan hər bir
yaşayış məntəqəsinin adı, orada məskun
olan əhalinin etnik və dini mənsubiyyəti, kişilərin
adbaad siyahısı, siyahıya düşən insanların
yaşları göstərilib. Kitabın elmi redaktoru akademik
Şahin Mustafayev "kameral təsvir"in əhəmiyyətindən
danışarkən haqlı olaraq onun həm üzdən
görünən, həm də ilk baxışda nəzərə
çarpmayan aspektlərini vurğulayır: "Qazax nahiyəsinin
kameral təsviri bu ərazidə məskun olan və vergi
mükəlləfiyyəti daşıyan əhalinin sayı və
etnokonfessional tərkibi haqqında dolğun məlumat əldə
etməyə imkan yaradır. Bununla yanaşı, zahirən quru
və statistik mahiyyətli sənəd kimi görünən
bu mənbəyə daha diqqətli və yaradıcı şəkildə
yanaşdıqda onun dərin qatlarından Qazax əhalisinin
günlük təsərrüfatı, məişət həyatı,
ailə ənənələri və bu kimi digər etnoqrafik
xarakterli təsəvvürlər də əldə etmək
mümkün olur. Qazax bölgəsində orta
ailə təqribən neçə nəfərdən ibarət
idi? Ailə başçısı
üçün hansı yaşa qədərki dövr
reproduktiv hesab edilə bilərdi? Uşaqların
arasında orta yaş fərqi neçə olurdu? Bu və bu kimi suallarla mənbəyə müraciət
etdikdə xalqımızın məişət həyatı və
tarixi ilə bağlı son dərəcə maraqlı
sosioloji və etnoqrafik nəticələr əldə etmək
olar".
Mənə elə gəlir ki, kitabın daha bir
faydalı cəhəti də zaman keçdikcə
insanların yaddaşında öz keçmişi barədə
kök atan mifləri yerindən tərpədə bilməsidir. Miflərin
yerindən tərpədilməsi, bəzən də
dağıdılması isə insanların inancına
müdaxilə etmək qədər həssas məsələdir.
Ancaq mif elə mif kimi qiymətlidir. Onu qurdaladıqca ehkam pozulur və həqiqətin
yolu dolaşıq düşür. Bu miflərin necə
yaranmasını, bizim ənənəvi "sənədləşdirmə"
metodumuzu Əbdürrəhim bəy zarafata salsa da, Qasım əminin
dili ilə dəqiq ifadə edib: "Hər kəsin sinnini
bilmək istəyirsiniz, məndən soruşun! Bax, bu uşaq
Qarğa Mələyin nəvəsidir, gün tutulan ili anadan olub. Bu uşaq ilan qırxan Səfdərin
oğludur; çəyirtkə taxılları tərk eləyən
ili doğulub. Bu uşaq,
pişiksatan Haşımın nəvəsidir. Novruz
bayramı ilə aşura bir günə düşən ili anadan olub. Bu uşaq
balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi
Aslan tut ağacından uçub ölən ili
anadan olub".
...Mənim
atamın ana nəslinin - Gülallıların
Şıxlı kəndinə nə vaxtsa uzaq keçmişdə
Osmanlıdan gəldiyi haqqında çox eşitmişəm
və hamımız da bunu belə qəbul eləmişik. Rəhmətlik Aşıq Yaqub (onun özü də
bu nəsildəndir) nəslin tarixi barədə maraqlı əhvalatlar
danışır, həmin əhvalatları dastan
poetikasının elementləri ilə bədiiləşdirir,
hər bir hadisəni və detalı çox
inandırıcı təsvir eləyirdi. Yaqub,
əslində, reallığı dastanın ölçülərinə
salırdı. Onun danışdığı əhvalatlar
reallıqdan daha çox, sanki dastanın içində
baş verirdi və mənə elə gəlir ki, müasir
aşıqlarımızın yaratdıqları dastanların
bu baxımdan təhlilə cəlb edilməsi
folklorşünaslıq elmimiz üçün maraqlı ola bilər. Aşıq Yaqub
danışırdı ki, Şıxlıya ərgənlik
yaşında gələn Mutu (Gülallı tayfasının
bu kəndə gələn ilk nümayəndəsi)
ağalıqdan - Şıxlinskilərdən qız istəyir.
Qızın özü də, valideynləri də şərt
qoyurlar ki, adını dəyişsən, bu iş baş tuta
bilər. Mutu da razılaşır. Toy olur, gəlin gəlir. Gəlin
Mutudan soruşur ki, indi sənin adını necə
çağırım. O da qayıdır ki, mən bu
dünyaya Mutu kimi gəlmişəm, bu dünyadan da Mutu kimi
gedəcəm. Sən necə istəyirsən, elə
çağır... Xanımı da onu ömrünün sonuna
kimi öz adı ilə çağırır...
"Kameral təsvir" kitabında Mutunun
övladları ilə bağlı məlumat da var. Məlumatın
ən faydalı tərəfi bundadır ki, Gülallı nəslinin
Şıxlı kəndinə haradan və nə vaxt gəldiyini
dəqiqləşdirmək mümkündür. "Təsvir"də
adı keçən Məmməd Mutu oğlunun 1860-cı ildə
45 yaşı olduğu və Tiflis nahiyəsinin Guxret kəndindən
gəldiyi göstərilir. Məmmədin ailəsində
üç kişi və iki qadın qeydə
alınıb. Mutunun daha bir övladının - 34
yaşlı Alının ailəsi isə daha böyük
olub: bu ailədə 5 kişi və 13
qadın qeydə alınıb.
Məsələ bundadır ki, Mutunun nəslinin XXI əsrdəki
davamçıları indiyə qədər öz köklərinin
Qarsdan və ya İğdırdan gəldiyini təsəvvür
edirlər. Bu
təsəvvürü yaradan iki amil var: nəslin
yaşlılarının fərqli ləhcədə
danışması; nəslin bəzi nümayəndələrinin
Sovet hakimiyyəti dövründə Azərbaycanı tərk
edib, Türkiyəyə getməsi və Qars
yaxınlığında məskunlaşması.
"Kameral
təsvir"də yazılanlar mövcud təsəvvürə
aydınlıq gətirməklə məhdudlaşmır, onu
sındırıb parçalayır: bundan sonra sən öz
keçmişinlə bağlı yeni ölçülərlə
düşünməli, yeni təsəvvür
formalaşdırmalısan. Məsələn, mən bu
kitabdakı məlumatlarla tanış
olandan sonra nəslimin bir qanadının Şıxlı kəndində
uzaq və mücərrəd zamanda deyil, XIX əsrin əvvəlində
məskunlaşdığını dəqiqləşdirə
bildim...
Kitabdakı
maraqlı materiallardan biri də "Kameral təsvir"ə əlavə
kimi "Obozrenie Rossiyskix vladeniy za Kavkazom" ("Zaqafqaziyadakı
rus torpaqları barədə icmal") adlı statistik, etnoqrafik,
topoqrafik və maliyyə münasibətlərinə həsr
edilmiş kitabdan "Kazaxskaə distanüiə" hissəsinin
tərcüməsinin verilməsidir. Onu da qeyd edək ki, həmin
icmal 1836-cı ildə Sankt-Peterburqda nəşr edildikdən
az sonra - 1840-cı ildə o vaxt Qafqazın öyrənilməsində
xüsusi xidmətləri olan İvan Şopenin (qeydlərindən
hiss olunur ki, Abbasqulu ağa Bakıxanovu
tanıyırmış) "Zaqafqaziyadakı rus torpaqları
barədə icmala dair bəzi qeydlər" adlı kitabı
nəşr edilmişdir. Rusiya
İmperiyasının Daxili İşlər Nazirliyi
Şurasının statistika şöbəsinin müxbir
üzvü İ.Şopen bəzi dəqiqləşdirmələr
aparmağa çalışaraq göstərirdi ki, bu icmal
şərqşünasların diqqətini cəlb etmiş,
onun haqqında jurnallar xoş sözlər
yazmışdır. "Zaqafqaziya ölkələri ilə
qısaca tanış olmağı arzulayan hər kəs
üçün bu "İcmal"ın zəruri bir təlimata
və nüfuzlu mənbəyə çevrildiyi indiki zamanda mən...
sevdiyim, öyrənilməsinə ömrümün ən
gözəl illərini həsr etdiyim bir diyar haqqında bəzi
əlavə məlumatları təmiz və səmimi bir istəklə
öz gücüm daxilində yaymağı özümə
borc bilirəm"...
Əlbəttə, bu cür icmalların, onlara düzəlişlərin,
dəqiqləşdirmələrin ümumi ruhunun, yazılma məqsədinin
bizim mənafeyimiz naminə edildiyini düşünmək məsələnin
mahiyyətini bəsitləşdirmək olardı - icmal və
ona dair qeydlər Rusiya İmperiyasının Qafqazdakı
maraqlarını ifadə edirdi. Rusiya
İmperiyasının dövlət maraqları isə
ayrı-ayrı xalqların - türklərin, ermənilərin,
gürcülərin maraqlarından yüksək idi.
Bununla belə, Rusiyanın Qafqazdakı
işğalçılıq siyasətində xristian-müsəlman
ayrı-seçkiliyini də görməzliyə vurmaq mümkün deyil.
Qafqazda əvvəlcə gürcülər üçün
"Qruzinskoye qosudarstvo", sonra isə ermənilər
üçün "Armyanskaya oblast" deyilən etnik
inzibati qurumların yaradılması,
əhalisinin sayına və yerləşmə məkanına
görə aparıcı toplum olan türklərinsə öz
adlarından məhrum edilməsi, bu toplumun adının təhrif
edilərək tatar adlandırılması bilməzlikdən
irəli gəlmirdi: bu, düşünülmüş siyasi
yanaşma idi. Bu cür yanaşma
üçün müəyyən mənada bizim
özümüz də şərait yaradırdıq.
Şopenin Qafqazdakı müsəlman əyalətləri barədə
qeydlərindən oxuyuruq: "Ümumiyyətlə, buranın
insanları öz ölkələrinin coğrafi
bölgüsünə az diqqət yetirirlər:
onlar yalnız iki başlıca bölgü başa
düşürlər: etiqad etdikləri din və mənsub
olduqları tayfa (klan). Buranın istənilən sakinindən kim olduğunu soruşsan, müsəlmandırsa,
cavabı bu olacaq: "müsəlmanam"... Sonrakı
suallara cavab verərkən o sizə muğanlı, qacar, bayat,
avşar, hacıbəyli və ya xınalıqlı, tat, sirt, ləzgi, delaqarqa
və ya başqa tayfadan olduğunu bildirəcək, axırda
da yaşadığı yer haqqında məlumat verəcək:
qarabağlı, şirvanlı, talışlı və s. və
i.a. Əgər siz müsəlmandan onun başqa dindaşı
barədə soruşsanız, eyni qaydada cavab verəcək,
xristian barədə soruşsanız, sadəcə, deyəcək:
"bu, ermənidir". Ancaq eyni şeyi
xristiandan soruşsanız, o da dindən başlayacaq.
Gürcü özünü "kartuli", erməni "hay", müsəlmanı
isə sadəcə, "türk" adlandıracaq".
Onu da qeyd
edək ki, İ.Şopenin Qafqaz türklərinin dili ilə
bağlı mülahizələrində ziddiyyət və
dolaşıqlıq var. O, "qeydlər"də
yazırdı: "Tatarlar və tatar dili sözləri bizim
tatar adlandırdığımız xalqa, əslində, məlum
deyil: onlar öz dillərini türk dili adlandırırlar. Bu,
ümumi bir dildir, eynilə fransız dili vasitəsilə
Avropanı başdan-başa gəzmək mümkün
olduğu kimi, onunla da Çindən Kazana, oradan da Mərakeşə
və Məkkədən Hindistana gedib çıxa bilərsən".
İcmalda Rusiya dövlətinin Qafqaz
türklərini tatar adlandırması "ədalətsiz"
hesab edilirdi. "Distansiyaların və
Yelisovetpol dairəsinin (Gəncə) əhalisi əsasən,
müsəlmanlardan ibarətdir, biz onları ümumi bir adla
tatar adlandırırıq ki, bu, heç də ədalətli
deyildir". Qafqaz ərazisində Rusiya
İmperiyasının siyasətinin formalaşmasında
birbaşa iştirak edən İ.Şopen isə elmin
mövqeyindən çıxış edəndə bizi
türk, dilimizi türk dili adlandırır, imperiyanın
mövqeyindən çıxış edəndə isə Gəncənin
və distansiyaların türk mənşəli müsəlman
əhalisinin tatar adlandırılmasını əsaslı və
düzgün hesab etdiyini bildirirdi...
Buna baxmayaraq, icmalın və xüsusilə Şopenin
araşdırmalarının başlıca faydalı cəhəti
bugünə qədər davam edən bəzi erməni miflərini
dağıtmasıdır. Məsələn,
icmalda, Şopenin qeydlərində və siyahıyaalma sənədlərində
Qafqazın erməni əhalisinin az hissəsinin
yerli olması, böyük əksəriyyətinin isə
Osmanlı və İran dövlətlərindən
köçürülmə, Qafqaza sonradan gəlmə
olduqları göstərilir.
İcmal XIX əsrin əvvəllərində bizim
xalqımıza, tariximizə qarşı mövcud olan siyasi
yanaşmaları öyrənmək baxımından da
çox faydalıdır. Məsələn, mənim
diqqətimi çəkən məqamlardan biri yayda yaylağa
köçən tərəkəmə əhalisinin
köçəri deyil, oturaq mədəniyyətə mənsub
olmasının əsaslandırılmasıdır. Bunun
üçün icmalda beş əsas
göstərilirdi:
- əhalinin maldarlıqla yanaşı, əkinçiliklə
də məşğul olması;
- onların qış evlərinin, bağ-bostanlarının,
dəyirmanlarının və digər oturaq təsərrüfatlarının
olması;
- yayda isti hava şəraitinin insan
sağlamlığına mənfi təsirinin nəzərə
alınması;
- yay vaxtı aranda əkin sahələrinə
ziyan verməməsi üçün sürülərin
yaylağa çıxarılması;
- otlaq sahələrinin qış
mövsümü üçün xam saxlanılması.
Bu qeydlərlə "Qazax nahiyəsinin kameral təsviri"
kitabından aldığım ilkin və ümumi təəssüratları
bölüşməyi özümə borc bildim. Bir həqiqət
var ki, indi tarixə "mütrüb dəftəri"
prizmasından baxmağın zamanı keçib.
Keçmişimizin gözünün içinə düz
baxa, onu dərindən öyrənə bilməyimiz
üçün növbəti qiymətli mənbəni nəşr
etdirdiyinə görə Nazir Əhmədliyə təşəkkür
borcumuz var...
Məti
Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 15
dekabr.- S.28.-29.