Mən öləndə
ağlamasınlar, özüm üçün çox
ağlamışam...
"Dördüncü
divar" layihəsinin qonağı ömrünün 43 ilini səhnəyə,
kinomuzun inkişafına və pedaqoji fəaliyyətə həsr
etmiş maraqlı qadın, səmimi insan professor, əməkdar
artist və ən əsası, unudulmaz müəllim
Gülşad Baxşıyevadır.
- Gülşad
xanım, təklif olunan həyat şəraitindəki
rolunuzdan razısınızmı?
- Allah-taala tərəfindən bizə
təklif olunmuş şəraitdən, vəziyyətdən
çıxmağı, oynamağı bacarmaq lazımdır. Hamımız oynayırıq. Amma
birimiz səmimi, digərimiz isə qeyri səmimi
oynayırıq. Həyat teatr, səhnə
isə həyatdır. Sadəcə olaraq,
bəzi insanlar, həmçinin də aktyorlar səhnə ilə
həyatı səhv salırlar. Bəzi
aktyorlar elə bilirlər ki, səhnədə oynayırlarsa,
həyatda da oynamalıdırlar. Əgər
söhbət aktyordan gedirsə, o, ancaq səhnədə
oynamalıdır. Mən türk
seriallarına baxıram, ordakı aktyorların şou
proqramlarda, reportajlarda kameraya, jurnalistə olan münasibətləri
çox yüksək səviyyədədir. Onlar nə düşünürlər, onu da
danışırlar. Onlarda kamera
qarşısında oyun yoxdur. Oynasalar cəmiyyət
özü onlara basqı edəcək.
- Nəql etdiyiniz əhvalatı,
situasiyanı dərindən yaşayaraq ifadə edirsiniz.
Ümumiyyətlə, aktyor üçün istər səhnədə,
istərsə də həyatda yaşantı nə dərəcədə
vacibdir?
- Aktyoru ayrıca izolə edib ona ada
kimi baxmaq lazım deyil. Hamıya şamil etmədən
deyim ki, aktyorlar, təbii ki, həddindən artıq həssas
olurlar. Adi bir əhvalatı çox
emosional qəbul edirlər və bu da normaldır. Çünki həssas, emosional olmasa aktyorun ifa etdiyi
obrazlar da soyuq olacaq. Onlar həssas olmalıdırlar ki, səhnədə
olarkən güclü təsir qüvvəsinə malik ola bilsinlər. Ağlamaq
lazımdırsa, ağlamalısan, gülmək
lazımdırsa, insan gərək gülsün. İnsan hisslərini boğa-boğa tədricən
müqəvvaya çevrilir. Kimsə rəhmətə
gedirsə, aktyor ağlamasın ki, kənardan ona baxırlar?
Əksinə, aktyor bu hissləri daha dərindən
yaşayır, həqiqətən hiss edir.
- Bəzən
hisslərin çox açıq təqdim olunması iradəsizliyin
əlaməti kimi yozulur. Siz deyən kimi hisslərin
boğulması iradənin formalaşmasına nə qədər
xidmət edir?
- Hisslərin boğulmasının
iradəyə qəti şəkildə adiyyatı yoxdur. İradə, əzm başqa şeydir və daha
böyük mənaları özündə ehtiva edir. Sadə dillə desək, iradəli olmaq belədir
ki, insan yıxılır və ona elə gəlir ki, artıq
həyatının sonudur. Amma buna baxmayaraq
əlini yerə qoyub qalxa bilmək, irəliləmək iradə
bacarığıdır. Bunlar insan həyatında
dəfələrlərlə baş verə bilər. Əgər insan ayağa qalxıb müvəfəqiyyətə
doğru gedə bilirsə, deməli, iradəlidir. Bu
fikir, əslində, Çörçilə aid aforizmdir, amma
mən də müəyyən mənada
özümünküləşdirərək ifadə etməyə
çalışıram.
- Aforizmlər,
sitatlar da, sanki insan həyatında müəyyən yaş
dövründən sonra daha əhəmiyyətli olur...
- Söhbət məndən gedirsə,
mən həmişə fikir vermişəm. Bilirsiniz,
cəmiyyət insana çox təsir edir, onu
formalaşdırır. Əksəriyyət
də axına düşüb gedir. Bir
atalar sözündə deyildiyi kimi, palaza bürünüb,
ellə sürünürlər. Mən isə
bürünə bilərəm, bu cəmiyyətdən, bu
şəhərdən kənar yerdə yaşaya bilmərəm.
Amma sürünmək istəmirəm.
- Sürünməmək
yəqin, xeyli zərər verir...
- Mütləq verir. Təsəvvür
edin ki, böyük bir sel gəlir, mən də hamı kimi o
selin içindəyəm, amma selə qoşulub getmək istəmirəm.
Həyatım boyu istəməmişəm, yəqin
bundan sonra da çətin dəyişəm. Əslində, buna dəyişmək də demək
olmaz. Çünki hamı proqramlaşaraq
bu dünyaya gəlib. Hərdən
öz-özümlə monoloqlarım, xırda monotamaşalarım
olur. Özümü tənbeh edib deyirəm
ki, daha bəsdir, həqiqəti hər kəsə demə, o,
acıdır. Amma üstündən iki,
üç gün keçəndə hansısa əhvalatda
yenə həmin şeylər təkrarlanır və mən həqiqətin
tərəfində dayanıram. Bu,
artıq proqramlaşıb. Ona görə
də hər kəs öz həyatını yaşayır.
Vay o adamın halına ki, kiminsə həyatını,
hətta aktrisalığı belə oynayır.
- Mehdi Məmmədovun tələbəsi olmusunuz. Onun kursundan məzun olduqdan sonra isə təyinatla
Şəki Dram Teatrına gedərək bu teatrın
yaradıcılarından birinə çevrilmisiniz. Amma
sonrakı illərdə istər Mehdi Məmmədovun tələbəsi
kimi, istərsə də Gülşad Baxşıyeva kimi sizin
səsiniz teatrdan gəlmədi...
- Biz dediyiniz kimi, universiteti bitirəndən
sonra rektor tərəfindən iyirmi beş
nəfər tələbə Şəkiyə göndərildik.
Onların içərisindən səkkiz nəfər
Şəkidə qaldıq. Çünki
bir ilin içərisində əsgər gedən, bir-iki ay
işləyib kinoya istiqamətlənənlər oldu. Baxmayaraq ki, belələri sonra özlərini Şəki
teatrının yaradıcılarından hesab edirlər. Amma bu, təbii ki, absurddu. Bizim kimi Şəki
teatrında külüng vuranlar çox az
olub. Həmin ilkin illərdə biz "Kral
Lir" tamaşasını hazırlamışdıq. Bakıdan bu tamaşaya baxmağa gələn müəllimlər
arasında Mehdi Məmmədov da vardı. Tamaşadan
sonra mən onunla rastlaşdım. O da çox
danışan adam deyildi. Bəzən
yarım saatlıq söhbət əsnasında bircə
cümlə işlədirdi. Amma məndən
soruşdu ki, - övladdan nəyin var? Dedim ki, oğlum.
Dedi ki, yenə də oğlan!
Daha sonra isə Bakıya
gedib getməməyimiz haqqına soruşdu. Bizim Şəkidə
qalmaq istəyimizi biləndə, Mehdi müəllim də bu
fikri dəstəklədi. Yəni nəyi
demək istəyirəm. O görürdü ki, bizim
üçün orda şərait yaxşıdır, aktyor
kimi yetişmək imkanlarımız var, öz fundamentimizi o
teatrda qoya bilirik. Belə olan halda o məni və
ya digər tələbələrini başqa teatrlara çəkib
aparmağı lazım bilməzdi. Sonralar
da Mehdi müəllim bizim yaxşı sədalarımızı
eşidəndə sevinirdi. Şəki
teatrının uğurları çox olub. Buna da əsas səbəb teatrın repertuar
seçimi və baş rejissorun güclü olması idi.
Çünki rejissor teatrın atası hesab
olunur.
- Amma Bakıya gələndən sonra da siz teatra yox,
pedaqoji sahəyə yönəldiniz. Bu hal tamaşaçıda müəyyən təəssüf
hissi yaradır...
- Bu barədə təəssüflənən
insanlar çox olub. Rəhmətlik Əlabbas Qədirov,
Yaşar Nuri, Telman Adıgözəlov və hal-hazırda
yaşayan aktyorlarımızın da bu barədə təəssüflənmələrini
hiss etmişəm, iradlarını eşitmişəm. Tez-tez mənə deyirdilər ki, sən teatr
aktrisası olsaydın çox söz deyə bilərdi, indi
artıq xalq artisti idin və s.
Sadəcə olaraq, o vaxt biz
Şəkidən gələndə həyat yoldaşım
Hüseynağa Atakişiyev uşaqlarımızın balaca
olmasını əsas götürərək mənim işləməyimi
istəmədi. Mən, təbii ki, buna etiraz etdim. Çünki aktrisa olmaq üçün mən hələ
cavanlığımdan bir çox şeylərdən imtina
etmişdim. Hamilə ola-ola səhnəyə
çıxmışdım, bir qucağımda uşaq
yollarda qala-qala rollarımı ifa etmişdim. Amma uşaqlarım məktəb yaşına
çatanda səhnədən uzaqlaşmaq mənə
ağır gəlirdi. Ancaq sizə deyim ki,
Hüseynağanın da sözündə həqiqət
vardı. Çünki uşaqlar dərsə
gedirdilər, mən də universitetdə işləyirdim.
Bir gün ərzində dörd dəfə uzaq
məsafədə olan məktəbə gedib gəlirdim.
Yəni yollar məni həqiqətən də
çox pis vəziyyətə salmışdı. Bütün bunlara baxmayaraq, mən ondan Gənclər
Teatrında rol tələb edəndə, o da bundan imtina edəndə
başqa teatrlara üz tutmaq istəyirdim. Belə
olanda isə məni təzədən öz teatrına dəvət
edirdi. Amma mən bilirdim ki, bunlar rejissor fəndləri
idi ki, mən çox da etiraz etməyim, səs salmayım.
Səhnəyə çıxırdım,
xoşbəxt olurdum. Lakin sonradan mənim səhnə
fəaliyyətimlə bağlı növbəti fasilələr
yaranırdı. İfa etmək istədiyim
rolların davamı, ardı gəlmirdi. Növbəti dəfə
ondan rol istəyəndə cavabı belə olurdu: ifa etdin də.
On il səhnədə olmusan bəsindir. Bunları isə mən nə onda, nə də indi qəbul
edə bilmərəm. Bəzən mənə
deyirlər ki, nahaq etiraz edirdin, başını
aşağı salıb səssiz qala bilərdin. Axı niyə?! Axı onda o özü də
on il idi ki, rejissorluq edirdi. Onun məntiqi ilə
götürəndə on il onun
üçün də bəs etməli idi. Bu
cür sənət konfliktlərimiz çox olurdu. Nə zaman ki, mən başqa teatra getmək istəyirdim,
o məni yenidən öz teatrına cəlb edirdi.
- Gülşad
xanım, başqa teatra getmək məsələsində həyat
yoldaşı kimi qısqanclıq faktoru, yəqin ki, olurdu...
- Təbii ki, olurdu. Həm sənət
baxımından, həm də ailə baxımından kişi kimi qısqanclıq vardı. Yəni bu kimi konfliktlər yarananda, baryer əmələ
gələndə mən teatra dəvət olunurdum, rol
alırdım. O da rejissor idi. İnsan
psixologiyasını, daha doğrusu, mənim psixologiyamı,
xasiyyətimi yaxşı bilirdi. O, istedadı olmayan kimisə
gətirib səhnəyə çıxarırdı, məni
isə mətbəxdə görmək istəyirdi. Bütün hallarda o məni artıq səhnədə
görmək istəmirdi. Sonralar Akademik
Milli Dram Teatrına üz tutdum. Üç il orda işlədim bir dəfə də rol
verdilər. O da "Fərhad və Şirin"
tamaşasında Məryəm obrazı idi. Xeyli
məşqlər də etmişdim, tərəf-müqabilim
Mikayıl Mirzə idi. Mənim ifam onun
xeyli xoşuna gəlmişdi. Sonra
baxdım ki, mənim üçün səhnə libası
tikilməyib. Sən demə, mənimlə
eyni tamaşada iştirak edən aktrisanın məndən
xoşu gəlməyib və o kimlərəsə
tapşırıb ki, mən həmin tamaşada iştirak etməyim.
Bilirsiniz, bəzən aktrisanın taleyini kimlərsə
həll edir. Bu cür münasibətə
görə ordan çıxıb Gənc
Tamaşaçılar Teatrına üz tutdum. Orda da bir neçə tamaşada yaxşı rollar
ifa etdim. Elçin müəllimin
"Ölüm hökmü" əsərində Arzu rolunu
ifa edəndən sonra Elçin müəllim özü mənə
demişdi ki, mən inanmazdım, siz mənim
yaratdığım obrazı belə gözəl təqdim edə
bilərsiniz. Amma orda da qala bilmədim.
Bir gün teatrın direktoru dedi ki, biz artıq səninlə
müqavilə bağlaya bilmərik. Həmin
dövrlər həyat yoldaşım çıxıb
getmişdi, pula da ehtiyacım vardı. Uşaqlarım
böyüyürdü, tələbat artırdı. Müəllimliklə yanaşı, ikinci işə
- teatra da ehtiyacım vardı, həm də aktrisa kimi,
içimdəki azartı öldürmək lazım idi.
Amma təəssüf ki, o teatrda da bəzi
insanların köməyi ilə mənə münasibət əyildi
və məni ixtisara saldılar. Bundan sonra
meylimi pedaqoji fəaliyyətə saldım. Və öz
özümə dedim ki, Gülşad, daha bəsdir!
- Hüseynağa
müəllimin sizi öz teatrından uzaq saxlamasının səbəbi
nə idi?
- Mənim teatrdan uzaq
qalmağımı istəməsi.
Qısqanclıq faktoru. Onun
teatrından uzaq olmaq və orda nə baş verdiyindən xəbərsiz
qalmaq və s. Bütün bu baş verənlər isə
insanı içindən yavaş-yavaş oyurdu. Münasibətlərdə çatlar əmələ
gətirirdi. Çünki mənim fikrimcə,
aktrisaya səhnəyə çıxma, rol ifa etmə deməklə
ona nəfəs almağı qadağan etmək eyni şeydir.
Ümumiyyətlə, aktrisa olmaq çətin məsələdir.
İndiki dövrdə isə daha da çətindir.
Bizim vaxtımızda Həsənağa Salayev, Əli Zeynalov,
Barat Şəkinskaya, Hökumə Qurbanova, Məhluqə
Sadıqova, Ağasadıq Gəraybəyli, İsmayıl
Osmanlı, Lütfəli Abdullayev, Nəsibə Zeynalova kimi
aktyorlara qeyri-adi insanlar kimi baxırdıq, fantastik
yanaşırdıq. Düşünürdük
ki, görəsən, onlar yeriyə bilirlər. Onlar elə doğrudan da, qeyri-adi idilər. Amma bizdə də onlara qarşı sevgi var idi.
İndi o sevginin forması dəyişib, adiləşib.
Mən tələbələrimə də deyirəm
ki, sənətin məsuliyyətini, qeyri-adiliyini dərk edin.
Səhnədə başqa-başqa insanların
həyatını, yaşantılarını yaşamaq, onun
kimi ağlamaq, onun kimi gülmək asan deyil. İnsanın beyni pozula bilər. Sizi inandırım ki, mən "Yalan" filmindəki
Nisə obrazını oynayanda ürək ağrısı
tapdım. Qorxumdan gündə beş,
altı ürək dərmanı içirdim. Fasilə
vaxtı digər aktyorlar şənlənməyə gedirdi, mən
təkliyə çəkilirdim. Obrazımla
tək qalmaq istəyirdim. Yəni aktyor sənəti
belə çətin sənətdir.
- Sizcə, bu
gün nə baş verir ki, biz teatrlarda boy-buxunlu, gözəl
simalı, fakturalı aktyorları, aktrisaları artıq
görə bilmirik?
- Bilirsiniz, keçmişdə belə
idi ki, aktyorun xaricinə, zahiri görünüşünə
mütləq nəzər yetirirdilər. Yəni
söhbət çirkinlikdən yox, həm də cazibədən
gedirdi. O vaxtlar mənim yadıma gəlir ki, Mədəni
maarifə çox gözəl, yaraşıqlı gənclər
gəlirdi, aktyorluğa isə yox. İndi bir
yığın peşəkar təhsil görməyənlər,
lap görsələr belə, səhnə üçün
yaramayanlar üzdədirlər. İndi
qabiliyyət imtahanlarının istiqamətinin müəyyənləşməsi
barədə söhbətlər müzakirə olunur. Amma burda bir vacib faktor da var ki, yaraşıqlı gənclər
artıq aktyorluq sahəsinə gəlmirlər. Bayaq dediyim kimi, sənətə münasibət dəyişib.
Əvvəllər rayonda, şəhərdə
yaşayanlar bizim hündürboylu, əzəmətli
aktyorlarımıza baxıb bu sənətə gəlirdilər.
İndi gəlmirlər... Olanda burda olurlar.
Bu, həm də qoşunla gələn şey
deyil. Mənim kursumda iki nəfər
yaraşıqlı, əsl aktyorluq tələblərinə
cavab verən tələbələr var. Amma onların tələbəlikdən
sonra təklif olunan hansı həyat şəraitinə
düşüb-düşməyəcəyi də sual
altındadır.
- Yəni
istedadlı, yaraşıqlı məzunların aparıcı
teatrlarda fəaliyyət göstərib-göstərməyəcəyini
nəzərdə tutursunuz?
- Bəli, sual altındadır. Bu barədə mən öz fikrimi səlahiyyətli
insanlara hamının yanında demişəm. Bizə gələn, bizim gələcəyimiz olan
istedadlı gənclərlə bu gün işləyirik,
onları yetişdiririk. Amma bundan sonra
onların teatrlara gedib, orda davam gətirə bilməsi, yəni
teatrların bu gənclərə qucaq açması prosesi
çox zəif, yox dərəcəsindədir. Hətta bizim diplom tamaşalarımızla heç
bir teatrın nə direktoru, nə də baş rejissoru
maraqlanmır. Amma söhbətin əvvəlində
mən sizə demişdim, Mehdi müəllimlə
yanaşı, başqa böyük müəllimlər Şəkiyə
diplom tamaşalarına baxmağa gəlirdilər. İndi heç bir teatr səlahiyyətlisinin
marağında deyil ki, gəlib burdakı tamaşalara
baxıb özünə aktyor yığsın. Heç olmasa, ildə bir dəfə gəlib iki
akyor apara bilərlər axı. Necə ki, o vaxt bunu Mehdi
Məmmədov, Tofiq Kazımov, Hüseynağa Atakişiyev
edirdi. Mənim o qədər tələbələrim
vardı ki, əsl aktyor idilər. İndi
onlar hardadılar? Və yaxud indiki tələbələrim
necə olacaqlar?! Mən onlara deyirəm ki,
seriallara çox qaçmayın. Serial
akyor yetişdirmir. Çalışın,
teatrlarda işləyin. Ancaq teatrlara da
gedirlər, orda qalırlar, qalırlar, qocalanda onlara rol verirlər.
Çox vaxt heç qocalanda da vermirlər.
Sel həmişə kötük gətirmir.
Amma gətirəndə də onu tutub saxlamaq
lazımdır.
- Gülşad
xanım, Hüseynağa müəllimin ölümündən
sonra on gün şok yaşadığınızı
vurğulamışdınız. Bu onun
ölümünün gözlənilməzliyi idi, ya daha
ağır mətləblərdən xəbər verirdi?
- Ölüm xəbəri
bütün hallarda gözlənilməz olur. Düzdür,
mən heç vaxt kiməsə qarğış etməmişəm.
Amma hətta insan qarğış elədiyi,
ölümünü arzuladığı adamın belə bəd
xəbərini eşidəndə buna inanmır.
Mən bilirdim ki, o, xəstəxanada
yatır, beyninin yarım hissəsi işləmir və
artıq ölümə məhkumdur. Əslində isə
Hüseynağa o cür vəziyyətdə sağ qalsa belə,
özü o cür xəstə vəziyyətinə, onu elə
görmələrinə dözə bilməzdi.
Şok vəziyyəti deməzdim,
amma onun ölümündən sonra on gün havalı kimi gəzib-dolandım. Sanki nəyimisə
salıb itirmişdim. Onsuz da itmişdi... Amma
yenə də pis olmuşdum, gənclik illəri, gözəl
günlərimiz yadıma düşürdü. Qəribədir ki, mən pis şeyləri unudub,
yaxşıları tez-yez xatırlayıram.
- Amma onun
gedişindən sonra tez-tez ağlamısınız da...
- O da çox olub. Bilmirəm,
bəlkə də, həyat təcrübəsizliyindən irəli
gəlirdi. Qavraya bilmirdim ki, hər şey yaxşı
ola-ola bütün bunlar niyə baş verdi.
Ailə, qadın, uşaq, sənət
üçün yaradıcı mühit bir sözlə, hər
şey vardı.
- Bəlkə, bu
bir az da insanın öz taleyina
qarşı çıxmasının cəzası idi...
- Bilirsiniz, hər halda, mən onu
hamıdan yaxşı tanıyırdım. Əgər
kimsə desə ki, onu məndən yaxşı
tanıyır, bu yalan söhbətdir. Gərək
bir insanla birgə yaşayasan, oturasan-durasan ki, onun
yaşantısına, xasiyyətinə bələd olasan.
Mən ona çox yaxşı, sədaqətli
həyat yoldaşı olmuşam, qulluğunda durmuşam.
Həm də Hüseynağa anadan yetim olub.
Anası rus olub və o, körpə olanda
dünyadan köçüb. O da həmişə bunun əzabını
çəkib, mənimlə söhbətlərində
ağlayan məqamları da olub. Belə deyim də,
mən də onunla birgə onun yaşadıqlarını
yaşayırdım. Ona görə də
fikirləşdim ki, yaradıcı insan kimi öz sənətində
sərbəst olsun ki, artıb yüksəlsin. Mən bilmədim, sonradan hər şey mənim əleyhimə
çevrilə bilər. Sadəcə
olaraq, onda özüm bilərəm, yaxşı edirəm kimi
düşüncələr, şuluqluq etmək istəyi
vardı. Bəzi şeylər var ki, adam
onları özünə icazə verməli deyil. Amma
Hüseynağa icazə verdi, hansılar
ki, ona artıq yemək kimi ziyan gətirdi. Müəyyən
məsələlərdə cəmiyyətlə hesablaşmaq
lazım gəlir. O isə hesablaşmırdı. Cəmiyyət isə adamı elə günə
qoyar ki, bu, insanın məhvinə gətirib çıxarar.
Bizim yaxın ətrafımızdan da mənə
görə qarşı çıxanlar çox oldu. Çünki mənə qarşı, ən
azından, haqsızlıq baş vermişdi.
Düzdür, burda mənim səhvlərim də ola bilər. Amma bu səhvlər
bilirsiniz nədən ibarət idi? Gərək kişinin
boynuna düşən vəzifələri qadın öz
üzərinə yükləməsin, özünü
çox öldürməsin, sevdiyini çox büruzə
verməsin! Mənim səhvlərim bu cür səhvlər
oldu. Mən onu bütün ailə
yükündən azad elədim, bununla da öz həyatıma
xətm verdim.
- Gülşad
xanım, sonralar sizə qarşı etdiklərinə görə
Hüseynağa müəllimin
peşmançılıqları oldu?
- Mən sizə bir faktı deyim. Ailənin öz qoruyucu vasitələri vardır ki,
insanı daima ayaqda saxlayır. Əgər
Hüseynağanın ailəsi olsaydı, o, yüz il yaşayardı. Çünki çox
sağlam adam idi. Ölümündən
bir müddət əvvəl bizimlə birgə oxuyan kurs
yoldaşımız bir dəfə onun otağına gedir və
Hüseynağanı xəstəhal görkəmdə
görür. Bu həmin vaxt idi ki, o, teatrda
yaşayırdı, səhhəti isə yaxşı deyildi.
Onda həmin sənət yoldaşımız ona deyir ki, belə
yaşayış tərzi sənin üçün zərərlidir,
sən xəstəsən, qayıt ailənə,
Gülşadın yanına... O sənə nə qədər
pis baxsa da, o birilərindən yaxşı baxacaq. O zaman
Hüseynağa deyir ki, "mən həyatımı düz
yaşamadım. Ora isə qayıda bilmərəm.
Bilirəm ki, qayıtsam, o, qapını mənim
üzümə açacaq. Amma qayıda
bilmərəm. Çünki mən
Gülçikla aramda olan iplərin hamısını
qayçılamışam". O, heç vaxt mənim
adımı demirdi, həmişə Gülçik deyirdi.
İndi təsəvvür edirsiniz ki, son günlərində
belə, o, bizim münasibətimizin iplərini kəsdim yox,
qayçıladım deyib...
Hüseynağa dərin insan
idi. Özünəməxsus düşüncəsi və
fəlsəfəsi vardı. Heç bir əsəri
uğursuz alınmamışdı. Yəni
bu cür insan heç vaxt öz səhvini anlamamış
olmazdı. Əlbəttə ki, peşman
da olmuşdu, səhvlərini də anlamışdı. Sadəcə olaraq, özü-özünü məhv
etdi.
- Gülşad
xanım, nə zamansa həyatda olmasanız sizin yoxluğunuza
heç kimin ağlamamasını arzulamısınız...
- Hə. Mən demişəm
ki, mən öləndə ağlamasınlar, özüm
üçün çox ağlamışam. İndi də
dostlarıma, tələbələrimə deyirəm. Bu yaşda insan ölümü fikirləşmirsə,
o, ən azından, nadandır. Ona görə
tələbələrimə də demişəm ki, dərs
deyərkən nəsə baş versə, ürəyim tutsa,
yıxılsam, haray-həşir salmayın. Nəbzimi yoxlayın, görsəniz ki,
ölmüşəm telefonumu götürüb böyük
oğluma yox, çünki o, belə şeyləri pis
yaşayır. Balaca oğluma zəng vurub
vəziyyəti izah edin. Çünki
ölüm qaçılmazdır, Allah eləsin elə
küçədə yox, bunların yanında ölüm.
- Onda ölümə
münasibətiniz o qədər də qorxulu deyil...
- Ay qızım, siz gəncsiniz. Mən indi ətrafıma baxıram. Aydın
Dadaşov, Fuad Poladov və başqaları artıq yoxdur. Mən Fuada həmişə deyirdim ki, sən səksəndən
çox yaşayacaqsan. Amma baxın, bir dəfə hirslənmək,
daha doğrusu, böyük hirslənmək, stress keçirmək,
haqsızlığa dözməmək onun ölümü
bahasına başa gəldi. Ölümün də
birdən, qəfildən gəlməsi məsləhətdir.
Heç nədən qorxmaq lazım deyil. Həyatdır, doğulmuşuq yaşayırıq,
bir gün də gedəcəyik. Əsas
odur ki, təklif olunan həyat şəraitində ləyaqətlə,
şərəflə, vicdanla
çıxışımızı başa vuraq.
Söhbətləşdi: Samirə Əşrəf
Ədəbiyyat
qəzeti.- 2018.- 22 dekabr.-S.14.