Ədəbiyyatımızın Ramiz Rövşən dövrü  

 

Yazmağa başlamazdan öncə uzun müddət yazıya qoyacağım adı düşündüm. Sonra alman dostumun Almaniyanın Höte dövrü sözlərini xatırladım. Eşitdiyimə görə, rus fransız ədəbiyyatlarında da belə anlayışlar var. Məsələn, Fransanın Hüqo dövrü, Rusiyanın Tolstoy dövrü b. Elə doğma məmləkətimizdə belə anlayışlar var, Nəsimi dövrü, Nizami dövrü b. Ramiz Rövşən 72 yaşında olsa da, mənə görə müasir şairdir. Ümumiyyətlə, ədəbiyyatda zaman anlayışı əksər hallarda özünü doğrultmur. Əgər ədəbiyyat insan duyğularının obrazlı təsviridirsə, bu məntiqlə ədəbiyyatı zamanlara görə təsnifatlandırmaq olmaz. Nəzərə alaq ki, zaman anlayışı özlüyündə nisbilik ehtiva edir. Ədəbiyyat adamları da əksər hallarda bu suallar ətrafında düşünürlər cavab tapmadıqca təlatümləri, axtarışları çoxalır. "Bizmi zamanın içindəyik, zamanmı bizim daxilimizdədir". Bizmi zamanı aparırıq, yoxsa zaman bizi çəkib harasa aparır".  Bəzən görürəm ki,  gənc müəlliflər Ramiz Rövşəni fəlsəfi şair kimi təqdim etməkdən çəkinib sentimental şair kimi təqdim edirlər. Əlbəttə ki, həssas bir şairin yaradıcılığında sentimental məqamlar olur. Ancaq ustad şairin fəlsəfi şeirlərini görməzdən gəlmək düzgün deyil. Mənə görə ədəbiyyat mətn hadisəsi olduğu kimi, həm səmimiyyət ifadəsidir. Şair gərək şeir yazanda özünü tərifləməsin, naqis cəhətlərini gizlədib müsbət cəhətlərinə görə öyünməsin. Ramiz Rövşən şeirlərində başqalarını günahlandırmaqdan daha çox özünü mühakimə edir. Özünü tərifləmir. Onun poeziyası fikir hadisəsidir, "mən" eqosu deyil.  O, yaratdığı misralarda səmimidir. Özünü gizlətməyə, özünü başqası kimi təqdim etməyə çalışmır, səmimi olmaqdan qorxmur. Ramiz Rövşənin ən sevdiyim cəhətlərindən biri yalançı təvazörkarlıqdan uzaq olmasıdır. Əgər bir insan istedadından əmindirsə yüz minlərlə insanın sevgisini qazana bilibsə, onun qeyri-səmimi təvazökarlığı insanlara qeyri-təbii görünəcək. Ramiz müəllim bu cəhətdən bəxti gətirmiş şairlərdən biridir. Ustad müsahibələrindən birində deyir ki, insanda şairlik halı həmişə olmur, şair özü həmişə şair olmur. Bu məqam mənə Seyran Səxavətin Viktor Hüqo haqqında danışdığı əhvalatı xatırlatdı.

- Bir gün Hüqo küçədə gəzəndə bir qadın onu tanıyır yaxınlaşır:

- Mən sizi tanıyıram, siz Viktor Hüqosunuz?

- Bəli, hərdən.

Ustad deyir ki, biz maddiləşmiş dünyada yaşayırıq. Ramiz Rövşənə görə, gedən bizik, zaman deyil. Həyatda mövcud olan hər şey zamanın müxtəlif şəkilləridir. Sevimli şairimizin müsahibəsində dediyi bir məqam məni sarsıtdı, kövrəldim. Ustad deyir ki, yaşadığım anlar bir xatirə kimi yadımda qalır, xatirələrimə səyahət edə bilirəm, ancaq dəhşət odur ki, o xatirələrin yarandığı yerə - Qubadlıya qayıda bilmirəm.

Ramiz Rövşən 1970-ci illər nəslinin nümayəndəsidir. O illərdə qədər adam şeirlər yazıb, özünü şair olmağa inandırıb. Görünür ki, ədəbiyyat zaman məsələsidir fikrini ilk dəfə deyən adam çox doğru deyib. Ramiz Rövşən poeziyası uzun illərdir ki, köhnəlmir. Dərin mənalı fəlsəfi qatlara sahib poeziya həmişə müasir qalacaq.  Çünki şairin poetik nəfəsi tükənməyib. Əksinə, illər keçdikcə, təcrübəsi artdıqca daha gözəl şeirlər yazıb.     

 

Bulud kimi ölmək

                        bir yaz yağışında.

Ümid kimi ölmək,

                        bir qız baxışında.

Bir yel qanadında

                        yarpaq kimi ölmək

Bir qəbir altında,

                        torpaq kimi ölmək.

 

Bir şairin ölüm-həyat dilemması haqqında düşünməsi təbiidir. Ramiz Rövşən bu şeirində ölümü həyat kimi gözəl təsvir edib. Bunun səbəbi şairin pessimist olması deyil. Səbəb şair qəlbinin həssaslığı, gözəlliyidir. Axı, şairlik peşə, vəzifə, öhdəlik deyil. Şairlik ruh halıdır. Bu gün kədərli şeir yaza bilərsən, sabahsa insanlarda mübarizə əzmi yaradan optimist şeirlər yazarsan. Ustad deyir ki, əgər insan uçub dağılırsa, bütün tərəqqilər tənəzzüldür. İnsan iztirabları Ramiz Rövşən yaradıcılığının əsas qayəsidir.                     

Ramiz Rövşən haqqında yazı yazmaqla, əslində, riskə yol verirəm, çünki nüfuzu bu qədər böyük ustad haqqında yazmaq insandan cəsarət tələb edir. Ramiz Rövşən poeziyası şəxsiyyəti haqqında çox fikirlər yazılıb. Onun haqqında yeni söz demək böyük məsuliyyətdir.  Ramiz müəllim şeirlərində Azərbaycandan danışır. Mən Ramiz Rövşənin şeirlərində Azərbaycan insanını görə, duya bilirəm. Ramiz Rövşən Azərbaycan insanını bizə olduğu kimi təqdim edir.

 

Sən daşlamağa özgəsini tap

            Məni ömür boyu daşlayan adam

Gilası mürəbbə, quzunu kabab

            Şairi heykəltək xoşlayan adam.

 

Şair bizə demək istəyir ki, maddi dünyaya bu qədər aludə olmayın. Təbiətdən zövq almağı bacarın. Təbiətin gözəlliyini duymağı öyrənin. Ustad deyir ki, şairləri heykəl kimi sevməyin, onları oxuyun, anlamağa çalışın. Ramiz Rövşənin şeirlərini oxuyanda insan həm əzab çəkir. Düşünürsən ki, bu boyda əzabla necə yaşamaq, necə tab gətirmək olar. Ramiz Rövşən özünün dünyasına enərək insanın daxili mahiyyətini bizə göstərir. O, özünü insanlardan ayırmır, əksinə, özünün insanlarla vəhdətini yaradır. Yaşadığımız dövr gələcək nəsil ədəbiyyat adamlarının, ədəbi tənqidçilərin yaddaşında Azərbaycan ədəbiyyatının Ramiz Rövşən dövrü kimi qalacaq. Mənim yaddaşımdasa Ramiz Rövşən öz üslubu, öz xarakteri olan, insanın təhtəlşüuruna xitab edən, onu düşünməyə, özünü axtarmağa məcbur edən dəyərli, səmimi şair kimi qalır qalacaq. 10 ildir ki, Ramiz Rövşəni oxuyuram. 10 il əvvəl ilk dəfə şeirlərini oxuyarkən gəncliyin romantikasına qapılmışdım. 17 yaşım var idi. İllər sonra həmin şeirlərə təkrarən qayıtdığım zaman fəlsəfi qatları, dərin mənaları anlamağa başladım. Allah Ramiz Rövşənə ömür versin. Ustadın 72 yaşı oldu. Müdriklərin qocalığı da əzmli, şərəfli olur. Ustad ömrünü uduzduğunu yazır, Ramiz Rövşən poeziyasını yaratmaq üçün bir ömrü yox, 72 ömrü uduzmağa dəyər. Yazını Ramiz Rövşənin bir bəndi ilə bitirirəm.

 

Bir qış günü yatdım, ancaq

Durub gördüm, payızdı.

Bu kartları dəyiş, Allah,

Mən bu ömrü uduzdum.

 

Nicat  HƏŞİMZADƏ

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.9.