Ələsgər İbrahimovun
süqutu və sükutu
Əgər kinosevərlər arasında "Azərbaycanın
ən yaraşıqlı kinoaktyoru kimdir" sualı ilə
sorğu keçirilsəydi, adı ən çox çəkilənlərdən
biri, yəqin ki, Ələsgər İbrahimov olardı. Hərçənd
o, ixtisasca aktyor yox, neft mühəndisi idi, kinoya da tam təsadüfən
gəlmişdi. Deyilənə görə,
o, küçədə addımlayanda qızlar o
dövrün dəbdə olan fransız aktyorlarına bənzəyən
bu yaraşıqlı oğlanı bir-birinə göstərib
xısın-xısın pıçıldaşar, onun diqqətini
cəlb etmək üçün cürbəcür hiylələrə
əl atarmışlar. Amma o vaxtlar bu qızların,
ümumiyyətlə, onu tanıyanlardan heç kəsin
ağlına gəlməzdi ki, maraqlı hobbiləri,
özünəməxsus xarakteri olan bu gənci qəribə
bir tale gözləyir, illər keçəcək, Azərbaycan
kinosuna Ramiz ("İnsan məskən salır"), Kamil
("Torpaq, dəniz, od, səma"), Zalımoğlu
("Yeddi oğul istərəm") kimi obrazlar bəxş edən
bu oğlan Yaradanın onun üçün nəzərdə
tutduğu tale qapısını açıb öz
karyerasını, həyatını qurmaq, ailə sahibi olmaq əvəzinə,
itirilmiş imkanların, boşa verilmiş vaxtın,
laqeydliyin, sayğısızlığın əvəzi kimi əsəblərini
sarsıdan ruh düşkünlüyünə təslim
olacaq, özünə qapanıb ağrıyan ruhunu keyləşdirmək,
mənəvi əzablarını azaltmaq üçün
yollar axtaracaq, tapdığı yol isə onu ömür
marşrutunun 37-ci dayanacağına ancaq çatdıracaq.
Ələsgər İbrahimovun bioqrafiyası,
həyatının önəmli məqamları
barədə indi kimdənsə səhih məlumat almaq
müşkül məsələdir. Hətta onun dəfn olunduğu məzarlığı
belə, nişan verən bir kimsəni tapa
bilmədim. Necə deyərlər, kiminin əvvəli,
kiminin sonu. Ələsgərin sonu bu
gün də mistik bir sirr olaraq qalır.
Amma hər şey o qədər
yaxşı başlamış, o qədər geniş
perspektivlərdən xəbər verirdi ki...
O, öz spesifik aurası olan İçərişəhərdə,
sadə bir ailədə dünyaya gəlmişdi. Neft və
Kimya İnstitutunu bitirsə də münasib və daimi bir
iş tapa bilmirdi. Məhəllələrindəki
göyərçinləri yemləməyi, onlarla əylənməyi
xoşlayırdı. Taleyin işinə bax
ki, başqa bir içərişəhərli - çəkəcəyi
ilk tammetrajlı bədii filmdə baş rolun
ifaçısının axtarışında olan rejissor Arif
Babayev intuitiv olaraq bu oğlanı bircə anın içində
kəşf etdi. Böyük riskə gedərək kifayət
qədər mürəkkəb xarakterə malik obrazın ekran
taleyini ömründə kamera qarşısında
dayanmamış, ümumiyyətlə, aktyor sənəti barədə
təsəvvürü belə olmayan, zahirən sadəlövh
adam təsiri bağışlayan bu
oğlana etibar etdi. Bu, əlbəttə,
çox məsuliyyətli və çətin qəbul olunan qərar
idi. Amma nəticə gözlənildiyindən
də yaxşı oldu, kinomuz yeni bir xarakter - həyatda
lövbər salmaq, öz yerini tapmaq istəyən, bu yolda
xeyli çətinlikləri dəf edərək sonda istəyinə
çatan Ramiz obrazını qazandı. Ələsgər
bu filmdəki işi ilə sübut etdi ki, aktyorluq heç də
bir çoxlarının düşündüyü kimi,
yalnız yüksək intellektə, dərin təfəkkürə,
hərtərəfli analiz etmək bacarığına malik
olmaq deyil, aktyorluq, ilk növbədə, kiminsə rolunu
oynamaq, onun kimi düşünmək bacarığıdır
və bu bacarıq onda var, özü də artıqlaması
ilə.
Azərbaycan kinosunda çəkildikləri
filmlərdə baş rolları
oynamış qeyri-peşəkarlar az deyil:
Xəyal Axundzadə ("Sən niyə susursan" - Rasim),
Əkbər Fərzəliyev ("Qızmar günəh
altında" - Aydın), Tamilla Rüstəmova
("Böyük dayaq" - Maya, "Ulduz" - Ulduz) və
b. Düşünürəm ki, kino tədqiqatçıları
bu fakta lazımınca diqqət yetirməli, qeyri-peşəkarlıq
zəminində əldə olunan yaradıcılıq
uğurlarının psixoloji aspektlərini dərindən
araşdırmalıdırlar. Xüsusilə bu
hadisəni diletantlıq, həvəskar marağı kimi meyillərdan
ayıran fərqlər ciddi şəkildə təhlil
olunmalıdır. Əgər kino təkcə ali təhsilin,
biliyin yox, həm də həyatın özünün
yetişdirdiyi aktyorlara da ehtiyac duyursa, bunun, təbii ki, müəyyən
səbəbləri var. Ələsgərin çəkildiyi
ilk filmdə nail olduğu uğurun kökündə
aktyorluğun, necə deyərlər, texnoloji sirlərini bilməyə-bilməyə
yaratdığı obrazın fiziopsixoloji portretini bütün
dolğunluğu ilə canlandıra bilmək
bacarığı dayanırdı. Zahirən eqoist,
özünə vurğun adam təsiri
bağışlayan Ramizin xarakteri filmdə, sanki misqal-misqal
açılırdı. O -25 yaşlı gənc
aspiranturanı buraxıb neft buruqlarında işləməyə
gəlir. Onu tufan vaxtı buruq aşarkən həlak olmuş
usta Cavadın yerinə təyin edirlər və Ramizin
xarakterini psixoloji, mənəvi, əxlaqi rakurslardan açan
hadisələr də bundan sonra başlayır. Cavadın
ölümünün nüanslarına rəhbərlik etdiyi
briqada üzvlərinin baxışları ilə onun öz
baxışları arasındakı fərq kollektivlə Ramiz
arasında psixoloji sədd yaradır: sevdiyi qız ondan üz
çevirir, fəhlələr onu ələ salır, hətta
təhqir edirlər. Bir başqası, bəlkə
də, bu böhrandan çıxmağın yolunu geriyə -
komfort həyata qayıtmaqda görərdi. Ramizsə belə
etmir, öz məhəbbəti, uğurlu fəaliyyət
üçün zəruri olan inam və etibar uğrunda
mübarizə aparmaq istəyir, lakin "Cavadın
nüfuzu" sindromu buna da mane olur və adama elə gəlir
ki, Ramiz sınaq meydanını elə beləcə - məğlub
durumda tərk edəcək. Amma yox.
Sonrakı hadisələr onun xarakterinin digər xüsusiyyətlərini
də üzə çıxarır və məlum olur ki,
Ədilənin tənə ilə "qorxaq"
adlandırdığı bu gənc, əslində, öz fədakarlığı,
cəsarəti, prinsipiallığı ilə Cavaddan heç
də geri qalmayan insan imiş. Ə.İbrahimov
obrazın xarakterindəki bu mürəkkəb nüansları
təbii cizgilərlə sərgiləyir,
tamaşaçıları obrazın dinamik inkişaf xəttindən
doğan həqiqətə inandırırdı.
Beləcə, ilk rolun uğuru Ələsgərin
həyatını dəyişdi, tale yolunu başqa məcraya
yönəltdi. Onu kinostudiyanın texniki bölməsində
mühəndis vəzifəsinə işə
götürdülər. "Ət yeyən
quşu dimdiyindən tanıyan" A.İskəndərov
Ələsgəri kinoaktyor studiyasına cəlb etdi. Sonra "Torpaq, dəniz, od, səma" filmində
Kamil roluna çəkildi. Bədii siqlətinə,
psixoloji tutumuna görə, Ələsgərin Kamili Ramizə
uduzurdu: onun xarakterinin bütün səciyyəvi cəhətləri
bu dəfə üzdə idi. Bununla belə,
Ələsgər İbrahimov - Fidan Qasımova dueti maraqlı
alınmışdı.
Ələsgər deyilənə görə,
ağırtəbiətli, ünsiyyətcil,
hər hansı bir kampaniyada davranışı,
danışığı ilə fərqlənən insan idi. Amma "Yeddi oğul istərəm"
filmində yaratdığı Zalımoğlu öz qapalı
xarakteri, az danışması, astagəlliyi ilə məşhur
yeddiliyin digər üzvlərindən tam fərqlənir. Hətta
bir az da irəli gedib deyə bilərəm
ki, Zalımoğlu bir obraz kimi bu filmdə digərlərinə
nisbətən az nəzərə çarpır. "Mən də varam" iddiası ilə üzdə
olmaq, özünü və sözünü diktə etmək
onun təbiətinə yaddır və bunu obrazın zəifliyi,
yaxud aktyorun gücsüzlüyü kimi yox, Zalımoğlunun
naturası, xarakterik cəhətləri kimi qiymətləndirmək
daha düzgün olar. Həlak olana qədər
biz onun səsini cəmi 2 dəfə eşidirik. Birinci dəfə iştirakçısı
olduğu ölüm-dirim savaşının nə zaman
başa çatacağı barədə Bəxtiyarı
sorğu-suala tutur. İkinci dəfə isə son nəfəsində
Gəray bəyə "İgid igidi arxadan vurmaz, bəy",
- deyə rəqibinin arxadan vuran xain, qorxaq olduğunu
üzünə vurmaqla onu aşağılamaq istəyir. Bu sözlərin həqiqəti nə dərəcədə
əks etdirdiyini müəyyənləşdirməyi
oxucuların (və tamaşaçıların) ixtiyarına
buraxıram. Təkcə onu qeyd etmək istəyirəm
ki, teatr göstərmək adı ilə başına qoyun
qarnı keçirib rəqibini başqalarının
yanında ələ salmaq da igidə yaraşan iş deyil...
Hərdən fikirləşirəm ki, Zalımoğlunun bu
susqunluğunda, diqqətdən kənarda qalmaq istəyində
yerinə düşən üstüörtülü bir məna
da var. Onun passivliyi, sanki kameranın diqqətindən
yayınıb kölgəyə çəkilməsi dostla
düşməni səhv salan, etdiyi səhv hərəkətlərin
xəcalətini çəkən bir insanın heç olmasa
bu yolla günahlarını azaltmaq cəhdinə bənzəyir.
Ələsgər bir kişi
kimi çox yaraşıqlı,
suyuşirin idi. O vaxtlar Bakıya işgüzar səfərlərə
gələn qəşəng rus aktrisalarını bircə təbəssümü,
baxışı ilə ovsunlamağı bacarır və həmkarlarının
qibtə, həsəd obyektinə çevrilirdi. Amma kinorejissorlarımız, nədənsə, bu
"hazır materialı" görmür, neçə-neçə
filmdə, necə deyərlər, Ələsgərin boyuna
biçilmiş rolları ondan əsirgəyirdilər. Şəxsən mən fikirləşirəm ki, o
illərdə çəkilən bir sıra filmlərimizdə
üzdə olan obrazları o öz opponentlərindən daha
yaxşı, daha təbii yarada bilərdi. Lakin
bu rollara başqaları çəkilir, Ələsgərsə
laboratoriyada texniki işlərlə məşğul olur,
bekarçılıqdan yaranan ruh
düşkünlüyünün, gərəksizlik sindromunun əsirinə
çevrilirdi. Ruhi
tarazlığını bərpa etmək, həyatındakı
boşluğu doldurmaq üçün seçdiyi yol isə
onu daha qorxunc bir ünvana - sağalmaz xəstəliyə, tənhalığa
və əbədi sükuta aparırdı.
İşə bax ki, onu
sonuncu dəfə çəkilməyə dəvət edən
yenə də Arif Babayev oldu - "Arxadan vurulan zərbə"
filmində epizodik Cabbarov roluna.
Arif Babayevin
ilk filmində ilk rolu ilə bir çox
peşəkarlara meydan oxuyan Ələsgər bu dəfə
meydanı səssiz-səmirsiz, özü də həmişəlik
tərk etdi. Son sözünü deməyə nə heyi
qalmışdı, nə də həvəsi.
Bir müddət
sonra onun adi bir insan
ömrü yaşamaq şansı da tamam tükəndi. Əvəzində
yaraşıqlı simasını dəyişdirib tanınmaz
hala salan, vücudunu mum kimi əridən dəhşətli xəstəlik
öz sözünü dedi.
Sonra
Hamlet demişkən, əbədi
sükut...
Onda Ələsgər
İbrahimovun cəmi
37 yaşı vardı.
Əlisəfdər
HÜSEYNOV
Ədəbiyyat qəzeti.- 2018.- 15
dekabr.- S.31.