İstiqlal əsgəri...
Milli Qəhrəman
Mübariz İbrahimovun
xatirəsinə
Bir körpə dağ qartalıydı,
uçuşları xatalıydı.
Dövrə vurub nə gəzirdi? -
zirvədə zirvə
gəzirdi.
Sinəm şeir
qaynağıdı,
uçuşların oylağıdı.
Uç, havalan sənə baxım,
sənə qurban!
Sənə baxım.
Gələn-gedən mənimkidi,
ölən-itən mənimkidi.
Vətən,
Vətən mənimkidi.
***
Mübarizin ruhu safdı,
yazılmamış bir kitabdı,
toxunmamış ipək
gəvə,
ömür yolu - bir səhifə
Həyatının bircə
anı, -
o da Nuhun bir tufanı.
Unudulmaz o bircə
gün,
sənin üçün,
mənim üçün.
Arayıb-axtardım onu,
Şumerlərin qəhrəmanı.
Gilqamışa qohum çıxdı,
yerdən təzə
toxum çıxdı,
-
türk toxumu!
qitə - türkün
qitəsiydi.
***
Neçə min il bundan qabaq,
yarı insan, yarı Allah!
Qılınc-qalxan gəzdirərmiş,
qurbanlıqlar kəsdirərmiş.
Qoruyarmuş ədaləti,
yaşadığı məmləkəti.
Bir kəsin xətrinə dəyməz,
Boyun vurar,
boyun əyməz.
ağlayanla ağlayarmış,
gülənlə gülərmiş
o da,
ər oğlu
əriymiş o da,
əsl əsgəriymiş
o da.
Mübariz də oxşamışdı,
deyirdilər Gilqamışdı.
Seçilirdi tay-tuşundan,
yerişindən-duruşundan.
Fərqliydi boy-buxundan
da,
azından da, çoxundan da.
Baxıb fəxr
eləyirdilər,
göz dəyməsin
deyirdilər.
***
Qonşuda bir mərdimazar,
erməni kirvə
- Bağdasar.
Evlərinə gedib-gələr,
nə oturar, nə əl çəkər,
iti-qurdu misal çəkər,
Sancar arı iynəsini,
körükləyər çənəsini:
Amazaspı, lalayanı,
ev-eşiyi talayanı,
Qırğınları törədəni,
o gədəni, bu gədəni, -
kərəqulaq bir paşanı,
Zəngəzuru, Naxçıvanı,
tutub kənd-kənd
yandıranı...
"Yan"ları
yan-yana düzər,
bizimkinə ağız
büzər.
Nuru Paşa deyən kimi,
göyərər kal göyəm kimi.
Türkün türkə
köməyini,
desən, tutar ürəyini.
Türkün İslam
ordusunu,
pisləyər ömrü
uzunu.
Mübarizə bu, dəyərdi,
açıq, gizli inciyərdi.
***
Ermənilər gəlməydilər,
Qafqaz əhli
deyildilər,
İrandan köçürmüşdülər,
Turandan köçürmüşdülər.
Bəlkə də, qovlamışdılar,
gətirib paylamışdılar:
Naxçıvana,
İrəvana,
bir də bütün Qarabağa,
içimizdə "yaşamağa".
Naxçıvan - bir xanlığıydı,
İrəvan - bir xanlığıydı,
Qarabağ da - ayrı xanlıq.
Adətimiz, ənənəmiz,
ata-baba bünövrəmiz
göz çıxartdı,
gözə gəldi,
gələn guya, təzə gəldi,
gələndə mərkəzə
gəldi!
***
"Yersiz
gəldi, yerli qaç!" -
erməni - boynunda
xaç,
hazırın naziriydi,
Kiminsə əsiriydi,
kiminsə xəfiyyəsi!
Burda da "ev yiyəsi!"
Dağıl, dağıl,
a dünya!
Orda başıdaşlısan,
burda ikibaşlısan,
yoxsa nağıl,
a dünya?!
***
Çiyələk bitən
yerləri,
kəkliklər ötən
yerləri,
havası - loğman
yerləri,
bulaqlar axan yerləri,
meşələrin ətəyini,
arıların pətəyini,
təzə qalxan biçənəyi,
gülün üstə
kəpənəyi,
bizim yaylaq yerimizi,
yay vaxtı
- dağ yerimizi,
seçib "qonşuya"
verdilər.
sənəyi suya verdilər.
Nikolay şahın
işiydi,
bəlkə, Allahın
işiydi?
Vətənsizə "vətən"
verdi,
böldü yarıya,
tən verdi!
Çar onlara yaxın oldu,
Qafqazdan "arxayın" oldu.
Əvvəl bir az dolandılar,
bizimkilər inandılar.
Dedik ki, insan-insandı:
taxılbiçən,
otçalandı,
Çərçivəyə ayna salan,
çəkmə tikən,
zurna çalan,
rəsm çəkən...
ta nə deyim,
dediyimi kimə
deyim?!
Yer bizimdi, torpaq bizim!
deyir yox,
Qarabağ
bizim!
Nə deyirəm,
yiyə çıxır,
bibər yeyib göyə çıxır.
Bizim Azıx mağarası!
İki qədim
dağ arası!
O yeri axtaran, tapan,
Yolu açan, daşı çapan,
o alimin özü, adı,
mənim yaxşı
yadımdadı.
onu danır
ermənilər,
əsər yazır,
"elmi" əsər?!
Bu torpaqda bu gəlmələr,
bir divar da hörmüşdülər.
Abidəydi -
İri
divar,
ermənicə üstə
şüar.
Guya bizə hörmət-izzət,
"Minnətdarlıq",
"Əbədiyyət",
"Yüz əlli il dostluq"...
filan,
uçuruldu o, sonradan.
Elə söküb-süpürdülər,
kərpiclərin sayı
qədər
Yaşamadı nə o
divar,
nə şüarda
yazılanlar.
Xalq mat qaldı,
- Nəyə görə?
Açdığı süfrəyə görə?
Kəsdiyi çörəyə görə?
Verdiyi torpağa görə?
İsti od-ocağa görə?!
Biz onlara nə demişik,
dost bilib, "Kirvə" demişik,
Qızları gəlnimiz
olub,
bunların nəyi
pis olub?!
Orda-burda alimləri,
ya da alimkimiləri,
"Göstərdilər"
özlərini,
Allah yumdu
gözlərini.
***
Hələ onda ulu öndər,
o rəhmətlik
o mötəbər,
çox dedi, az eşitdilər,
yolu - tərsinə
getdilər.
Səni - özündən
oxudu,
astar üzündən
oxudu,
Ayaqlandı hörmət-izzət,
bu da ermənixasiyyət:
çörəyi dizinin üstə,
durmadı sözünün
üstə.
Xəyanətə əl atdılar,
süfrəyə çəngəl
atdılar.
***
Dillərini sürüdülər,
üstümüzə yeridilər.
Xeyir dedik, şər yeridi,
buynuzlu divlər
yeridi.
Böhtan, xəyanət yeridi.
sərhəddən sərhəd
yeridi.
Bizi, gəlmə ermənilər,
"Qaçqın",
"Köçkün" elədilər.
Külək vurdu, ləpələndik,
qəbir-qəbir səpələndik.
biz ölən, itən axtardıq,
vətəndə vətən
axtardıq.
Mübariz onda qaynadı,
göydə şimşəklər
oynadı.
Yerdə tufanlar başladı,
dəhşətli anlar başladı.
***
Mübariz ad istəmirdi,
Silah-sursat istəmirdi,
Səngər-filan istəmirdi,
Ölüm, ya qan istəmirdi.
Bu şöhrəti,
bu hörməti,
gözləmirdi.
heykəl, gəmi,
küçə, dastan,
Gözləmirdi o, heç zaman.
Orta məktəb illəriydi,
dərslərindən irəliydi.
Rəssam olmaq istəyirdi,
çəkdiyini gizlədirdi.
Saçında lent, üzündə
nur,
Sinifdə bir qız oxuyur.
Çəkdiyi də o
qızıydı,
qız da bir Ay parçasıydı.
Mübariz getdi cəbhəyə,
Getdi hünər göstərməyə.
O qız qaldı, qələm qaldı,
O qızdan gizli qəm qaldı, -
İlk görüşün
əmanəti!
Tanrım, pozma bu ülfəti.
Qarşıda - düşmən
gülləsi,
arxada - doğma
ölkəsi.
Ortada - hərbi
and durur,
silahlı əsgər
və qürur!
Ölüm - həyat
üz-üzəydi,
Ölüm də bir möcüzəydi,
həyat da bir möcüzəydi.
onu tale səsləyirdi.
Onu səngər gözləyirdi
***
Altdan-üstən qıfıllandı,
yerlər-göylər ufuldandı.
Ləngi! -
dedi bu səfərə,
böyüdüyü təpə-dərə.
Suyundan içdiyi
bulaq,
yürdəyi asılan
budaq.
Öz içindən
gələn bir səs,
dedi: yubanma,
get, tələs!
Neçə şəhid
məzarından,
səslər gəldi,
get, qəhrəman.
Gilqamış uzaqdan gəldi,
dedi artıq
zaman gəldi.
Əsirlikdə çürüyənlər,
çəlik tapıb
yeriyənlər.
ona "Xilaskar"
dedilər.
Get! - açıq-aşkar
dedilər.
Bir səs də gəldi, rəsmi səs,
aydın səma,
isti nəfəs.
Ümid dolu, qürur dolu,
Haqdan gələn bir haqq yolu.
- İgid dönməz! -
dedi o səs.
- Bizimkidi o torpaqlar,
azad olsun gərək onlar.
Gərək erməni
əsgəri,
tərk eləsin
bu səngəri.
Əgər ölmək
istəmirsə,
təslim olsun gərək bizə.
Vətəni varsa, rədd olsun!
O səs deyirdi mərd olsun.
Gördü Ali Baş
Komandan,
özü gəlir
arxasından.
Yanındadı, səngərdədi,
səngərdəki -
Sərkərdədi!
Görməmişdi heç
yaşından,
Tanıdı bir baxışından.
Çiynindəki paqonundan,
bayraq boydakı
boyundan.
Bir şəklini saldı yada,
dəftərinin arasında.
Xəlvət, kəsib
bir qəzetdən,
saxlayırdı evdə
ikən.
Tez farağat görkəm aldı,
bir güc aldı,
bir kam aldı.
Bir də gəldi səsi haqdan:
- Cənab Ali Baş Komandan!
Mən hazıram!
Minnətdaram!
- Mübarizsən,
tanıyıram.
Burda sizə inanıram!
Arxanızda dayanıram...
Mən də sizə minnətdaram!
Bu, bəsiydi əsgər üçün,
hünər üçün,
zəfər üçün.
ya qəhrəman olmaq üçün,
təzədən doğulmaq
üçün.
***
Atəş açdı
o, düzünə,
tülkü, çaqqal
sürüsünə.
Torpaq yeyən,
daş gəmirən,
cilddən çıxıb,
cildə girən
Buqələmun dəstəsinə.
dünya oyandı
səsinə.
Göründü Yer kürəsindən,
tanıdılar kölgəsindən.
Möcüzələr söylədilər,
tarixdə -
tarixi hünər!
Yazılmamış yeni əsər.
Mübarizin zəfəriydi,
o, İstiqlal əsgəriydi.
Vaxt dayandı hörmət üçün,
qəhrəmanı görmək
üçün.
***
Bir heykəl qalxdı meydanda,
bir məşəl
yandı tufanda.
Bir bayraq qalxdı əllərdə,
bir şüar
gəzdi dillərdə.
Üfüq yandı,
səhər güldü,
beşikdə körpələr
güldü.
Göydə ağ-ağ
göyərçinlər,
uçuşurdu səhər-səhər.
Mübarizin o ruhuymuş,
bütün gecə
yuxuluymuş.
sərhəd boyu ər oğlu, ər
dolaşırdı səngər-səngər
Şəhidlərin varisiydi,
amma gəlib
öz adından, -
Sizə raport verəsiydi
Cənab Ali Baş
Komandan!
Bakı, 2018
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.-
2018.- 22 dekabr.- S.3.