...Bizə doğma olan Faiq
Faiq Balabəyli
ədəbiyyatımızın orta nəslini təmsil edən istedadlı qələm sahiblərindən biridir. Yaradıcılığa şeirlə başlayıb
və mətbuatda ilk addımlarından diqqəti
cəlb eləyib.
Faiqin şeirlərində
günümüzü qaraldan,
nəfəsimizi daraldan
müharibə faciəsini,
torpaq itkisinin ağrılarını göstərən
və onun fəal şair-vətəndaş
mövqeyini müəyyənləşdirən
nümunələr çoxdur.
Faiqin şeirləri bir daha təsdiq edir ki, Vətənin
dar günündə ondan üz döndərmək
yox, ona daha böyük sevgiylə sarılmaq lazımdır:
Mən sənsiz belə darıxdım -
əllərimi otlarına
sürtdüm,
gözümü meşələrinə
dikdim,
kürəyimi ağaclarına
söykədim,
ürəyimi Araz nəhrinə çevirdim
-
sənə gələn
ağıları, ağrıları
içimdən keçirdim...
Mən səni belə istədim -
yarpaqlar küləksiz əsmədiyi kimi,
yağışlar kəsmədiyi
kimi,
boz duman çöllərə sərilib
ondan küsmədiyi kimi...
Mən səni belə sevdim,
Mən səni belə oxşadım,
Mən sənsiz belə darıxdım,
Mən sənlə belə yaşadım,
Vətən!
Faiq Balabəyli
ixtisasca dənizçidir. Gənc yaşlarından
gəmi kapitanı olub. Hansı daha artıq
təsir edir şairliyi - gəmi kapitanlığına, yoxsa
dənizçiliyi şairliyinə.
Demək
çətindir. Amma onun
poetik nəfəsində
dənizin təmiz havasına bənzər bir təravət və saflıq, dəniz narahatçılığı
var.
Bağışla suları duzlu dənizə,
dalğın ləpələrə
bağışla məni.
Yalçın qayalara həsədlə
baxan,
soyuq sahillərə bağışla məni.
Dənizin üzünə qız
saçlarıtək
dağılan yosuna bağışla məni
səni gözlərimdən
iraq qoymayan
uzağa, yaxına
bağışla məni...
O, dəniz sevgisini ailəsinə, körpələrin
adlarına daşıyıb.
"Dənizimə" şeirində
oxuyuruq:
Xəzərin qoynunda gəldin
dünyaya,
Xəzərtək şəffafım, dərinim
mənim!
Yeni həyatımın başlanğıcısan
çiçəyim, göyçəyim,
şirinim mənim!
Dünyanın suları, okeanları
sənin gəlişinlə
gözümdən düşüb.
Sel olub sellənib mavi Xəzərim,
ləpələr sevinib, sular gülüşüb.
Allah bizə Xəzər
kimi bir sərvət, xoşbəxtlik
qismət eləsə
də, Xəzər haqqında dəyərli əsərlərimiz elə
də çox deyil. Xəzəri hələ ədəbiyyatımıza
gətirə bilməmişik.
Dəniz gəmi kapitanından səxavətini
əsirgəməyib və
bir çox sevgi şeirinə, insan münasibətləri
haqqında yazılarına
kolorit gətirib:
Məni
saxlamağa çalışma,
bala,
zənciri qırılan
lövbər kimisən...
Asıbsan özünü dor
ağacından,
küləksiz yellənən
yelkən kimi, sən.
Dənizçiliyinin möhkəmləndirdiyi xarakterin
bir cəhəti də bütün ekstremal vəziyyətlərə
hazır olmaqdır. Ən çətin
anlarında, həbsə
düşəndə, yaxud
ağır əməliyyat
keçirəndə mən
onun sarsıldığını,
ruhdan düşdüyünü,
ümidsizliyini görməmişəm.
Dost görüşündə,
şeir məclisində,
hətta mürəkkəb
siyasi müzakirələrdə
həmişə üzügülərdir.
İradəli, dözümlü, çətinliyə boyun əyməyən, dostcanlı,
dara düşənin
köməyinə çatmaq
istəyən, ədəbi
mühitdə demək
olar hamını tanıyan və hamıyla münasibət qurmağı bacaran Faiqin səmimiyyəti və gücü mənə görə, onun həyat eşqiylə bağlıdır.
Bu eşq, bu
sevgi olmasa, şair olmaq mümkün deyil.
Faiq Balabəylinin
şair tərcümeyi-halı
müstəqil Azərbaycanın
tərcümeyi-halıyla üst-üstə
düşür və
dövlətin yaşadığı
bütün xoş günlərin və sarsıntıların mürəkkəb
mənzərəsi Faiqin
də şeirlərində
əks olunmuşdur. O, ömrü
boyu ictimai-siyasi hadisələrin gur burulğanında olmuşdur
və şeirlərində
xalqın yaşantılarını
əks etdirməyə
çalışmışdır. Bu mənada onun
yaradıcılığı, ilk növbədə, vətənimizin
və xalqımızın
yaşadığı problemlərə
həssas münasibətləri
və vətəndaşlıq
pafosuyla seçilir.
Bu mövzu onun,
demək olar ki, bütün kitablarından keçən
əsas fəndlərdən
biridir.
Oxuculara
təqdim etdiyi növbəti "Yağışdan
sonra" kitabında da Faiq Balabəyli
öz prinsiplərinə
sadiq qalaraq cəmiyyəti narahat edən mövzuları qələmə alır, həmin mövzuların ürəyində doğurduğu
duyğuların poetik
şəklini çəkməyə
çalışır:
İndi
kəndimizdə
kəpənək qovduğumuz
vaxtlarımız olmadığı
kimi
çay kənarında,
otlaqlarda uçuşan
rəngbərəng kəpənəklər
də qalmayıb...
Əriyib
insanların üzünün
təbəssümü,
yerində qapqara kədər qalıb.
Sonuncu lələyini tökən
quşlar
yuva qurmurlar;
sərgərdan ruhlar kimi
gün keçirir,
evlərin damında
kirəmidlərin arasında
gecələyirlər.
Yaddaşlarında
ötənlərin isti yuvaları qalıb...
Xumarlanır xatirələr...
Mən də əriyib yox oluram
bu tənhalığın
sırasında...
Nə quran ayələri oxunur,
nə də hədis danışılır...
Yalançı mollaların xatirələrində
söyüd kölgəliyində
araq vurduqları anlar
daha çox qalıb, əzizim.
Ölməkdən elə qorxuram...
Amma yaşamaq
da istəmirəm.
Ömrü bir ovuc dən kimi səpdim
çöllərə,
verdim yelə...
İndi
yadıma düşür
həyətimizdəki
göyəm ağaclarının
meyvələri;
Günümüzün
göy əsgiyə büküləcəyi
günlər qabaqda imiş!..
Əslində, Faiqi mənə doğmalaşdıran və
onu partiyaya dəvət etməyimizə
səbəblərdən ən
əsası elə onun şeirlərinin vətəndaşlıq ruhudur.
Oxuculara təqdim olunan yeni kitabı da bu baxımdan
Faiqin özünə,
öz mövzularına
sadiq qaldığını
göstərir.
Burada toplanan şeirlərdə əvvəlki
kitablarda olduğu kimi, uşaqlıq xatirələri, kənd, qəlbən sevdiyi insanların poetik portretləri geniş yer tutur. Həmin şeirlər
səmimiyyəti və
bugünkü reallıqları
göstərə bilməsi
ilə yadda qalır. Doğma kəndlərinə həsr
etdiyi şerin kədəri bu gün kənddən çıxanların ümumi
kədəridir:
Bizim tərəflərin yay axşamları
Dəmirçi körüyü - bürkülü
olur.
Dərələr gecəni çəkir
üstünə,
Sanki ulduzlar da mürgülü olur.
Bəzən də qurumuş
çay yatağının
Qəmgin məzarından sovrulur ayaz.
Başqa
cür görünür
çöl-düz, hər
tərəf -
Təpələr göydələn, göy
üzü - dayaz.
Muğanın yay axşamlarının təsirli mənzərəsidir.
Cavanların böyük şəhərlərə
və xarici ölkələrə üz
tutması və kəndlərimizin boşalması
"Elə bil, bu kəndin yiyəsi yoxdu" şeirində də dəqiq obrazlarla və səmimiyyətlə
təsvir olunub:
Mən görən o kənddən
heç nə qalmayıb,
İndi hər tərəfdən qüssə, qəm yağır.
Adamlar tövşüyür, qaçır,
dayanmır,
Geriyə
boylanmır... çağır,
ha çağır...
Uzaqdan qaralır biçənək
yeri,
Yuvası boşalıb torağayların.
Qara tikanlarla çəpərlənibdi
Yalın ayağımın açdığı
cığır.
Bu mənzərənin əksi
şairin ürəyinə
də köçüb:
Elə,
düz görmüsən,
sən gördüyündü.
Elə,
körpəlikdən qəm
içindəyəm -
anamın laylası
gözü yaşlıydı,
görmürsən, büsbütün
nəm içindəyəm?
Həbsxana həyatı Faiq Balabəyliyə "Bayıldan
bayıra" adlı
gözəl bir nəsr kitabı yazdırdı. Dustaqlıq həyatının təsəllisi kimi.
O kitab haqda yazmaq istəyim ürəyimdə qaldı.
Vaxt sıxıntısı imkan
vermədi. Daha doğrusu, kitabın təqdimatında danışdım,
ürəyim boşaldı:
bundan sonra yazmaq çətin olur. Azadlıqdan məhrum edildiyi
günlərin acısı
şeirlərinə də
qatılıb. Bu baxımdan
"Məhkum güllər"
şeiri ayrıca qeyd olunmalıdır:
Bayıl
türməsinin həyətini
azadlığın könül
oxşayan havasından
qoruyan
soyuq və qalın divar boyunca
əkilən qızılgüllər
qızıl qana boyanmışdı, sanki,
ləçəkləri qıpqırmızı,
yarpaqları isə yamyaşıl idi.
Azadlıq havasına köklənmişdi
bu güllər...
...Bir dəfə,
anasının əllərindən
tutaraq,
oğlum və körpə qızım
görüşə gəlmişdilər.
Bax onda gözlərimlə yox, əllərimlə
dərdiyim gülləri
barmaqlıqların
o tayında olan qızıma verdim.
- Al, qoxla, səninçün
elə indicə dərdim, - dedim.
- Bunların heç ətri yoxdur ki,
özləri də solublar, - dedi qızım.
Demək
ki, barmaqlığın
o tayındakı
azadlıq havasından
boğulmuşdu,
solmuşdu o güllər,
yox olmuşdu ətirləri...
O güllər qalın divarların, tikanlı məftillərin
arasında doğulmuşdular...
Məhkum
güllər idi o güllər...
Kitabda bəyənmədiyim şeirlər də var. Onlar haqqında söhbətimiz qalsın kitab çıxandan sonraya... Faiq Balabəyli şeirlərindən birində "Həminki adamam, dəyişməmişəm" - deyir. Qoy o, insan kimi gözəl xüsusiyyətlərini həmişə qorusun, dəyişilməsin, lakin ədəbi yaradıcılıgı daim yeniləşsin, zənginləşsin, böyüsün və bizi sevindirsin.
20.10.2018
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti.- 2018.- 22
dekabr.- S.18.