Anti-konseptual "konseptuallıq"
Əlbəttə, ana dili özünün
ən müxtəlif təzahürləri ilə
ümumən xalqa məxsus olduğuna görə kiçikdən
böyüyə, qeyri-peşəkardan
peşəkara qədər
ana dilinin tərəqqisi naminə hər kəs hər zaman öz mülahizəsini söyləməkdə haqlıdır. Və təcrübə göstərir
ki, ən naşı mülahizələrdə
də ümumi işin xeyrinə nə isə olur.
Nəriman Qasımoğlunun
"Ədəbi dilimiz
və dilçilərimizin
konseptual yanlışı"
məqaləsi ("Ədəbiyyat
qəzeti", 15 dekabr
2018-ci il) ana dilinin - onun ədəbi təzahürünün
tədrisi ilə bağlı çox mühüm problemə həsr olunsa da, müəllifin iddia etdiyi konseptuallıq,
əslində, mahiyyətcə
anti-konseptualdır.
Nəriman müəllim
deyir ki, sovet dövründə
"Azərbaycan dilini
öyrədən məktəblərimizdə
bu "orfoepiya" deyilən nəsnə ümumiyyətlə tədris
edilmirdi və şübhəsiz,
bunun səbəbi vardı, dərk edirdilər ki, adi danışıq dilində baş verən fonetik hadisələrin, hətta
təyinatı üzrə
tədrisi belə, ən azından, orta məktəbdə ədəbi dil vərdişlərinə hələ
yetərincə yiyələnməmiş
şagirdlər üçün
əlavə yükə çevrilər".
Sonra isə əlavə edir:
"...Yazı dilinin təsiri ilə gəlişmiş ədəbi dilin avazı, intonasiyası və tələffüzünə
sarsıdıcı zərbə
vuran, mahiyyətcə
cılızlaşdırıb cırlaşdıran
və orfoepiya qaydaları kimi qələmə verilən
nə varsa birmənalı şəkildə
dərsliklərdən silinməlidir".
Məsələ burasındadır
ki, hörmətli Nəriman müəllim bu iddialı göstərişini dilçiləri
"inzibatçılıq"da ittiham edə-edə verir... Yaxşı, tutaq ki, əziz
həmkarımızın (və
görkəmli ziyalımızın)
göstərişinə əməl
edib orfoepiya kimi vacib bəhsi
orta məktəbdən
çıxardıq, onda
şifahi ədəbi
dilin yazılı ədəbi dil (orfoqrafiya) qədər əhəmiyyətli olan normalarını
(orfoepiyanı) övladlarımıza
nə vaxt (və harada) öyrədək?..
Nəriman Qasımoğlu
yazır:
"Bizdə orfoepiya qaydaları altında (yaxşı
olardı ki, yazaydı: orfoepiya qaydaları adı altında - N.C.) təqdim olunanlar ümumən azərbaycanlıların şifahi
nitqində baş verən fonetik hadisələri təqdim edir. Ona görə bu,
orfoepiya deyil, çünki orfoepiya məhz ədəbi dildə tələffüz
qaydalarını müəyyənləşdirir.
Azərbaycan ədəbi
dilinin gəlişməsi
tarixi hansı zəmində və məntiqdə baş verdiyi də məlumdur ki, bunlar yazı dili ilə şərtlənib.
Bunu ədəbi dilimizə aid
özəllik, ədəbi
dilimizi başqa ədəbi dillərdən
fərqləndirən xüsusiyyət
kimi qəbul etməliyik. Qəbul
etmiriksə, bu olur dilçilikdə konseptual yanlışlıq!
...Çarə odur ki, Azərbaycan
ədəbi dilini yazı dili zəminində etalon olaraq
qəbul edəsən.
Çünki ədəbi dilimizin
gəlişməsi tarixi,
sadəcə, başqa
variant təklif etmir".
Hörmətli Nəriman
müəllimin mülahizələrinin konseptual əsassızlığı, ilk növbədə, ondan qaynaqlanır ki, Azərbaycan ədəbi dilinin tarixində yazını fetişləşdirir.
Halbuki bütün ədəbi dillər kimi, Azərbaycan ədəbi dilinin də həm fonetik, həm leksik, həm də qrammatik normaları yazılı yox, şifahi nitqin məhsuludur. Elə düşünməyin ki,
Azərbaycan xalqı onun
dilinin fonetik sisteminə uyğun olmayan ərəb əlifbasında yazmağı
öyrənənə qədər
ştfahi ədəbi
dildən məhrum idi... Yaxud 1920-ci illərin sonlarında
Azərbaycan ədəbi
dilinin latın əlifbası əsasında ilk orfoqrafiya
lüğəti
yaradılanda ərəb
əlifbası hərfi-hərfinə
həmin lüğətə
köçürülürdü... Yaxud da sonrakı
dövrlərdə xalqımızın
böyük dilçiləri
Azərbaycan şifahi
ədəbi dilinin əsrlər boyu formalaşmış normalarını
ya dialektlərlə qarışıq salır,
ya da Nəriman
müəllimin təklif
etdiyi "mənbələr"dən
(teatrdan, mügənnilərdən...)
öyrənirdilər...
Əlbəttə, biz necə yazırıqsa o cür də tələffüz etsək
(yəni orfoepiya qaydalarına riayət etməsək) dilə elə bir süni
təzyiq göstərmiş
olarıq ki, nəinki ədəbi, hətta təbii ünsiyyət ritmini itirib "pəltək"
olar.
O ki qaldı orta məktəblərdə ana
dilinin düzgün yazı qaydaları ilə yanaşı, düzgün tələffüz
qaydalarının öyrədilməsinə,
Nəriman müəllimlə
razıyam ki, həm ayrı-ayrı sözlərin dəqiq
orfoepik variantlarının
müəyyənləşdirilməsində,
həm də onların mənimsənilməsi metodlarının
təkmilləşdirilməsində problemlər var.
Ancaq məsələnin
konseptual cəhətinə
gəldikdə, Nəriman
Qasımoğlunun ədəbi
dilimizin istər tədqiqində, istərsə
də tədrisində
"dilçilərimizin konseptual
yanlışı" barədəki
şübhələri ona
görə tamamilə
əsassızdır ki,
ümumən dil haqqındakı elmin nə nəzəri, nə də praktik tələblərinə
cavab verir...
P.S. Mən
mətləbi uzatmamaq
üçün Nəriman
müəllimin "yanlış"
saydığı bir sıra ədəbi tələffüz normalarının
ayrı-ayrılıqda təhlilinə
keçmədim. Əslində, buna
elə bir ehtiyac da yoxdur...
Tarixən (və tamamilə təbii olaraq!)
formalaşmış həmin tələffüz normaları tələb
edir ki, məsələn,
"Nəriman müəllim" yazaq, ancaq "Nərman məllim" deyək. Yaxud "bu məsələdə
dilçilər haqlıdır" yazaq, ancaq "bu məsələdə
dilçilər haxlıdı" deyək...
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2018.-22 dekabr.- S.7.