Bir az sən
hönkür, bir az mən,
Bir az ölüm qabağında...
Burda qoluma girmişdin,
Burda üzündən öpmüşdüm.
Gedəndə burayla getdin -
Gedən izindən öpmüşdüm.
Burda birgə gülümsədik,
Bax, elə burda ağladıq.
Ən sonuncu göz yaşını
Biz görən
harda saxladıq?!
Burda günəşdən
saxladı
Bizi çinarın kölgəsi.
Xan bağında bir səs yatır
-
Eşq qoxuyan gülüş səsi.
Sükut çöküb
Xan bağına...
Yer də laldı,
Göy də laldı.
Nə sevgimiz var idisə,
Hamısı Gəncədə qaldı.
***
Bütün sevdalar öldü,
Hamı getdi bircə-bircə.
Dən gəzə-gəzə
can verir
Qar üstündə qalan sərçə.
Hayana qaçasan
indi,
Axı kimə sığınasan?!
Bilmirsən ürəyin,
yoxsa,
Ömrün halına yanasan.
Hər şeydən
bezib gəlmişəm,
Yorulub gəlmişəm, Allah.
Gələnlər bulanıq
gəlir,
Durulub gəlmişəm, Allah.
Qovur məni bu dünyadan,
Külək qovur, yağış qovur...
Nə durmusan bu göylərdə? -
Durma, gəl, mənə yiyə dur!
***
Bütün gedənlər
sənin kimi getdilər onsuz da,
Səssiz-səmirsiz, barmaqlarının
ucunda...
Öyrəşmişəm,
Öyrəşmişəm daha
Bu baha sevgilərə,
Ucuz ayrılıqlara...
Qorxma, sevdiyim,
Bütün əsəbini
gəl üstümə
tök,
Ürəyindən keçənləri
hayqır üzümə
bir-bir...
Nə qədər
səhv olduğumu
gözlərimə baxa-baxa
söylə,
Sonra get.
Belə sakit getmə....
Ayrılırıq,
Heç olmasa, qoy, urvatlı ayrılaq,
Bir az
sən hönkür, bir az mən,
Bir az
ölüm qabağında,
İmdad umum əllərindən
Ölən eşqin
sorağında,
Ondan sonra gedərsən...
Son dəfə baxıram gözlərinə,
Son dəfə Pavilç bizi birlikdə görür...
Son dəfə,
son dəfə...
Hər şeyin
sonudur daha...
Getmə, dayan!
Getdin daha?
Yenə başladı
tənhalıq...
Minsk, Belarus
Məhəmməd Turan
Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.-
S.29.