Dərdli təlxəklər

 

Elə insanlar var ki, işini həll etmək, sözünü keçirmək üçün cilddən-cildə girir. Bu, teatral vəziyyəti asanlıqla bacaranları həyatımıza güzgü tutan səhnələrdə də görürük. Aktyorların, aktrisaların zəhməti, gərgin əməyi sayəsində özümüz özümüzə göstərilir...

İnsanlar cildə girməyə, maskalanmağa məhkumdurlar. Dahi dramaturq Şekspir "həyatın bir səhnə, insanların isə aktyor" olduğunu deyəndə bəlli həqiqəti nəzərdə tuturdu. Üstündən əsrlər keçir və keçəcək. Həyat isə səhnə, insanlar aktyor olacaq. Nə qədər ki dünya var, insanlar da var. Və beləliklə, maskaya da ehtiyac olacaq. Katarsis o zaman baş verəcək ki, hər kəs öz səhvini görməyi bacarsın, maskalar çıxarılsın... Bu isə...

Bir neçə il öncə Dövlət Pantomima Teatrında aktyor Ceyhun Dadaşovun müəllifi, rejissoru və ifaçısı olduğu "Mən və mən" mono pantomiması oynanılırdı. Aktyor finalda etdiyi xatirə-etirafda insanın maskalanmağı dünyaya gələrkən doğum evində yanına yüngülcə vurulan sillədən sonra öyrəndiyini demişdi: "Bir pasient həkimə gülə bilmədiyini deyir. Həkim ona qonşu məhəllədəki təlxəyin oyunlarına tamaşa etməyi məsləhət görür. Pasient həmin təlxəyin o özü olduğunu bildirir".

Henrix Böllün "Bir təlxəyin düşüncələri" romanını xatırlayaq... 1963-cü ildə yazılmış bu romanda baş verən hadisələr bir gündə cərəyan edir. Romanın mərkəzində gənc oğlanın telefonla danışması dayanır. Hadisələr oğlanın həmin danışığında təsvir olunur. Əsərin qəhrəmanı Hans Şnir müharibədən sonrakı Almaniya cəmiyyətinin yarıtmaz qanun-qaydasına tabe olmamaq üçün təlxək rolunu oynamağı qərara alır. Əsərin baş qəhrəmanı Hans zəngin bir ailənin sərt qaydalarla, bir az da şəfqətdən, mərhəmətdən uzaq böyümüş nümayəndəsidir. Onun seçdiyi sənət ailə tərəfindən yaxşı qarşılanmır. Yazıçının demək istədiyi budur ki, Hansa təlxəkliyi layiq görməyən, onların şərəfinə, ləyaqətinə xələl gətirdiyini düşünən bu ailənin, əslində, özü çox gülünc vəziyyətdədir. Hansın anası bir zamanlar alman xalqını bütün dünyada hökmran etmək istəyən faşist və nasist düşüncələrə dəstək verdiyi halda bu düşüncənin uğursuzluqla nəticələndiyi bir vaxtda "İrqi ziddiyyətləri barışdırma" adı ilə fəaliyyət göstərən cəmiyyətin prezidenti olur. Nə vaxtsa nasist olan şəxslər indi demokrat, keşiş olublar və demokratiya, əxlaq dərsi keçirlər. Hans onları şəxsən tanıdığına görə hamısına nifrət edirdi. Anasının yeni işini də ikrahla qəbul edirdi.

Atası isə arvadının yanında sözü keçməyən, yalnız məşuqəsinin yanında rahatlıq tapan zəif xarakterli bir insandır. O, imkanları olduğu halda, uşaq vaxtından qənaətə, bir qarnı ac, bir qarnı tox yaşamağa öyrədilir. Yaşadığı ziddiyyətli həyat onu təlxək edir.

Hans yaşadığı cəmiyyətin təzadlarla zəngin vəziyyəti ilə barışmayan, hadisələrə fərqli prizmadan yanaşan və hazırladığı pantomim səhnəciklərlə gördüyü çatışmazlıqları dilə gətirən istedadlı bir aktyordur əslində. O, ümidini çox sevdiyi Mariyaya bağlayır. Hans Mariya ilə ailə qurur. O, Mariyanı da götürüb Bonna gəlir. Orada kirayədə yaşayırlar. Hans təlxəkliklə pul qazanır. Səmimi, dini inancı olmayan, katoliklərə nifrət edən Hans xoşuna gəlməyən adama fikrini birbaşa deməkdən çəkinmir. Elə buna görə də çox vaxt problem yaşayır.

Sənəti ilə məşhurlaşan Hansın bu xoşbəxtliyi çox çəkmir. Onlar nikahsız yaşamalı olurlar və bu, qatı katolik olan Mariyanı çox narahat edir. Ətrafdakı oxşar düşüncə sahiblərinin sözü ilə o, Hansdan ayrılır. Hans bu ayrılıqda katolikləri, şarlatan keşişləri günahlandırır. Konservator plebsin Mariya ilə nikahsız yaşamasını müzakirə etməsi onu qətiyyən narahat etmirdi. Hans bunu adi kağız parçası kimi qəbul edir. Onun üçün evlilik kağızı mənasız və boş şey idi. Hans sevgisi üçün yaşayırdı və lazım gələrdisə o, sevgisi üçün katolik də ola bilərdi. Təki Mariya həmişə yanında olsun.

Ayrılıqdan sarsılan Hans içkiyə qurşanır. Həyat bu dəfə onu pulsuzluqla imtahana çəkir. Qəpiyə möhtac qalan Hans küçə musiqiçisi kimi həyatına davam etməli olur.

Hansın, sadəcə, bir günündən bəhs edən romanda keçmiş günlər, xatirələr, qəhrəmanın yaşantıları, ovqatı və Mariyanın onsuz davam edən həyatı ustalıqla təsvir edilir. "Bir təlxəyin düşüncələri" romanını tənha qalan və yenidən həyatını qurmağa çalışan həssas və zəhmətsevər insanın hekayəsi kimi xarakterizə edirlər.

Böll Hansın timsalında və onun dilindən bir çox məsələlərə aydınlıq gətirib. Məsələn, zamanında nasist olan anası indi "İrqi ziddiyyətləri aradan qaldırma" komitəsinin rəhbəridir. Hans çox sevdiyi bacısı Henriettenin 20 yaşında olarkən zenitçi dəstəyə qoşularaq Leverkuzen ətrafında amerikanlarla döyüşdə həlak olmasını da ailəsinə bağışlamır. Onun ailəsindən üz döndərməsinin əsas səbəblərindən biri də budur. Ailəsi zenitçi dəstəyə qoşulmamaq üçün Henrietteyə mane olmadığına görə onlara nifrət edir.

"Bir təlxəyin düşüncələri"ndə insanın öz məqsədinə çatmaq üçün təlxək obrazına girmək məcburiyyətində qalmasının səbəbini, nəticəsini görürük.

 

***

 

İnsanlar nə zaman maska geyinməyə məcbur olurlar? Təbii ki, öz məqsədlərinə çatmaq üçün. Bu məqsədlər fərqlidir. Yazıçı Günel Eyvazlı "Trikster-təlxək obrazları" yazısında təlxək obrazları haqda ətraflı yazır...

Uilyam Qoldinqin "Milçəklər kralı"ndakı Cek də üzünü rəngləyəndən sonra bütün səlahiyyətlərini maskasına verir. Utancaqlığı və abır-həyanı bir tərəfə ataraq maskanın arxasında gizlənir...

Yazıçı Andre Moruanın "Tufan" hekayəsində Kristian Menetrye İngiltərədə baş vermis bir qəzanı xatırlayır: Qaz partlayışında uçan şaxtada on iki qazmaçı salamat qalır. Amma onlar da ölüm təhlükəsi ilə üz-üzədi. Öləcəklərini bildikləri üçün gizli işlərini etiraf edirlər. Fikirləşirlər ki, onsuz da ölürük, qoy ürəyimizi boşaldaq. Gözlənilmədən xilas edilirlər. Bu hadisədən sonra qazmaçılar bir daha üz-üzə gəlmək istəmir. Sirləri açıldığı üçün onlar bir-birindən uzaq qaçır. "Maskalar yenidən taxılmış, cəmiyyət xilas edilmişdi" - yazır Andre Morua.

Tufan başlayır. Təyyarə ağacların üstünə düşür. Ölüm anı yaxınlaşır. Jizel qubernator ərinin gözü qarşısında gənc podpolkovinkə sarılır. Onu sevdiyini deyir. Öpür onu... Son anda xilas olurlar. Aradan zaman keçir. Jizel həmin podpolkovnik haqda danışır: "...Döyüşdə həlak olub. Çox təəssüf, yaxşı gələcəyi vardı. Ərim onu çox istəyirdi".

Yazıçı, "Tufan" hekayəsini bu sözlərlə bitirir: "Maska sifətə elə möhkəm bağlanmışdı ki, lap qaynayıb qarışmışdı. Jizel əhvalatdan xəbərdar olduğumu unutmuşdu".

Əli Kərimin "Maska" şeirini xatırlayaq:

Yaxşı yadımdadır Peredelkino

Klubda karnaval gecəsi vardı.

Orda maskaları maska taxmamış

Bir şümal, bir gözəl qız paylayardı.

Bəzən görürdün ki, bir ayüzlüyə

Eybəcər bir meymun maskası düşür.

Bəzən də görürdün, elə tülkünün

Özü özü ilə bir də görüşür.

Gah da hər gün üzü maskalı olan

Təzədən üzünə bir maska vurur.

Bəzən də birisi öz sifətini

alır,

qəzəblənir,

qıza qaytarır.

Karnaval qurtarır,

adamlar bir-bir

aldığı maskanı qaytarır qıza.

Amma bəziləri naxələf çıxır,

Qayıdır evinə üzündə maska.

 

***

 

Simon Terinin "Yaxşılıq" hekayəsində azyaşlı Ankarpasyon ağlayır. Yazıçı, Ankarpasyonun ağlayarkən daha qədim bütlərə bənzəmədiyini yazır: "Ankarpasyon ağlayarkən... bütün dünyanın uşaqlarına oxşayan yazıq bir qız idi. Onlar istər ağ, istər sarı, istər qırmızı, yaxud qara olsunlar, dərdli olanda hamısı bir-birinə oxşayır".

Elə təlxəkləri də dolanmaq, pul qazanmaq naminə maska geyindikləri, kədərli, dərdli olsalar belə, adamları güldürmək, əyləndirmək, düşündürmək məcburiyyətində qalmalarına görə dərdli Ankarpasyona bənzətmək mümkündür...

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.17.